25 Noyabr 2024

Bazar ertəsi, 01:58

ATILMIŞLAR

Ölkəmizdə evsiz-eşiksiz insanların dəqiq sayı bilinmir

Müəllif:

15.08.2007

Biz hər gün küçələrdə, parklarda, binaların girişlərində onlarla rastlaşırıq. Onlar  bütün dövrlərdə və istənilən siyasi quruluşda cəmiyyət tərəfindən rədd olunan və heç bir halda qəbul edilməyən insanlardır. Sovetlər dövründən biz onları təhqir formasına çevrilmiş qısa bir rus ifadəsi ilə - "bomj" adlandırırıq. Milis protokollarından mətbuat səhifələrinə çıxan bu ifadə, əslində, rus dilində səslənən "litso bez opredelennoqo mesta jitelstva" - "müəyyən yaşayış yeri olmayan şəxs" sözlərinin baş hərflərindən ibarətdir. Və bu "bomj" sözü həmin şəxslərin özləri üçün ömürlük damğa, digərləri üçünsə təhlükəli "qonşuluq" deməkdir.  

Bizim çoxumuzun bu insanlara yazığımız gəlir, amma bu hiss ən yaxşı halda onların qabağına qəpik-quruş atmaq, pis halda isə özümüzü görməzliyə vurmaqla yekunlaşır. Bizim əksəriyyətimizdə artıq müəyyən müdafiə reaksiyası da formalaşıb: biz qarşımıza çıxan bu insanları sanki görmürük, çünki  onlarla tamam başqa-başqa dünyalarda yaşayırıq. Bizim öz problemlərimiz var, onların isə öz problemləri...

Onlar hər günü ölüm-dirim mübarizəsinə çevrilən bu qəddar dünyada sağ qalmağa çalışırlar. Müdafiəsiz olan digər təbəqələr kimi, evsizlərin də dövlət yardımına ehtiyacları var. 

Bəzi məlumatlara görə, bu gün dünyada 100 milyondan artıq evsiz var. Aydın məsələdir ki,  bu, təxmini bir hesablamadır və Yer kürəsindəki bütün evsizləri hesablamaq sadəcə mümkün deyil. 

Azərbaycana gəlincə, qeyri-rəsmi rəqəmlərə görə, ölkəmizdə evsizlərin sayı 50 mindən artıqdır. Rəsmi rəqəmlər isə, təəssüf ki, ümumiyyətlə yoxdur...

 

Anadan "bomj" doğulmurlar ki?!. 

Rusiya səfirliyi ilə üzbəüz yerləşən adi Bakı evinin həyəti. Səhər tezdən bu evin sakinləri həmişəki kimi işə, məktəbə, instituta tələsir, axşamlar isə evə qayıdır, yolda bazarlıq edirlər... Bir sözlə, həyat öz axarı ilə davam edir. Amma bu insanlardan yalnız bəziləri artıq 1 ildən artıqdır bu binanın həyətində yaşayan qoca, beli bükülmüş qarıya diqqət verir. O, buraya təzəcə köçməyib, qohumlarına qonaq da gəlməyib. O, evsizdir.

Uzaqdan baxanda adama elə gəlir ki, bu qadın adi təqaüdçüdür və sadəcə ağacların kölgəsində əyləşib ki, təmiz hava alsın. Amma ona yaxınlaşdıqca anlayırsan ki, yox, vəziyyət bambaşqadır.

Mariya Fyodorovna Qurbanova (bu qadının adı məhz belədir) öz kədərli hekayəsindən danışanda göz yaşlarını saxlaya bilmir. Bir vaxtlar onun da ailəsi olub, həyat yoldaşı və oğlu ilə metronun "Nizami" stansiyası ərazisindəki ikimərtəbəli mənzildə yaşayıb. Əri neft emal edən zavodda çalışırdı, özü isə uşaq bağçasında işləyirdi. Onlar mümkün olan və olmayan hər şeyi edirdilər ki, oğulları Ruslan heç nədə çətinlik çəkməsin. Öz növbəsində, Ruslan da valideynlərini sevindirirdi - orta məktəbi fərqlənmə ilə bitirdi, sonra AZİ-yə (hazırkı Neft Akademiyasına) daxil oldu. Üçüncü kursda oxuyarkən,  onu xarici neft şirkətlərindən birinə işə dəvət etdilər. Ali məktəbi bitirdikdə isə artıq həmin şirkətdə yüksək vəzifə tuturdu, yaxşı da pul qazanırdı.

Ruslan anası Mariya Fyodorovnanın uşaq bağçasındakı işini atmasını israr edirdi və buna nail də oldu, çünki özünün şirkətdə qazandıqları ailə üçün tam kifayət edirdi. Sonrasını Mariya Fyodorovnanın özündən eşidək: "Sonra Ruslan maşın aldı. Sürücülük təcrübəsi az olduğundan, o, sükan arxasına oturanda mən çox həyacan keçirirdim. Bir dəfə bazar günlərinin birində oğlumla ərim maşınla balıq tutmağa yollandı. Səhər tezdən sanki ürəyimə nəsə dammışdı, amma onlara bildirmədim. Səhər saat 4-də evdən çıxdılar, saat 6-da isə artıq xəbər gəldi ki, avtomobil qəzasına düşüblər. Ərim hadisə yerindəcə keçindi, oğlum isə  sağ qalsa da, çox ağır vəziyyətdə idi. Onu xəstəxanaya çatdırsalar da, həkimlər bildirdilər ki, ümid yoxdur, onun aldığı zədələrlə yaşamaq mümkün deyil... Amma mən həyatda ən doğma insanı - oğlumu xilas etmək üçün əlimdən gələni etməyi qərara aldım. Cərrahiyyə əməliyyatı üçün külli miqdarda vəsait - 10 min dollar tələb olunurdu. Mənim belə pulum olmadığından, evimi girov qoyub kredit götürdüm. Ruslan əməliyyat olundu, amma bunun xeyri olmadı, iki aydan sonra oğlumu itirdim...

Bir qədər də keçdi və kredit verənlər gəlib borcun ödənilməsini tələb etməyə başladılar. Faizlə birlikdə artıq 12 min dollar qaytarmalı idim. Təbii ki, bunu edə bilmədim və evimi itirib küçələrə düşdüm. Bir müddət rəfiqəmgildə yaşadım, amma sonra onun həyat yoldaşı mənə eşitdirdi ki, onlara mane oluram. Düzü, bunu elə özüm də başa düşürdüm. O vaxtdan bəri artıq 3 ildir ki, küçədə yaşayıram".

...İndi Mariya Fyodorovnanın 60 yaşı var, ona təqaüd düşür, amma o hələ də öz köhnə sovet pasportunu yeni şəxsiyyət vərəqəsinə dəyişə bilmir: heç yerdə qeydiyyatda olmadığına görə ona vəsiqə verməkdən imtina edirlər. İndi bu adamın nə pulu, nə evi, nə də qohum-əqrəbası var... Rəsmiyyətə qalsa, heç bu qadının özü də yoxdur - axı sənədsiz insanın heç nəyə hüququ çatmır...

Evin sakinlərinin bəzilərinin bu qadına yazığı gəlir, ona yemək üçün bir az pul verirlər. Əgər onlar olmasaydı, nə qədər qorxulu və alçaldıcı olsa da, Mariya Fyodorovna çörək tapmaq üçün zibil yeşiklərini axtarmalı olardı...

Gecələr isə o elə burada - ya oturacaqda, ya da binanın girişində yatır. "Ən qorxulusu qışdır, çünki qışda həddindən artıq soyuq olur. Amma nə edim? Hara gedə bilərəm ki?.. Axı Bakıda evsizlərin gecələməsi və ya ümumiyyətlə, qalması üçün bir yer yoxdur. İnanın, mən bütün bunlardan elə yorulmuşam ki... Oğlumun ölümündən sonra mənim də həyatım bitib, mən yaşamaq istəmirəm", - deyə Mariya Fyodorovna söyləyir. 

Doğrudan da, Mariya Fyodorovanın yaşayışını "həyat" adlandırmağa adamın dili də gəlmir. O yalnız ölməmək, sağ qalmaq üçün çırpınır. Onun üçün həftənin günlərinin heç biri digərindən fərqlənmir, ona elə gəlir ki, bu dəhşətin heç vaxt sonu olmayacaq. Belə çıxır ki, dərdlə üzləşmiş insan dərhal həm dövlət, həm də cəmiyyət tərəfindən unudulur...

 

Qlobal miqyaslı problem

"Bomj"ların böyük əksəriyyəti küçələrə təsadüfən düşüb. Onları buraya faciəli təsadüflər gətirib çıxarıb. Evsizlərin başlarına gələn hadisələr bir-birinə çox bənzəsə də, əslində, onların hər biri fərdi xarakter daşıyır.

Əlbəttə ki, insanların evsiz-eşiksiz qalmasının səbəbləri çox ola bilər, amma əksər hallarda buna səbəb  mənzillərlə bağlı keçirilən "əməliyyatlar" olur. 

Evsiz-eşiksiz insanların problemləri haqda müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında da çox danışırlar. BMT-nin yaşamaq hüququna dair xüsusi məruzəçisi Milun Kotarinin sözlərinə görə, dünyanın bütün ölkələrində bü hüquq pozulur. Səbəb kimi isə Kotari yaşayış evlərinin bahalaşması, özəlləşdirilmə prosesləri, müxtəlif spekulyasiyalar və miqrasiyanın artımını göstərir.  Bu faktorlar sırasına münaqişələr və təbii fəlakətlər nəticəsində ev-eşiklərini itirənləri də əlavə edək. M.Kotari qeyd edir ki, aztəminatlı ailələrin evsiz qalması və ya qeyri-adekvat şəraitdə yaşamasının səbəblərindən biri də, bir çox ölkələrdə şəhərlər daxilində varlı rayonların yaradılmasıdır. Çünki məhz buna görə daşınmaz əmlak və kirayə haqları xeyli dərəcədə artmağa başlayır. 

Dünyada evsizlərin və gecəqonduların sayı həm də ucuz evlərın azlığına görə artır. Hazırda bütün ölkələrdə yaşayışla bağlı dövlət xərclərinin azalması tendensiyası gedir. Məsələn, 1978 və 2002-ci illər arasında Amerika Birləşmiş Ştatlarında mənzil tikintisinə subsidiyalar düz 28 milyard dollar azalıb. Bu ölkədə bir il ərzində 2,5 milyondan 3,5 milyona qədər insan evsiz qalır.  BMT təmsilçisinin fikrincə, bəzən evsiz və torpaqsız insanların hüquqlarını qorumaqda aciz olan hakimiyyət  onları cinayətkar kimi təqdim etməyə cəhd göstərir. Bu tip insanlara qarşı zorakılıq hallarının artmasını da məhz bununla izah etmək olar. 

Məmurların və hətta adi vətəndaşların da fikrincə, bu insanlar işləmək istəmirlər və parazit həyat tərzinə üstünlük verirlər. Halbuki cəmiyyətin istənilən təbəqəsində olduğu kimi, "bomj"lar arasında da müftəyeyənlərlə yanaşı, iş tapmaq istəyənlər də az deyil. Amma təəssüf ki, əksər halda onların bu arzuları həyata keçmir. Ona görə də acından ölməmək üçün "bomj"lar şəhərdəki çoxsaylı zibilliklərdə eşələnmək, butulka yığmaq və onları qəpik-quruşa satmaq məcburiyyətində qalırlar. Onlardan bəzilərinin isə "bəxti" gətirir və arabir yükdaşıma və ya digər hansısa "qara iş" görərək, əlavə pul qazana bilirlər.

Evsizlər problemilə, demək olar ki, dünyanın istənilən ölkəsində rastlaşmaq olar və hər bir dövlət "bomj"larla bağlı problemi bir cür həll etməyə çalışır. Məsələn, qonşu Rusiyada Dövlət Dumasına təqdim olunmuş qanun konkret yaşayış yeri olmayan bütün vətəndaşların məcburən qeydiyyata alınmasını nəzərdə tutur. Bu sənəd sözügedən problemin qarşısını alan və onu nəzarətdə saxlayan sistemin formalaşdırılmasına kömək etməlidir.  Qanuna görə, hər dəfə Rusiyanın bir ərazisindən digərinə keçən zaman evsiz vətəndaş dərhal qeydiyyata düşməlidir. Bundan başqa, eyni regionda uzun müddət qalarsa, "bomj" 6 aydan bir təkrar qeydiyyata alınmalıdır. Qanun qüvvəyə mindikdən sonra,  "bomj"ların fotoşəkli çəkiləcək, onlar qeydiyyata alınacaq və hər birinə sosial qeydiyyat haqda şəhadətnamə veriləcək. Bu cür sənəd almaqdan imtina edən "bomj"lar 10 sutkayadək həbs cəzasına məhkum oluna bilər. Bu cür hala təkrarən yol verilərsə, onu artıq 1 il müddətinə həbs gözləyir.

Qanun layihəsinin müəllifi, Dövlət  Dumasının əmək və sosial siyasət daimi komissiyasının sədr müavini Vladimir Vasilyevin sözlərinə görə, sənəddə evsiz vətəndaşlara lazımi sosial-iqtisadi kömək, psixoloji yardım, həmçinin işlə təminata kömək məsələsi də öz əksini tapıb. Üstəlik, "risk qrupu"na aid olan vətəndaşlarla - qocalar, tənhalar, uşaq evlərinin məzunları və s. - mənzil razılaşmaları zamanı dövlət sığortasının tətbiqi də nəzərdə tutulub.

 

Unudulmuş vətəndaşlar

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "R+"a bildiriblər ki, ölkədə bu kateqoriya vətəndaşlar üçün gecələmə otaqları və xüsusi evlər yoxdur. Nazirliyin əməkdaşlarının sözlərinə görə, hazırda hələlik Rusiyada olduğu kimi, Azərbaycanda da evsizlərlə bağlı qanunun qəbulu nəzərdə tutulmayıb. Amma bununla belə, həmsöhbətlərimiz yaxın vaxtlarda bu məsələnin gündəmə gətiriləcəyini istisna etmirlər. 

Bakı və Xəzəryanı yepiskopu Aleksandrın sözlərinə görə, tanınmış xeyriyyəçi Aydın Qurbanovun sağlığında  rus pravoslav kilsəsi evsizlərə yardımını əsirgəmirdi. Məsələn, evsiz insanlara pulsuz yemək paylanırdı. Amma A.Qurbanovun vəfatından sonra bu ənənəyə son qoyulub.

Gecələmə otaqları və xüsusi evlərə gəlincə, yepiskopun dediyinə görə, bunun üçün xüsusi tikili obyektlər olmalıdır. Onlar olmadığından, bu insanları yerləşdirmək üçün yer də yoxdur.  

Əldə etdiyimiz məlumata görə, Bakıda fəaliyyət göstərən yeganə sığınacaq - katolik kilsəsi nəzdində fəaliyyət göstərir. Sığınacaqdan bizə bildirdilər ki, hazırda orada cəmi 10 nəfər yaşayır və bu insanlar yeməklə yanaşı, lazımi müalicə ilə də təmin olunublar. 

Amma təəssüf ki, bu sığınacaq evsizlər üçün yalnız müvəqqəti yerdir, çünki 1-2 aydan sonra onlar yenidən "evləri"ni tərk etməli və yerlərini digər bədbəxtlərə verməli olurlar.

Evsiz-Eşiksiz Bakılıların Hüquqlarının Qorunmasına Yardım İctimai Birliyinin sədri Eldar Əlizadənin sözlərinə görə, Bakıdakı evsizlərin dəqiq sayı bilinmir, çünki bunun statistikası aparılmır. Lakin onların sayının ən azı 50 min nəfər olduğunu düşünmək olar. Əlizadənin dediyinə görə, hər yaşda və səviyyədə insanlar - qoca da, cavan da, tənha da, ailəli də - hər an evsiz-eşiksiz qala bilər. O vurğulayıb ki, ölkədə ən çox "bomj", təbii ki, paytaxtdadır. Onların bir qismi isə Sumqayıtda məskunlaşıb. 

Həmsöhbətimiz qeyd edib ki, hazırda bu kateqoriya vətəndaşlara yardım edən heç bir struktur yoxdur. "Dünya praktikasına görə, şəhər və rayonların icra hakimiyyətləri, bələdiyyə strukturları evsizlərin problemlərilə də məşğul olmalıdırlar. Onlar heç olmasa, həftədə bir neçə dəfə bu adamlara pulsuz yemək paylamalıdırlar. Bundan başqa, inkişaf etmiş ölkələrin hamısında evsizlər üçün pulsuz tibbi müayinə təşkil edilir. Axı məsələn, vərəm kimi ağır xəstəliyin daşıyıısı olan evsiz, digərləri üçün də potensial təhlükə mənbəyinə çevrilir. 

Digər problem isə pulsuz tualetlərin azlığıdır. Nəticədə, "bomj"lar öz "ehtiyac"larını elə küçədəcə "ödəməli" olurlar. Əvvəllər Bakıda 5 pulsuz tualet var idi. Amma kapitalizm "gələndən" sonra onlar da pulluya çevrildi. İndi ora baş çəkmək üçün 20 qəpik ödəmək lazımdır. Evsiz insan isə bu pulu yeməyə sərf edər, nəinki tualetə. 

Bundan başqa, sovet dönəmində hamamlara getmək üçün qəpik-quruş tələb olunurdusa, indi təmizlənmək üçün hamama ən azı  3 manat ödəməlisən. Sonra da hamı təəccüblənir ki, görəsən, "bomj"lardan niyə belə pis iy gəlir...

Bütün bunlar paytaxtda sanitar diskomfortu yaradır və buna görə məsuliyyət tamamilə dövlət strukturlarının, konkret olaraq, şəhərin icra orqanlarının üzərinə düşür. Xoşbəxtlikdən  bizim paytaxtımızda havalar o qədər də soyuq keçmir və məsələn, Moskvadan fərqli olaraq, Bakıda evsizlərin donub-ölməsi halına çox nadir halda rast gəlinir. Amma qış nisbətən soyuq keçirsə, bizdə də ölənlər olur. Məlumdur ki, 2002-ci ilin soyuq qışında Bakıda 14 nəfər evsiz donaraq ölmüşdü".

Humanist ideyaların yayılması ilə məşğul olan dini strukturlar da nədənsə evsizlərin problemindən kənara çəkilirlər. Hətta qonşu Rusiyada da dini konfessiyalar hər gün "bomj"lar üçün isti yemək paylayırlar. Bizdə isə belə təcrübəyə rast gəlinmir...

Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdəki evsizlərin statusunda yeganə dəyişiklik 2003-cü ildə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar və Nazirlər Kabinetinin sərəncamı oldu. Bu sənədlərlə Daxili İşlər Nazirliyi strukturlarına evsiz vətəndaşları qeydiyyata almaq və onlara şəxsiyyət vəsiqəsi paylamaq göstərişi verilib. Sözügedən prosedur aşağıdakı qaydada həyata keçirilir: evsiz qalmış vətəndaş sonuncu yaşayış yeri üzrə müvafiq strukturlara müraciət edir və vaxtilə həqiqətən də burada yaşadığı haqda arayış alır. Sonra o, bu arayışla öz rayonunun pasport stoluna gedir və şəxsiyyət vəsiqəsi alır. 

E.Əlizadə onu da əlavə edib ki, evsiz insanlar da digər vətəndaşlar kimi seçkilərdə iştirak etmək hüququna malikdirlər. 

O həmçinin vurğulayıb ki, müvafiq sənədlər toplamaq istəyən evsizlər onun başçılıq etdiyi cəmiyyətə müraciət edə bilərlər...

Evsizlik bütün ölkələr üçün ciddi problemdir. Dünya təcrübəsi göstərir ki, ilk növbədə, dövlətin və hakimiyyət strukturlarının iştirakı olmadan, vəziyyəti düzəltmək mümkün deyil. Bunun üçün isə əhalinin bu təbəqəsinə dövlət səviyyəsində tibbi yardım və sosial reabilitasiya sisteminin (təbii ki, ictimai təşkilatların dəstəyi ilə) qurulması vacibdir. 

Unutmaq olmaz ki, evsiz qalmış insanların normal həyata qaytarılması üçün əsas şərt - hakimiyyətin bu insanlara yanaşmasını dəyişməsindən və onları bərabərhüquqlu vətəndaşlar kimi qəbul etməsindən keçir. 


MƏSLƏHƏT GÖR:

366