
ZAMAN. QƏHRƏMAN. PROBLEM.
Bakıda IX beynəlxalq "şərq-qərb" kinofestivalı başa çatdı
Müəllif: Valentina REZNİKOVA Bakı
Sentyabrın ortalarında 9 il bundan əvvəl məşhur bakılı Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılan növbəti kinofestival işini başa çatdırdı. Festivalda cəmi 10 ölkə iştirak etsə də, artıq bu ölkələrdə dəqiq bilirlər ki, neftlə zəngin Azərbaycanda başkəsənlər və "göyərtisatanlar" yox, bütün xoşməramlı insanlar kimi, yer üzündə xeyir və sülh arzulayan qonaqpərvər insanlar yaşayırlar.
Festivalın açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gələn il yubiley festivalında iştirakçıların sayının xeyli çox olacağını və "Şərq-Qərb" Bakı Beynəlxalq festivalının (BBF) dünyanın kino forumları sırasında layiqli yer tutacağını söylədi. Onun nüfuzlu olacağı gün gəlib çatacaq, bura can atacaq, hətta müsabiqədənkənar proqramda iştirak etməyi də şərəf sayacaqlar. Lakin bütün bunlar baş verməzdən əvvəl təşkilatçılar çoxlu problem həll etməlidir. O cümlədən gözəl maddi bazaya, müasir texnologiyalara, yüksək səviyyəli piara və satış bazarlarını ələ keçirmək bacarığına malik dünya kinoprokatının mövcudluğu şəraitində. Daha bir cəhət. İncəsənətin elit növünə çevrilməklə, kino heç də qüdrətli ideoloji silah olmaqdan uzaqlaşmayıb. O həm yarada, həm də dağıda bilir və buna nümunələr də külli miqdardadır. Amerikanın o qədər də böyük bədii dəyərə malik olmayan kino məhsullarının ətraf dünya ilə qarşılıqlı münasibət stereotipləri aşılamaqla son 10-15 ildə böyüməkdə olan nəslin mənəvi-etik və əxlaqi təməlini əhəmiyyətli dərəcədə dəyişdirə bilməsi gözümüz qarşısındadır. Bunda ölkəmizi bürüyən pirat filmləri də əhəmiyyətli rol oynayıb. Odur ki BBF-in təşəkkülü birinci dərəcəli vəzifəyə çevrilməlidir. Birincisi, festival 9 ildir ki, humanizm ideallarını təbliğ edir. İkincisi, ölkəni Avropa və Şərq ölkələrində kinonun inkişaf istiqamətlərilə tanış etməklə maarifçilik funksiyasını yerinə yetirir. Üçüncüsü, onun dünya ictimaiyyətinin gözündə ölkəmizə bir qədər fərqli, yeni imic qazandırmaq (dövlətin dəstəyilə) şansı var.
Zamana yetişmək
İndiki kinofestivalın ideya yönümü insanın zamanın dəyişən strukturunda varlığı mövzusu ilə asanlıqla qovuşur. Ezoteriklərin iddia etdikləri kimi, zaman sürətlə yuksəlir. Onunla ayaqlaşa bilməyənlər yüksək vibrasiyalara dözməyərək həlak olurlar. Özü ilə zamanı barışdımaq, zamanda öz yolunu tapmaq IX "Şərq-Qərb" kinofestivalının bir çox filmlərinin qəhrəmanlarının problemidir. "Sərçələr oktyabrda" bolqar filminin (Pyotr Popiordanov) qəhrəmanı yaşadığı Dervent kəndinin daşlaşmış ənənələrə və məişətə malik həyatının daha müasir ritmlərə yiyələnməsi üçün var gücü ilə çalışır. Bütün dünyada tərəqqidir - kişi-qadın münasibətlərindən, texnologiyalar sahəsində nailiyyətlərə qədər. Paskal üçün bu dünya ekzotik nağıla bənzəyən böyük bir arzudur. Tanrının görünməmiş gözəlliklər bəxş etdiyi bu kənd sanki keçmişlə bu gün arasındadır. Burada zaman dayanıb, müxtəlif cazibələrin sınağına məruz qalır və yoldan çıxarılır! Gah yeni dünyadan ünvanlanan ardıcıl humanitar yardımlarla, gah haradansa gətirilən rezin qadınla... Gerçəkliyimizin mifləri! Onlar tərəqqiyə yardımçı deyil. Əksinə! Kənd içkiyə qurşanır və heç nə etmək istəmir. O, qayğısız bekarçılıq arzulayır. Avstraliyaya göndəriş udan Paskal Derventi tərk edərək, nifrətamiz zaman durğunluğundan qaçır. Əfsus! Səyahət edərək, o, evə qəmgin, keçmişdən-gələcəyə gerçəkliyi təbii şəkildə yaşamadan yetişməyin mümkünsüzlüyünü anlayaraq qayıdır. Çünki insanla zamanın münasibətlərini dəyişən proseslər yalnız burada mümkündür. Təbii ki, rejissor Anri Kulevin müraciəti problemin yalnız bu aspektilə məhdudlaşmır. Müəllifin mövqeyi vətənpərvər, uzun onilliklər boyu keçmiş İttifaqın 15 sovet respublikasının özünəməxsus əlavəsi qismində qalan xalqının taleyinə biganə olmayan ruhlu sənətkarın mövqeyidir.
Ukrayna kinematoqrafçılarının (rej. Yeva Neyman) "Çayın yanında" filmi, ilk növbədə, iki gözəl aktrisanın - Nina Ruslanova ilə Marina Politseymakonun təkrarsız peşəkar duetidir. Keçmişlə indini qarışdıran, cari zamanın aniliyini pis anlayan və gələcəyi tamamilə görməyən qəhrəman tamamilə çaşbaş qalıb. Onun üçün bu gün gözəl və xoşbəxt gənc qadın olduğu keçmişdə təmərküzləşib. Orada həyat, çayın kənarındakı həyat kimi, təmiz və harmonikdir, sevdiyi və onu sevən bütün insanlar sağdır, hələ faciəvi itkilər, zamanın zümrə əlamətlərinə görə repressiyalar və təqiblər şəklində qəddar təzahürləri yoxdur. O, taleyin zərbələrinin ağırlığı altında qocalsa da, nəcibliyini və millətin özəyi adlandırılan zümrəyə genetik mənsubluğunu vurğulayan daxili işartısını itirməyib. Artıq gerçəkliyə yol tapa bilməyəcək. Onu istəmir və qəbul etmir. Hər şey əlindən alınıb: səadəti, məhəbbəti, həyatının mənası. Bunlarsız isə onun üçün indiki zaman yoxdur və ola da bilməz. Şüuru zamanın axarı ilə təmasın qarşısını alaraq, qəhrəmanın həyatını qoruyub.
Rusiya üç kino lenti təqdim etmişdi - "Ev heyvanları ilə səyahət" (rej. Vera Storojeva), "Sadə şeylər" (rej. Aleksey Popoqrebski) və "Şəxsi heç nə yoxdur" (rej. və ssenari müəllifi Larisa Sadilova). Hər üç əsəri sənətkarla amiranə şəkildə onun həyatına müdaxilə edən zamanın qırılmaz əlaqəsinin nəticəsi kimi nəzərdən keçirə bilərik. Sərt və qəddar seçim zamanı yetişib: heç kim "mənə dəxli yoxdur, mən heç nə bilmirəm" prinsipinin arxasında gizlənə bilməyəcək. İndi hər şey zamanın ixtiyarındadır: təsir göstərən, dəyişdirən, qərar verməyə, seçim etməyə, öz yolunu və taleyini müəyyənləşdirməyə məcbur edən zamanın. Artıq özəl kiçik problem anlayışı yoxdur. İstənilən problem ümumbəşəri səviyyəyə yüksələ bilər.
"Koktebel" filmindən (2005-ci il festivalı) tanıdığımız Aleksey Popoqrebskinin filmi haqqında bir neçə kəlmə. Onun filminin qəhrəmanı həkim-anestezioloq (Sergey Pauskepalis) xalq arasında "limitçi" adlandırılanlardandır. Bir çox həmkarlarından fərqli olaraq, insanlığını və nəcib prinsiplərini qoruyub saxlamağa nail olan bu adam pinsiplərdən imtinaya, həqiqi idealların yalançı - hər şeyi aşılandıran və sadələşdirən ideallarla əvəzlənməsinə təhrik edən zamanla müəyyən məqamda münaqişəyə girir. Vicdan, ləyaqət, namus, sədaqət - artıq köhnəlmiş anlayışlardır. Keçmişə atılan ideallar kimi. Lakin həyati problemlər qəhrəmanı küncə sıxışdırır. Əxlaqla əxlaqsızlıq arasında seçim etməyə sürükləyir. Bəs keçmişə qovuşan keyfiyyətləri itirməyən müasir qəhrəman nə edir? Hələ vəfat etməyən xəstənin (Leonid Bronevoy) rəsm əsərinə görə pulu mümkün qədər tez almaq istəyinə uyan qəhrəman zamanla kompromisə getməyə cəhd göstərir, cinayət əməlinə yol verməsə də, özünə qarşı mənəvi cinayət törədir. Lakin zamanla sövdəsi baş tutmur. Qəhrəmandan, rejissordan müasir insanın ideallarının necə olmalı olduğu barədə resept əldə etmədən ayrılırıq. Bəlkə, onlar, ümumiyyətlə, olmamalıdır? Məsələ açıq qalır. Hərənin zamanla öz oyunu var.
"Mənim dondurmam - qaymaq" (rej. və ssenari müəllifi Yüksəl Aksu) festivalda təqdim olunanlar arasında ən şən və həyatsevər filmdir. Sovet kino məktəbinin ən yaxşı ənənələrinə uyğun çəkilən bu film kino dilinin üslubu və müəllif mövqeyinin təcəssümü baxımından heyrətamiz dərəcədə müasirdir. Bunun arxasında türk xalqının xarakteri, məişəti, mentalitetinə incəliklərinə qədər bələdlik və onun başa düşülməsi dayanır. Bu filmi sovet dövrünün baş qəhrəmanın səmimi hisslərə malik, sadəlövh, sivilizasiyanın nemətləri və miflərinin korlamadığı sadə kəndli olduğu gürcü filmlərilə müqayisə etmək mümkündür. Bu kinoəhvalatın qəhrəmanı (artist Turan Özdəmir) - dondurma istehsalı və satışı ilə məşğul olan kiçik kənd iş adamı böyük biznes nümayəndələri tərəfindən təqib olunması maniyasına qapılıb. Ona elə gəlir ki, bu sonuncular əvvəlcə onun dondurma hazırlanması reseptinin sirrini ələ keçirmək, sonra isə onun biznesini bir göz qırpımında ələ keçirmək istəyirlər, çünki istehsal etdiyi məhsulun yüksək keyfiyyəti dünya kapitalı üçün əsl təhlükədir. Deməli, həm də qlobalistlər, separatçılar, əlləri bədbəxt kənd dondurmaçısına uzanan digərləri üçün. Yeri gəlmişkən, o, zamanla ayaqlaşır və onun tələblərinə müvafiq olaraq, yerli televiziyanın xidmətlərindən yararlanmaqla, özünü gen-bol tərifləyir. Qonşu kəndlərə dondurma daşımaq üçün motoroller alandan sonra isə hətta onun üstündə audioreklam üçün səsgücləndirici də quraşdırır! Hər şeyi marketinq qaydalrına müvafiq şəkildə edir. Amma! Düşmən ayıqdır və hər yeri bürüyüb! Bədbəxt, yazıq dondurmaçı! Dünya kapitalının fitnələrinə o qədər inanır və bunu o qədər faciəvi şəkildə qəbul edir ki, "düşmən əməlləri"nin sadəcə kənd uşaqlarının məsum əməlləri olduğunu anlamır - dondurma yüklü motorolleri də, bundan əvvəl isə plantasiyadakı üzümləri və bostandakı qarpızları da məhz onlar oğurlayırlar. Axı 10-12 yaşın varsa, kənddə başqa nə ilə məşğul olasan? Üstəlik, xətrinə dadlı bir şey düşəndə! Nəhəng yeşiyi motorollerlə birlikdə elə bu səbəbdən oğurladılar! Süjet kifayət qədər rəngarəng və məzəli təfərrüatlarla zənginləşir, filmi əsl bədii əsərə çevirir, tamaşıçılara və hər şeydən göründüyü kimi, ifaçıların özlərinə də sevinc bəxş edir.
Əxlaq kodeksləri və sevginin olmaması
Festivalın proqramında gürcü kinematoqrafçılarının "Rus üçbucağı" (rej. və ssenari müəllifi Aleko Tsabadze) filmi xüsusi yer tutur. Diqqət mərkəzində Rusiyadakı böyük bir şəhərinin həyatıdır. Burada yaxın vaxtlara qədər Çeçenistan adlanan barrikadanın əks tərəflərində olan insanlar zamanın tələbinə uyğun olaraq, birgə yaşayırlar. Amma burada oyun qaydaları da başqadır: dünənki düşmənlər işgüzar tərəfdaş olublar, dil müəllimi - killerə, vətənin müdafiəçiləri - ölkənin unutduğu və dilənçilik edən əlillərə çevriliblər və bu səbəbdən də ədalət məhkəməsini öz anlayışlarına müvafiq şəkildə həyata keçirirlər. Silah - intiqamdır. Gecələr həyata keçirilən gizli intiqam. Bu isə qanunun və vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan orqanlar üçün başağrısı və problemdir. Üçbucağın birinci bucağı: siyasi, sosial və əxlaqi problemlərin təmərküzləşmə nöqtəsi. Praktikaya gəlmiş tələbə Nikolay (artist Artemi Tkaçenko) da elə məhz belə bir duruma düşür. Bəs üçbucağın tərəflərini birləşdirən nədir? Zaman. Qəddar və amansız. O, həyatın üzünə çıxan hər şeyi lakmus kağızı kimi göstərir, onun xoşagəlməz iç üzünü nümayiş etdirir. Qaranlıq, az qala, iblisanə, qorxulu və nifrətamiz iç üzünü. Bundan agah olmaq xoşumuza gəlmir. Bəzən estetik hisslərimiz bundan təhqir olunur və baxışımızı qaçıraraq, sürətlə ötüb-keçirik, binanın girişinə daxil olur, qapımızı bağlayırıq. Lakin problemi görməməklə o, yox olmur. Ondan qurtulmağın yeganə yolu var - problemi ləğv, yəni həll etmək. Gürcü nənəsinin gürcü knyazlarının əxlaq kodeksi əsasında tərbiyə etdiyi Niko baxışını qaçırmağı bacarmır və bu səbəbdən də özgələrin problemləri onun öz problemlərinə çevrilir. Bu dəfə o, şəhərdə sayı artan gecə qətllərinin sirrini öyrənmək qərarına gəlir. Müstəqil şəkildə. Əvvəlki rəisdən fərqli olaraq, təkcə bahalı kostyum geymiş kobud bir adam yox, keçmişin QULAQ proletarilərinin ziyalılıq adlandırılan hər şeyə, xüsusən, ziyalıların özlərinə nifrətini təcəssüm etdirən özündən müştəbeh və ikrah doğuran rəisin köməyi olmadan. Bu da bir bucaq. Keçmişlə indinin qovuşduğu nöqtə. Aleko Tsabadze qəhrəmanını müstəqil təhqiqatın bütün daşlı-kəsəkli yollarından keçirərək, heç də onu ideallaşdırmır. Bu qısa müddət ərzində Niko xeyli yaşa dolur, həyatın əsl qiymətini öyrənir. Öz ideallarının qiymətinə bələd olur. O idealların ki bu zaman vətəni sevmək heç də "hərif" olmaq demək deyil. Xeyr. Bu o deməkdir ki, ölkənin və oradakı hər şeyin daha yaxşı, daha vicdanlı, daha ləyaqətli olmasını istəyəsən. Niko da seçimini edir. Bundan sonra o, susmayacaq, sivil kostyum geymiş tərbiyəsizə güzəştə getməyəcək. Bu, onların zamanıdır. Vaxtilə qızğın siyasi fikir ayrılıqları ilə əcdadlarını qarşılaşdırdığı kimi, indi də onları toqquşdurur. Amma indi ortada siyasi hakimiyyət yox, qat-qat daha önəmli olanıdır: müharibə və pislik doğuran dünyada insan insaniyyətini necə qoruyub saxlamalıdır?
Fransız rejissoru və ssenari müəllifi Bruno Dyumonun səs-küy doğuran "Flandriya" filmi. 59-cu Kann festivalının böyük prizini, "Şərq-Qərb" Bakı beynəlxalq kino festivalının isə "Müasirliyin problemlərinin yüksək bədii təcəssümünə görə" xüsusi mükafatını alan film elə böyük optimizm doğurmur. Dünyaya istedadlı rəssamlar bəxş edən, incəsənətdə bütöv bir cərəyan yaradan Flandriya - Belçika ilə Fransa arasında torpaq parçası, müəllifin iradəsilə elə bir məkana çevrilir ki, bura hansısa fantastik səbəblər üzündən nə sivilizasiyanın nemətləri, nə bəşəriyyətin intellektual cəhətdən irəliləməsi, nə də bəşəriyyətin mənəvi axtarışları nüfuz etməyib. Flandriya adlanan bu aləmdə ibtidai insanların instinktlərinin xas olduğu sadə insanlar yaşayır. Sekslə məşğul olmaq qidalanmaq və nəfəs almaq kimi təbii və sadə tələbatdır. Bu, həyat, həm də məhəbbətdir və istənilən yerdə baş verə bilər - çöldə, meşədə, avtomobilin arxa otu-racağında. Filmdə, demək olar ki, mətn yoxdur. Əslində, zamanın axarında itib-batan, yalnız özünə bəlli olan qanunlarla yaşayan, fəal cırlaşma prosesinin cərəyan etdiyi bu aləm danışmağa heç ehtiyac da duymur. Halbuki hamımız sözün ilkin olduğunu gözəl xatırlayırıq. Həm də bu söz Tanrı idi. Görünür, Tanrı bu torpaqdan qovulub. Belə dəhşətli, baxımsız olmasının səbəbi də elə budur. Nə landşaftda, nə də burada yaşayan insanlarda təbii gözəllik yoxdur. Gənc kişilər buranı tərk edərək, müharibəyə yollanırlar. Onlar kimdir? Sülhməramlılar, yoxsa legionerlər? Önəmli deyil. Onlar qatilə çevrilirlər. Qorxduqları üçün öldürən oğlanlara. Zorakılıq, qəddarlıq, qan. Bu dünyada sevgiyə yer yoxdur. Şairlərin vəsf etdikləri ali və ilahi bir şey sayılan sevgiyə. Hər şey parlaq ifadə olunan instinktlərdən ibarət sadə bir sxemə aparıb çıxarır. Bu isə dəhşət doğurur. Yeni əsrin həyatlarından müqəddəs olan hər şeyi kənarlaşdıran insanları nə ilə qalacaqlar? Bu sualı Xocaqulu Nurliyevin (Türkmənistan) "Manqurt" filmi (Ç.Aytmatovun "Əsrə bərabər gün" romanının ekranlaşdırılması) cavablandırır. Filmdə söhbət insan birgəyaşayışının mənəvi kamilləşməsinə yönəlmiş möhtəşəm əxlaqi-etik qaydalar toplusunu formalaşdıran nəsillərin genetik, milli və əxlaqi yaddaşının qorunub saxlanması problemindən gedir. Bununla yanaşı, nəsil köklərini itirməklə, bütün bunları itirməyin necə asan olduğundan danışılır. Bu köklərdən məhrum olan insan kimi, belə xalqın da gələcəyi yoxdur.
Bütün bunlar festivalda təqdim olunan 20 filmin cüzi bir hissəsidir. Lakin onlar müasir kinonun inkişafının ideya və mövzu yönümünün istiqamətlənməsində müəyyən qədər həlledici olmuşdur.
MƏSLƏHƏT GÖR: