
LEVONUN QAYIDIŞI
Onillik fasilədən sonra Ermənistanın ilk prezidenti yenidən ölkəsinin rəhbərliyini Azərbaycanın artan gücü ilə hesablaşmağa çağırdı
Müəllif: Namiq MAYILOV Bakı
"Təbii ki, kompromislərə gedilərkən maksimum nailiyyəti yalnız güclü tərəf əldə edə bilər. Ermənistan və Qarabağ bu gün həmişəkindən daha güclüdür. Lakin münaqişə (Azərbaycanla -"R+") çözülməyəcəyi təqdirdə, bir müddət sonra biz müqayisəyəgəlməz dərəcədə zəiflə-yəcəyik. Tariximizdə dəfələrlə olduğu kimi, bu gün imtina etdiyimiz şeyləri sonra istəyəcəyik, lakin artıq əldə edə bilməyəcəyik".
("1997-ci il, Ermənistan prezidenti Levon Ter-Petrosyan, "Sülh və ya hərb: fikirləşmək vaxtıdır" məqaləsindən).
Bu məqalənin işıq üzü görməsindən üç ay sonra, 1998-ci ildə başında ovaxtkı baş nazir, hazırda isə prezident olan Robert Köçəryanın dayandığı Qarabağ qanadı Levon Ter-Petrosyanı istefaya göndərdi. Çünki keçmiş məsləkdaşları Ter-Petrosyanın kompromislərə gedilməsinin vacibliyi haqda bəyanatının məğzində məğlubiyyət hiss edirdilər.
Amma zaman öz işini görür. Bu gün Ermənistanın ilk prezidentinin proqnozları doğrulmağa başlayır və görünür, Levon Ter-Petrosyan bu faktdan prezident kürsüsünü yenidən əldə etmək üçün əsas arqument kimi istifadə etməyi düşünür. Hər halda, başıbəlalı bəyanatının üzərindən on il keçdikdən sonra o, yenidən sakitliyi pozub və bununla da, faktik olaraq, seçkiqabağı kampaniyaya start verib.
Ter-Petrosyan 2008-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək haqda qərar qəbul etmədiyini bildirsə də, 2007-ci il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 16-cı ildönümü ilə əlaqədar Ermənistan Ümummilli Hərəkatının təşkil etdiyi təntənəli mərasimdəki çıxışı, bunun əksini göstərir: "Biz bu gün yolayrıcındayıq, seçim qarşısındayıq.. İki yolumuz var: birincisi hazırda mövcud olan reallıqla barışmaq, fəaliyyəti qanunlara, xalqın iradəsinə, siyasi dialoqa yox, barbar dünyasının qanunlarına və qaydalarına əsaslanan korrupsiyalaşmış, cinayətkar administrasiya ilə yolumuzu davam etməkdir. Hazırkı şəraitdə ölkədə tam bir mafiya rejimi hökm sürür. Məhz onların sayəsində biz üçüncü ölkələrin anoloji rejimlərilə eyni səviyyəyə gəlib çıxmışıq. Bu rejimin hakimiyyətdə qalması, hazırki situasiyanın davam etməsi deməkdir".
O, hamını mövcud hakimiyyətə etiraz etməyə və ondan "xilas olmağa" çağırıb.
Bununla yanaşı, Ermənistanda prezidentlik uğrunda mübarizə aparan bütün namizədlər kimi, Levon Ter-Petrosyanın da əsas dayaq nöqtəsi Dağlıq Qarabağ münaqişəsidir. Ölkənin ilk prezidenti yaxşı anlayır ki, vaxtilə onun vəzifəsini itirməsinə səbəb olan bu amil bu dəfə onun yenidən dövlət başçısı postuna qayıtmasına yardım edə bilər. Odur ki Ter-Petrosyan Dağlıq Qarabağ probleminin həllini hazırda ölkə qarşısında duran başlıca vəzifə adlandırır. Lakin başlıcası odur ki, sabiq prezident 10 il əvvəl olduğu kimi, bu gün də dünyaya "erməni hinindən" (V.İ.Leninin Stepan Şaumyana ünvanladığı məşhur ifadə) baxmır. "Əgər biz xarici dünyaya açıq olmasaq və hazırda olduğu kimi, qapalı qalsaq, ölkədə natural təsərrüfat hökm sürəcək və sonumuz faciəvi olacaq. Bu halda biz nəinki Qarabağı itirəcəyik, hətta Ermənistanın ərazi bütövlüyünün qorunması məsələsi haqda düşünmək məcburiyyətində qalacağıq. Hazırki hakimiyyətin ən böyük cinayəti ötən 10 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin, demək olar ki, ümidsiz hala gətirilməsidir", - deyə sabiq prezident bildirib və eyni zamanda Azərbaycanın mövqelərinin gücləndiyini qeyd edib: "Əgər siz Azərbaycan tərəfinin səsləndirdiyi bəyanatlara fikir verirsinizsə, görərsiniz ki, vaxt keçdikcə, onların mövqeləri daha da möhkəmlənir. Bundan sonra Azərbaycan artıq heç bir kompromisə getməyəcək".
Gözlənildiyi kimi, Ermənistanın ilk prezidentinin fikirləri ciddi səs-küyə səbəb olub. Ölkənin bütün hakimiyyətyönlü mətbuatı onun açıqlamasının satqın mahiyyəti haqda yazmağa başlayıb. Əlbəttə ki, bu, təbiidir. Robert Köçəryandan prezident seçkisi ərəfəsində ölkəni, həqiqətən, acınacaqlı duruma gətirdiyini, yeganə çıxış yolunun Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulmasında olduğu haqda etiraf gözləmək sadəlövhlük olardı...
Normal qonşuluq münasibətlərinin qurulmasına aparan yol isə yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasından keçir.
Odur ki prezident sadəcə öz səhvlərini gizlətməyə çalışaraq, Ter-Petrosyanın nöqsanları haqda danışmağa üstünlük verib: "Belə getsə, biz bəzi şeyləri ona xatırlatmalı olacağıq: 1996-cı ildə Yerevanda işıqlı küçələrin sayı nə qədər idi və s. Mən baş nazir işləməyə başlayan zaman dövlət büdcəsi 300 milyon dollar təşkil edirdi. Cəmi bir il son-ra bu rəqəm 2,5 milyard dollara çatdırıldı. Bütün bunları görməmək üçün, həqiqətən, tərkidünya olmaq lazımdır".
Amma faktlar tamamilə fərqli vəziyyəti üzə çıxarır. Ermənistan Azərbaycanla normal münasibətlərə malik olsaydı, bugünkü nəhəng regional layihələrdən kənarda qalmazdı və heç şübhəsiz, onun dövlət büdcəsi Köçəryanın söylədiyi rəqəmdən qat-qat böyük olardı. Maraqlısı isə odur ki, bunu Köçəryanın özü də dərk edir. Əks halda, o, ən yüksək tribunalarda sələfinin Qarabağ məsələsində kompromislərə getməyin vacibliyi haqda "Antiermənistan" bəyanatlarını təkrarlamağa lüzum görməzdi. Özü də, vaxtilə L.Ter-Petrosyanı devirən Köçəryan, Sarkisyan, Oskanyan bu gün, əslində, eks-prezidentin 10 il əvvəl gətirdiyi arqumentləri səsləndirmək zorunda qalırlar.
Müdafiə naziri postundan baş nazir kürsüsünə yüksəlmiş və Robert Köçəryanın varisi hesab edilən Serj Sarkisyan bu gün özünün qarabağlı yoldaşlarını açıq şəkildə məyus edir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hələ Dağlıq Qarabağın müstəqilliyinin tanınması vaxtının yetişmədiyini düşünür və hətta "mümkündür ki, ümumiyyətlə, bu addımın atılmasına ehtiyac olmasın".
Sarkisyan tamamilə düzgün olaraq bildirib ki, Dağlıq Qarabağın müstəqilliyinin Yerevan tərəfindən tanınmasının hansı nəticələri verəcəyini proqnozlaşdırmaq çətindir. Hökumət başçısı hesab edir ki, Ermənistan dövlətlərin ərazi bütövlüyü prinsipini, Azərbaycan isə xalqların öz müqəddəratını həll etməsi prinsipini tanımalıdır.
Belə çıxır ki, Ter-Petrosyan haqlı olub və Ermənistan rəhbərliyi gec-tez bununla barışmalıdır. Lakin hazırki hakimiyyətdən fərqli olaraq, sabiq prezident ləngiməməyi, Azərbaycanın daha da güclənərək qarşıdakını ona hörmət bəsləməyə məcbur etməsini gözləməməyi təklif edirdi.
Azərbaycan isə bu gün də kompromislərə hazırdır. Lakin söhbət Bakının 10 il əvvəl təklif etdiyi güzəştlərdən gedir. Onların nədən ibarət olduğunu isə xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın sonlarında bir daha açıqlayıb: "Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlara Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə yüksək muxtariyyət verilə bilər".
Göründüyü kimi, Azərbaycan öz mövqeyini dəyişməyib və öz prinsiplərinə əvvəlkindən daha əminliklə israr edir. Təəssüf ki, rəsmi Yerevanın bugünkü mövqeləri ilə bağlı eyni fikirləri söyləmək olmaz və bu, erməni ictimaiyyətinin xeyrinə deyil. Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin gedişi və Ermənistan rəhbərliyinin yuxarıda xatırladılan bəyanatları göstərir ki, Qarabağ ətrafındakı situasiya onların xeyrinə deyil.
Münaqişənin həlli üzrə beynəlxalq vasitəçilərin regiona sentyabrda etdikləri son səfər zamanı səsləndirdikləri bəyanatlar da bu fikirləri bir daha təsdiq edir. Bakının mövqeyinin dəyişmədiyi və Azərbycan prezidenti İlham Əliyevin ölkənin bir qarış da torpaqdan imtina etməyəcəyini dəfələrlə bəyan etdiyi bir vaxtda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərin mövqelərindəki yaxınlaşmadan danışırlar.
Demək, əgər onlar yaxınlaşırsa, kimsə mövqelərini itirir. Qüvvələr nisbəti və münaqişə tərəflərinin bəyanatları isə belə deməyə əsas verir ki, geri çəkilən varsa, bu, yalnız və yalnız Ermənistandır...
MƏSLƏHƏT GÖR: