Müəllif: Səbirə MUSTAFAYEVA Bakı
Təhsil sahəsində ilin ən önəmli hadisələrindən birinin Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi Beynəlxalq Assosiasiyasının (IAEA) Bakıda "Təhsilin qiymətləndirilməsinin milli sistemlərilə keyfiyyət standartlarının qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən 33-cü konfransı olduğunu desək, yanılmarıq. Tədbir 1999-cu ildən IAEA üzvü olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) himayəsi altında 16-21 sentyabr tarixlərində keçirildi. İAEA bu qəbildən olan konfransları 1975-ci ildən etibarən keçirir, ölkəmiz isə onlarda 2002-ci ildən iştirak etməyə başlayıb.
Qeyd etməyə dəyər ki, IAEA konfransının keçirilməsində "ev sahibliyi" etməyə iddialıların sayı çox olsa da, MDB ölkələri arasında bu konfransın keçirildiyi ilk ölkə Azərbaycan oldu.
Bu konfransın işində 40 dövlətdən - ABŞ, Avstraliya, Almaniya, Böyük Britaniya, Barbados, Qambiya, Qazaxıstan, Keniya, Rusiya, Hindistan və s. 216 təmsilçi iştirak edib. Konfransın keçdiyi yüksək səviyyə nəzərə alınaraq, əminliklə demək olar ki, TQDK "ev sahibi" vəzifəsinin öhdəsindən uğurla gəldi. "R+" müxbirinin söhbətləşməyə imkan tapdığı təşkilatçılar da, iştirakçılar da konfransın işindən razı qaldıqlarını bildirdilər. Qeyd edək ki, belə nüfuzlu və önəmli konfransın Bakıda keçirilməsi şagirdlərin biliklərinin qiymətləndirilməsi və sistemləşdirilməsi sahəsində Azərbaycanın, xüsusən TQDK-nın təcrübəsinin etirafıdır. Bunu konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etdi. O vurğuladı ki, son 15 il ərzində Azərbaycanda biliklərin qiymətləndirilməsinin özünü ölkədə müsbət tanıtdıran xüsusi test sistemi tətbiq olunur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təbrikində isə deyilir ki, Azərbaycan hökuməti səmərəli təhsil sisteminin inkişafı məsələlərinə böyük diqqət yetirir, çünki ölkənin gələcəyi bundan asılıdır.
Qiymətləndirmə texnologiyalarını yaxşılaşdırmalı
"R+" müxbirilə söhbətində TQDK rəhbəri Məleykə Abbaszadə belə bir mühüm və nüfuzlu tədbirin Bakıda keçirilməsi üçün necə möhtəşəm bir iş aparılmasının lazım gəldiyindən danışdı: "Hər şeyin ən yüksək səviyyədə keçəcəyini sübut etmək lazım idi. Biz buna tam bir il hazırlaşmışıq. Bəyənilmək üçün YUNESKO-ya ətraflı plan-hesabatlar ünvanlayırdıq. Bu tədbiri keçirmək istəyimiz barədə hələ ötən il Sinqapurda keçirilən 32-ci konfransda açıqlamışdıq. Qayda belədir - bu tədbirin keciriləcəyi hər bir ölkə öz təhsil sisteminin üstünlüklərini və belə mühüm forumlar təşkil etmək qabiliyyətini təqdim etməlidir. Biz nəyin iddiasında olduğumuzu başa düşürdük. 15 ildir ki, buna doğru gedirdik. Təcrübə və milli təhsil sisteminin inkişafına qoyulan töhfələr olmasaydı, çətin ki, Azərbaycan tədbiri qəbul edən tərəf olardı. İndi bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Azərbaycan belə bir konfransda ilk dəfə Honkonqda iştirak edib. O vaxt biz belə bir konfransın Bakıda da keçirilməsini çox arzulayırdıq. Gördüyünüz kimi, bəzən xəyallar gerçəkliyə çevrilir".
Konfransın mövzu dairəsinin nə qədər geniş olduğunu iştirakçıların dinlədikləri məruzələrin mövzularından da görmək olardı: "Milli qiymətləndirmə sistemi", "Təcrübə və nailiyyətlər", "Alimlik dərəcəsi almaq üçün ali təhsil müəssisələrinə qəbul zamanı seçim", "Dövlət qulluğuna qəbul zamanı qiymətləndirmə", "Təhsildə və qiymətləndirmə sistemlərində korrupsiya", "Qiymətləndirmədə texnologiyanın rolu", "Məktəblərdə qiymətləndirmə", "Çoxmilli cəmiyyətdə qiymətləndirmə" və i. a.
"R+" müxbirinin suallarına cavab verən IAEA prezidenti Sidel Karlton bildirdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd biliklərin akademik qiymətləndirilməsilə məşğul olan təşkilatlar arasında əlaqələrin təcrübə mübadiləsi vasitəsilə yaxşılaşdırılmasıdır. Xanım Karlton daha sonra deyib: "IAEA struktur işini təmin edir ki, onun hüdudlarında birgə araşdırmalar, tədris, layihələr həyata keçirilir. Qeyd edim ki, IAEA bütün dünyada təhsil sahəsində fəaliyyət göstərən təşkilatları birləşdirən qeyri-dövlət strukturudur. İndiki konfransın yönümü onun adında da dəqiq ifadə olunub: "Təhsilin qiymətləndirilməsinin milli sistemlərilə keyfiyyət standartlarının qarşılıqlı əlaqəsi". Müxtəlif ölkələrin təmsilçiləri cəmi bir neçə gün ərzində çoxlu məsələ müzakirə etdilər, təhsil sahəsində təcrübə mübadiləsi keçirdilər, təhsil sahəsində problemlərin həlli üsullarından söz açdılar. Bu, təhsil problemlərinin həlli üçün ən müvafiq qiymətləndirmə texnologiyalarının axtarılmasıdır".
S.Karlton Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının önəmli nailiyyətlərini vurğuladı. "Siz həm mərkəzdə, həm də ölkə əyalətlərində bərabər təhsil sistemi yaratmağa nail olmusunuz. Bu, milli təhsil sisteminin inkişafına ciddi töhfədir. Qonşu ölkələrə də sizin təcrübənizdən yararlanmağı məsləhət görürəm. Bütövlükdə, Bakı görüşünün nəticələrindən razıyam, çünki onun əsas vəzifəsi - təhsilin keyfiyyətinin inkişafı üçün bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların birləşdirilməsi həyata keçirildi", - deyə IAEA prezidenti bildirib.
MDB təhsil strukturlarının nümayəndələri də Azərbaycanda biliklərin qiymətləndirilməsinin keyfiyyəti barədə müsbət rəy bildirdilər. Belə ki, Milli Dövlət Təhsil və Testləşdirmə Standartları Mərkəzinin direktoru İsatay Sagindikov "R+" müxbirinə bildirib ki, Qazaxıstan Azərbaycandan ali təhsil müəssisələrinə qəbul imtahanlarının təhlükəsizliyinin təmin olunmasının təşkili təcrübəsini əxz etməlidir. Bundan başqa, TQDK abituriyentlərin imtahanaqədərki hazırlığını müxtəlif hazırlıq test imtahanları, tematik kitabçaların nəşri və i. a. vasitəsilə yüksək səviyyədə təmin edib.
"Bu yaxınlarda Qazaxıstanda qəbul olunan təhsil qanununda ölkəmizdə təhsilin necə inkişaf edəcəyi dürüst göstərilir. Hələ 1997-ci ildə imzaladığımız Bolonya prosesinə müvafiq olaraq, gələn ilin sentyabr ayından 12 illik təhsil sisteminə keçirik. Beləliklə, X sinifdən - tədrisin ikinci mərhələsindən etibarən yeniyetmə son 2 ildə təhsilini məhz hansı istiqamətdə davam etdirəcəyini müəyyənləşdirməlidir. Ali təhsil müəssisələrində üçpilləli təhsil sisteminə keçiləcəyi gözlənilir: bakalavr - magistr - doktor.
Milli Dövlət Təhsil və Testləşdirmə Standartları Mərkəzi (MDTTSM) şagirdlərin biliklərinin keyfiyyətinə nəzarətlə və təhsil sisteminin monitorinqilə məşğul olur. Orta məktəblərdə (IV və IX siniflərdə) biz aralıq adlandırılan dövlət nəzarəti, XI sinifdən sonra isə özündə şagirdlərin dövlət attestasiyası ilə ali təhsil müəssisələrinə qəbulu ehtiva edən vahid milli testləşdirmə keçiririk. Yeri gəlmişkən, testləşdirmə ballarının hesablanması bilavasitə yerlərdə aparılır. MDTTSM bütün ölkə üzrə 155 filiala malikdir ki, onların işi sa-yəsində imtahanların nəticələi artıq bir neçə saatdan sora məlum olur. Bizim ictimaiyyət sizdə fəaliyyət göstərən mərkəzləşdirilmiş sistemi qeyri-şəffaf sayaraq, rədd etdi. II kurs tələbələri də biliklərin səviyəsini yoxlamağa imkan verən dövlət nəzarətindən keçirlər. İmtahanı verə bilməyənlər ikinci ilə qalırlar. Hansısa fakültədə ikinci ilə qalanların sayı həddindən artıq çox olarsa, bizim ali təhsil müəssisəsinin həmin fakültələrə dair lisenziyasını ləğv etmək hüququmuz var. Belə ki, bu il 30 özəl institutu bağlamaq məcburiyyətində qalmışıq", - deyə İsatay Sagindiqov təcrübə mübadiləsi edib.
Rusiya Milli Akkreditasiya Agentliyinin direktoru Vladimir Navodnovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti də Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin xidmətlərini dəstəklədi. "Azərbaycanın istifadəyə götürdüyü sistem ABŞ-da işlənib hazırlanmışdı. Lakin siz postsovet məkanında təhsilin keyfiyyətnin müstəqil test qiymətləndirilməsi sistemini işləyib-hazırlayan, demək olar ki, ilk ölkəsiniz. İndi bir çox ölkə sizdən nümunə götürür. Məsələn, Qazaxıstan və Rusiya. Son 15 il ərzində Rusiya ali təhsil sistemi güclü şəkildə dəyişib. Əgər Sovet İttifaqında 1200 ali təhsil müəssisəsi vardısa, hazırda təkcə Rusiyada yarısı dövlət, yarısı isə özəl olmaqla, 1 400 belə təhsil ocağı var. Odur ki təhsilin keyfiyyətinin qiymətləndirilməsi Rusiyada bir nömrəli məsələdir. Həmkarlarımın bir çoxu belə bir yekdil rəyə gəliblər ki, onun meyalarının dəqiq sistemini yaratmaq vaxtı yetişib. Artıq bu istiqamətdə ilk addım da atılıb - lisenziyalaşdırma (təhsil fəaliyyəti aparmaq hüququ verən lisenziya alınması) və akkreditə (təhsilin keyfiyyətinin dövlət təhsil standartlarına müvafiqliyi barədə şəhadətnamə) sistemi yaradılıb. Bütün bu məsələləri Bakıdakı konfransda da müzakirə etməyə macal tapdıq. Bizdə bölgü var - orta təhsil sistemində vahid adlandırılan imtahan, peşə təhsili sistemində isə kompüter testləşdirməsi forması mövcuddur. Vahid dövlət imtahanının xüsusiyyətləri nədən ibarətdir? Birincisi, bu imtahan həm məktəb məzununun yekun dövlət qiyməti, həm də eyni zamanda ali təhsil müəssisəsinə qəbul imtahanı olur. İkincisi, Rusiyanın bütün ərazisində eynitipli binalardan və vahid qiymətləndirmə sistemindən istifadə edilir. Tələbələrin kompüterlə testləşdirilməsi isə dövlət peşə təhsilinin təhsil standartlarının yoxlanmasına yönəldilib. Onun məqsədi mütəxəssis hazırlığına vahid tələblərin işlənib hazırlanmasıdır", - deyə o bildirib.
V.Navodnov onu da deyib ki, Bakıda MDB-nin təhsil strukturları keçmiş müttəfiq respublikalarda mövcud olan problemlərin aradan qaldırılmasına dair qərarlar qəbul edən assosiasiya yaratmaq qərarına gəldilər. "Bizim ümumi problemlərimiz, oxşar mentalitetimiz var. Xarici ölkələrin təmsilçiləri çətinliklərimizin bir çoxunun özəlliyini sadəcə başa düşmürlər. Odur ki, MDB Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi Assosiasiyasını yaratmaq qərarına gəldik və bu məsələ artıq Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin başçısı Məleykə Abbaszadə ilə də müzakirə edilib".
Kamilliyin həddi yoxdur
"R+"la söhbətində M.Abbaszadə onu da dedi ki, TQDK Azərbaycanda beynəlxalq standartlara uyğun təhsil auditi keçirilməsini təklif edib: "Bu barədə ETS-dən - ABŞ Təhsil Testləşdirilməsi Xidmətindən olan tərəfdaşlarımız da danışırdılar. Qeyd etmək lazımdır ki, bu təşkilat auditlə keçən əsrin əvvəllərindən məşğul olur. Axı qiymətləndirmənin gedişində ölkənin bütün təhsil mühiti təhlil edilir. Bəs təhsil mühiti nədir? Bu, məktəbdə tədris olunanların kontenti, tədris prosesinin iştirakçıları - müəllimlər və pedaqoji ictimaiyyət, şagirdlər və onların valideynləri, həmçinin design makers adlandırılanlar - müəyyən qərar qəbul edən insanlardır. İmtahanların inkişaf etdirilməsinə dair qəbul olunan qərarlara isə bütün təhsil prosesi təsir göstərir".
Azərbaycanın başqa ölkələrdən təhsilin keyfiyyətinin qiymətləndirilməsinin hansı metodlarını əxz edə bilməsi sualını cavablandıran M.Abbaszadə qeyd etdi ki, "Bu qəbildən olan konfranslardan ideyalar əxz edirik. Lakin bu, o demək deyil ki, onlardan hansınısa dərhal Azərbaycana tətbiq etməyə başlayırıq. Məsələn, Niderland təmsilçilərinin məruzəsilə maraqla tanış olduq. Onlar imtahanların kompüter rejimində keçirilməsinin yeni maraqlı layihələrindən danışdılar. Biz də bu barədə düşünürük və artıq 2 ildir ki, bunun ölkəmizdə necə tətbiq olunması üzərində işləyirik. Araşdırmalar aparırıq, pilot layihələri keçirir və onları müzakirə edirik. Yalnız bundan sonra konkret nə isə tətbiq etmək olar. Ən əvvəl isə leqal mühit - normativ bazanın bu prosedurlara müvafiqliyi yaradılmalıdır. Qanunla işləmək lazımdır. Yəni büün bunlar prosesin tərkib hissələridir. Sizin indi müşahidə etdikləriniz elmi axtarışlar, sərbəst ideya mübadiləsi, zəruri mühitdir. Qərar qəbul edən insanlar yenilikləri sadəcə ağıllarına hansısa ideya gəldiyinə görə tətbiq edə bilməzlər. Onlar mütləq bu elmi prosesdə iştirak etməlidirlər.
Lakin belə bir deyim var: kamilliyin sonu yoxdur. Qurumumuzun unikallığı ondadır ki, biz təkcə imtahanların keçirilməsilə məşğul olmuruq. Əslində, biz Azərbaycanın təhsil sisteminin strukturunda icra hakimiyyətiyik və prezidentə tabeyik. Odur ki, belə baxanda, hər birimiz yalnız öz funksiyasını icra edən bürokratlar olmalıyıq. Ölkədə bir çox nazirliklər məhz belə işləyir. Bu, təbiidir. Lakin bizim funksiyalarımız, yanaşmamız bir qədər fərqlidir. Test sistemi yeni yanaşma idi və biz eyni zamanda bu sahədə araşdırmalar aparan insanlarıq. TQDK-nın ştatlı əməkdaşlarının sayı cəmi 50 nəfər olsa da, onlar seminarlar sistemi vasitəsilə bütün təhsil sistemilə bağlıdır. Test məşğələlərinin inkişaf etdirilməsi mövzusu ilə bağlı bizdə müxtəlif ali təhsil müəssisələrində, məktəblərdə işləyən ekspertlər çıxış ediblər. Onlar bizimlə müqavilə əsasında əməkdaşlıq edirlər. Bu prosesə bütün pedaqoji ictimaiyyəti cəlb etmişik və o, daim həmin ideyalardan qaynaqlanır. Lakin bu ideyaları açıqlamazdan və onları inzibati funksiyalara çevirməzdən əvvəl hazırlıq işləri görürük. Proses iştirakçılarının, abituriyentlərin və onların valideynlərinin gördükləri aysberqin görünən hissəsinin də çox cüzi bir hissəsidir. Bu, bütün dünyada cərəyan edən prosesdir. Bu sahədə qərar qəbul edən insanlar artıq 33 ildir bir-birilə məsləhətləşirlər. 33 il bundan əvvəl dünyada belə konfranslar keçirilməyə başlayanda, Azərbaycanda bu sistem hələ yox idi. Mən isə o vaxt tələbə idim və bu barədə, ümumiyyətlə, düşünmür, riyaziyyatla məşğul olurdum.
Bununla belə, həmin elmi proses cərəyan etməkdə idi. Azərbaycanda bu sahə ilə 15 ildir məşğuluq. Adətən, insan 10 il məktəbdə və 5 il institutda təhsil aldıqdan sonra mütəxəssis olur. Bizim 15 yaşımız var. Artıq məktəbi və institutu bitirmişik, odur ki dünya konfransı bizdə keçirilir. Deməli, bu sahədə qurum kimi, alimlər kimi bərqərar olmuşuq. Konfransın keçirilməsi bu sahədə təzəcə işləməyə başlayan mütəxəssislərə həvalə oluna bilməzdi. Bütün bunlar elmi axtarışlarımızın və təcrübəmizin qəbul olunduğuna dəlalət edir. Təcrübəmiz isə kifayət qədər mürəkkəbdir. Axı əgər inkişaf etmiş ölkələrdə bunda həmişə məktəblər və universitetlər maraqlı olduğu, sonuncular imtahanların məhz bu şəkildə keçirilməsini özləri istədiyi halda, bizdə hər şey əksinə idi. Daim kifayət qədər aqressiv mühitdə inkişaf etmişik. Lakin belə bir durum təkcə bizdə yox, digər MDB ölkələrində də müşahidə edilir. Biz duruş gətirə bildik. Sistem fəaliyyət göstərir və o, Azərbaycanda mövcuddur. Riyazi təhlil baxımından, bu, açıq sosiotexniki sistemdir. Eyni zamanda, bunun arxasında xüsusi konfiqurasiyalandırılmış, proqram, apparat təchizatı, inzibati tədbirlərin xüsusi strukturu, testlərin inkişafı ilə bağlı elmi araşdırmalar dayanmalıdır. Bütün bunlar kompleks şəkildə nəzərdən keçirilir".
Ölkədə təhsilin səviyyəsinin qiymətləndirilməsinə gəldikdə, M.Abbaszadə bütövlükdə qiymətləndirmənin tərəfdarı deyil: "Heç nəyi bütöv qiymətləndirmək olmaz. Müxtəlif aspektlər üzrə qiymətləndirmək və sonra onları bir yerə cəmləmək olar. Tezliklə 2006 və 2007-ci illər üçün hesabatlar çap olunacaq. Lakin hazırda ən önəmli olanı bu deyil. Əsas olanı bu hesabatları təhsilin keyfiyyətinə görə cavabdeh olanların oxumaları və fəaliyyət üçün tövsiyə kimi qəbul etmələridir. Halva-halva deməklə ağız şirin olmaz. İnformasiyanı qavramağı, oxumağı və yenisini yaratmağı bacarmaq lazımdır. Həmin hesabatları da elə məhz bu məqsədlə buraxırıq. Kimisə tərifləmək, yaxud pisləmək üçün yox, məhz insanların anlamaları üçün. Diaqnozu bilməsək, xəstəliyi müalicə edə bilmərik. Xəstə olduğumuz isə hamıya bəllidir. Təkcə bizim ölkə yox, keçid dövrünün müşahidə edildiyi bütün ölkələr belədir. Biz bu informasiyanı təqdim edirik, o, cəmiyyətimizin bütün üzvləri üçün açıqdır".
Sonda qeyd edək ki, təhsilin kefiyyətinin qiymətləndirilməsi üzrə 34-cü Beynəlxalq Konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransında IAEA vitse-prezidenti Yoav Kohen Azərbaycanda təhsilin beynəlxalq standartlara müvafiq olduğunu bəyan etdi: "Mövcud olduğu illər ərzində Azərbaycanın təhsil sistemi əhəmiyyətli müsbət dəyişikliklərə məruz qalıb. Ali təhsil müəssisələrinə qəbul zaman test sisteminin tətbiqini xüsusi bir uğur saymaq olar. Bu sistem özünü tam doğruldur və test imtahanlarının ədalətli nəticələrini gənclərin biliklərinin göstəricisi saymaq olar".
MƏSLƏHƏT GÖR: