
ETİBARLI ƏLLƏRƏ
Müəllif:
Rusiyada Mixail Fradkov hökumətinin istefasından bir həftə sonra prezident Vladimir Putin Viktor Zubkovun rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiq etdi. Hökumətin tərkibində ciddi dəyişikliklər baş vermədi. Viktor Xristenkonun həyat yoldaşı Tatyana Qolikova (2002-ci ilin avqustundan maliyyə naziri A.Kudrinin birinci müavini) Səhiyyə və Sosial İnkişaf Nazirliyinə rəhbər təyin edildi. Regional İnkişaf Nazirliyinin yeni başçısı postunu prezidentin Cənub Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi kimi çalışan Dmitri Kozak, iqtisadi inkişaf naziri vəzifəsini isə Elvira Nabiullina (2000-ci ilin iyunundan iqtisadi inkişaf naziri German Qrefin birinci müavini, 2003-2005-ci illərdə "Strateji tədqiqatlar mərkəzi" Fondunun prezidenti, 2005-ci ilin oktyabrından Rusiyanın G8-də nümayəndəliyinin hazırlanması və təmin edilməsi üzrə təşkilat komitəsinin ekspert şurasının, həmçinin Strateji Tədqiqatlar Mərkəzinin tədqiqatçılar qrupunun rəhbəri) tutdu.
Sabiq baş nazir Fradkovun komandasının əksər üzvləri yeni hökumətdə də təmsil olunacaqlar.
Nazirlər Kabinetindəki struktur dəyişikliklərinə gəlincə, baş nazirin daha bir müavini postu yaradıldı. İki birinci müavin - Sergey İvanov, Dmitri Medvedev və iki müavin Aleksandr Jukov və Sergey Narışkinə daha biri - Aleksey Kudrin də qoşuldu. O, maliyyə naziri postunu qorumaqla, həm də baş nazirin müavini təyin edildi.
Bundan başqa, hökumətdə baş nazirə tabe olan iki yeni federal komitə yaradıldı. Söhbət Gənclərlə İş və Balıqçılıq üzrə komitələrdən gedir.
Göründüyü kimi, Mixail Fradkovla yanaşı, German Qref, Mixail Zurabov və Vladimir Yakovlev də hökuməti tərk etməli oldular. Xatırladaq ki, onlar ötən dövr ərzində mütəmadi olaraq bu və ya digər formada tənqid hədəfinə çevrilirdilər. Üstəlik, bu şəxslər heç vaxt prezidentin yeni kursuna uyğun gəlmir, yaxın ətrafına aid edilmirdilər.
Beləliklə, Rusiyada parlament və prezident seçkisi öncəsi hökumətdə baş verən sonuncu silkələnmə ilə əlaqədar müəyyən aralıq nəticələr çıxartmaq mümkündür. Bir çox rusiyalı və xarici müşahidəçilərin fikrincə, Nazirlər Kabinetindəki dəyişikliklər hazırkı prezidentin iqtisadi strategiyası və siyasi kursunun davam etdiriləcəyini söyləməyə əsas verib. "Maliyyə kəşfiyyatı"nın sabiq rəhbəri Viktor Zubkovun baş nazir təyin edilməsi və liberal islahatçı imicinə malik olan, həm Rusiyada, həm də xaricdə maliyyə-investisiya dairələrinin etibarını qazanmış Aleksey Kudrinin səlahiyyətlərinin artırılması Putinin strategiyasında bir sıra tendensiyanın mövcud olduğunu göstərir.
Birincisi, hökumətdə liberal bazar strategiyasının saxlanması və gücləndirilməsi.
İkincisi isə, güc strukturlarının Rusiya hakimiyyətinin iyerarxiyasında hazırki mövqelərinin bir qədər zəiflədilməsi: Prezident Administrasiyası rəhbərinin müavini İqor Seçinin "adamı" sayılan Mixail Fradkov vəzifəsini itirdi. V.Zubkovun Seçinlə münasibətləri isə kifayət qədər gərgindir. Baxmayaraq ki, Zubkov Vladimir Putinin əhatəsində "hər şeydən xəbərdar" az insanlardandır və bu da onun siyasi və aparat mövqelərini seçki və hakimiyyət dəyişikliyi halında belə möhkəmləndirir.
Ona görə də V.Putin gələcəkdə, - məsələn, Zubkov prezident, Medvedev isə baş nazir olacağı təqdirdə - təhlükəsizlik orqanlarının fəaliyyətini koordinasiya edəcək şəxs və ya orqan (məsələn, Təhlükəsizlik Şurası) haqqında düşünməlidir.
Lakin səlahiyyət müddətini başa vurmaqda olan prezidentin həll etməyə çalışdığı əsas məsələ başqadır.
Həm hökumətdəki dəyişikliklər, həm Baş Prokurorluqda istintaq komitəsinin (bu orqana Putinin məktəb yoldaşı Aleksandr Bastrıkin rəhbərlik edirdi) bu qurumdan ayrılması ilə nəticələnən islahatlarda məqsəd icra orqanlarında yeni tarazlıq və ağırlıq sisteminin formalaşdırılmasıdır (güc strukturları da daxil olmaqla). Bununla da elə bir şərait yaradılır ki, aparıcı siyasətçilər və orqanların heç birində müstəqil oyun aparmaq imkanı olmasın.
2008-ci ildə baş verəcək hakimiyyət dəyişikliyi ərəfəsində və ondan sonrakı dövrdə iqtisadi və maliyyə sahələrində vacib mövqelər uğrunda mübarizənin qaçılmaz olduğunu nəzərə alan Putin, onun şəxsi mövqelərinə mənfi təsir göstərəcək təhlükələri istisna edən hakimiyyət konfiqurasiyasının yaradılmasında maraqlıdır.
Burada Putinin sonradan yenidən hakimiyyətə qayıtmasına yaradıla biləcək maneənin indidən aradan qaldırılması nəzərdə tutulub.
Başqa sözlə desək, söhbət uzunmüddətli sabitlik üçün şəraitin yaradılmasından gedir və "maliyyə kəşfiyyatı"nın sabiq rəhbəri də məhz bununla məşğul olacaq.
MƏSLƏHƏT GÖR: