25 Dekabr 2024

Çərşənbə, 07:06

KEÇMİŞƏ SƏYAHƏT

Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərinə səyahətlər istirahəti daha maraqlı və yaddaqalan edir

Müəllif:

23.06.2015

Turizm mövsümünün ən qızğın dövrüdür. "R+"un bundan əvvəlki buraxılışında Azərbaycanın regionlarında istirahət mövzusuna toxunulmuşdu. Lakin bir materialda ölkənin bütün mənzərəli guşələrini, nadir məkanlarını əhatə etmək mümkün deyil. bu məkanlara istər istirahət, istərsə də Azərabycanın qədim tarixi, mədəniyyəti, ənənələrilə tanış olmaq baxımından baş çəkməyə dəyər. Odur ki, Odlar diyarının misli görünməmiş bölgələrinə səyahət davam edir...

 

Göygöl

Gəncə ərazisinə görə Azərbaycanın ikinci böyük şəhəridir. O, Bakıdan 375 kilometr qərbdə, Kiçik Qafqazın ətəyində, şəhəri iki hissəyə bölən Gəncəçayın sahilində yerləşir.

Gəncə vaxtilə mövcud olmuş Gəncə xanlığının paytaxtı olub. Qədim mədəniyyətin, tarixin abidəsi sayılan bu şəhərin yaşı 2500 ildən çoxdur. O, bir yaşayış məskəni kimi yaranıb. İnsanlar oradakı əlverişli coğrafi şəraitdən istifadə edirdilər - Böyük İpək yolu buradan keçirdi.

Əfsanəyə görə, Gəncə səyyah Məzyadın böyük xəzinə tapdığı yerdə salınıb. Guya onun tapdığı xəzinə qızılla, qiymətli daşlarla dolu tiyan olub. Bu gün Gəncə həqiqətən də böyük mədəni, tarixi və təbii irsi olan şəhər sayılır. Burada çox sayda dağ, sıx meşələr, köhnə üzümlüklər, möhtəşəm gözəlliyə malik göllər və çaylar var... Azərbaycanın məşhur Göygöl qoruğu məhz bu regionda yerləşir.

Tarixçilərin məlumatına görə, 1138-ci ildə bu ərazilərdə dəhşətli zəlzələ baş verib və nəticədə Kəpəz dağı uçub. Dağın parçaları oradakı vadinin qarşısını kəsib və Ağsu çayının suyu bir yerə yığılmağa başlayıb. Beləliklə, yeddi göl sistemi əmələ gəlib və onların ən böyüyü Göygöldür.

Kiçik Qafqaz dağlarının əhatəsində olan göl dəniz səviyyəsində 1600 metr hündürlükdə yerləşir və füsunkar gözəlliyə maltkdir.

Gəncəyə təşrif buyuran hər bir turistin diqqətini çəkən məqamlar arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi və məqbərəsi də var. Nizami məhz bu şəhərdə doğulub, yaşayıb, dünya ədəbiyyat tarixinə son dərəcə böyük töhfələr verib.

Qədim Gəncə çoxsaylı memarlıq abidəsindən ibarət gözəl şəhər simasını qoruyub saxlayıb. Şəhərin əsas tarixi abidəsi 1606 ilə aid Şeyx Bahəddin ansamblıdır. Bu tarixi-memarlıq kompleksinə Cümə məscidi (Şah Abbas məscidi), Çökək hama (orta əsrlərə aid hama) və karvansaray daxildir.

Qədim Gəncə qapılarını ayrıca qeyd etmək lazımdır. Bu sənət əsərinin müəllifi dəmirçi İbrahim ibn Osmandır. O, üzərində ornamentlər, aydın naxışları olan bu nəhəng dəmir qapını 1063-cü ildə Şəddadilər sülaləsindən olan hökmdar I Şavurun göstərişilə hazırlayıb.

1139-cu ildə gürcü çarı I Demert dəhşətli zəlzələdən istifadə edərək, Gəncəyə hücuma keçib, qənimət kimi, bu qapını özü ilə aparıb. Nəticədə qapının yalnız bir tayı salamat qalıb. Gəncədən aparılmış qapı Gürcüstanın Kutaisi şəhəri yaxınlığında Helat monastrında saxlanılır. O, gürcü çarı IV Davidin məzarı ilə qarşı-qarşıya yerləşir. Qapının surəti Gəncənin girişində quraşdırılıb.

Şəhərin görməli yerlərindən biri də əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çıxmış 12 metrlik şeyx İbrahim məqbərəsidir. Müsəlmanların müqəddəs yeri sayılan bu məqbərəyə hər il çoxlu sayda ziyarətçi üz tutur.

Gəncədə butulkalardan tikilmiş ev, çoxsaylı park, mənzərəli xiyaban da turistlərin diqqətini cəlb edir. Şəhərin ən böyük və gözəl parkı "Xan bağı"dır. Ona bu ad Cavad xanın hökmranlığı dövründə (1748-1803) verilib.

Gəncədə çoxsaylı mağazalardan, suvenir piştaxtalarından müxtəlif sinilər, vazalar, servizlər, oyulmuş qab-qacaq, həmçinin məşhur Gəncə farforu almaq mümkündür. Onların hər birinin üzərində milli naxışlar həkk olunub. Bu qabların üzərindəki şəkillər insana Azərbaycanın tarixindən, milli qəhrəmanlarından xəbər verir. Şəhərdən dəbdəbəli xalçalar, gözəl ipək kəlağayılar, nadir zinət əşyaları da əldə etmək olar...

Qurmanlara yerli bazara, restoran və kafelerə baş çəkmələri məsləhət görülür. Bu məkanlarda onlar Azərbaycan mətbəxinin ənənəvi təamlarını dada bilərlər. 

 

Müalicəvi Naftalan

Azərbaycanın qərb regionu istər mineral mənbələrilə, istərsə də müalicəvi nefti ilə - Naftalanla məşhurdur. Bu nadir təbii substansiya bir çox xəstəliklərin müalicəsi üçün effektiv vasitədir.

Gəncədən 45 kilometr cənub-şərqdə kiçik kurort şəhəri - Naftalan yerləşir. Bu şəhərin sanatoriyalarında, pansionatlarında insanları neftlə, neftdən hazırlanmış mazlarla müalicə edirlər. Şəhərin adı "nafta" sözündən götürülüb. Qədim Midiya dilində o, "axan, sızan" deməkdir.

Vaxtilə naftalan karvan vasitəsilə Kiyev Rusu, Mərkəzi Asiya, Əfqanıstana, Hindistana, Fars körfəzi ölkələrinə daşınıb. XIX əsrdə isə alman mühəndisi Yager Almaniyada bu mazın istehsalına başlayıb və onu müxtəlif ölkələrə ixrac edib.

 

Xarabalıqlardan ucalmış

Azərbaycanın daha bir qədim şəhəri olan Şəmkir də bu regionda yerləşir. Yazılı və arxeoloji mənbələrə əsasən, onun əsası V-VI əsrlərdə hazırkı Muxtariyat kəndinin yaxınlığında qoyulub. Bu, müasir Şəmkirin 20 kilometrliyində, Böyük Şəmkir çayının sahilində yerləşir.

Orta əsrlərdə nəhəng ticarət və sənətkarlıq mərkəzi olan bu şəhər yalnız tacirləri deyil, işğalçıları da özünə cəlb edib. Söhbət ərəb, gürcü, monqol işğalçılarından gedir. Bu səbəbdən də şəhər tez-tez dağılıb və xarabalıqdan yenidən ucalıb. Belə hücumların birindən sonra isə sakinlər oranı tərk edib və yeni şəhərin əsasını qoyub.

Şəmkirin ətrafında iki qədim qalanın qalıqları hələ də qalmaqdadır. Bunlar XVII əsrə aid Şəmkirqala və Koroğluqaladır. Sonuncu qala Azərbaycan xalq dastanının qəhrəmanı, zalımlara qarşı müqavimət rəmzi olan Koroğlunun şərəfinə adlandırılıb.

Şəmkir rayonunda tunc və ilkin dəmir dövrünə aid bir çox arxeoloji obyektlər var. Orada orta əsrlərə aid bir sıra memarlıq abidəsinə də rast gəlmək mümkündür.

Və balıq ovu həvəskarlarının diqqətinə! Şəmkir sizin üçün ideal məkandır. Burada Kür çayı, Yenikənd bəndi balıq tutmaq həvəskarlarının karına gələ bilər.

 

Qədim dövrün qalıqları

Azərbaycan ərazisində ən qədim yaşayış məskənlərindən biri Naxçıvan şəhəri sayılır. O, Kiçik Qafqazın qərbində, Naxçıvan çayının sahilində yerləşir. Bu yaşayış məskən e.ə. VI əsrdə Qafqaz Albaniyasının şəhərlərindən biri kimi yaranıb.

Ümumilikdə Naxçıvan Muxtar Respublikası nadir məkandır. O, Azərbaycanın əsas hissəsindən ayrı düşüb və İran, Ermənistan, Türkiyə ilə həmsərhəddir.

Bu anklavın yaranmasına səbəb Ermənistanın 1918-1920-ci illərdə həyata keçirdiyi təcavüzkar siyasət, Azərbaycanın əzəli torpaqlarını ələ keçirməsi və Zəngəzuru özünə birləşdirməsidir. Yeri gəlmişkən, həmin ərazilərdə düz 1990-cı illərədək çox sayda azərbaycanlı yaşayıb.

Sovet İttifaqı illərində Naxçıvanla ölkənin qalan ərazisi arasında dəmir yolu əlaqəsi olub. O, Azərbaycanın daha bir əzəli torpağı olan Meğri dəhlizi ərazisindən keçirdi. 1988-1994-cü illərdə yaşanmış yeni müharibədən, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın ona bitişik daha 7 rayonunu işğal etməsindən sonra azərbaycanlı əhali bu ərazilərdən qovulub və dəmir yolu əlaqəsi kəsilib. Nəticədə Naxçıvan 1991-ci ildən blokada şəraitilə üzləşib. İndi oraya yalnız iki yolla getmək olar - ya təyyarə ilə, ya da İran vasitəsilə avtomobillə...

Naxçıvan Zəngəzur və Dərəlyaz dağ silsiləsinin əhatəsindədir. Zəngəzur dağ silsiləsinin cənub ətəklərilə Naxçıvanın ən böyük çayı olan Araz axır. O, Türkiyə, Ermənistan, Azərbaycan və İran ərazisindən keçir. Burada 400-dək çay və axın var. Təkrarsız gözəlliyə malik Batabat gölü də öz "üzən adaları" ilə buradadır.

Yəqin ki, "Sirab", "Badamlı", "Darıdağ", "Vayxır" kimi mineral suları bir çoxlarına tanışdır. Onların hər biri başlanğıcını zəngin Naxçıvan torpağından götürür.

Bundan başqa, qədim zamanlardan bu torpaqlardan arsen, dus, kükürd, qızıl, mis və s. hasil edilib.

Tarixçi alimlər əmindirlər ki, sivilizasiya tarixinə qədim Naxçıvan qədər töhfə vermiş ikinci yer tapmaq çətindir. "Naxçıvan" sözü "nuxçıxan" sözündən götürülüb. Bu isə Nuh Peyğəmbərin adı ilə bağlıdır.

Bu ərazilərdə aparılmış arxeoloji qazıntılar zamanı Quranda və Bibliyada adı keçən böyük daşqının izləri aşkarlanıb.

Naxçıvan orta əsrlərə aid memarlıq abidələrilə də zəngindir. Misal kimi XI əsrə aid Yusif ibn Küseyir türbəsini (xalq arasında "Atababa"), XII əsrə aid Möminə Xatun türbəsini ("Atabəy günbəzi" göstərmək olar.

Naxçıvan yaxınlığında - İranla sərhəddə Culfa şəhəri yerləşir. Burada dağların lüt zirvəsində, geniş düzəngahlıqda qədim Əlincə qalası (XI-XIII əsrlər) yerləşir. O, dövrünün ən möhkəm müdafiə istehkamlarından olub. Qəvur-Kala (Şahtaxtı, e.ə. II minillik), Araz çayı üzərindəki nadir Xudafərin körpüsü, Culfa karvansarayı (XIII əsr) bütün dünyadan bu bölgəyə üz tutan turistlərin böyük marağına səbəb olan tarixi abidələrin yalnız bir hissəsidir.

Naxçıvan Muxtar Respublikasına baş çəkən zaman bölgənin əhəmiyyətinə görə ikinci şəhəri olan Ordubada da getmək lazımdır. O, Ordubadçay dərəsinin qayalıqları üzərində sanki möhtəşəm amfiteatrdır. Ordubad XII əsrdən məlumdur. Oradakı memarlıq və tarixi abidələr, yaşı əsrlərlə ölçülən vüqarlı çinarlar, gözəl meyvə bağları, ipəyi şəhərə dünyaca məşhurluq qazandırıb. Şəhərin mərkəzində XII əsrə aid Cümə məscidi yerləşir. Ortda əsrlərdə inşa olunmuş bu binanın fasadında dağşəkilli oyuqlar var.

Ordubadın qədim abidələri, planı, qədim tikililərin əhəmiyyətli bir hissəsi yaxşı qorunub saxlanıb.

Şəhərdən 60 kilometr cənubda Gəmiqaya dağı yerləşir. Yerli əhalinin danışdığı əfsanəyə görə, Böyük Daşqın zamanı Nuh bu dağla toqquşub və ona "Kəmçi" adını verib.

Gəmiqaya Azərbaycanda Qobustandan sonra qayaüstü petroqliflərə rast gəlinən ikinci məkandır. Bu, e.ə. III-II minilliyə aid təsviri sənət növüdür.

Turistlərin marağını çəkən məqamlar arasında bu qədim bölgənin zəngin mətbəxi də var. Onun əsasını dünyanın hər hansı başqa ölkəsində dada bilməyəcəyiniz xörəklər təşkil edir.

 

İsti Lənkəran

Azərbaycan təbiətinin unikallığı ilə bağlı tezisə qayıdaraq, mütləq Lənkəran rayonundan da bəhs edilməlidir. O, Azərbaycanın cənub-şərqində, demək olar ki, İranla sərhəddə yerləşir. Lənkəran ölkənin subtropik iqlimə malik gözəl, parlaq şəhərlərindən biridir. Hazırkı Lənkəran ərazisində yaşayış məskəninin tarixi neolit dövrünə gedib çıxır. 300 il əvvəl hazırda şəhərin yerləşdiyi məkanda bataqlıq, qamışlıq olub. Lənkərançay sahilində, dənizə yaxın ərazidə mayak və qala görünürdü. İlk dövrlərdə şəhərin adı "Ləngərkyunan" olub. Bu, "lövbər yeri", yəni liman mənası verir.

Sonralar Lənkəran Qafqaz Albaniyasının tərkibinə daxil olub, 1743-cü ildə isə Talış xanlığının mərkəzinə çevrilib. Rayon əhalisinin bir hissəsini talışların təşkil etməsi heç də təəccüblü deyil. Onlar qədim mədəniyyətlərini, adət və ənənələrini bu gün də qoruyub- saxlayırlar. Lənkəranda qədim zamanlardan dəmirçilik, ipək istehsalı, miss istehsalı inkişaf edib. Orada zinət əşyaları hazırlanıb, müxtəlif paltarlar tikilib, xalçaçılıq, qamışdan müxtəlif məmulatların hörülməsi, daş, ağac, dəmir üzərində oyma sənəti inkişaf edib.

Talış xanlığının paytaxtına çevrildikdən sonra Lənkəran İran, Mərkəzi Asiya, Hindistan və Rusiya ilə ticarətdə vacib rol oynayıb.

Ecazkar iqlim, bərəkətli Xəzər, gözəl qumlu çimərliklər, son dərəcə gözəl təbiət landşaftları, sıx meşələr, coşğun çaylar, isti bulaqlar, qədim tarixi, tarixi, mədəni baxımdan maraqlı görməli məkanlar, zərif memarlıq üslubu heç kəsi biganə qoymur. Rayon özündə 3 turizm zonasını birləşdirir - sahilyanı (Xəzər), Haftoni və Nərimanabad.

Lənkəranın sahil xətti xüsusilə fərqlidir. Qeyri-adi müalicəvi xüsusiyyətə malik qara quma yalnız burada rast gəlmək mümkündür.

Nərimanabada gəlincə, Sara yarımadasının böyük hissəsi buraya aiddir. Onu bir tərəfdən Xəzər suları yuyur, digər yandan isə Qızılağac qoruğunun meşələri örtür. Rayonda Girkan qoruğu da var. O, ekoturizm həvəskarlarında böyük maraq yaradır.

Haftoni zonası isə istər tarixi əhəmiyyətli görməli yerləri ilə, istərsə də müalicəvi "İstisu" ilə sağlamlıq kursları keçmək imkanları ilə məşhurdur. "İstisu" Haftoni meşələrində yerləşir. O, isti bulaqlara aiddir və tərkibinə görə Karlova Varı kurortlarındakı bulaqlara yaxındır. Bu suyun müalicəvi xüsusiyyəti qədim zamanlardan məlumdur. O, revmatizmdən tutmuş, qaraciyər xəstəliklərinədək, zədələrədək bir sıra ağrılara dərmandır.

Bu bölgədə yapon xurmasının, feyxoanın, sitrus bitkilərinin dadına baxa bilərsiniz. Buranın subtropik iqlimi düyü, üzüm, tütn becərilməsi üçün əlverişli şərait yaradır. Lakin, Lənkəranda əsas diqqət çay əkininə yönəldilir. Turistləri Lənkəranın girişində böyük samovarın qarşılaması da buna işarədir.

Lənkəranda tarixi məkanlar da kifayət qədərdir. Onların arasında xüsusi diqqət çəkən XVIII əsrə aid Lənkəran qalasından qalma hissələrdir. O, talış xanlığının əsas müdafiə qurğularından olub. Qalanın ərazisində şəhər bazarı yerləşib. 100 il əvvəl onun yerində iki məscid tikilib. Sonralar bu məsgidlər zəvvarların üz tutduqları əsas müqəddəs məkanlardan birinə çevrilib.

Lənkəranın memarlıq baxımından görməli məkanlarından biri də Mirəhməd xanın sarayı sayıla bilər. O, 1913-cü ildə tikilib və birmərtəbəli binalarla dolu olan Lənkəranın tarixinə ilk çoxmərtəbəli bina kimi düşüb.

Şəhər yaxınlığında minlərlə müsəlmanın ziyarətgahına çevrilmiş Xaneqa yerləşir. Bu, məqbərələr və məscidlərdən ibarət gözəl bir kompleksdir.

Region balıqdan, quşlardan hazırlanan dadlı xörəklərilə də tanınır. Bu xörəklərin hazırlanma prosesinin özünəməxsus cəhətləri var. Bu zonada turistlərə təklif olunan milli mətbəx nümunələrinin hamısını sadalamaq mümkün deyil. Yalnız bir məqamı qeyd etmək kifayətdir ki, burada plovun 20-dən çox növü var.

Azərbaycanın cənub regionunun rəmzlərindən sayılan xörəklərdən biri isə ləvəngidir. Onun sirri balıq və ya quş üçün dadlı içliyin hazırlanmasındadır. Söhbət qoz həvəskarı olanlar, maraqlı xörəkləri xoşlayan şəxslər üçün əsl tapıntıdan gedir...

Lənkərandan bir qədər cənubda əzəmətli Talış dağları yerləşir. Burada istər gözəl meşələrdə, istərsə də təmiz sulu bulaqların şırıltısı altında dingəlmək mümkündür.

Xoş istirahətlər!



MƏSLƏHƏT GÖR:

736