14 Mart 2025

Cümə, 23:36

İNFLYASİYAYA QARŞI RƏQABƏT

MDB ölkələrinin antiinhisar xidmətləri kartellərlə mübarizədə səylərini birləşdirirlər

Müəllif:

01.10.2007

İndi AzƏrbaycan iqtisadiyyatı üÇün, son nəticədə, ölkə vətəndaşlarının hər birinə təsir göstərən əsas problem inflyasiyadır. Hökumətin səylərinə baxmayaraq, bu gün artıq aydındır ki, ölkədə istehlak qiymətlərinin indeksini birrəqəmlhi səviyyədə saxlamaq mümkün olmayacaq.  Səbəb isə çoxdur - həm neft-qaz layihələri gerçəkləşdirildikcə,  ölkəyə neft dollarları axını, həm xarici bazarlarda baş verən hadisələr, həm də dövlət büdcəsinin artması. Bir sözlə, obyektiv iqtisadi proseslərə aid olan və hökumətin  heç də həmişə nəzarətdə saxlaya bilmədiyi proseslər. 

Lakin inflyasiyanın səbəbləri arasında subyektiv adlandırılan amillər də var ki, onlardan ən əsası qiymətlərin  bazarda yaranan kartellər tərəfindən süni şəkildə şişirdilməsidir. Durumun sözü bir yerə qoyan iş adamları tərəfindən daha da gərginləşdirilməsinin qarşısını almaq üçün hökumətin nəzarət orqanlarının işə qarışa bildiyi və qarışmalı olduğu məqam da elə məhz budur. Dünyanın bir çox ölkəsində bu məsələləri antiinhisar xidmətləri həll edir. İndi onlar kartellərlə mübarizədə qüvvələrini birləşdirmək qərarına gəliblər.

 

Birgə mübarizə aparmalı

15 illik fəaliyyətləri ərzində Azərbaycanın antiinhisar xidmətləri bir sıra təhqiqatlar aparıblar ki, bunların nəticələri bir sıra əmtəələr və xidmətlərin qiymətlərinin süni şəkildə şişirdilməsinin aradan qaldırılmasında yardımçı olub. Məsələn, elə lap bu yaxınlarda sement bazarında aparılan araşdırmaları və nəticədə, bu tikinti materialı üçün maksimum qiymət həddinin təyin edilməsini xatırlayın. Lakin artıq qeyd edildiyi kimi, bu gün inflyasiya proseslərinə təsir göstərən obyektiv amillər sırasında xarici əmtəə bazarlarında cərəyan edən proseslər göstərilir. Həm də bu zaman heç kim zəmanət verə bilməz ki, Azərbaycanla sıx qarşılıqlı iqtisadi münasibətləri olan ölkələrdə də qiymət dəyişmələri istehsalçıların beynəlxalq səviyyədə sözləşməsindən irəli gəlmir. Odur ki bazarın inhisarçılardan və kartellərdən müdafiəsi məsələsinə həmin ölkələrin də antiinhisar xidmətlərini cəlb etməklə kompleks şəkildə yanaşma tələb olunur. Bunu artıq təkcə Azərbaycanda deyil, MDB ölkələrində, həmçinin respublikamızın ticarət tərəfdaşı olan ölkələrdə də yaxşı anlayırlar. Bəlkə, elə məhz buna görədir ki, MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasını (ASDŞ) Birliyin ən funksional orqanı adlandırırlar.

Qeyd edək ki, MDB dövlətlərinin qanunvericilikləri, o cümlədən antiinhisar siyasəti sahəsində qanunvericilik bir çox baxımdan harmonikləşdirilib. Belə ki, iştirakçı dövlətlərdən hər hansı birində qəbul olunan istənilən qanunvericilik aktı MDB Parlamentlərarası Assambleyası tərəfindən işlənib-hazırlanan model qanunlara müvafiqlik ekspertizasından keçir. Bütün bunlar qanunu pozanları birgə üzə çıxarmağa və cəzalandırmağa kömək edir ki, bu da inhisarçılara qarşı mübarizənin səmərəliliyini artırır. Doğrudur, Azərbaycanda bu istiqamətdə bütün normativ-hüquqi aspektləri ehtiva edən Rəqabət Məcəlləsi parlamentdə hələlik yalnız birinci oxunuşdan keçib, lakin Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə əmin edir ki, parlament dinləmələrinin gedişində edilən qeydlər artıq  sənədin layihəsinə salınıb və onun yekun təsdiqinə o qədər də çox qalmayıb.  

ASDŞ sədri İqor Artemyevin dediklərindən: "MDB məkanında fəaliyyət göstərən bəzi transmilli şirkətlər tezliklə antiinhisar xidmətlərinin ciddi diqqətini hiss edəcəklər. Bu şirkətlərin bir çoxu ya antiinhisar prinsiplərini pozur, ya da buna çox yaxın olur və biz onlara qarşı birgə mübarizəyə başlayacağıq. Məsələn, biz artıq aviadaşımalar, telekommunikasiya, sement bazarlarında araşdırmalara başlamışıq, Azərbaycan tərəfinin təklifi ilə buğda bazarında da belə araşdırmalar aparılacaq".

Onun sözlərinə görə, Birlik ölkələrinin telekommunikasiya, daha dəqiq desək, mobil rabitə, IP-telefoniya, rouminq və i. a. bazarlarında araşdırmalara başlanılıb. "Şirkətlər arasında əlbir olma və bazarda monopolizm elementləri mövcuddur. Biz bütün bu məsələləri təhlil edəcək və qərarımızı verəcəyik", - deyə İ.Artemyev qeyd edib.

 

Səmimi etiraf, yoxsa cərimə?

15 illik iş stajına baxmayaraq, Azərbaycanın antiinhisar xidmətləri MDB üzrə həmkarlarından da çox şey öyrənə bilərlər. Məsələn, Ukrayna və Rusiyada kartellərin ifşası və sığorta və maliyyə bazarlarında yumşalma proqamlarının həyata keçirilməsilə bağlı qalmaqalları yada salaq. Rusiyada belə bir proqram artıq yarım ildir ki, tətbiq edilir. Onun mahiyyəti isə əhalinin kreditləşdiilməsi zamanı banklarla sığorta şirkətlərinin əlbir olmalarının ifşa edilməsidir. "Biz banklar və sığorta şirkətlərindən antiinhisar xidmətinə gələrək, belə əlbirliyin olması barədə məlumat vermələrini xahiş etmişik. Belə olan halda, onlar iri məbləğdə cəriməni ödəməkdən azad edilirlər. Əks halda, təhqiqat aparacaq və qanunu pozanlara qarşı ciddi sanksiyalar tətbiq edəcəyik. Artıq "İnqosstrax", "Rosna" kimi iri şirkətlərin və bir sıra iri bankların taqsırlarını boynuna almalarına dair müsbət nümunələrimiz də var. Sərgi fəaliyyəti bazarında da eyni şey baş verdi", - deyə İ.Artemyev bölüşür.

Belə kartellərin Azərbaycanda da mövcud olması mümkündürmü? İ.Artemyevin sözlərinə görə, belə hallarda əlbirlik ondan ibarətdir ki, istehlak kreditləşdiməsinə birfaizlik dərəcə elan edən bank, kredit alanı bankın göstərdiyi şirkətdə və onun təklif etdiyi şərtlərlə sığortalanmağa məcbur edir. Son nəticədə, yekun faiz dərəcəsi ilkin şərtlərdən xeyli yüksək olur. İ.Artemyev ritorik sual verdi: "Məgər Azərbaycanda belə hallarla  üzləşmirsiniz?".

Əlbəttə, antiinhisar xidmətləri üçün Azərbaycanda belə faktlar aşkarlamaq o qədər də çətin olmayacaq - belə hallar banklarımızın, demək olar ki, hamısında yer alıb. Bir çox bankın, necə deyərlər, öz sığorta şirkətlərinə malik olmalarını da nəzərə alsaq, Azərbaycanın maliyyə bazarında kartellərin mövcudluğu şübhə doğurmur. Əmtəə və xidmətlərin müəyyən bazarlarında təhqiqatlara başlamaq təşəbbüsü ilə çıxış edərkən, antiinhisar xidmətlərin əksər hallarda əhalinin şikayətlərinə əsaslanmaları isə artıq başqa məsələdir. İqtisadi İnkişaf Nazirliyi nəzdində Dövlət Antiinhisar Xidmətinin başçısı Samir Dadaşovun sözlərindən aydın olduğu kimi, Azərbaycanda insanlar hələ ki şikayət etmək baxımından fəallıq göstərməyə alışmayıblar. Odur ki dövlət xidməti təhqiqatlara öz təşəbbüsü ilə başlamalı olur ki, bu da heç də həmişə tezliklə səmərə vermir.

İ.Artemyevin fikrincə, bu qəbildən olan hüquq pozuntularının qarşısını yalnız qanunu pozanlara sərt cərimə sanksiyaları tətbiq etməklə almaq mümkündür. "Cərimələrin məbləği yüz milyonlarla, hətta milyard dollar olmalıdır. Lakin bundan əvvəl şirkətlərə könüllü təslim olmaq imkanı verilməlidir", - deyə ekspert fikrini yekunlaşdırdı.

 

Günün aktual məsələsi

Antiinhisar xidmətlərinin aviasiya biletlərinin qiymətlərinin artması ilə bağlı durumu aydınlaşdırmaq məsələsindəki birgə işi nə dərəcədə səmərəli ola bilər? İ.Artemyevin sözlərinə görə, Rusiyada həmin bazarda aparılan təhlillər əsasında tam bir sıra iri problem aşkarlanıb ki, bunlar birgə həllini tələb edir. "Biz belə qənaətə gəldik ki, aviasiya biletlərinin qiymətlərinin artımının əsas səbəbi yanacağın qiymətinin atması və aviasiya kerosini yanacaqdoldurma stansiyaları üzərində mövcud monopoliyadır. Üstəlik, məlum oldu ki, bir çox aviadaşıyıcılar həm də hava limanlarının sahibləri olduqlarından, ora başqa şirkətlərin təyyarələrinin uçuşlarına qadağa qoya bilirlər. Bu, bazarda monopoliya yaradır və onlara manipulyasiyalarla məşğul olmağa imkan verir".  İ.Artemyevin sözlərinə görə, o da müəyyənləşdirilib ki, bir şirkət MDB hüdudlarında bir konkret marşrutda aviadaşımalar üzrə monopoliyanı qoruyub saxlaya bilir. "Biz bütün belə məqamları birgə araşdırmaq və MDB-nin bütün aviadaşıyıcılarına sorğular ünvanlamaq barədə razılığa gəlmişik. Cavablar yubandığı halda, iri cərimələr tətbiq etmək fikrindəyik", - deyə İ.Artemyev əmin etdi. Belə təhqiqatlar Azərbaycan Dövlət Antiinhisar Xidməti tərəfindən də aparılacaq. Xidmətin rəhbəri bildirdi ki, bu işə ölkədə fəaliyyət göstərən bütün aviasiya şirkətləri, o cümlədən Azərbaycan Hava Yolları (AZAL) da cəlb ediləcək.

Sadalanan nümunələrin hamısı istehlakçıların hansısa konkret qrupuna təsir göstərirsə, elə əmtəə və xidmət növləri də var ki, onların qiymətlərindəki sapınmalar özünü cəmiyyətin hər bir üzvünün cibində "büruzə verir". Bu, ilk növbədə, taxıl bazarına aiddir. Artıq qeyd edildiyi kimi, bu bazarın Azərbaycan Dövlət Antiinhisar Xidməti tərəfindən aparılan təhlili göstərdi ki, taxılın ölkə daxilində qiymətinin atmasının səbəbləri xarici amillərdir. Belə ki, bu artım əsasən Azərbaycana taxıl ixrac edən ölkələrdə - Rusiya, Ukrayna və Qazaxıstanda qiymət artımının hesabına baş verir. Odur ki Azərbaycan tərəfi həmin ölkələrin antiinhisar xidmətlərinə taxılın qiymətinin artmasının əsaslı olub-olmadığını, bu sektorda kartellərin və əlbir olmağın mövcudluğunu yoxlamağı təklif etdi. "Əgər iyul ayına qədər Qazaxıstandan taxıl hər tonuna görə 135 dollara tədarük edilirdisə, iyul ayından etibarən qiymət 185 dollara, indi isə hətta 230 dollara qədər qalxdı. Biz təhlil apardıq və müəyyən etdik ki, Avstraliya, Argentina və İran kimi dövlətlər taxıl ixracını məhdudlaşdıdıqlarından və ya tamamilə dayandırdıqlarından, digər ixracatçı ölkələrdə onun qiyməti artdı. Onların müəyyənləşdirdikləri qiymətin gerçəkliyə nə dərəcədə uyğun olması isə artıq başqa məsələdir və biz bunu aydınlaşdımağa çalışırıq", - deyə S. Dadaşov qeyd etdi. Təhqiqat nəticəsində qiymətləri aşağı salmaq mümkün olarsa, antiinhisar xidmətlərinin birgə səylərinin səmərəliliyi artıq heç kimdə şübhə doğurmayacaq.


MƏSLƏHƏT GÖR:

292