
İRAQDA QALMALI, YA GETMƏLİ?!
GÖRÜNÜR, ABŞ HƏLƏ Kİ QƏTİ FİKRƏ GƏLƏ BİLMƏYİB
Müəllif: Eldar PAŞAYEV Bakı
Sentyabr ayında adama elƏ gƏlirdi ki,Vaşinqtonda bütün söz-söhbət ancaq İraq haqqındadır. Əvvəla, Kapitolidə ABŞ-ın İraqdakı iki yüksək rütbəli təmsilçisi - ordu komandanı, general Devid Petreus və səfir Rayan Krokerin məruzəsi dinlənilmişdi. Onlar konqresmenlərə və senatorlara İraqda yaranmış hərbi-siyasi situasiyaya öz münasibətlərini bildirmiş, bu ölkədə Amerika qoşunları kontingentinin artırılması planının effektivliyi barədə öz mülahizələrini söyləmişdilər. Bu çıxış çoxdan gözlənilirdi. İraqdakı problemlərin çoxluğunu qeyd edən məruzəçilər bununla yanaşı ABŞ administrasiyasının bu ölkədə əldə etdiyi uğurlardan da söz açıb, dinləyicilərini Amerika qoşunlarının İraqdan çıxarılmasını nəzərdə tutan qanunun qəbulunun lazımsızlığına inandırmağa çalışmışdılar. Kroker və Petreus eyni zamanda belə nəticəyə gəlmişdilər ki, prezident Corc Buşun bu ilin yanvarında İraqda hərbi kontingentin artırılmasına dair qərarı artıq öz müsbət nəticələrini verib, amerikalı hərbçilər qarşısında qoyulan tapşırıqlar isə əsasənə yerinə yetirilib. Bununla belə, çıxışına fikirlərinin Ağ evin mövqeyindən asılı olmadığını və müstəqil qiymətləndirmə apardığını söyləməklə başlayan Petreus ABŞ qoşunlarının İraqdan çıxarılması prosesinin tədricən həyata keçirilməsinin və prosesə artıq bu ilin dekabrından başlanmasının lazımlığını qeyd etmişdi. "Hesab edirəm ki, gələn ilin yayınadək biz İraqdakı hərbçilərimizin sayını əməliyyatın miqyası artırılana qədər olan həddə qaytara biləcəyik", - deyə general bildirmişdi. Onun sözlərinə görə, amerikalı əsgərlərin bir qisminin evə qayıtması Yaxın Şərqdə vəziyyətin çıxılmaz olduğu üçün deyil, əksinə, İraqda vəziyyətin normallaşdığı üçün həyata keçirilir. O, fikirlərini əsaslandırmaq üçün Anbar əyalətindəki durumu misal çəkərək bildirib ki, artıq orada təhlükəsizliklə bağlı vəziyyət xeyli yaxşıdır.
Petreus İraqdakı ABŞ hərbçilərinin sayının sonrakı mərhələlərdə də azaldılacağını desə də, bunun hansı müddət ərzində baş verəcəyi hələ ki naməlum qalır. Generalın sözlərinə görə, "Əl-Qaidə" ilə "uğurlu mübarizə aparılmasına və yerli liderlərin getdikcə terrorçulara daha az rəğbət bəsləməsinə baxmayaraq", ölkədə hələ də zorakılığın səviyyəsi yüksəkdir ki, bu da dinc sakinlər arasında çox sayda insan tələfatının olmasına gətirib çıxarır.
Bununla yanaşı, Petreus İraqdakı durumu ümumilikdə müsbət qiymətləndirib və artıq iraqlılar və yerli hökumətin də vəziyyətin yaxşılaşdırılması üçün əlindən gələni etdiyini bildirib.
Səfir Kroker isə öz növbəsində hazırkı mərhələdə ABŞ-ın İraqdan çıxmasının tez olduğunu söyləyib. Onun fikrincə, bu addım "qorxulu" nəticələr verə bilər.
Məruzənin məğzini ictimaiyyət mənimsəyəndən bir neçə gün sonra prezident Corc Buş Amerika xalqına müraciət etmək vaxtının çatdığı qərarına gəlmişdi. 17 dəqiqəlik çıxışında o, general Petreusun İraqı tədricən tərk etmək və oradakı 20 briqada qrupunu 2008-ci ilin 15 iyulunadək vətənə qaytarmaq planına dəstək verdi.
Beləliklə, artıq Milad bayramınadək İraqı 5,7 min amerikalı hərbçi tərk etməlidir. 2008-ci ilin ortalarınadək isə oradan daha 21,5 min əsgər çıxarılacaq. Maraqlıdır ki, bu planı mümkün edən səbəblər sırasında Ağ ev sahibi amerikalı əsgərlərin İraqdakı "möhtəşəm uğuru"nu və İraq ordusunun getdikcə möhkəmlənməsini göstərib. Buşun sözlərinə görə, bundan sonra da bu Yaxın Şərq ölkəsindəki hərbçilərin sayı onların missiyasının uğurluluq dərəcəsi ilə müəyyənləşdiriləcək. "İraqdakı fəaliyyət nə qədər uğurlu olarsa, o qədər amerikalı əsgər evinə qayıda bilər", - deyə prezident qeyd edib və o da uğurun göstəricisi kimi Anbar əyalətindəki vəziyyəti göstərib. Buş çıxışının axırını "Əl-Qaidə" ilə mübarizənin davam etdirilməsinin vacibliyinə həsr edərək, oğlunu İraqda itirmiş Ceff və Treysi Brendonların məktubundan sitat gətirib: "Biz bu müharibənin Xeyir və Şər arasında getdiyinə inanırıq və biz doğma oğlumuzun həyatı bahasına başa gəlsə belə, qələbə qazanmalıyıq".
Ağ ev sahibi 2008-ci ildə ABŞ-ın İraqda hərbi mövcudluğunun yeni mərhələsinin başlanacağını və artıq amerirkalı hərbçilərin orada yalnız İraq ordusuna yardımçı rolu oynayacağını söyləyib.
Gözlənildiyi kimi, ABŞ prezidentinin çıxışı ciddi reaksiyaya və səs-küyə səbəb olub. Bir çoxları hesab edir ki, o, ordunun İraqdan çıxarılmasına qərar verməklə özünün və partiyadaşlarının reytinqini qaldırmaq istəyir ki, bu da 2008-ci ildə keçiriləcək prezident seçkisi ərəfəsində respublikaçılar üçün vacibdir. Başqa sözlə, onlar hesab edirlər ki, Buşun çıxışından məqsəd bayağı "reklam aksiyası" keçirmək və yalnız ictimai rəyə təsir etmək olub. Bəzi ekspertlərin fikrincə, Buş məqsədinə nail olub və bu dəfə də müəyyən qələbə qazana bilib. "Açığı, mən düşünürdüm ki, demokratlar yaxın 3-4 gün ərzində İraqda müharibəni birdəfəlik dayandırmağa nail olacaqlar. Lakin Corc Buş hamının gözü qarşısında çox gözəl şəkildə ən azı daha yarımillik vaxt uddu", - deyə analitik Bill Sammon qeyd edib.
Prezidentin çıxışına daha sərt reaksiya demokratlardan gəlib və onlar Buşun müraciətini "biabırçılıq" adlandırıblar. Senator Cek Rid bəyan edib ki, "Prezident növbəti dəfə nə müharibənin uğurlu sonluq planını təqdim edib, nə də onun davam etdirilməsinin vacibliyini əsaslandırıb". "Prezident hər ay İraq müharibəsinə 10 milyard dollar xərcləyirsə, bizə ölkədə veteranlara və ya uşaqların sağlamlığına vəsait çatışmadığını söyləyə bilməz", - deyə senator bildirib.
Demokrat Partiyasının prezidentliyə ən nüfuzlu namizədlərindən hesab olunan Hillari Klinton isə prezidenti növbəti dəfə "kursu dəyişməyə, ordunu təcili olaraq İraqdan çıxarmağa və müharibəni mümkün qədər tez bitirməyə" çağırıb.
Onunla eyni fikirdə olan daha bir demokrat Con Edvards hesab edir ki, Buşun ixtiyarındada üç vacib şey qalmayıb - "vaxt, pul və bəhanə".
Həqiqətən də, sorğular göstərib ki, Buşun İraq siyasətini amerikalıların cəmi 30%-i dəstəkləyir. Amma hər halda, Ağ ev sahibinin reytinqi yüksəlib: iyulda Vaşinqtonun İraq siyasətini dəstəkləyənlər 22% təşkil edirdi. Bununla yanaşı, ekspertlər bildirir ki, artımı təşkil edən 8% respublikaçı və müstəqillər hesabına artıb və onların arasında demokratlar yoxdur.
Rəyi soruşulanların cəmi 39%-i Petreusun məruzəsinin səmimi olduğunu və İraqla bağlı daha müsbət strategiyanın seçilməsinə yönəldiyini düşünür.
Yerdə qalan 61%-in fikrincə, İraqdakı real durum məruzəçilər tərəfindən qəsdən gizlədilib və məqsəd Buş administrasiyasının öz siyasətini 2008-ci ilin payızınadək davam etidirlməsinə nail olmaqdır.
Bu azmış kimi, prezidentin İraqda situasiyanın tədricən yaxşılaşması barədə fikirlərinə inam da yüksək olmayıb. Belə ki, onun çıxışından bir qədər əvvəl "nümunəvi" Anbar əyalətinin Ramadi şəhərində terror aksiyası nəticəsində "Əl-Qaidə"yə qarşı sərt mövqeyi ilə tanınan sünni lider Abdul Sattar Əbu Rişa qətlə yetirilib. Qeyd edək ki, mərhum şeyx ABŞ və İraq hökuməti ilə sıx əməkdaşlıq edirdi və hətta Ağ ev sahibinin İraqa son səfəri zamanı onunla görüşmüşdü. Məhz bu səbəbdən amerikalılar Əbu Rişu və onun silahdaşlarını İraqda situasiyanın normallaşmasının göstəricisi kimi təqdim etməyə çalışırdılar.
Lakin onun qətlindən sonra əyalətdə situasiya son dərəcə gərginləşə bilər. Belə ki, sünni klanının təmsilçiləri Əbu Rişanın qətlinə görə qisas alacaqlarına and içiblər. Mərhum şeyxin qardaşı, klanın yeni rəhbəri seçilən Əhməd Əbu Rişa "Reuters" agentliyinə müsahibəsində bəyan edib ki, "Anbarda son uşağa qədər bütün tayfa "Əl-Qaidə" ilə mübarizəni davam etdirəcək".
Ümumiyyətlə, İraqda vəziyyət olduğu kimi qalır. Petreus və Krokerin hansı müsbət irəliləyişlərdən danışdıqları məlum deyil. Ölkə ərazisində terror aksiyaları barədə məlumatlar, demək olar ki, hər gün gəlir. Elə Corc Buşun çıxışından sonrakı bir neçə gündə Bağdadın şimalındakı Diyala əyalətində, həmçinin paytaxtın özündə, Kərkük yaxınlığında və digər rayonlarda partlayışlar bir-birini əvəz edib. "Əl-Qaidə" ilə əlaqəli olan "İraq İslam Dövləti" radikal qruplaşması, hətta müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında da zorakılığı dayandırmayacağını bəyan edib.
İraq hökuməti də dağılmaqda davam edir. ABŞ prezidentinin çıxışından iki gün sonra şiə lideri Müktəda əs-Sədri dəstəkləyən siyasi hərəkat İraqın şiə partiyaları koalisiyasından çıxdığını bəyan edib.
Xatırladaq ki, hazırkı baş nazir Nuri əl-Malikinin hakimiyyətə gəlməsində məhz bu hərəkatın böyük rolu olub. İndi əs-Sədr, çox güman ki, ABŞ-la sıx əlaqədə olan hökumətlə əməkdaşlıq etmək istəmir. Eyni zamanda, ola bilsin, o, son dövrlərdə parçalanan "Mehdi Ordusu"na nəzarəti yenidən tam ələ almaq fikrindədir.
Qeyd edək ki, əs-Sədrin gedişi ilə əl-Malikinin rəhbərlik etdiyi koalisiya parlamentdə 30 səsdən məhrum olub və bununla da onun əlində qanunverici orqandakı yerlərin təxminən yarısı qalıb.
Xatırladaq ki, İraqın sünnilərə məxsus ən böyük siyasi alyansı da avqustda hökumət koalisiyasını tərk edib. Müşahidəçilərin fikrincə, bununla yanaşı, əl-Maliki digər partiyalar, həmçinin kürdlərin dəstəyilə hələ ki hakimiyyətdə qala bilər. Lakin belə hökumətin effektliliyi və Vaşinqtonun dəstəyini hiss etmədən onun nəyə qadir olduğunu söyləmək çətindir.
Petreus və Krokerdən fərqli olaraq, sadə iraqlılar da vəziyyətlə bağlı kifayət qədər bədbindirlər. Bi-Bi-Si, ABC və NHK teleşirkətlərinin sifarişi ilə "D3 Systems" və "KA Research Ltd"nin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, İraq sakinlərinin əksəriyyəti ölkədə ABŞ hərbçilərinin sayının artırılmasının zorakılığın qarşısının alınmasına kömək etmədiyini düşünür. Rəyi soruşulanların əksəriyyəti, hətta bu fikirdədir ki, Bağdadın rayonlarına əlavə hərbçilərin gətirilməsi situasiyanı daha da qəlizləşdirib.
Xatırladaq ki, bundan əvvəlki analoji fevralda keçirilib və həmin vaxtdan ötən dövr ərzində iraqlılar arasında koalisiya qüvvələrinin ölkədən çıxarılmasının tərəfdarları artıb.
Lakin bununla yanaşı, sorğuda iştirak edənlərin yarıdan çoxu hesab edir ki, ölkədə təhlükəsizliyin tam təmin olunmasınadək koalisiya qüvvələri İraqda qalmalıdır.
Ən təhlükəlisi isə respondentlərin 60%-nin terrorçuların koalisiya qüvvələrinə hücumlarına haqq qazandırmasıdır. Sünnilər arasında belə düşünənlər 93%, şiələr arasında isə 50%-dir.
Bu arada ABŞ-da İraqda baş verənlərdən narazılıq antihərbi nümayişlərlə özünü büruzə verməyə başlayıb. Belə aksiyalardan biri sentyabrın 15-də Vaşinqtonda keçirilib. Ağ ev və Konqres yaxınlığında toplaşan nümayişçilər İraqdan hərbçilərin çıxarılması və Buşa impiçment elan edilməsi tələbi ilə çıxış ediblər. Nəticədə, polis gözyaşardıcı qazdan istifadə edib və 200-dək nümayiş-çi saxlanılıb.
Buna cavab olaraq, etiraz aksiyası keçirənlər plakatlarını tullayaraq, "Ar olsun!" şüarı səsləndiriblər. Həbslərin başlanmasına səbəb isə nümayişçilərin Kapitoli qarşısında uzanaraq İraqda həlak olan əsgərləri xatırlatmağa cəhd göstərməsi olub. Bunun ardınca isə nümayişçilərdən bəziləri Kapitolini əhatəyə alan hasardan keçməyə çalışıblar. Aksiyanın təşkilatçılarının sözlərinə görə, nümayişlərdə ümumilikdə 100 minədək insan iştirak edib.
Qeyd edək ki, "NBC" və "Wall Street Journal"ın keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların yalnız 24%-i İraqın sabit və demokratik ölkəyə çevrilməsinədək ABŞ qoşunlarının orada qalmasına tərəfdardır. 26% kontingentin bu Yaxın Şərq ölkəsini təcili olaraq tərk etməsini, 37% isə gələn ilədək tədricən çıxarılmasını tələb edir.
Xatırladaq ki, 2003-cü ildən başlanan əməliyyatlar nəticəsində İraqda 3700-dən artıq Amerika hərbçisi həlak olub.
ABŞ-ın Federal Ehtiyat Xidmətinin sabiq rəhbəri Alan Qrinspenin memuarının dərc olunacağı barədə məlumat da Amerikada ictimaiyyətə qeyd olunan nümayişlərdən az təsir göstərməyib. Xatırladaq ki, Qrinspen ABŞ-ın İraqa hücumunda əsas səbəbin neft olduğunu açıq şəkildə bəyan edib. Onun fikrincə, Səddam Hüseyn rejimi Yaxın Şərqdən neft nəqli üçün təhlükə yaradırdı. Xatırladaq ki, ABŞ-ın bu səviyyəli təmsilçiləri indiyədək belə açıq bəyanatla çıxış etməyiblər. Vaşinqton və London isə İraq əməliyatına başlanmasının səbəbi kimi guya Səddam rejiminin nüvə silahına malik olması ilə əsaslandırır.
İraqdakı hərbi-siyasi durumla bağlı növbəti məruzənin Konqresə 2008-ci ilin martında təqdim olunacağı bildirilib. Bunu prezident Corc Buş deyib. Ağ ev sahibinin sözlərinə görə, məruzənin hazırlanması yenə də Petreus və Krokerə həvalə ediləcək.
MƏSLƏHƏT GÖR: