14 Mart 2025

Cümə, 23:43

"QAZ" TƏZYİQİ AŞAĞI DÜŞÜR

Mərkəzi Asiya karbohidrogenlərinin tranziti uğrunda abş ilə Rusiya arasında gedən mübarizə həlledici mərhələyə qədəm qoyur

Müəllif:

01.10.2007

2007-ci il Xəzər hövzəsindən enerji resurslarının Avropa bazarlarına çıxarılmasını təmin edəcək gələcək marşrutlar uğrunda Rusiya ilə ABŞ arasında mövqe toqquşmaları ilə keçir. İlin əvvəlində Moskva həm Astanadan, həm də Aşqabaddan bu ölkələrin öz enerji resurslarını Avropa bazarlarına Rusiyanın boru sistemi ilə nəql edəcəyinə dair "dəmir zəmanət" almışdı. Lakin sonradan bu zəmanətlərin heç də düşünüldüyü qədər "dəmirdən" olmadığı üzə çıxıb.

Artıq avqustda ABŞ rəqibinə "cavab zərbəsi" endirərək, iki boru xəttinin çəkilişinə qrant ayırmaq qərarına gəlib. Söhbət Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan borusunadək çatdırılmasını və Qazaxıstan, həmçinin digər ölkələrin təbii qazının Xəzər vasitəsilə nəqlini təmin edəcək boru xətlərinin çəkilişindən gedir. Beləliklə, amerikalılar bir daha açıq şəkildə nümayiş etdirirlər ki, enerji marşrutlarının diversifikasiyasında və Avropanın Rusiyanın monopoliyasından azad edilməsində maraqlıdırlar.

Problem ondadır ki, Moskva öz xarici siyasi məqsədləri naminə Qərbin, ilk növbədə, Avropanın Rusiyadan enerji asılılığından istifadə etdiyini heç gizlətiməyə də çalışmır. Ölkənin xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl dərc edilən "Rusiyanın qabağını almaq: geriyə, gələcəyə doğru?"  məqaləsində nazir Moskvanın xarici siyasi kursundan, Rusiya-ABŞ münasibətlərindən, Amerikanın raketdən müdafiə sistemlərinin (RMS) Şərqi Avropada yerləşdirilməsi planından, həmçinin demokratik dövlətlərin "klubuna vəsiqə verən" NATO üzvlüyündən söz açıb.

Lavrovun bildirdiyinə görə, Rusiya dünya energetikasındakı rolunu özünün xarici siyasi müstəqilliyinin təmin edilməsi üçün vasitə kimi görür. "Rusiyanın möhkəmlənməsindən narazı qalanların səsləndirdiyi ittihamların hədəfi bizim xarici siyasətdə və beynəlxalq hüquq çərçivəsində istifadə etdiyimiz söz və hərəkət azadlığıdır", - deyən S.Lavrov vurğulayıb ki, "Rusiyanın xarici siyasəti daxili siyasətinin davamıdır". 

Amma elə məsələ də ondadır ki, Rusiyanın avropalı qonşularını və tərəfdaşlarını qorxudan məhz "daxili siyasətin davamı olan" xarici siyasətdir. 

Transxəzər boru xəttinin inşasına qrant ayırmaqla Vaşinqton yalnız bu layihəyə olan marağını ortaya qoymayıb, o həmçinin investorların nəzərinə çatdırıb ki, bu layihəyə vəsait qoymaq olar, çünki Birləşmiş Ştatlar riskləri azaltmağa hazırdır. 

Xatırladaq ki, Transxəzər qaz kəmərinin inşası ideyası hələ xeyli əvvəl - 1990-cı illərin ortalarında meydana çıxmışdı. Bu layihə ilə bağlı ilk qrantı Amerika hökuməti 1998-ci ildə Türkmənistana ayırmışdı. Lakin həmin vaxt Rusiya Türkmənistan və Azərbaycana təzyiq göstərməklə layihənin reallaşmasını əngəlləyə bilmişdi. 

Amma ötən dövr ərzində Moskvanın sözügedən layihəyə qarşı səsləndirdiyi bir çox arqumentlər aktuallığını itirib. Məsələn, həyat göstərdi ki, belə məsələlərin həlli zamanı ekoloji problemlərin aradan qaldırılması mümkündür - Rusiya artıq Qara dənizin dibi ilə daha böyük dərinlikdə "mavi axın" boru kəmərinii çəkib, indi isə Şimal dənizinin dibi ilə boru kəməri çəkməkdədir. Növbədə yeni layihənin həyata keçirilməsi planlaşdırılır. Yeni layihəyə görə, "Cənub axını" Qara dənizin dibi ilə Bolqarıstana  yönəldiləcəkdir.

Bir sözlə, Rusiya ilə ABŞ-ın Mərkəzi Asiyanın enerji resurslarının "nəzarət paketi"ni əldə etmək uğrunda mübarizəsində həlledici mərhələ yaxınlaşır. Bir məqam aydındır: hazırda dünyanın qaz təchizatında siyasi motivlər üstünlük təşkil edir və qarşıdurmanın səviyyəsini də məhz bu amil müəyyənləşdirir. 

Söhbətin nədən getdiyini aydınlaşdırmağa çalışaq.

Bu gün dünyanın qaz ehtiyatlarının təxminən 27%-i Rusiyanın, 15%-i isə İranın payına düşür. Bir sözlə, bu iki dövlət dünyanın qaz bölgüsündə böyük üstünlüyə malikdir və bu, əsas qaz istehlakçılarını narahat etməyə bilməz. 

Başqa bir rəqəmə də nəzər salaq: dünyanın təbii qaz ehtiyatlarının dörddə üçü Yaxın və Orta Şərqdə, həmçinin keçmiş SSRİ ərazisindədir. Bu isə daha çox təəssüf doğuracaq rəqəmdir. Dünyanın enerji tələbatının ödənməsində təbii qazın önə çıxmaqda olduğunu nəzərə alsaq, bu, təbii ki, Qərb ictimaiyyəti arasında narahatlıq yaradır. 

Lakin bir məqamı nəzərə almaq lazımdır ki, İran Avropa bazarına çıxa bilmir. Bu məsələdə  rəqabət   daha çox Rusiya ilə  Əlcəzair arasında gedir. Qeyd edək ki, Əlcəzairin 4,5 trilyon kubmetr qaz ehtiyatının olduğu sübuta yetirilib və o, bu göstərici üzrə dünyada Rusiya, İran, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-dan sonra yeddinci yeri tutur. Avropa bazarlarında Rusiya qazı 25%, Əlcəzair qazı isə 10% paya sahibdir.

Qeyd etmək lazımdır ki, bir sıra ölkələr, məsələn, Almaniya, demək olar ki, tam şəkildə Rusiya qazından asılı vəziyyətdədir və bu, Berlini olduqca zəif duruma salır. Təsadüfi deyil ki, Avropa İttifaqının xariji siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solananın hazırladığı "Xarici siyasət Avropa İttifaqının enerji maraqlarının xidmətində" adlı məruzədə Aİ-nin energetika sahəsindəki strategiyasının Rusiyadan yan keçməklə yeni neft və qaz kəmərlərinin yaradılmasına yönəldilməsinin vacibliyi vurğulanır. Məruzədə Aİ-nin səylərini əsas 2 istiqamətə - Rusiya ilə energetika sahəsində tərəfdaşlığın möhkəmlənməsinə və eyni zamanda, Avropa İttifaqı ölkələrinə enerjidaşıyıcılarını nəql edən başqa mənbələrin tapılmasına diqqət yetirilir.. Sənəddə eyni zamanda "enerji mənbələri və tranzit yollarının coğrafi diversifikasiyası" ilə bağlı tələb də vardır. Bununla əlaqədar olaraq  Xəzər və Mərkəzi Asiya hövzəsindən neft və qaz kəmərləri Avropa İttifaqı üçün "həyati əhəmiyyətli" məsələlər kimi dəyərləndirilib. Sənəddə həmçinin göstərilmişdir ki, "Aİ-nin bütün vasitələrii bu magistralların tikintisinin sürətləndirilməsinə yönəldilməlidir".

Aİ-ni, ilk növbədə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, həmçinin Əlcəzairin neft və qazı maraqlandırır. Sözügedən məruzənin müəllifləri Avropa İttifaqının daxili bazarında hazırda 10% təşkil edən Əlcəzair qazının payını 20%-ə qaldırmağı təklif edirlər.

Türkmənistanın da qaz ehtiyatına görə dünyada aparıcı yerlərdən birini tutduğu məlumdur. Yerli və müstəqil beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə, hazırda Türkmənistan yataqlarında neft ekvivalentində 45,44 milyard ton karbohidrogen və 23 trilyon kubmetr qaz var.

İlk baxışdan Mərkəzi Asiya ölkələri üçün öz enerji daşıyıcılarını Şərqə, yəni Çinə nəql etmək sərfəlidir. Əvvəla, bu ölkə yaxınlıqdadır. Digər tərəfdən isə, Çin bazarı  göndərilən istənilən həcmdə karbohidrogen xammalını   qəbul etməyə hazırdır. Lakin aparıjı geosiyasi oyunçular - Rusiya və ABŞ  Mərkəzi Asiya  enerji resurslarının Şərqə nəql olunmasının qəti əleyhinədir. Məsələ ondadır ki, Rusiya ilə ABŞ Çinin sözügedən regionun enerji daşıyıcıları hesabına güclənməsində maraqlı deyil. Bundan başqa, əgər Rusiya bu regionun enerji daşıyıcılarının nəql olunduğu marşrutları nəzarətə götürə bilsə,  onda  Avropanı  özündən  asılı vəziyyətə sala və  Aİ-yə öz şərtlərini diqtə edə bilər. Vaşinqton isə diametral əks məqsədlər güdür. ABŞ marşrutların diversifikasiyası, başqa sözlə, Rusiyadan yan keçən Transxəzər boru kəmərlərinin  çəkilməsi ilə Avropanı Moskvanın enerji şantajından xilas etmək istəyir.  

Bir sözlə, həm ABŞ, həm də Rusiya  enerji resurslarının Avropaya, anjaq müxtəlif marşrutlarla  çatdırılması məqsədi güdür.

Bütün bunlarla yanaşı, İran da eyni meydanda "oynamaq" istəyir. Avropa bazarına girmək üçün ciddi cəhdlər edən Tehran bununla həm özünün, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarını, ilk növbədə isə, təbii qazı Aİ-yə çıxarmağa  səy göstərir. İranın bu istiqamətdəki ilk cəhdinin - perspektivdə öz qazını Ermənistan ərazisindən  keçməklə  Avropaya çatdırmaq niyyətinin qarşısı Rusiya tərəfindən alınıb. Lakin regionun heç də bütün dövlətləri öz maraqlarından və uzunmüddətli gəlirlərindən imtina edən Ermənistan kimi, Moskvanın "qapazaltısı" deyil. 

Məsələn, Ankara Tehranla İran  qazının,  perspektivdə isə Mərkəzi Asiya qazının Avropaya Türkiyə ərazisindən   keçməklə çıxarılmasına dair saziş imzalayıb. Bu isə Vaşinqtonun ciddi narazılığına səbəb olub. Yeri gəlmişkən, İranın bu planları, xüsusilə Mərkəzi Asiya qazını bu yolla Avropaya çıxartmaq niyyəti təkcə Rusiyanın yox, həm də Azərbaycanın maraqlarına ziddir. Rusiya, əlbəttə ki, enerji resurslarının həm istehsalçısı, həm də tranzit ölkə kimi, Avropa bazarlarında yeni ciddi rəqibin peyda olmasında maraqlı deyil. Bakının marağında olan isə həm İran, həm də Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarlarına Azərbaycan ərazisindən keçməklə çıxmasını təmin etməkdir.

Prinsipcə, İranın Avropaya qaz nəqlində gec-tez Rusiyanın rəqibinə çevriləcəyini əminliklə söyləmək olar. Məsələ burasındadır ki, son məqamda İran qazının Avropaya çatdırılmasıı həm ABŞ-ın, həm də Avropa İttifaqının maraqlarına uyğundur. Lakin Qərb, ilk növbədə isə ABŞ, İrana Rusiyaya qarşı aparılan enerji oyununda yalnız Tehranın hazırkı rejiminin dəyişəcəyi təqdirdə, müttəfiq kimi baxacaq. Burada isə tərəflərin maraqları müvəqqəti olaraq üst-üstə düşür: Moskvada yaxşı anlayırlar ki, İran ətrafında situasiyanın gərginləşməsi Rusiyanı müvəqqəti də olsa, Avropada ciddi rəqabətdən xilas edəcək.

Beləliklə, Mərkəzi Asiya ölkələri öz karbohidrogenlərini Avropa bazarlarına çıxarmaq üçün Rusiya və ya ABŞ marşrutları arasında seçim etməlidirlər. Qeyd etmək lazımdır ki, Amerika marşrutunda Azərbaycan aparıcı bənd rolunu oynadığından, bu marşrut Bakı üçün də cəlbedicidir. Bu günlərdə prezident İlham Əliyev də bunu vurğulayıb.

Amma istənilən halda, ABŞ ilə Rusiya arasında münasibətlər müəyyənləşənədək, Mərkəzi Asiya ölkələrinin bu və ya digər marşrutun xeyrinə seçim etməsi inandırıcı görünmür. Məhz bu səbəbdən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada İlham Əliyevlə danışıqlar zamanı ölkəsinin enerji resurslarını Amerika marşrutu ilə nəql etməyə hazır olduğunu, Bişkekdə keçilirən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində isə  Amerika marşrutu ilə yalnız Rusiya istiqamətində göndərilən karbohidrogenlərin "qalıq"larının nəql olunacağını bildirmişdi. Hazırda Bakı karbohidrogen nəqli marşrutları məsələsində bəzi üstünlüklərə malikdir. Buna görə də Azərbaycanın təkcə enerji resurslarının eksportçusu  olaraq qalmayajaq, Qərb ölkələri üçün uzun illər tranzit ölkə olacjaqdır. Bu  kimi regional layihələrin, məsələn  ermənilərin iştirakı olmadan Bakı-Tbilisi-Ceyhan; Bakı-Tbilisi-Ərzurum və Qars-Alxalaki-Bakı regional layihələrin həyata keçirilməsi, qəribə də olsa, Dağlıq Qarabağ ətrafındakı münaqişənin tənzimlənməsinə müəyyən neqativ təsir göstərmişdir.. 

 Son zamanlar Ermənistanın siyasi elitasının, hətta ən konstruktiv əhval-ruhiyyəli təmsilçiləri açıq şəkildə bəyan edirlər ki, Levon Ter-Petrosyanın sülh planı ilə çıxış etdiyi ötən əsrin 90-cı illərinin sonlarından fərqli olaraq, hazırda Azərbaycanın  işğal edilmiş torpaqlarının azad edilməsi müqabilində Ermənistana verə biləjəyi heç nə yoxdur. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını xoşluqla, yəni sülh danışıqları yolu ilə qaytarsa onda bu ölkə üçün Transxəzər layihələrinin reallaşacağı təqdirdə daha bir şans yarana bilər.

Bundan başqa, Azərbaycan üçün Xəzər hövzəsinin bütün ölkələrinin - həm İranın, həm Qazaxıstanın, həm Türkmənistanın və mümkün olarsa, həm də Rusiyanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasından ötrü tranzit ərazi olması sərfəlidir. Bakı üçün nəqliyyat marşrutlarının diversifikasiyası da sərfəlidir. Bu, hər hansı bir ölkənin, məsələn indiyədək dəfələrlə inadcıllıq göstərmiş Gürcüstanın tərsliyindən asılı qalmamaq üçün vacibdir


MƏSLƏHƏT GÖR:

420