
ƏMANƏTİ KİMƏ ETİBAR ETMƏLİ?
Yüksək depozit dərəcələri bankın sabit olmadığından xəbər verir
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Azərbaycanın bank sistemi kiçik biznesin inkişafı, kapitalın iriləşməsi, göstərilən xidmətlərin spektrinin genişlənməsi, beynəlxalq maliyyə institutlarından alınan borcların həcminin artması ilə bağlı ciddi keyfiyyət dəyişiklikləri yaşamaqdadır. Bu şəraitdə tarif siyasətinin düzgün formalaşdırılması zərurəti yaranır. Azərbaycanın depozit və kredit bazarı isə hələ də müəyyən institusional problemlərlə üzləşməkdədir.
Bu sahədəki problemlər, ilk növbədə, hər bankın işlədiyi müştərilər qrupunu özünün müəyyənləşdirməsi və banklararası pul bazarının, demək olar ki, mövcud olmamasından irəli gəlir. Bundan başqa, problemlər sırasında hələ də belə bir fakt yer almaqdadır ki, ölkənin bank sektorunda dövlət və özəl, iri və xırda banklara bölünmə müşahidə edilir.
Normal pul bazarını formalaşdırmağa imkan verməyən institusional və struktur amilləri, həmçinin kredit və depozitlər bazarı depozit dərəcələrinin dinamikasına təsir göstərir. Bu, ölkədəki inflyasiya prosesləri, bankların özlərinin maliyyə fəaliyyəti, aktivlər artdığından, vəsait cəlb olunması zərurətilə bağlıdır. Aktivlərin artması bankların fəal kredit siyasətindən irəli gələ bilər və alınmalara məhdudiyyətlər qoyulduğu üçün onların cəlbinə dair predensial normaları pozmamaq məqsədilə kredit təşkilatları əhalinin əmanətlərinin cəlbi məqsədilə müxtəlif maraqlı şərtlər irəli sürürlər.
İnamsızlıqdan qarşılıqlı anlaşmaya
Onu da demək lazımdır ki, ilk mərhələdə etimad olmadığından və ya çox aşağı olduğundan, ölkənin bank sektoru əmanətlərin yüksək səviyyəsilə öyünə bilmirdi. Bu, ölkənin bazar iqtisadiyyatına keçidinin ilkin mərhələsində "Vahidbank" və "Əmrahbank" tipli müxtəlif maliyyə piramidalarının və müəyyən makroiqtisadi problemlərin meydana çıxması ilə bağlı idi.
Lakin son 10 il ərzində bank sektorunda ciddi islahatlar aparılıb. Banklar iqtisadiyyatda maliyyə hesabatının beynəlxalq standartlarının, korporativ idarəetmə standartlarının tətbiqi üzrə pioner oldular. Bu yeniləşdirmələrin nəticəsi belə bir fakt oldu ki, son 7 il ərzində bank sektoruna depozitlərin cəlbi templəri 5-6 dəfə artdı. Bu isə məhz etimadın artmasına dəlalət edir.
Bununla yanaşı, əmanətlərə faiz dərəcələrinin müəyyənləşdirilməsi məsələsində hələ də bütövlükdə bank sektorunun depozit siyasətinə kölgə salan çoxlu çatışmazlıqlar var. Bu sahədə institusional və struktur problemləri keçid iqtisadiyyatlı ölkələrə xas olsa da, tədricən həll olunmalarını tələb edirlər. Burada müəyyən tərəqqi olsa da, problemlərin bəzi səbəbləri qeyri-bank sistemilə bağlıdır və zəruri inkişaf səviyyəsinə çatmayan kiçik bank sektoru üçün səciyyəvidir.
Belə ki, banklar bir-birinə pulu fəal şəkildə və bazar şərtləri əsasında vermirlər, bu səbəbdən də Azərbaycanda bank əmanətləri üzrə faiz dərəcələri onların xaricdəki formalaşdırma sistemindən fərqlənir. Halbuki kiçik bazarların maliyyə sisteminin ən önəmli elementlərindən biri elə məhz sektorun subyektlərinin bir-birində yaranan pul vəsaitləri qıtlığını aradan qaldırmalarıdır. Ölkəmizdə isə banklar bir-birinə etibar etmədiklərindən belə hallar çox zəif təzahür edir.
Onu da demək lazımdır ki, nəzarət orqanı qismində Milli Bank bu gün həmin sahədə durumun tənzimlənməsi üçün zəruri ölçülər götürür. Belə ki, cari ilin aprel ayının 1-dən MB ölkədə pul siyasətinin təkmilləşdirilməsi məqsədilə "faiz dəhlizi"nə yeni yanaşma tətbiq edib. Dəhlizin minimal ölçüsü vəsaitin cəlbetmə, maksimal həddi isə - yerləşdirmə dərəcəsilə məhdudlaşdırılıb. Milli Bankın təkrar maliyyələşdirmə dərəcəsi faiz dəhlizinin parametrlərindən biridir. Başqa sözlə, MB banklara pulu bu gün üçün müəyyənləşdirilmiş maksimum səviyyə - 19% dərəcəsilə verə, onlardan isə minimal - 5% dərəcəsilə cəlb edə bilər. Artıq bu amilin özü bankların kredit ehtiyatlarını bir-birindən cəlb etmələrini qaçılmaz edir ki, bu da, müvafiq olaraq, banklararası pul bazarının inkişafının başlanmasını şərtləndirir.
İnflyasiya sayılmır?
Azərbaycanın bəzi banklarının depozit siyasətinin hamı tərəfindən qəbul olunan bazar standartlarına əsas uyğunsuzluqlarından biri isə onların inflyasiya proseslərinə etinasızlıqlarıdır. Bu, əsasən, o banklar üçün səciyyəvidir ki, həmin banklar üçün depozitlər əsas resurs bazası deyil, çünki onlar xaricdən alınmalar və digər bank əməliyyatlarından əldə olunan gəlirlərlə dəstəklənir.
Dərəcələrin artım dinamikası hər bir bankda fərqli olsa da, respublika üzrə onlar, orta hesabla, 0,5-1% arasında qərarlaşıb. Belə ki, manat əmanətləri üzrə dərəcələr ilin əvvəlindəki 10,39%-dən birinci yarımilin nəticələrinə görə 11,2%-ə qalxıb. Manatla kreditlər üzrə dərəcələr 2007-ci ilin əvvəlində 16,5%, 1 iyul üçün isə 15,6% olub. Lakin əgər bank inflyasiyanın 16% artım tempi şəraitində əmanətlər üzrə 24-25% təklif edirsə, bu, onun biznesində ciddi problemin olduğuna dəlalət edir. Normal səviyyə 18-20% həddi sayılır.
Bununla əlaqədar əmanətçi pulunu hər hansı bir banka qoymazdan əvvəl onun illik hesabatı, aktivlərinin vəziyyəti, gəlirləri, direktorlar şurasının olması və onun hansı hallarda toplanması ilə maraqlanmaq hüququna malikdir. Bundan başqa, Əhalinin Əmanətlərinin Sığortalanması Fondunun yaranması ilə MB-nin əmanət qəbul etmək icazəsinə malik olan bütün bankların maliyyə durumu Milli Bank tərəfindən ciddi təhlil edilib. Fondun şərtlərinə görə, sığortalanan əmanət üzrə faiz dərəcəsi 23,4%-ə qədər ola bilər. Lakin bu zaman belə əmanəti qəbul edən banklar müştərini Fond tərəfindən sığortalamanın olmaması barədə məlumatlandırmalıdır, müştərilər isə bankın Fondun üzvü olub-olmaması barədə məlumat tələb edə bilərlər və bu barədə məlumatlı olmalıdırlar.
Lakin dərəcələrin belə yüksək səviyyəsinin müəyyənləşdirilməsi heç də o demək deyil ki, bütün banklar qüvvələrini depozit dərəcələrinin yüksəldilməsinə yönəltməlidir. Əksinə, müştəriləri mümkün qədər çox cəlb etmək üçün banklar onların mənafelərini qorumalıdır, bu isə, ilk növbədə, təklif olunan şərtlərin sabitliyindən ibarətdir.
Amma onu da etiraf etmək lazımdır ki, indi buna yalnız haqqında daha əvvəldə danışdığımız və maliyyə ehtiyatlarını əmanətlərin həcmi hesabına artırmağı o qədər də önəmli saymayan banklar əl ata bilər. Odur ki əmanətlərə faiz dərəcələrinin artmasının səbəbi nədir sualının bircə cavabı var - ehtiyat bazasına olan tələbat. Bu sahədə durum isə yalnız ölkənin bank sektoru birmənalı şəkildə təşəkkül tapandan və möhkəmlənəndən sonra mümkündür.
MƏSLƏHƏT GÖR: