
ASİYA YANAŞMASI
Cənubi Koreya Azərbaycanda ən iri sərmayədarlardan biri olacaq
Müəllif: Nurlanə QULİYEVA Bakı
Cənubi Koreya Azərbaycan iqtisadiyyatına "hücuma keçib". Yaxın illərdə iqtisadiyyatımıza $2 mlrd qədər sərmayə yatırmağa hazırlaşan bu dövlət ölkəmizə ən çox sərmayə yatıranların sıasında aparıcı mövqelərə yiyələnmək niyyətindədir. Həm də koreyalıları, demək olar ki, ət-süd məhsulları istehsalı üçün mini-sexlərdən, Bakı beynəlxalq ticarət limanının Ələtə köçürülməsilə bağlı 400 milyonluq layihə və "İnam" neft yatağının işlənməsinə qədər hər şey maraqlandırır. Koreya Respublikası təmsilçilərinin heç bir neft-qaz gəliri olmadan öz ölkələrinin dirçəldilməsi və iqtisadiyyatın çiçəklənməsində hansı möhtəşəm nailiyyətlər əldə etdiklərini nəzərə alsaq, onların Azərbaycana gəlişi sənayenin və infrastrukturun ayrı-ayrı sahələrinin inkişafı üçün önəmli stimul ola bilər.
İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri və biznes-forumların keçirilməsi ikitərəfli əmtəə dövriyyəsinin 80% artmasına yardımçı oldu. 2007-ci ilin I yarımili ərzində bu, $157 mln təşkil edib, cari ilin axıına qədər isə $300 mln çata bilər. Qısa bir müddət ərzində tərəflər 40 birgə layihə müzakirə ediblər.
Koreyalılar "Shell" şirkətinə "İnam"la yanaşdılar
O da çox önəmlidir ki, koreyalılar sürətlə, uzun-uzadı araşdırma və təhlil prosedurları olmadan iş qura bilirlər - layihənin əhəmiyyəti və rentabelliyini dərhal qiymətləndirir, sonra isə təkidlə onda iştiraka nail olurlar. Koreya biznesinin xarakterinin bu cəhəti Azərbaycanın "İnam" neft layihəsində pay almaqla bağlı danışıqlarda özünü əyani şəkildə büruzə verdi. Bu qəribə ölkədə neft-qaz ehtiyatları, demək olar ki, olmadığı halda, Koreya Milli Neft Şirkəti (KNOC) fəaliyyət göstərir. Şirkət adı çəkilən yatağın işlənməsində iştirak etmək və 20% pay almaq istəyini açıqladı. KNOC təmsilçiləri açıq bəyan etdilər ki, onların layihəyə maraqları texniki göstəricilərin koreyalı mütəxəssislər tərəfindən aparılan qiymətləndirilməsinə əsaslanır. Onların qənaətinə görə, perspektiv "İnam" strukturunda neft ehtiyatları çox böyükdür, lakin onların işlənməsi böyük risklə bağlıdır. KNOC ARDNŞ-yə bu layihədə ehtiyatların yenidən qiymətləndirilməsini aparmağı təklif edir.
Qeyd etmək lazımdır ki, əvvəlcə koreyalılar layihədə 50% paya malik ARDNŞ-dən pay almaq fikrində olsalar və buna ilkin razılıqlarını versələr də, sonradan durumu diqqətlə araşdıraraq, bu təklifdən imtina etmək qərarına gəldilər. Əslində, bu çox düşünülmüş qərardır, çünki kəşfiyyat mərhələsində ARDNŞ layihəyə heç bir xərc çəkmir, bütün məsrəflər bp (layihənin operatoru, 25%) və "Shell" (25%) şirkətlərinin öhdəsinə düşür.
İnadkar koreyalılar üçün bu heç də geri çəkilmək üçün bəhanə olmadı. Əksinə, onlar dərhal "Shell" ilə danışıqlara başladılar və şirkəti "İnam"dakı payından 20% güzəştə getməyə inandıra bildilər. İndi həmin sövdələşmənin digər tərəfdaşlar və Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi lazımdır. Bəlkə bundan sonra layihə üzrə işlər bir az canlanar. Strukturda layihə dərinliyi 5025 m olan INX-1 ilk kəşfiyyat quyusu 2000-2001-ci illərdə qazılıb. Lakin "İstiqlal" qazma qurğusunun avadanlığının davam gətirə bilmədiyi anomal yüksək lay təzyiqinə görə, qazma işləri 4550 m dərinliyində dayandırıldı. Quyu konservasiya edildi və elə həmin vaxtdan səhmdarlar qazma işlərinin bərpasının optimal variantını axtarırdılar. INX-1 quyusuna qayıdaraq, qazmanın xüsusi avadanlıqdan istifadə etməklə davam etdirilməsi, yaxud yeni quyu qazılması variantları nəzərdən keçirilirdi. Uzun müzakirələrdən sonra 2007-ci ilin III-IV rüblərində INX-2 quyusunun qazılmasına qərar verilib (Fineco).
Pioner həmişə hazırdır!
Qeyri-neft sektoruna gəldikdə, burada Koreya şirkətlərinin iştahası daha böyükdür. Onlar, ilk növbədə, elektroenergetika sektorundakı boşluqlara yiyələnərək, bu sahədə birdən-birə iki layihənin - 350-700 meqavat gücündə ilk özəl elektik stansiyasının və Azərbaycanda ilk külək elektrik stansiyasının inşasında pioner olmaq qərarına gəldilər. Hər iki layihə kifayət qədər bahalı olsa da, onlar bütün dünyada ən rentabelli layihələrdən sayılır. Mütəxəssislərin dəyərləndirmələrinə görə, özəl elektrik stansiyaları azı $1 mlrd, külək elektrik stansiyaları isə təxminən $40 mln başa gəlir. Hələlik Koreyanın "Kepko" şirkətinin hər iki stansiyanın tamhüquqlu sahibi olması məsələsi tam aydın olmasa da, birincisi üçün artıq texniki-iqtisadi əsaslandıma (TİƏ) hazırlanır, ikinci ilə əlaqədar isə Azərbaycan hökumətindən gömrük rüsumları, ver-gilər, torpaq sahələrindən istifadə və s. güzəştlər istənilib. Prinsipcə, Azərbaycanda özəl elektik stansiyalarının istismarı mexanizmi yoxdur və burada hasil edilən elektrik enerjisinin kimə və hansı şərtlərlə satılacağı, ən əsası, bunun tariflərə təsir göstərib-göstərməyəcəyi bəlli deyil. Bir şey aydındır: bu obyektin işə salınması ilə "Azərenerji" SC-nin elektrik enerjisi hasilatı sahəsindəki təbii monopoliyası qismən pozulacaq.
"Yağlı tikə"
Lakin belə iri layihələr fonunda da koreyalılar üçün ən "yağlı tikə", fikrimizcə, Azərbaycanın nəqliyyat sektoru olacaq. Cənubi Koreyanın ticarət, sənaye və ener-getika nazirinin müavini Li Jaye Hunun sözlərinə görə, koreyalılar bura $3,5 mlrd sərmayə yatırmağa hazırdırlar.
Qaradağ rayonunun Ələt qəsəbəsində yeni dəniz limanının inşası üçün dəyəri $400 mln olan kontrakta məhz Koreyanın GS E&S şirkəti sahib olub. Sentyabr ayının ilk günlərində şirkət artıq hazır layihəni Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.
Yeni dəniz limanı həm kommersiya və istehsalat, həm də yükdaşımalarının həyata keçirilməsi baxımından çox önəmlidir. Təqdimat mərasimində qeyd edildiyi kimi, layihə tam bir sıra xüsusiyyətlərilə diqqəti cəlb edir. O, ilk növbədə, Azərbaycanda gəmiçiliyin inkişafına öz töhfəsini verəcək, həmçinin, ölkənin sənaye potensialının möhkəmləndirilməsində öz rolunu oynayacaq. Ələt qəsəbəsinin ərazisində öz imkanlarına görə bütün dünyada məşhur olan Səngəçal neft terminalı yerləşir. Elə oradaca yeni elektrik stansiyası inşa edilir. Bütün bunları nəzərə alaraq, dəniz limanının inşası Ələt qəsəbəsinin inkişafında yeni mərhələ olacaq, Qaradağ rayonunun sosial-iqtisadi tərəqqisinə xidmət edəcək. Layihə çərçivəsində gəmiqayırma zavodu inşa etmək nəzərdə tutulur ki, bu da dəniz dövlətləri cərgəsində Azərbaycanın imicini yüksəldəcək.
Bundan başqa, prezident İ.Əliyevin qeyd etdiyi kimi, limanın köçürülməsinin səbəblərindən biri də Dənizkənarı Milli Parkın genişləndirilməsidir. Burada ekoloji şərait yaxşılaşacaq, genişmiqyaslı abadlıq işləri aparılacaq, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkili üçün hər bir şərait yaradılacaq.
Koreyalıların nəqliyyat sektorunun digər sahələrinə dair də külli miqdarda təklifləri var - onlar Azərbaycana yeni avtobuslar, taksilər göndərməyə, sürət qatarlarının hərəkətini qurmaqda yardımçı olmağa və i. a. hazırdırlar. Məsələn, məlumdur ki, yaxın vaxtlarda Azərbaycan hökuməti Koreya mütəxəssislərinin Bakı - Gürcüstan sərhədi sahəsində sürət qatarlarının tətbiqini nəzərdə tutan layihəsinə dair yekun rəyini açıqlayacaq. İki layihə hazırlanıb. Dəyəri $3 mlrd olan birinci layihə artıq mövcud yolda sürətin 160 km /saata çatdırılmasını, $10 mlrd dəyərində ikinci layihə isə sürət qatarları üçün yeni yol çəkilməsini nəzərdə tutur. Layihələrin hər ikisi bahalı olduğundan, Azərbaycan tərəfini qane etmir. Hökumət müsbət qərar çıxardığı halda, sürət qatarlarının tətbiqi 2010-cu ildən sonra mümkün olacaq.
"Dong Sung Engineering" şirkətinin törəmə müəssisəsinin işləyib-hazırladığı "Bakı buxtasının dəniz körpüsü" layihəsi isə möhtəşəmliyi və orijinallığı ilə sadalanan bütün təklifləri arxada qoyur. Layihəyə görə, Qaradağ rayonundan Zığ qəsəbəsinə qədər uzanacaq körpünün dəniz üzərindən keçən sahəsinin uzunluğu 13,3 km təşkil edəcək. Bakını əhatə edəcək dairəvi yolla birləşdiriləcək bu körpüdə nəqliyyatın 4 zolaqla ikitərəfli hərəkəti nəzərdə tutulur. Körpü Bakıda nəqliyyat tıxaclarının aradan qaldırılmasına xidmət edəcək, həmçinin Bakı buxtasındakı Nargin adasında turizmin inkişafında önəmli rol oynayacaq. AR Nəqliyat Nazirliyində körpünün inşasının 8-10 il çəkəcəyini hesab etdiklərini dedilər və qeyd etdilər ki: "Bu yol möhtəşəmliyi və gözəlliyilə cəlb edəcək".
Koreya tərəfinin mahiyyəti və maliyyə göstəricilərinə görə kifayət qədər önəmli təkliflər bloku kənd təsərrüfatını əhatə edir. Belə ki, Cənubi Koreya şirkətləri Azərbaycanda ət-süd məhsullarının istehsalı üzrə mini-sexlərin yaradılmasında maraqlıdır. Bundan başqa, onlar məhsulların qablaşdırılması, həmçinin onların supermarketlərə çatdırılması ilə də məşğul olmağa hazırdır.
Koreya Azərbaycana torpaqların şoranlaşmadan təmizlənməsində də yardımçı olmağı təklif edir. Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin sözlərinə görə, Azərbaycanda 3,610 mln ha ərazi eroziyaya, 1 mln hektardan çox ərazi isə səhralaşmağa məruz qalıb. Həmin problem, əsasən, Ucar, Kürdəmir, Salyan, Sabirabad rayonlarında müşahidə edilir. Hələ sovet hakimiyyəti illərində tikilən kollektor-drenaj sistemləri atıq köhnəlib və iş qabiliyyətini itirib. Hazırda onların yenidən qurulması zəruridir. Bundan başqa, əgər əvvəllər qrunt sularının səviyyəsi 1,5 m təşkil edirdisə, indi artıq 1,8 m olub. Yəni bu göstərici kritik nöqtəni aşdığından, torpağın üst qatının miqrasiyasına - şoranlaşmaya gətirib-çıxaran böyük həcmdə buxarlanma baş verir. "Bu isə torpaqların səhralaşması istiqamətində bir addımdır. Biz bu prosesin qarşısının alınması üzrə bir sıra tədbirlər hazırlamışıq və Koreya şirkətləri onlarda iştirak etməyə hazırdır", - B.Əliyev bildirdi.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları 30,3 mlrd kub. m təşkil edir. İlin isti dövründə mənbələrin debiti 23 mlrd kubmetrə qədər azalır ki, bu da su ehtiyatlarının qıtlığına gətirib çıxarır. "Belə şəraitdə, suya qənaət etmək üçün torpaqların suvarılmasının yeni texnologiyalarından istifadə etmək zəruridir. Azərbaycan belə texnologiyaya malik olsa da, Koreyada daha yaxşısı var və bu səbəbdən də biz həmin layihəyə onların mütəxəssislərini cəlb etməyə hazırıq", - deyə nazir müavini qeyd etdi. Onun sözlərinə görə, bu layihə üzrə torpaqların suvarılmasının qabaqcıl sistemlərini istehsal edən zavodun inşasını nəzərdə tutan işçi protokollar artıq imzalanıb. "Əvvəlcə, onlar öz texnikalarını gətirəcəklər və həmin texnika burada adaptasiya olunarsa, müəssisə yaradılmasından danışmaq olar", - deyən nazir müavini onu da qeyd etdi ki, ilk dövrdə söhbət yalnız Koreya şirkətlərinin layihədə yalnız iştirakından getsə də, gələcəkdə onların layihəyə sərmayə yatırmaları da mümkündür.
Bütün bu layihələr sübut edir ki, haqqında söz açılan $2 mlrd həcmində məbləğ tamamilə realdır və onun qat-qat çox olacağı da istisna deyil. Beləliklə, Azərbaycan uzun illər üçün təkcə Avropada deyil, Asiyada da etibarlı iqtisadi tərəfdaş qazanacaq və ən bahalı infrastruktur layihələrini gerçəkləşdirə biləcək.
MƏSLƏHƏT GÖR: