
"MƏNİ VƏTƏNİMDƏ UNUTMURLAR"
1992-ci il Olimpiya çempionu Valeri Belenki "R+"a Avropa Oyunları haqqında təəssüratlarını bölüşüb
Müəllif: Sənan NADİROĞLU Bakı
Bakıda keçirilən ilk Avropa Oyunları ölkəmizin məşhur idmançılarını yenidən doğma şəhərə topladı. Uzun illər paytaxtda olmayan məşhur gimnast Valeri Belenki yarış günlərini sevimli paytaxtında keçirdi. Almaniyada yaşayan soydaşımız ilk Avropa Oyunları günlərində şəhərimizin yeni görkəmi, idman infrastrukturu və mədəniyyət ocaqlarıyla yaxından tanış oldu. Səfərin sonunda idman gimnastikası üzrə üçqat dünya çempionu, 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi "R+" jurnalının suallarına cavab verdi.
- Barselona Olimpiadasının qəhrəmanını yenidən Bakıda görmək çox sevindiricidir. Səfəriniz necə keçdi?
- İlk olaraq Birinci Avropa Oyunları kimi, möhtəşəm yarışa ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edirəm. Bu günlər Bakıda sanki olimpiada keçirilirdi. Hər yerdə idmançılar, əcnəbilər, jurnalistləri görmək olardı. Belə gözəl yarışa məni dəvət etdiyi üçün, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Çox şadam ki, məni vətənimdə unutmurlar. Biz veteran idmançılar karyeramızı başa vurandan sonra, diqqətə ehtiyacımız olur. Ancaq hər ölkə öz idmançılarına belə qayğıyla yanaşmır. Azərbaycan yaxşı mənada seçilir, heç vaxt heç kimi unutmur.
- Bakıda çoxdan olmamısınız. Təəssüratlarınız necədir?
- Son 15-20 gün Bakı Olimpiada paytaxtına oxşayırdı. Hər tərəfdə yalnız idman haqqında danışırdılar. Komplekslərdə gərgin mübarizə, azarkeşlərin güclü dəstəyi yalnız belə düşünməyə imkan verir. Bakı özü çox gözəlləşib. Hava limanından gələrkən şəhəri tanımadım. Əlbəttə, buralarda çoxdan olmamışam. Lakin belə dəyişkənliyi təsəvvür etmək çətindir. Çoxlu sayda yeni mərkəzlər, parklar gördüm. Bakını belə görmək mənə ikinci həyat verdi.
- İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana nə qazandırdı?
- İlk növbədə, Azərbaycanı təbrik edirəm. Müasir dünyada hər ölkə belə miqyaslı yarış keçirmək gücündə deyil. Siz yeni mötəbər yarışın yaranmasında iştirak etdiniz. Avropa Oyunları ilk dəfə Bakıda baş tutdu və bu tarixi anların şahidi olduq. Bakı ilk oyunların başlanğıc nöqtəsi kimi yaddaşlarda qalacaq. Qitənin əksər ölkələri Azərbaycandan canlı yayımla tamaşaçıları sevindirdi.
- İlk Avropa Oyunlarında Azərbaycanın idman gimnastları qızıl, gümüş və bürünc medallar qazandılar. İdmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?
- Kişi idman gimnastikası üzrə yığmanız bürünc medala layiq görüldü. Bu çox böyük nəticədir. Bu mükafat Azərbaycan gimnastikasının gələcək inkişafı üçün vacibdir. Yeniyetmələr daha çox gimnastika ilə maraqlanacaq. İdman gimnastikası oğlanlar üçün ən yaxşı idman növüdür. Bu həm sağlamlıqdır, həm də ölkəni idman aləmində tanıtmaq üçün vasitədir. İlk Avropa Oyunlarında gimnastika yarışları çox gərgin keçdi. Güclü idmançılar çox olduğuna görə, mükafatçılar sırasına düşmək asan deyildi. Mən fəxr edirəm ki, Vətənim Azərbaycanın gimnastları azarkeşləri sevindirdi.
- Komandamızda Oleq Stepko 5 medal qazanmaqla, Avropa Oyunlarının rekordçusu oldu. Siz gimnastdan belə uğur gözləyirdiniz?
- Stepko həm xarakterinə, həm də təcrübəsinə görə yaxşı idmançıdır. İştirak etdiyi turnirlərdən mükafatsız qayıtmır. Bu mənada, onun 5 medal qazanacağını proqnozlaşdırmaq çətin olsa da, təəccüblənmədim. Stepko heç vaxt geriyə baxmır. Hər zaman irəli addımlayır. Fikrimcə, onun ən böyük uğurları hələ qarşıdadır.
- İlk Avropa Oyunlarında gimnastika yarışlarını izlədiniz. Ümumiyyətlə, Azərbaycan idmançılarının hazırlığını necə qiymətləndirirsiniz?
- İlk olaraq mən möhtəşəm Milli Gimnastika Arenasından danışmaq istəyirəm. Sadəcə, gimnastika sarayıdır. Çox gözəl və genişdir. Özəl olaraq gimnastika yarışları üçün tikildiyinə görə burada hər bir detal nəzərə alınıb. Hər bir komanda belə kompleks olmasını arzulayar. Azərbaycanda gimnastikaya göstərilən qayğıya görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etmək istərdim. O, ölkədə gimnastikaya yeni həyat verdi. Hazırda federasiya təkcə bədii gimnastika deyil, bütün növlərin inkişafı üzərində çalışır. Əminliklə deyə bilərəm ki, sizin uğurlarınız davamlı olacaq. Millidə rəqabət yaranıb. Ən vacib amil isə uşaq məktəblərinin fəaliyyət göstərməsidir. Mənə dedilər ki, regionlarda belə gimnastika məktəbləri çalışır və ora maraq çoxdur. Valideynlər uşaqlarını gimnastikaya gətirirlərsə deməli ölkədə idmanın bu növü sevilir.
- Gəlin, bir qədər tarixi vərəqləyək. 1992-ci il, Barselona Olimpiadası. Həmin oyunların qalibi kimi, adınızı tarixə yazmısınız. O illəri necə xatırlayırsınız?..
- Hər bir xatirədə yada salmaq istədiyin və istəmədiyin anlar olur. 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq böyük uğur idi. Həmin yarışda qızıl medalla yanaşı, bürünc də qazanmışam. O zaman Azərbaycanda gimnastikanın inkişafı ilə məşğul olan federasiya yox idi. Üstəlik, ölkə yenicə müstəqillik qazanmışdı. Biz Müstəqil Dövlətlər Birliyinin komandası kimi yarışırdıq. Amma Azərbaycanı təmsil edirdik. Mənimlə yanaşı, cüdoçu Nazim Hüseynov da həmin il qızıl medal qazandı. Nazim gözəl idmançı və səmimi dostdur. Bizi çox sevindirir ki, Azərbaycan biz veteranları unutmur. Hər zaman yada düşürük. İlk Avropa Oyunlarına fəxri qonaq kimi dəvət alanda kövrəlmişdim. Axı Vətənimdə belə mötəbər yarış olacaq və ora fəxri qonaq kimi dəvət olunuram. Çox sevinirəm ki, Azərbaycan bu yarışı yüksək səviyyədə keçirdi. İnanın, ilk Avropa Oyunlarının təşkilatçılığı Yay Olimpiya Oyunları səviyyəsində oldu.
- Nazim Hüseynovla görüşmək imkanınız olur?
- Çoxdan görüşmürdük. Avropa Oyunları bizi görüşdürdü. Onunla maraqlı xatirələrimiz var. Nazimdən o vaxt hamı çəkinirdi. İdmançı kimi qorxurdular. Bilirdilər ki, döşək üzərində Azərbaycan oğluna rəqib yoxdur. Onun bir neçə fəndi var idi. O cüdo fəndləri indiyə qədər öyrənilir.
- Sizin gələcəkdə Bakıda işləmək planlarınız var?
- Hazırda Almaniyada yaşayıram. Orada gimnastika məşqləri keçirəm. Yetirmələrimdən biri London Yay Olimpiya Oyunlarında iki medal qazandı. Bir yetirməm Avropa Oyunlarında iştirak etdi. Hazırkı məqamda Almaniyadakı işimi davam etdirməliyəm. Gələcəkdə doğma Bakıda işləməyim mümkündür. Bu, çox yaxşı olar. Bir ay əvvəl mənim adım ABŞ-da Beynəlxalq Gimnastika Federasiyasının Şöhrət zalına daxil edilib. Mən fəxr edirəm ki, bu zalda ilk azərbaycanlı idmançı kimi mənim adım qeyd edilib.
- Cavablara görə təşəkkür edirəm. Sizi yenidən Bakıda görəcəyimiz ümidi ilə vidalaşıram.
- Vətəndən kənarda yaşasaq da, ürəyimiz Azərbaycanla döyünür. Hər bir uğurunuza sevinirik. Paytaxt Bakı çox dəyişib və daha da gözəlləşib. Dənizkənarı Park, eləcə də şəhərin digər məkanları Avropanın məşhur paytaxtlarından geri qalmır. Bakı hər zaman qonaqlar üçün ideal istirahət məkanı olub. Bu gün çoxlu sayda turistləri görəndə sevindim. Bakı hər zaman olduğu kimi, özünəməxsus gözəlliyi ilə hamını valeh edir.
MƏSLƏHƏT GÖR: