Müəllif: Səkinə ƏLİYEVA Bakı
Təəssüf hissilə etiraf etmək lazımdır ki, Azərbaycan hər zaman su təchizatı sahəsində problemlərlə üzləşib. Bakı və ətraf ərazilərdə suyun yalnız sərt qrafiklə verilməsinə (əgər ümumiyyətlə, verilirsə) baxmayaraq, paytaxtın küçələrində "lazımsız" suyun asfalt üzərindən axaraq, şəhərboyu "mini-göl"lər yaratmasının tez-tez şahidi oluruq. Suya bu cür münasibət bakılıları, ələlxüsus da, öz evində susuz qalaraq, onu vedrələrlə qonşu həyətlərdən daşıyan şəhərliləri hiddətləndirməyə bilmir.
Bu gün əsas problem yalnız H2O-nun təchizatındakı çatışmazlıqlar deyil, həm də içməli suyun olduqca aşağı keyfiyyətli olmasındadır. Bakıya su indiyədək 5 əsas mənbədən verilir. Bunlardan ikisi şollar, biri Ceyranbatan, daha ikisi isə Kür çayından gələn xətlərdir. Onu da qeyd etmək lazımdır ki, Bakı sakinlərinin yarıdan çoxunun mənzilinə verilən su qonşu Gürcüstan və Ermənistan tərəfindən kimyəvi çirklənməyə məruz qalan Kürdən ötürülür. Qeyd edək ki, xüsusi laboratoriya avadanlığı olmadan, kimyəvi çirklənməni müəyyən etmək mümkün deyil. Ona görə də Azərbaycan vətəndaşlarına yalnız vəziyyətin gec-tez düzələcəyinə ümid etmək qalır.
Yeri gəlmişkən, hakimiyyət orqanları da yaxın vaxtlarda Oğuz-Qəbələ-Bakı su borusunun tikintisinin yekunlaşdırılacağını bildirirlər. Bu isə paytaxta verilən suyun lazımi dünya standartlarına cavab verəcəyi deməkdir.
Su disbalansı
Etiraf etmək lazımdır ki, paytaxtda olduğu kimi, Azərbaycanın digər bölgələrində də su qıtlığı ilə üzləşənlərin sayı yüz minlərlədir. "Azərsu" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmovun sözlərinə görə, problemin kökündə dayanan məsələ odur ki, yay aylarında sakinlər suya qənaət etmək haqda düşünmürlər, əksinə, ondan daha artıq istifadə edirlər və nəticədə, kəsir yaranır.
Su çatışmazlığının digər səbəbləri tikinti bumu və ölkə əhalisinin böyük əksəriyyətinin paytaxta toplaşmasıdır.
A.Rüstəmov qeyd edir ki, Bakının su şəbəkəsi 1,8 milyon insanın ehtiyacının ödənilməsi üçün nəzərdə tutulduğu halda, hazırda Bakıda və ətraf ərazilərdə 4 milyona yaxın adam yaşayır. Üstəlik, son vaxtlar paytaxtətrafı torpaqlarda 100 minə yaxın özəl ev inşa edilib. "Əksər hallarda bələdiyyələr və icra orqanları tikinti üçün torpaq ayırarkən, texniki göstəricilərə əməl etmirlər. Nəticədə, həmin rayonda artıq mövcud olan su sisteminə qeyri-qanuni qoşulma hallarına yol verilir ki, bu da sudan həddindən artıq çox istifadəyə və nəticədə, defisitə gətirib çıxarır. "Azərsu"nun əməkdaşları mütəmadi olaraq reydlər təşkil edirlər və şəhərin su xətlərinə qeyri-qanuni qoşulma faktlarını üzə çıxarırlar. Yalnız son ay ərzində 10 minə yaxın belə fakt aşkarlanıb, evlərin sahibləri müvafiq qanunvericiliyə uyğun olaraq, cərimələnib. Hazırda da bu cür reydlər davam edir", - deyə A.Rüstəmov vurğulayıb.
Doğrudan da, Avropada insanların sudan son dərəcə qənaətlə istifadə etdiyi bir vaxtda, bizdə vətəndaşların çox vaxt kranı açıq qoyaraq, suyu boş-boşuna axıtdığı göz qabağındadır. Yeri gəlmişkən, mütəxəssislərin hesablamalarına görə, əgər mənzildə krandan su damcılayırsa, gün ərzində kanalizasiyaya 24 litrə qədər içməli su axır. Kran tam açıq qaldıqda isə, gün ərzində 144 litrə qədər su israf olunur.
Bəziləri hesab edirlər ki, sudan israfçılıqla istifadənin qarşısını almaq üçün sayğacların quraşdırılması kifayət edir. Axı qənaət etmək üçün israfçılığın zələrini öz büdcəndə hiss etməlisən. Odur ki hazırda su sayğaclarının quraşdırılması geniş vüsət alıb və bu ilin sonunadək paytaxtda sayğacsız mənzilin qalmayacağı planlaşdırılır.
Təmiz su nisbi anlayışdır
Yəqin ki, bakılılar mənzillərə çirkli suyun verildiyi dövrləri yaxşı xatırlayırlar. Su ilə doldurulmuş qabın dibində lildən ibarət çöküntü əmələ gəlirdi. Bu gün ilk baxışdan belə təsəvvür yaranır ki, mənzillərə verilən suyun tərkibi ilə bağlı əvvəlki qədər problem yoxdur və zahirən onun görünüşü normaldır (əlbəttə ki, vaxtaşırı özünü büruzə verən xlor "ətrini" nəzərə almasaq). Amma eyni zamanda, hər şey göründüyü qədər də yaxşı deyil və ekoloqların iddiasına görə, bizim içdiyimiz sudan, əslində, yalnız texniki ehtiyacların ödənilməsi üçün istifadə etmək olar.
Kimsə vəziyyətdən çıxış yolunu balonlarda təmizlənmiş su almaqda görür, digərləri krandan gələn suyu qaynadır, bəziləri isə sağlamlığı haqda düşünmədən elə krandan su içirlər. Məlum olduğu kimi, insan orqanizminin 80%-i sudan ibarətdir. İnsanın yaşamasını təmin etmək üçün gün ərzində onun 1,5-2 litr maye qəbul etməsi zəruridir. Amma söhbət təmiz içməli sudan danışırıq. O sudan ki onun necə olduğunu artıq unutmaq üzrəyik...
Bəşər tarixi boyunca, içməli suyun keyfiyyəti problemi insan yaşayışının müxtəlif sahələrinə həlledici təsir göstərib. Etiraf etmək lazımdır ki, bu gün artıq içməli su - sosial, siyasi, tibbi, coğrafi, həmçinin iqtisadi problemdir. İçmək və məişətdə istifadə baxmından, suya olan tələbatın kökündə epidemioji baxımdan təhlükəsizlik və zərərsiz kimyəvi tərkib dayanır. Çox güman ki, bu gigiyenik tələblərə ya çox aşağı səviyyədə əməl olunur, ya da ümumiyyətlə, əməl edilmir. Axı əks təqdirdə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yer üzündə xəstəliklərin 85%-nin keyfiyyətsiz sudan törənməsi haqda açıqladığı faktı nə ilə əsaslandırmaq olar? İl ərzində bu xəstəliklər 25 milyon insanın həyatına son qoyur.
Dövlət strukturları iddia edirlər ki, vəziyyət tam nəzarətdədir və paytaxta ötürülən suyun tərkibi beynəlxalq normativlər və tələblərə cavab verir. Bir müddət əvvəl "Azərsu" SC-in sədri Nizaməddin Rzayev bəyan etmişdi ki, Bakıya Ceyranbatan və Kürdən axıdılan su ÜST-ün bütün normativlərinə cavab verir. Onun sözlərinə görə, hər gün içməli suyun tərkibi yoxlanılır və onun insan orqanizmi üçün ziyanlı olması barədə deyilənlər yalandır. N.Rzayevin qeyd etdiyi kimi, içməli su ehtiyatı xüsusi təyinatlı alay tərəfindən mühafizə olunur.
Amma bu açıqlamadan dərhal sonra Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi (ETEN) bəyan etdi ki, Kür çayının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi Azərbaycanın narahatlığına səbəb olur. Nazirliyin əməkdaşlarının sözlərinə görə, Kürün Xəzər dənizinə düşən hissəsindən götürülən analizlərin nəticələri sübut edir ki, ondan içməli su kimi istifadə etmək olmaz. O yalnız sənayedə istifadə üçün yararlıdır...
Xlor H2O-nun keyfiyyət problemini həll etmir, amma...
"Azərsu" SC-nin texniki idarəsinin rəisi Arif Əliyevin sözlərinə görə, bu strukturun əsas məqsədi paytaxta verilən içməli suyun keyfiyyətini nəzarətdə saxlamaqdır. O vurğulayıb ki, Azərbaycan xarici maliyyə institutlarının köməyi sayəsində təmizləyici qurğuların və nasos stansiyalarının bərpası ilə bağlı bir sıra reabilitasiya tədbirləri həyata keçirib. A.Əliyevin dediyinə görə, ölkəmizin ünvanına səslənən bütün tənqidlərə rəğmən, bu gün Bakıya verilən Kür suyunun tərkibi lazımi norma və tələblərə uyğundur. "Suda zərərli maddələrin aşkar olunması heç də "Azərsu"nun günahı deyil, buna görə məsuliyyəti Kürə zərərli maddələr axıdan qonşu ölkələr daşımalıdır. Unutmayın ki, Azərbaycanın su balansının 70%-i transsərhəd dövlətlərdə formalaşdırılır. "Azərsu"ya gəlincə isə, bizim struktur əhalinin keyfiyyətli su ilə təmin olunması üçün əlindən gələni edir", - deyə A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Kür suyu bir neçə təmizlənmə mərhələsindən keçdikdən sonra xlorlaşdırılır. Təmizləmənin son mərhələsi olan xlorlaşdırma ən etibarlı mərhələdir və heç şübhəsiz, sudakı bütün mikrob və bakteriyaları öldürür. Bunu da A.Əliyev deyir.
"Xlorlaşdırmanın təsiri uzun müddət qalır. Yəni, xlor su borusuna düşən andan özünün missiyasına başlayır. Bəzi ölkələrdə suyun təmizlənməsi üçün başqa təcrübədən - ozonlaşdırma və ya ultrabənövşəyi şüalardan istifadə olunur.Amma istənilən halda, xlorlaşma daha etibarlı vasitədir", - deyə A.Əliyev vurğulayıb.
Qeyd edək ki, inkişaf etmiş ölkələr artıq çoxdan xlorlaşdırmadan imtina ediblər. Çünki xlor yalnız mikrob və bakteriyalar üçün yox, insan orqanizmi üçün də təhlükəlidir. Xlor, hətta insanın genetik aparatının tərkibini də dəyişmək iqtidarındadır. Amerikalı və finlandiyalı alimlər sübut ediblər ki, xlorun onkoloji xəstəliklərin yaranmasına təsiri 5%-dən 15%-ədək təşkil edir. Suyun tərkibində xlorun həddindən artıq çox olması bəzən respirator xəstəliklər - pnevmaniyə, qastrit kimi xəstəliklərin yayılmasına səbəb ola bilər. Xlordan suda mikrob yoluxmasının qarşısının alınması üçün də istifadə edilir. Hərçənd, son illərin təhqiqatları sübut edib ki, bir çox viruslar xlorun təsirinə davam gətirir. Suyun ozonlaşdırılması və onun ultrabənövşəyi şüalar vasitəsilə "təmizlənməsi" kifayət qədər bahalı bir prosedur ola bilər.
Ekoloji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov isə bildirir ki, Kür suyunun tərkibi heç əvvəllər də beynəlxalq normativlərə cavab verməyib. İndi isə - Kürü həmsərhəd ölkələr daha da çirkləndirdiyindən, o, içmək üçün tam yararsızdır.
"Kürün təmizlənməsinə gəlincə, bu, çox bahalı bir prosedurdur və Azərbaycanın buna imkanı çatmaz"-deyə T.Zeynalov soruşur.
Həmsöhbətimizin vurğuladığı kimi, içməli su 7 təmizlənmə mərhələsi keçməlidir. Azərbaycanda isə yalnız 4 mərhələ var və onların ən sonuncusu məhz xlorlamadır. T.Zeynalov onu da əlavə edib ki, bizim ölkəmizdə hələ Sovet hakimiyyəti dövründə su ilə bağlı qəbul olunmuş normativlər qüvvədədir. Amma hazırda mənzillərə verilən içməli suyun keyfiyyəti nəinki beynəlxalq standartlara, heç bu normativlərə də uyğun gəlmir. "Azərbaycanda içməli su yüksək keyfiyyətdə olsaydı, əcnəbilər balonlarda satılan təmizlənmiş su almazdılar. Əsas problem ondadır ki, nə Gürcüstan, nə də Ermənistan "Transsərhəd çay və göllərin istifadəsi və mühafizəsinə dair Konvensiya"ya qoşulmayıblar. Bu isə bizim ölkəmiz üçün çox təhlükəli bir faktdır. Çünki bizim istifadə etdiyimiz içməli suyun böyük əksəriyyəti məhz transsərhəd çaylarından götürülür.
Hələ 2002-ci ildə prezident Heydər Əliyev içməli suyun keyfiyyətinin yaxşılaşdırılmasını vacib saymışdı. Məhz o vaxtdan mütəxəssislər alternativ su mənbələrinin axtarışına başladılar və bu axtarışlar uğurla nəticələndi - Qəbələ və Oğuz rayonlarında zəngin yeraltı qaynaqlar aşkarlandı. Bu suyun tərkibi, həqiqətən də, bütün normativlərə cavab verir, o, müxtəlif mineral maddələrlə zəngindir və faktik olaraq, ciddi təmizlənməyə ehtiyac duyulmur. Hazırda Oğuz-Qəbələ-Bakı su kanalının tikintisi davam edir və hakimiyyət orqanları söz verirlər ki, onun işə düşməsindən sonra paytaxtda su çatışmazlığı problemi birdəfəlik aradan qaldırılacaq.
Nə demək olar? Bizə yalnız bu dövlətmiqyaslı layihənin başa çatmasına və su probleminin birdəfəlik həllinə ümid etmək qalır...
MƏSLƏHƏT GÖR: