14 Mart 2025

Cümə, 23:36

OTURDUQLARI BUDAĞI BALTALAYANLAR

Rusiya mətbuatı yenə də milli məsələdə İrəvanın fitvasına gedir

Müəllif:

15.09.2007

"Sizdə "Ləzgistan" simvolikasını mobil telefonlarda çoxdanmı yayırlar?". Bu sualı Azərbaycanın şimalında, Rusiya ilə sərhəd yaxınlığında yerləşən və əsasən, Şimali Qafqaz millətləri nümayəndələrinin məskunlaşdığı Qusar şəhərində yaşayan, milliyyətcə ləzgi olan dostum Elxana cəmi bir ay bundan əvvəl vermişdim. Bu söhbəti bir dəstə dostumla Bakının cəhənnəm istisindən qaçaraq, bir neçə günlük dincəlmək üçün üz tutduğumuz Qusarda, elə həmin dostumuz Elxanın yanında qonaq olanda etmişdik. "Nədən danışırsan? Nə?.." (burada Elxanın təəccübünü daha dolğun əks etdirən, lakin dərc edilməsi mümkün olmayan bir ifadə səsləndi). "Necə yəni nədən? Odur, Rusiya mətbuatında yazırlar ki, guya burada "Ləzgistan"ın gerbini mobil telefonlar vasitəsilə yayırlar", - deyə cavab verdim. Ani bir sükutdan sonra istehza ilə mənə dedi: "Bilirsənmi ki, sizin mənə qonaq gəlməyinizdən bu kiçik şəhərdə hamı cəmi 10 dəqiqədən sonra xəbər tutdu? Səncə, gündə onlarca adamın gəlib-getdiyi mağazada işləyə-işləyə mənə dediyin belə bir... (yenə çap edilməsi mümkünsüz olan ifadə) məsələdən xəbərsiz ola bilərdimmi? Axı siz niyə jurnalistlərə inanırsınız?!"... Bu mövzuda söhbəti daha bir neçə dəqiqə davam etdirən Elxan mənim dediklərimə müxtəlif vaxtlarda eşitdiyi daha bir neçə "millətçi uydurmanı" da əlavə etdi. Həm də bu zaman onların mahiyyətinə varmır və sanki bizi də bu sərsəmləmələrə gülməyə təhrik edirdi. Sonra isə növbəti sağlığı və təzə gətirilən isti kababı mənasız söz-söhbətlərdən daha önəmli sayaraq, yenidən adi süfrəarxası mövzulara qayıtdı...

Həqiqətən, özüm də jurnalist olaraq, bu sənətin bəzi təmsilçilərinə inanmağa alışmışam. Odur ki Qusara yollanmazdan cəmi bir neçə gün əvvəl Rusiya mətbu orqanlarının birində "ləzgi xalqının Azərbaycandan qurtulmağa can atması" haqqında növbəti materialı oxuyan bir jurnalist kimi sadəcə ilk mənbədən - bölgənin adi sakinindən informasiya almaq istəyirdim. Lakin bu durumda məni mətbuatda yazılanların nə dərəcədə düzgün olmasından daha çox, bir tərəfdən, ləzgi xalqının nümayəndəsinin, onun gənclərinin reaksiyası maraqlandırırdı, digər tərəfdən, "Azərbaycanda milli azlıqların sıxışdırılması" mövzusunun bilərəkdən kim tərəfindən və kimin təhrikilə yenidən qabardıldığını özüm dərk etmək istəyirdim. Əslində, Azərbaycanda bu, yenilik deyil: daha önəmlisi "niyə məhz indi?" sualını cavablandırmaqdır.

 

KÜLƏK HARADAN ƏSİR? 

Mənim cəmi bircə saytda - Rusiyanın "Reqnum" informasiya agentliyinin saytında verdiyim sorğunun çox maraqlı nəticəsi oldu. Qısa bir müddətdə - təkcə son 2 ay ərzində bu agentliyin lentində guya Azərbaycanda sıxışdırılan milli azlıqlar mövzusu 20 dəfədən də çox hallandırılıb. Avar (6 dəfə), ləzgi (5), tat (4) və talış (3) "problemləri" daha çox yer alsa da, ingiloylar, kürdlər və digə milli azlıqların da adları çəkilir.  

Lakin ən qəribəsi və maraqlısı budur ki, hər dəfə Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəçiləri qismində... ermənilər çıxış edir! Ən fəallar arasında MİTK analitik mərkəzinin eksperti Qrant Məlik-Şahnəzəryan, "Qafqaz" analitik mərkəzinin eksperti Eduard Abramyan və nəhayət, Ermənistan Milli Strateji Araşdırmalar İnstitutunun rəhbəri, Ermənistan müdafiə nazirinin məsləhətçisi, politologiya doktoru, general-mayor Hayk Kotancyan var. Lakin Azərbaycanda etnosların qarşılıqlı münasibətlərinin "problemli" olmasının xatırlandığı bütün hallarda, mütləq məhz erməni politoloqları meydana çıxırdı. Həm də daim bir məkanda - Rusiya KİV-lərində.

Göstərilən rəqəmlər təkcə "Reqnum" informasiya agentliyinin -Rusiya prezidenti administrasiyasının xarici ölkələrlə bölgələrarası və mədəni əlaqələr idarəsinin indiki rəhbəri, MDB ölkələrində Rusiya maraqlarının təbliği üçün cavabdeh olan Modest Kolerovun 2002-ci ildə yaratdığı və 2005-ci ilə qədər şəxsən baş redaktor qismində başçılıq etdiyi agentliyin lentindən götürülüb. Yeri gəlmişkən, onun yaxın qohumlarından biri hələ də orada işləyir...

Üstəlik, "Reqnum"un baş redaktorunun beynəlxalq informasiya üzrə müavininin erməni Vigen Akopyan olduğunu da nəzərə alsaq, bu agentliyin Cənubi Qafqaz bölgəsi üzrə infomasiyalarının ermənipərəst yönümlü olduğuna təəccüblənməyə dəyməz. 

Bu sətirlərin müəllifinin fikrincə, Azərbaycanda milli azlıqlara belə diqqətin bir-birilə qismən bağlı bir neçə səbəbi ola bilər. Ermənilərin marağına gəldikdə, o, göz qabağındadır: Qarabağda nizamlanmaya dair danışıqlar yeni, artıq ermənilərin maraqlarına o qədər də cavab verməyən mərhələyə keçib. Ermənistan təşəbbüsü əldən verib, Azərbaycanın mövqeləri isə həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan günbəgün güclənməkdədir. Azərbaycanın Qərb dövlətlərinin nəzərində xüsusilə irimiqyaslı enerji layihələrilə əlaqədar artmaqda olan əhəmiyyəti İrəvanı təşvişə salmaya bilməz. Bununla əlaqədar, Ermənistanda "demokratik ehtiyatlar"dan fəal yararlanaraq, Qərb dövlətlərinin gözündə azərbaycanlıları bütün postsovet məkanında şovinizmin az qala əsas ideoloqları kimi qələmə verməyə çalışırlar. Yəni demək istəyirlər ki, azərbaycanlılar, hətta aralarında problem olmayan xalqları bu qədər sıxışdırırlarsa,  belə qanlı müharibədən sonra ermənilər azərbaycanlılarla bir dövlətdə necə yaşayarlar? Hazırda bu "dəlil" erməni tərəfinin Qərb dövlətlərilə Qarabağ mövzusunda danışıqlarında əsas yeri tutur.   

Bu məsələdə Rusiyanın maraqlarına gəldikdə, onlar da göz qabağındadır. Qarabağ münaqişəsinin nizamlanması yolunda əlavə problemlərin meydana çıxması onun əlində artıq çoxdan yenidən satellitə çevrilmək istəmədiyini, əksinə, bərabərhüquqlu əsaslarla əməkdaşlıq etmək fikrində olduğunu çoxdan nümayiş etdirən, bununla da Moskvada bir çox siyasətçiləri qıcıqlandıran Azərbaycan rəhbərliyinə təsir rıçaqlarını qoruyub-saxlayır. Axı hazırda Azərbaycan hakimiyyətinin mövqeyi Bakının ədalətsiz sülhə razılaşmayacağını birmənalı şəkildə nümayiş etdirir. Odur ki danışıqlar prosesinin havadan asılı vəziyyətdə qalması həm Ermənistana, həm də Rusiyadakı müəyyən dairələrə sərfəlidir.

Digər bir önəmli məsələ Kosovo ətrafındakı durumla bağlıdır. Rusiya açıq və əsaslı olaraq bəyan etdi ki, Kosovonun ayrılması bütün dünyada mərkəzdənqaçma prosesləri doğuracaq. Belə problemlər isə istənilən bölgədə kifayət qədərdir. Niyə də elə həmin Azərbaycanda ləzgi, talış, avar və ya başqa xalqın separatizmi şəklində "əlavə dəlillər" meydana çıxmasın?  Bu isə Azərbaycanda maraqları güclənməkdə olan Qərb üçün narahatlıq yaradır. Məqsəd sadədir: "Reqnum"un Azərbaycanda millətlərarası problemlər məsələsi barədə uydurmalarını başqa KİV-lər təkrarlayacaq və o, diqqəti daha çox cəlb edərək, gec-tez Qərb jurnalistlərini də cəlb edəcək və sonra da zəncirvari davamı olacaq.

Rusiya ilə Ermənistanın Azərbaycanın maraqları əleyhinə yönəlik hərəkətlərinin son dərəcə səlis olduğunu tez-tez görmək mümkündür. Lakin baxış və mövqelərin belə vəhdətinə təəccüblənmək ərlə-arvadın birinə təəccüblənməsi kimi bir şeydir. Özlərini strateji tərəfdaş adlandıran bu iki ölkəni də elə çox vaxt ər-arvadla müqayisə edirlər. Öz növbəsində, bu analogiya geniş yayılan belə bir zarafata da gətirib çıxarır: hansı daha mühümdür, baş, yoxsa boyun. Baş - ər, boyun isə arvaddır və təbii ki, boyun hansı tərəfə çevrilərsə, baş da o tərəfə baxacaq. Təəssüf ki, adi həyatda da beynini ciddi analizlə çox yormayan baş burnunun ucundan uzağı görmür və boyun onu məharətlə idarə edir. Eynilə, hiyləgər arvadın sədaqəti də heç də həmişə birmənalı olmur... 

Rusiyanın ən yeni tarixinin təhlilindən göründüyü kimi, Kremlin hərəkətlərinə onilliklər üçün hesablanmış strategiyadan daha çox, ani maraqlar təkan verir və çox vaxt bunlar hətta kənardan aşılanmış olur. Moskva siyasətçilərində durumu soyuqqanlılıq qiymətləndirərək, öz strateji maraqlarından çıxış etmək istəyinin olmaması, onların Cənubi Qafqazdakı durumu İrəvanın reseptilə hazırlanan "eynək"lə izləmələri heyrət doğurur. Qərblə qarşıdurma Rusiya siyasətinin əsas istiqamətinə çevrilib. Bu qarşıdurmaya Rusiyanın yox, "tərəfdaşının" psixologiyasını gözəl bilən və onun hərəkətlərini məharətlə özünə lazım olan məcraya yönəldən Qərbin özünün rəvac verdiyi heç də istisna deyil. Moskvanın sadəlövhlüklə qəbul etdiyi Qərblə yeni hərbi-siyasi qarşıdurma siyasətinin əsas mahiyyətinin Qərbin Rusiyanın təzəcə təşəkkül tapmaqda olan iqtisadi rifahını çökdürmək istəyinin olması göz qabağındadır. Rusiyanın böyük dövlətçilik xəstəliyindən məharətlə yararlanan Qərb elə onun altına öz əlilə saat mexanizmli böyük mina yerləşdirdi. 

Bu cəhdlər Rusiyanın özünün cənubunda təhlükəsizliyə tətbiqən də təhrikedici xarakter daşıyır. "Reqnum"un arxasında dayanan bəzi rus ekspertləri ekstremistlər və millətçilərə dəstək verməklə unudurlar ki, bununla öz ölkələrində, ilk növbədə, Şimali Qafqaz ərazisində ekstremistləri dəstəkləyirlər. Burada isə durum həddən artıq mürəkkəbdir. 2002-ci ilin siyahıyaalmasına görə, Şimali Qafqazdakı 8 respublikada 6,9 mln insan yaşayır, ruslar 15%, titul etnosların nümayəndələri 75% təşkil edirlər. Burada uzunmüddətli planda Cənubi Rusiya bölgəsində geosiyasi qeyri-sabitliyə xidmət edən amillər artıq çoxdan yetişməkdədir. Bura Çeçenistanda, əslində, daxili müharibə səciyyəsi daşıyan etnik-siyasi və separatçı münaqişəni, çoxmillətli Dağıstan, Qraçay-Çərkəzdəki etnik-siyasi münaqişələri, Şimali Osetiya ilə İnquşetiya arasında qarşıdurmanı aid etmək olar.  Bütün bu münaqişələr böhran etnik-iqtisadi təmələ malikdir (Şimali Qafqazın müsəlman bölgələri 80-100% dotasiyadadır), hakimiyyət uğrunda etnik-klan mübarizəsinə əsaslanır və səngimək bilməyən çeçen böhranından qidalanır. Bu baxımdan, aydındır ki, bu gün Azərbaycanda dinc yaşayan ləzgi və avarların təhrik edilməsi perspektivdə Rusiyanın öz ərazisində simmetrik mərkəzdənqaçma prosesləri doğura bilər. Axı öz ərazisində separatçılıqla mübarizə aparmaq bir şey, şüşədən çeçen münaqişəsindən qat-qat daha böyük  ərazini fəth edə bilən "cini" buraxmaq isə tamamilə başqa şeydir. 

Yeri gəlmişkən, közərməkdə olan etnik münaqişələr Məhsəti türkləri və şapsuqların məskunlaşdıqları ərazilərdə, yerli əhali ilə yeni diasporalar arasında da müşahidə olunmaqdadır və bu, Krasnodar diyarındakı erməni diasporasına xüsusilə aiddir. Cənubi federal dairədə ermənilər  ruslar və çeçenlərdən sonra sayca üçüncüdür (2002-ci ilin siyahıyaalmasına görə - 15 min, əslində isə daha çoxdur). Moskvada məhz erməni separatizminə xüsusi diqqət yetirsələr, daha yaxşı olar. Ermənilər Rusiya ərazisində dərin ideoloji ənənələrə (aparıcı millətçi partiyaların Rusiya, Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərində dağıdıcılıq fəaliyyətinə dair ayrıca tövsiyələrin olduğu hazır proqramları) və separatizmin əməli tərtibatına (terror aksiyaları və s.) malik yeganə diaspordur.

Onu da nəzərə almaq önəmlidir ki, bu gün Rusiya sabit Azərbaycanın mövcudluğunda heç zaman olmadığı qədər maraqlıdır - bölgədəki o qədər də sadə olmayan geosiyasi  durumu nəzərə alaraq, Azərbaycan Rusiyanın xarici siyasətində getdikcə daha önəmli yer tutmaqdadır. Moskvada dini amili də unutmamalıdırlar. Axı Şimali Qafqaz millətlərinin Azərbaycanda yaşayan və onun tamhüquqlu vətəndaşları olan, demək olar ki, bütün nümayəndələri özlərini həm də ona görə tamamilə rahat hiss edirlər ki, etnik azərbaycanlılar kimi, onlar da müsəlmandırlar. Odur ki məsələn, Gürcüstanda yaranan durum Azərbaycanla müqayisə oluna bilməz, çünki elə həmin Osetiyanın özündə separatçılıq həm də dini ayrılıq amilindən qidalanır. Digər tərəfdən, bu amil Rusiyanın özü üçün çox mənfi rol oynaya və ciddi siyasi böhrana gətirib çıxara bilər. Xüsusən də İslam radikallığı sosial-iqtisadi böhran, korrupsiya, işsizlik, kəskin etnik-klan qarşıdurmasının yaratdığı münbit zəminə düşdüyü zaman. Yeri gəlmişkən, bir çox rusiyalı ekspertin fikrincə, Şimali Qafqazda İslam amili bölgədaxili səciyyə daşıyır, başqa sözlə, beynəlxalq terror təşkilatlarının fəaliyyəti bu problemi doğurmur, onu daha da dərinləşdirir. 

Bir sözlə, bu gün müsəlman Şimali Qafqaz üç Cənubi Qafqaz dövlətindən heç birilə Azərbaycanla olduğu qədər sıx bağlı deyil. Həm də təkcə etnik yox, dini əlamətə görə də. Odur ki Şimali Qafqaz xalqları Azərbaycanda olarkən özlərini vətənlərindəki kimi hiss edirlər. Əksinə, Rusiyada yaşamaq onlar üçün getdikcə çətinləşir, çünki onları burada dövlət səviyyəsində (!) "Qafqaz millətindən olan şəxsləri" (öz xalqlarına münasibətdə belə səfehlik kimin ağlına gələr?!) qeyri-rəsmi isə "qaralar" adlandırırlar. 

Elə Rusiya skinhedləri də kifayət qədər özünəməxsusdur. Avropa və Amerika millətçilərindən fərqli olaraq, onlar, əsasən, əcnəbiləri yox, öz dövlətlərinin vətəndaşlarını döyür və öldürürlər.

Onlar kimi, "Rosbalt", "Reqnum", "Nezavisimaya qazeta" və s. KİV-lər də Azərbaycanda millətlərarası nifaqı qızışdırmağa can atmaqla, əslində, Rusiya xalqlarına qarşı daha bir Qafqaz müharibəsinə rəvac verirlər.

İki ölkə arasındakı münasibətlərdə məhz indi yeni, əvvəllər olmayan, az qala kosmik perspektivlər yaranır. Bir sıra Rusiya KİV-lərinin ideoloqları isə bu meyli dəstəkləməkdənsə, əksinə, onların möhkəmliyini yoxlamaq qərarına gəldilər. 

Məsələn, "Rosbalt" və "Reqnum"un arxasında RF-in nüfuzlu vəzifəli şəxslərinin dayandığını nəzərə alaraq, bilmək istərdik: "Oçakov dövründən və Krımın istilası"ndan bəri onların təfəkkür tərzi dəyişibmi?


MƏSLƏHƏT GÖR:

321