
ÜÇ DƏNİZİN SAMMİTİ
Müəllif:
Energetika sahəsində əməkdaşlıq Avropa siyasətinin ən vacib və ayrılmaz hissəsinə çevrilir. Oktyabrın 10-11-də Vilnüsdə keçirilmiş enerji təhlükəsizliyi məsələlərinə dair beynəlxalq konfrans da bunu bir daha təsdiq etdi. Vilnüs forumunda Azərbaycan, Gürcüstan, Latviya, Litva, Polşa, Rumıniya və Ukrayna liderləri, həmçinin dünyanın 12 ölkəsinin hökumət nümayəndələri və aparıcı beynəlxalq enerji şirkətlərinin təmsilçiləri iştirak edirdilər. Forumda energetika sahəsində qlobal çağırışlar, əsas istehsalçılar, istehlakçılar və tranzit ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq, Avropa İttifaqı ilə Rusiya arasında enerji dialoqunun, həmçinin Avropa İttifaqının Xəzər regionu və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının perspektivləri və digər məsələlər müzakirə edildi.
Forumun ilk günündə, bu ilin mayında ilk enerji sammitinin keçirildiyi şəhərin adına uyğun olaraq, "Krakov beşliyi" adlandırılan Azərbaycan, Gürcüstan, Litva, Polşa və Ukraynanın əlaqədar nazirliklərinin nümayəndələri enerji sektorunda əməkdaşlığa dair qurumlararası sazişə imza atdılar.
Tərəflər Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa ərazisindən keçən və kommersiya baxımından cəlbedici dəhlizin yaradılması və inkişafına dair razılıq əldə etdilər. Həmçinin tranzit şəbəkəsinin, o cümlədən dəniz daşımaları və kəmər dəhlizlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi yolları da araşdırıldı.
Kursivlə işarələdiyimiz ifadənin üzərində xüsusilə dayanmaq istərdik. Bakı bu layihəyə siyasi dəstək versə də, onda real iştirak məsələsini kommersiya rentabelliyi ilə bağlayır.
Bundan başqa, tərəflər həmçinin karbohidrogen ehtiyatlarının tranzit marşrutlarının və mənbələrinin müəyyənləşdirilməsi məsələsində də razılığa gəliblər. Söhbət hazırda mövcud olan Odessa-Brodı ("Dostluq" kəmərinin cənub qolu) və Polşanın Adamova Zastava ("Dostluq" kəmərinin digər qolu) neft kəmərləri marşrutlarını birləşdirəcək, uzunluğu 250 kilometrə yaxın olan Brodı (Ukrayna) - Adamova Zastava (Polşa) kəmərinin çəkilməsindən gedir. Oradan kəmər Plotsk və Qdansk neft emalı zavodlarına qədər (sonuncu Baltik dənizinin sahilində yerləşir) uzanacaq. Əgər bu "bənd" tikilərsə, o, Xəzər və Qara dənizləri regionlarını Baltika ilə birləşdirəcək və Xəzər neftinin Avropaya tranziti üçün yeni yola çevriləcək. Bu isə Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatı ilə bağlı strateji məqsədlərinə uyğundur.
Hazırda Avropa İttifaqının fondları ilə ümumi dəyəri təxminən 400 milyon dollar olan bu layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilir. Qara dənizdən neft kəmərinin Baltik dənizinə çəkilməsinin təxminən 2012-ci ilədək yekunlaşması nəzərdə tutulub.
Bu layihənin vacib strateji əhəmiyyəti həm də onunla izah edilir ki, bu kəmər yalnız ərazisindən keçəcəyi ölkələrin (Gürcüstan, Ukrayna, Polşa) deyil, həm də qonşu Litva, Latviya və Belarusun da Azərbaycan və Orta Asiya nefti ilə təchizatını təmin edəcək. Məsələn, Polşa bu ölkənin "PKN Orlen" şirkəti tərəfindən idarə olunan Maceyksk Neft Emalı Zavodunu (Litva) xammalla təmin edə bilər. Xatırladaq ki, "Dostluq" kəmərindəki qəzadan sonra bu zavod çox ağır vəziyyətə düşüb. Çünki o, Rusiya xammalından məhrum olur - xammalın tankerlərlə daşınması olduqca baha başa gəlir.
Qeyd edək ki, 2001-ci ildə tikilmiş və ildə 9 milyon ton neft daşımaq gücündə olan Odessa-Brodı kəməri, Qazaxıstan neftinin Qara dəniz vasitəsilə Avropaya nəqli sisteminin tərkibi kimi inşa edilmişdi. Amma bu kəmərlə neft nəql etmək istəyən tapılmadı. 2004-cü ildən kəmər revers rejimində işləyir - Rusiyanın "Dostluq" kəməri ilə nəql etdiyi kəmər Brodıdan Qara dənizə ötürülür. Bu ilin mayında Krakovda 5 dövlətin - bu layihənin potensial iştirakçılarının sammiti zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev Polşaya gəlmədi. Düzdür, o, sammitə baş çəkməyi planlaşdırmışdı. Amma Rusiya lideri Vladimir Putin Astanaya gəldiyindən, Nazarbayev Krakova səfərini təxirə salmalı oldu. Üstəlik, cənab Nazarbayev bəyan etdi ki, "Qazaxıstan neftinin böyük hissəsinin - bəlkə də, hamısının - məhz Rusiya ərazisindən nəqli variantına sadiqdir ".
Bununla əlaqədar olaraq, bəzi rusiyalı ekspertlər hesab edirlər ki, kəmərin doldurulması üçün tələb olunan həcmdə neft yoxdur. Bunu iddia edən ekspertlər rəsmi Astananın mövqeyi ilə yanaşı, Rusiyanın KTK (Qazaxıstan nefti Novorossiyskə bu kəmərlə nəql edilir) ilə daşınan neftin həcmini ildə 31 milyon tondan 67 milyon tona qaldırmaq niyyətini, həmçinin rəsmi Moskvanın Bolqarıstanın Burqas şəhərindən Aleksandrupolisə (Yunanıstan) yeni kəmər çəkmək planını da əsas götürür. Xatırladaq ki, ildə 35-50 mln ton neft daşımaq gücündə olacaq bu kəmər Qazaxıstan neftini Aralıq dənizinə türk boğazlarından yan ötərək nəql etməyə imkan verəcək.
Başqa sözlə desək, Bakı-Qdansk marşrutunun arxasında dayanmış siyasi motivlər, bəzi ekspertlərin fikrincə, onun iqtisadi məqsədəuyğunluğundan daha çox önəm daşıyır. Amma ümummilli lider Heydər Əliyevin, əsasını daha ağır geosiyasi şəraitdə qoyduğu Bakı-Tbilisi-Ceyhan kəmərinin təcrübəsi göstərir ki, maraqlı dövlətlər bu layihəni də reallaşdıra bilərlər. Amma bir şərtlə ki, o, bütün iştirakçılar üçün iqtisadi baxımdan cəlbedici olsun.
Ümumilikdə götürsək, Vilnüsdə imzalanmış razılaşma "Krakov beşliyi" ölkələrinin Xəzər-Baltika enerji dəhlizinə verdiyi siyasi dəstəyin rəmzidir. Bu dəhliz enerji resurslarının nəqli üçün alternativ rolunu oynamağa və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirməyə qadirdir.
Azərbaycana gəldikdə isə, Litva paytaxtında keçirilmiş sammit rəsmi Bakının Avropa İttifaqı məkanında enerji sabitliyinin təminatı və əməkdaşlığı məsələsində etibarlı tərəfdaş imicini bir daha təsdiqlədi. Bundan başqa, Vilnüsdə keçirilmiş və bu təşkilatın yaradılmasının 10 illiyinə həsr olunmuş "GUAM+" formatlı görüşləri, sözügedən qurumun beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmlənməsi üçün əlavə stimul adlandırmaq olar.
Bu isə GUAM üzvlərinin irəli sürdükləri təşəbbüslərin reallaşması baxımından, olduqca vacibdir.
MƏSLƏHƏT GÖR: