16 Mart 2025

Bazar, 00:11

CİDDİ SİYASƏTÇİ VƏ ƏLA DİPLOMAT

Türkiyənin yeni xarici işlər naziri əli babacan bu keyfiyyətləri ölkəsi üçün çətin dönəmdə doğrultmalı olacaq

Müəllif:

15.10.2007

Növbəti prezident seçkisilə əlaqədar daxili siyasətdə yaşanan böhranlı durumdan çıxmaqda olan Türkiyənin qarşısında beynəlxalq arenada mürəkkəb problemlər durur. Təbii ki bu işdə çiyinlərinə ağır yük düşən şəxslərdən biri də yeni prezident Abdulla Gülü keçmiş vəzifəsində əvəzləyən xarici işlər naziri Əli Babacandır.

Rəcəb Tayyip Ərdoğanın seçimini tamamilə gözlənilən və məntiqi adlandırmaq mümkündür. Əli Babacan (yeri gəlmişkən, o, ən gənc nazirlərdən biridir) bundanəvvəlki hökumətdə iqtisadiyyat naziri postunu tutub və bu vəzifədə çalışarkən özünü ciddi siyasətçi və diplomat kimi təsdiqləyə bilib. 2005-ci ildən Babacanın öz vəzifəsilə yanaşı, həm də Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlara rəhbərlik etməsi onun diplomatiya sahəsindəki bacarığının göstəricisidir. Avropa İttifaqı ölkələrinin Lüksemburqda keçirilən sammitində Ankaranın quruma qəbuluna dair Türkiyə ilə uzunmüddətli dialoqa başlanması haqda çıxarılan qərarı Əli Babacanın, həmçinin Abdulla Gülün böyük zəhmətinin bəhrəsi hesab etmək olar. Bu baxımdan, Ərdoğanın xarici siyasət idarəsinin yeni rəhbərinə böyük inam bəsləməsi təbiidir və baş nazirin Brüsseldə danışıqlara rəhbərlik etmək səlahiyyətlərini də Babacanda saxlaması deyilənləri bir daha təsdiqləyir. 

Yeri gəlmişkən, türkiyəli siyasətçilər hesab edir ki, Ərdoğan Babacanı xarici işlər naziri təyin etməklə ölkənin Aİ-yə qəbulunun hakimiyyət üçün prioritet olaraq qaldığını nümayiş etdirib.

Əli Babacan 1967-ci ildə Ankarada doğulub. 1989-cu ildə o, nüfuzlu Texniki Universitetini tikinti mühəndisi ixtisası üzrə bitirib və Fulbrayt proqramının təqaüdçüsü olub. Daha sonra təhsilini ABŞ-da davam etdirən Babacan 1992-ci ildə Şimal-Qərb Univesitetində MBA dərəcəsini alıb. 1992-1994-cü illərdə o, Amerika iqtisadiyyatının maliyyə sektorunda çalışan yüksək ranqlı məmurlara konsaltinq xidməti göstərən məşhur şəxsi şirkətdə məsləhətçi kimi çalışıb. Türkiyəyə qayıtdıqdan sonra gələcək nazir ailəsinə məxsus parça şirkətinin idarəçiliyini öz əlinə alıb. Bundan sonra isə o, tədricən siyasətə qoşulub. Hazırki XİN başçısının rəsmi tərcümeyi-halında yazıldığı kimi, Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasından sonra, Babacan təşkilatın iqtisadi fəaliyyətinin koordinatoru olub. Partiyanın hakimiyyətə gəlişindən sonra isə o, layiq olduğu iqtisadiyyat naziri vəzifəsini tutub. 2001-ci ildə Türkiyənin iqtisadi tənəzzül yaşadığı dövrdə Beynəlxalq Valyuta Fondu ilə birgə hazırlanan proqramın başa çatdırılmasında Babacanın rolu xüsusilə qeyd edilir. Xatırladaq ki, həmin anadək 17 oxşar proqramın icrası uğursuz olmuşdu. 

Babacan Türkiyəni iqtisadi böhrandan çıxartmaq üçün çox işlər görüb və məhz bu səbəbdən onu hətta ölkənin iqtisadi inkişafının "atası" adlandırırlar. İndi isə Babacan Türkiyənin beynəlxalq arenada irəliləməsi üçün çalışmalıdır.

İstənilən demokratik dövlətdə olduğu kimi, Türkiyədə də əsas xarici siyasi kurs milli təhlükəsizliyin təminatıla bağlıdır. Bu məqamda Türkiyənin geosiyasi durumu da nəzərə alınmalıdır. Söhbət onun çox mürəkkəb qonşular ilə həmsərhəd olması və Avropa ilə Asiyanın qovşağında yerləşməsindən gedir. Dünyanın güclü dövlətlərinin maraqlarının cəmləşdiyi "dəniz"də şəxsi mövqelərin qorunması heç də asan məsələ deyil. Lakin bu "burulğan"da olan Babacan və onun tabeliyində olanlar kifayət qədər əzmli görünürlər.

Oktyabrın əvvəllərində Türkiyənin yeni xarici işlər nazirinin Yaxın Şərqə geniş səfər etməsi də deyilənləri təsdiqləyir. Onun Suriya, İsrail, Fələstin Muxtariyyəti, İordaniya, İran, İraq, Səudiyyə Ərəbistanı və Misirə səfərlərində məqsədin regionda vəziyyətin normallaşması istiqamətində müzakirələrin aparılması olduğu açıqlanıb. "Turkish Daily News"a müsahibəsində Əli Babacan bildirib ki, söhbət Ankaranın "yeni diplomatik kampaniyası"ndan gedir ki, bu "kampaniya" regionda problemlərin sülh yolu ilə həllinə yönəlib. "Regionumuz çətin dönəm yaşayır və biz bir sıra problemlərlə qarşı-qarşıyayıq. Buraya hər şeydən əvvəl İsrail-Fələstin münaqişəsi və İraqdakı vəziyyəti aid etmək olar", - deyə nazir qeyd edib. 

Həqiqətən də, Babacanın İraq və İsrailə səfər etmək niyyəti müşahidəçilərin diqqətini xüsusilə cəlb edib.

Məsələ ondadır ki, son dövrlərdə Ankara ilə Qüds arasında münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib. Buna səbəb isə sentyabrın 6-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus A15i təyyarələrinin Suriya ərazisinə zərbə endirən zaman Türkiyənin hava məkanına daxil olmasıdır. Bəzi israilli siyasətçilərin Antidiffamasiya Liqasının "erməni soyqırımı"nın tanınmasına dair bəyanatını dəstəkləməsi də ixtilafı dərinləşdirib. Lakin Babacan iki ölkə diplomatiyası arasında yaranmış problemi aradan qaldırmağa qərar verib. Bu il noyabrın əvvəllərində İstanbulda Yaxın Şərq probleminə dair beynəlxalq konfransın keçiriləcəyi də gözlənilir. 

Bu arada Türkiyə KİV-i ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə əlaqədar noyabrın sonlarında Annapolisdə keçirilməsi planlaşdırılan beynəlxalq konfransa Türkiyəni dəvət etmədiyini xəbər verir. Məhz bu səbəbdən Ankara özü əsasən İraq və Fələstin problemlərinin müzakirə olunacağı konfransın təşkilinə qərar verib. Bundan başqa, İsrail prezidenti Şimon Peres, Fələstin lideri Mahmud Abbas və "Yaxın Şərq dördlüyü"nün xüsusi nümayəndəsi Toni Bleyer oktyabrın ortalarında Türkiyə prezidenti Abdulla Gül ilə görüşmək üçün Ankaraya dəvət ediliblər. Gülün Fələstin-İsrail münaqişəsinin həlli ilə əlaqədar "xüsusi təkliflər" hazırladığı bildirilir.

Beləliklə, Ankara açıq şəkildə göstərir ki, ərəb-İsrail münaqişəsinin mövcudluğu və İraqdakı situasiyanın düzəlməyəcəyi halda şəxsən ona aid olan probelmlərin həlli mümkün deyil.

İraqın dumanlı görünən gələcəyinin ən çox Türkiyə rəhbərliyini narahat etdiyi sirr deyil. Xatırladaq ki, sentyabrın 26-da ABŞ Senatı İraqın üç subyektə - şiələrin, sünnilərin və kürdlərin yaşadığı regionlara bölünməsini nəzərdə tutan qətnamə qəbul edib. Sənəddə Bağdaddakı mərkəzi hakimiyyətin sadəcə neftdən gələn gəlirlərə nəzarət etməsi və dövlət sərhədlərinin təhlükəsizliyi ilə məşğul olması təklif edilir. Sənədin qəbulunun vacib olmaması və prezident Corc Buşun ona qarşı çıxmasına baxmayaraq, bu, kifayət qədər ciddi hadisədir. 

Nəzərə almaq lazımdır ki, İraqın parçalanması haqda fikirlər heç də yeni deyil. İraqın parçalanması ideyasının ən çox ölkənin şimalında yaşayan kürdlərin ürəyincə olduğu da şübhə doğurmur. Çünki "bölünmə" halında ölkənin şiə və sünnü hissələri qonşu dövlətlərin nəzarəti altına düşəcəksə, kürdlərlə bağlı vəziyyət fərqlidir. Bu halda kürdlər İran, Suriya və Türkiyə ərazisində yaşayan həmqəbilələrinin separatçı meyllərinə yeni nəfəs verə bilərlər. Məhz bu səbəbdən Ankara Kürd Fəhlə Partiyasının (PKK) Şimali İraqda məskunlaşan və mütəmadi olaraq Türkiyə ərazisinə soxulan yaraqlılarının fəallaşmasından xüsusi narahatlıq keçirir. Son dövrlərdə PKK silahlıları ilə türk əsgərləri arasında toqquşmalar, demək olar ki, hər gün baş verir. Bundan başqa, Türkiyənin iri Qərb şəhərlərində terror aksiyaları mütəmadi xarakter alıb. PKK-nın Türkiyənin cənub-şərqində müstəqil dövlət yaratmaq fikrinə düşdüyü vaxtdan keçən müddət ərzində (1984-cü ildən) yaşanan toqquşmalar 37 mindən artıq insanın həyatına son qoyub.

Qeyd edək ki, Türkiyə ilə yanaşı, ABŞ və Avropa İttifaqı da PKK-nı terrorçu təşkilat hesab edir. Lakin bu təşkilatla ciddi mübarizəni yalnız Ankara aparır. Ölkənin hərbi komandanlığı 2007-ci il mayın 30-da ölkənin cənub sərhədlərinə əlavə hərbi qüvvələrin, tank və zirehli maşınlar da daxil olmaqla ağır texnikanın cəmləşdirilməsi haqda qərar qəbul edib. Bununla da Türkiyə rəhbərliyinin Şimali İraqda PKK silahlılarına qarşı genişmiqyaslı əməliyyatlara başlamaq fikrində olduğu üzə çıxıb ki, bu da Vaşinqtonun ciddi narazılığına səbəb olub. Ankara isə öz növbəsində ABŞ-ı bu təhlükənin qarşısının alınmasına çalışmamaqda, hətta Amerika silahlarının kürd yaraqlılarının əlinə düşməsində günahlandırır.

Məsələ ondadır ki, hazırkı İraqda kürdlər Vaşinqton üçün ABŞ qoşunlarına loyal münasibətləri ilə qiymətlidirlər. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin İraqa daxil olması bu ölkənin xəyali süverenliyinin də olmadığı anlamına gələcək ki, Vaşinqton və Bağdad israrla bunun əksini sübut etməyə çalışır. Lakin ABŞ-ın NATO-dakı tərəfdaşlarından olan, həmçinin Bosfor və Dardanell boğazlarına nəzarət edən nəhəng müsəlman dövlətinin maraqlarına uzun müddət laqeydlik göstərmək Vaşinqton üçün mümkün olmayacaq. Bu məsələdə isə təbii ki Türkiyənin bir sıra digər qurumları ilə yanaşı, Xarici İşlər Nazirliyinin rolu da böyükdür. Qurum daim bu istiqamətdə fəaliyyət göstərir.

Nəticədə sentyabrın sonlarında Türkiyə və İraq XİN-ləri arasında danışıqlar razılaşmanın əldə edilməsi ilə nəticələnib. Tərəflərin əldə etdikləri razılığa əsasən, Ankara İraq hakimiyyətinin icazəsi ilə ölkənin cənubunda PKK yaraqlılarının zərərsizləşdirilməsi məqsədi ilə transsərhəd əməliyyatları keçirə bilər. Türkiyə ilə İraq terrora qarşı birgə mübarizə haqda da razılıq əldə ediblər. Söhbət kürd təşkilatlarının siyasi və iqtisadi fəaliyyətinə qarşı mübarizədən, yaraqlıların ekstradisiyası və sairdən gedir. Əsas diqqət mərkəzində isə təbii ki razılaşmadan sonra da Türkiyə ərazisində terror aktlarını davam etdirən PKK-dır. Qeyd edək ki, dialoqdan bir müddət sonra içərisində hökumətə loyal münasibətdə olan kürdlərin "Kənd qvardiyası" dəstəsinin nümayəndələri olan sərnişin avtobusu atəşə tutulub. Yerli KİV bu hadisəni Türkiyə-İraq razılaşmasına cavab kimi qiymətləndirib. Razılaşma isə ilk baxışdan göründüyü qədər də geniş miqyası əhatə etmir. Belə ki, Ankara İraq ərazisində kürd terrorçularını ölkə rəhbərliyinin icazəsi olmadan belə, "qaynar izlərlə" təqib etmək istəsə də, buna nail ola bilməyib.

Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, ABŞ İrana qarşı müharibəyə başlayacağı halda Türkiyənin ona dəstək verməsinə əvəz olaraq, PKK yaraqlılarının zərərsizləşdirilməsində Ankaraya yardım edə bilər. Bu fikirləri reallığa yaxın saymaq mümkündür. Məsələ ondadır ki, İranın müsəlman dünyasında artmaqda olan nüfuzu Türkiyənin özünü də narahat edir və Tehran kütləvi qırğın silahı əldə edəcəyi təqdirdə, nüfuzunu daha da artıracağı Ankarada şübhə doğurmur.

Türkiyə diplomatiyası üçün Yaxın Şərqlə yanaşı, Avropa istiqaməti də kifayət qədər problemlidir. Ankaranın Aİ-yə üzvlüyü ilə bağlı aparılan danışıqlar faktik olaraq dayandırılıb. Fransanın yeni prezidenti Nikola Sarkozi bir müddət əvvəl açıq şəkildə Türki-yənin "Avropa ailəsi"nə qoşulmasına qarşı çıxıb. Yelisey Sarayının sahibinin fikrincə, Türkiyə nə coğrafi, nə də digər baxımdan Avropaya aid deyil və bu səbəbdən o, yalnız "imtiyazlı üzv" statusuna ümid edə bilər. 

Türkiyə isə bununla qətiyyən razı deyil. Lakin Parisin mövqeyini Aİ-nin digər üzvləri də bu və ya digər formada dəstəkləyir. Buna baxmayaraq, Ankara ümidini itirmir. Məsələn, bir müddət əvvəl Fransa və Türkiyənin xarici işlər nazirləri Bernar Kuşner ilə Əli Babacan arasında görüş keçirilib. Ankarada düzənlənən mətbuat konfransında onlar bildiriblər ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük potensial var. Kuşner eyni zamanda Türkiyəni Aralıq dənizi Birliyində görmək istədiklərini bir daha təsdiqləyib. Belə qənaət yaranır ki, Aİ üzvləri Türkiyənin quruma üzv olmasından ehtiyatlanmaqla yanaşı, həm də onu birmənalı olaraq "kənara itələmək", türklər arasında onsuz da mövcud olan antiqərb əhvalını daha da artırmaq istəmirlər.

Bütün bunlarla yanaşı, hamıya məlumdur ki, Türkiyənin Aİ-yə qəbulu məsələsi yalnız Kipr probleminin həllindən sonra mümkün ola bilər. Bu yerdə Türkiyənin məsələ ilə bağlı mövqeyinin bütün dünyaya çatdırılması üçün Əli Babacan ciddi şəkildə işləməli olacaq. Xatırladaq ki, Ankara Kipr Respublikası gəmi və təyyarələri üçün özünün hava və dəniz limanlarını açmaqdan imtina edir və bunu yalnız Aİ-nin Kipr türklərinə qarşı tətbiq olunan sanksiyaları aradan qaldırılacağı halda mümkün sayır. Kiprin şimalına səfəri zamanı Əli Babacan ölkəsinin bu mövqeyini bir daha ortaya qoyub: "Bizim Kipr yunanlarının gəmilərinə limanlarımızın açılması istiqamətində birtərəfli addımlar atacağımızı heç kəs gözləməsin. Bu, baş verməyəcək".

Türkiyənin Aİ-yə qəbulu yolunda daha bir maneə saxta "erməni soyqırımı" məsələsidir. Yeri gəlmişkən, bu məsələ də Ankara ilə Vaşinqton arasında yaşanan narazılıqların daha bir səbəbidir. 

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 62-ci sessiyası çərçivəsində Əli Babacan Amerika rəhbərliyi, həmçinin, yəhudi icmasının təmsilçiləri ilə vacib görüşlər keçirib. Bütün bunlar isə Türkiyənin eşidilməsi, Ermənistanın şübhəli dividedtlər əldə etmək məqsədi ilə apardığı yalançı təbliğatın qarşısının alınması şanslarını artırır.

Beləliklə, Türkiyə özü üçün son dərəcə əlverişli olmayan vaxtda üzləşdiyi xarici siyasi zərbələrin qarşısını almaq üçün səylərini əsirgəmir. Bu məqamda ölkənin daxilində də vacib siyasi hadisələrin yaşandığını unutmaq olmaz. Məlum olduğu kimi, AKP yeni konstitusiyanın qəbuluna çalışır və sənədə əlavələrlə bağlı oktyabrın 21-də referendumun keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, indiyədək sözügedən layihə iki dəfə köhnə parlament tərəfindən ratifikasiya edilsə də, ovaxtkı prezident Əhməd Nejdət Sezər tərəfindən rədd olunub və sənədin referenduma çıxarılmasına imkan verilməyib. Yeni konstitusiya layihəsinin məğzinə gəlincə, orada əsas dəyişiklik prezidentin xalq tərəfindən beş il müddətinə seçilməsi və ona ikinci dəfə ali post uğrunda mübarizə aparmaq hüququnun verilməsi ilə bağlıdır. Əsas mübahisə obyekti isə Türkiyənin dövlətçilik əsasları ilə əlaqədardır. Söhbət hələ Atatürk tərəfindən qoyulan düzənə dəyişiklik edilərək ordunun səlahiyyətlərinin azaldılması və qadınların hicabdan istifadəsinə qoyulan qadağaların aradan qaldırılmasından gedir. Məsələ ondadır ki, Türkiyədə hakim partiya ilə ordu arasındakı ənənəvi ziddiyyət Abdulla Gülün prezident seçilməsindən sonra da davam edir. Hətta prezident seçkisinin üçüncü turu ərəfəsində ordu rəhbərliyi "bəzi şər qüvvələr"in Türkiyənin dövlətçilik quruluşunu dəyişmək fikrində olduğunu bəyan edib. Bu bəyanatla çıxış edən general Yaşar Böyükanıt konkret adlar çəkməsə də, ittihamın hazırkı prezident və onun nazirlərinə ünvanlandığına heç kimin şübhəsi yoxdur.


MƏSLƏHƏT GÖR:

401