15 Mart 2025

Şənbə, 00:28

STANDARTLARA QEYRİ-STANDART YANAŞMA

İstehsalçıları öz məhsullarını sertifikatlaşdırmağa necə məcbur etməli?

Müəllif:

15.08.2007

Razılaşın ki, son illər Azərbaycanda mağazalardakı malların çeşidi xeyli genişlənib. Əlbəttə, bu, istehlak bazarının nisbi artımının əyani göstəricisidir. Bu da çox pozitiv cəhətdir: alıcılar seçim imkanı qazanırlar. Lakin məlum olduğu kimi, hər bal çəlləyində bir qaşıq qatran olur. 

Sirr deyil ki, bu və ya digər malı alarkən bizi heç kim saxta mal təhlükəsindən qoruya bilməz. Və bu gün XX1 əsrdə yaşamağımıza baxmayaraq, yalnız avtomobil, məişət teknikası, mebel, paltar və ayaqqabı alarkən deyil, sabun və diş pastası kimi adi şəxsi gigiyena əşyalarını seçərkən də ehtiyatlı olmaq lazımdır. Xüsusən ona görə ki, vətəndaşlarımızın əksəriyyəti Avropa  ölkələrində və ABŞ-da  geniş tətbiq olunan "keyfiyyət standartı"na əsaslanmağa adət etməyib.

 

Keyfiyyət müəmmalıdır...

Bundan əlavə, biz "qiymət fərqi" adlandırılan faktı müşahidə edə bilərik. Belə ki, paytaxtda diş pastasını 2 manata alırıqsa, şəhərin uzaq rayonlarında köşklərdən birinin piştaxtasında onun analoqu cəmi 1 manatdan bir qədər artıq qiymətə olur. Belədə istehlakçı fikirləşir: "İş malın keyfiyyətində deyil ki?". Əlbəttə, işbazlar bundan hərtərəfli istifadə edir, mağazalarındakı baha qiymətləri "Malın yüksək keyfiyyəti" ilə əsaslandırırlar. Amma bununla belə... alıcılara müvafiq sənəd təqdim etmirlər!

Əlbəttə, gigiyena əşyaları, paltar, ayaqqabı, mebel, tikinti materialları və avtomobillərə istehlakçıların hər gün aldıqları ərzaq malları qədər tələbat olmur. Keyfiyyət pozucularının sırasında ilk yerləri məhz bunların - bizim üçün çox vacib olan ət-süd məhsulları, təbii şirə, meyvə və tərəvəzin tutması bununla bağlı deyil ki? Ötən il İqtisadi İnkişaf Nazirliyi bazarda təklif olunan 1379 malı tədqiq edərək, 342 (!) adda malın keyfiyyət və təhlükəsizlik standartlarına uyğun gəlmədiyini müəyyənləşdirib. Beləliklə, bazarda təklif olunan malların üçdəbiri keyfiyyət tələbatlarına cavab vermir.

Bununla belə, qeyd olunan fakt ümidvericidir. O, ölkədə ərzaq mallarının müntəzəm yoxlamadan keçirildiyindən xəbər verir. Həm də bu yoxlamada İİN, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patentlər  üzrə Dövlət Agentliyi ilə yanaşı, Azərbaycan Azad İstehlakçılar  İttifaqı (AAİİ) və sanitar həkimləri də iştirak edirlər. Dövlət Gömrük Komitəsi də idxal olunan mallara nəzarət edir və bu məqsədlə, hətta laboratoriyalar şəbəkəsini genişləndirmək niyyətindədir. Lakin fakt faktlığında qalır: bu təşkilatların işi  keyfiyyət və təhlükəsizlik standartlarına  cavab verməyən  mallardan necə qorunmaq haqqında  kəskin sualı hələ də gündəmdən çıxarmayıb. 

Qeyd etmək lazımdır ki, cari ildə bu problemin həlli üçün möhtəşəm işlər görülüb. Nümunə kimi İİN-də restrukturlaşdırma nəticəsində Antimonopoliya Departamentinin bazasında Dövlət Antimonopoliya Xidməti strukturunun formalaşdırılmasını göstərmək olar. Yenidənqurma nəticəsində istehlakçıların hüquqlarının qorunması funksiyaları başqa struktura - İstehlak Mallarına Nəzarət üzrə Dövlət Xidmətinə  verilib. Yuxarıda qeyd olunanları nəzərə alsaq, ölkəmizdə bu qəbildən təşkilatın yaradılması çox diqqətəlayiqdir.  Xüsusilə, o həm istehlakçıların hüquqlarını qoruyacaq, həm malların keyfiyyətinə nəzarət edəcək və hətta malların televiziya və radioda reklamını diqqətdə saxlayacaq, Avropa Birliyinə ixrac olunan malları ekspertizadan keçirəcəksə... Dövlət Xidməti  Azərbaycanda istehsal olunan 11 min adda malın, həmçinin respublikaya idxal olunan malların ekspertizasını aparmaq üçün laboratoriya araşdırmalarını həyata keçirmək məqsədilə avadanlıq almaq niyyətindədir. Bununla əlaqədar, potensial  satıcılarla məsləhətləşmələr aparılır. Artıq bu gün həm sıravi mağazalarda, həm də iri müəssisələrdə, o cümlədən istehlakçıların şikayətləri əsasında seçmə yoxlamalar aparılır. İşlər Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin Veterinar Xidməti ilə birlikdə görülür. Yeri gəlmişkən, ilk reydlər nəticəsində xidmətin rəhbəri Xaliq Məmmədov kədərli qənaətə gəlib: bazarın əsas problemləri  malların qablaşdırma, saxlanma və satış standartlarına uyğun gəlməməsi, sanitar-gigiyenik normaların yerinə yetirilməməsidir. "Qara siyahı"ya ani olaraq tez korlanan mallar - ət, süd, xama, balıq, meyvə və tərəvəz düşüb. Tez-tez plastik qablaşdırmanın təkrar istifadəsi halları müşahidə olunur. Belə məlum olur ki, bu xidmətin işi hələ çox olacaq. 

 

Özünün istehsalçısı 

Bu davamlı problemin həllində təkcə satılan malların keyfiyyətini nəzarətdə saxlamalı olan çinovniklər, topdan və pərakəndə satış şəbəkəsinin sahibləri deyil, həm də... istehsalçıların müəyyən rolu ola bilər. Əslində, hər bir iş adamı keyfiyyətli və deməli, həm yerli, həm də xarici bazarda layiqli yer tutmağa qadir rəqabətə davamlı mal istehsalında maraqlı olmalıdır. Azərbaycan Kommersantlar və İstehsalçılar Birliyinin (AKİB) sədri Sevgim Rəhmanov da bu fikirdədir: "Ölkəmizdə istehsalçıların öz mallarına sertifikat almaq uğrunda çalışdıqları an çoxdan yetişib. Mən yalnız qanunla işləyən sahibkarları nəzərdə tuturam. Paytaxt kənarında gizli sexlərdə, məsələn, şampun istehsalı ilə məşğul olan başabəla işbazlar bura daxil deyil. Onlar yalnız uzunmüddətli gəlir əldə etməyə istiqamətlənirlər, mallarının rəqabətə davamlı olmasına və istehlakçıya xeyir gətirməsinə yox". "R+" müxbirinə şərhində AKİB sədri xüsusi vurğulayıb ki, hazırda Azərbaycanda buraxılan məhsulun rəsmi qeydiyyata alınması üçün heç bir maneə yoxdur.

Bununla belə, AKİB-in məlumatlarına görə, bu gün Azərbaycanda satılan malların 80%-i keyfiyyət sertifikatına malik deyil, qaiməsiz və digər müşayiətedici sənədlərsiz satılır. Buna görə istehlakçı sadəcə onların harada istehsal olunduğunu öyrənə bilmir. "Əgər siz mağazadan istehsalçının göstərildiyi hesab-fakturaları  istəsəniz, 100%-dən 90-da əmin ola bilərsiniz: onlar, ümumiyyətlə, yoxdur. Baxmayaraq ki bizdə Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli 80 saylı Qətnaməsi qüvvədədir və ölkə mağazalarında bütün məhsullar hesab-fakturalar əsasında satılmalıdır. Bundan əlavə, xarici mal adı ilə satılanlar Azərbaycana üçüncü ölkələrdən, beynəlxalq müqavilələr bağlanmadan gətirilir. Belə malların üzərində Azərbaycan və ya rus dilində informasiya olmur. Ümid bircə İqtisadi İnkişaf Nazirliyinin ekspertlərinin hesab-fakturalarla ciddi məşğul olacaqlarına qalır. Onda dövlət ölkəyə daxil olan bütün malları hesaba ala bilər və əksər istehsalçılar kölgədən çıxar".

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynovun sözlərinə görə isə,  biznesmenlər hər halda bir sıra problemlə üzləşirlər. O, ilk növbədə, hesab edir ki, malın keyfiyyətini sertifikatlaşdıran orqan müstəqil olmalıdır. "Azərbaycanda qida zəhərlənmələrinin statistikası aparılmır. Niyə? Ona görə ki, Səhiyyə Nazirliyi zəhərlənmələr haqqında məlumatları qeydə alıb geniş ictimaiyyətə açıqlaya bilməz, axı istehlakçıya ziyan vura biləcək mallara nazirlik  özü təhlükəsizlik sertifikatı verir. Türkiyə təcrübəsində olduğu kimi, sertifikatlaşdırma orqanları müstəqil olmalıdır. Belə ki, bu ölkədə mallar hər hansı parametrə görə istehlakçını razı salmırsa,  iş məhkəməyə gedir və s. Müstəqil orqan bütün xərcləri özü ödəyir, çünki keyfiyyət standartlarına uyğunluq haqqında verdiyi sənədə görə tam cavabdehlik daşıyır. Necə nümunədir?".

Daha bir problem mövcuddur. Malların keyfiyyətindən danışanda biz bəzən, tutalım, süd məhsullarının yoxlandığı laboratoriya avadanlığının beynəlxalq tələblərə nə dərəcədə uyğun olması barədə düşünmürük. E.Hüseynovun dediklərindən: "Təəssüf ki, laboratoriyaların əksəriyyətində avadanlıq kifayət qədər köhnəlib,  beynəlxalq səviyyədə sertifikatlaşdırmadan keçməyib. Bizdə müasir ölçü vasitələrinin - etalonların olmamasından necə danışmaq olar? Bilirik ki,  Azərbaycan  Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq ərəfəsindədir. Lakin hətta ÜTT-yə daxil olandan sonra belə, ölkədə müstəqil ekspertiza və sertifikatlaşdırma orqanları olmadıqca, burada heç nə  dəyişməyəcək. Həm də bizim heç təhlükəli qida məhsullarını satışdan yığışdırmaq qaydalarımız belə yoxdur!".

Yeri gəlmişkən, Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Agentliyinin reydləri dəfələrlə satışdakı çörək-bulka məmulatının təsdiq olunmuş keyfiyyət standartlarına uyğun gəlməməsi faktlarını aşkarlayıb. Bəzi mağazalar hələ də qoyulmuş normalardan aşağı çəkili çörək satır. Daha yeraltı keçidlərdə şübhəli keyfiyyətli paltar, o cümlədən uşaq geyimləri satışı haqqında nə danışmaq olar?

 

 Sirli söz - "etalon" 

Yeri gəlmişkən, bu il Azərbaycan hökuməti mal və xidmətlərin sertifikatlaşdırılması sahəsində ÜTT tələblərinin yerinə yetirilməsi prosesinə başlayıb. Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Agentliyinin rəhbəri Ramiz Həsənovun dediyinə görə, agentlik mütləq sertifikatlaşdırılmalı olan malların siyahısının qısaldılması layihəsini hazırlayır. Bu  siyahını hökumət 1993-cü ildə təsdiq etmişdi. Bu gün isə ölkədə bazarın inkişafı ilə əlaqədar onun təshihinə ehtiyac yaranıb. Hazırda siyahıda yüzdən çox adda mal var. Keyfiyyətsiz malın istehsal olunması üçün sanksiyaların gücləndirilməsinə dair məsələni nəzərdən keçirmək təklif olunur. Belə ki, indiki 500 manat həcmində cərimə o qədər də "inandırıcı" deyil. R.Həsənovun fikrincə, sahibkarlarımız hələlik keyfiyyət sertifikatlarının alınmasında xüsusi fəallıq göstərmirlər. Bu səbəbdən də qərara alınıb ki, insan sağlamlığına xüsusi təsir edən bir sıra malların - ərzaq məhsulları, ətriyyat və kosmetika, elektron cihazlarının sertifikatlaşdırılması mütləq olsun.

Sual verək: ölkədə istehsal olunan malların  Avropa və ya Amerika standartlarına tələsik  keçirilməsi rəqabətə davamlı olmayan bir çox müəssisələrin bağlanması ilə nəticələnməz ki? "R+" müxbirinə şərhində R.Həsənov qeyd edib ki, agentlik dünya standartlarına mərhələli keçidi nəzərdə tutur. "Lakin bu heç də o demək deyil ki, ölkəmizdə qəbul olunan bütün standartlar dünyadakılara uyğun  gəlmir: onların arasında elələri var ki, gələcəkdə də istifadə oluna bilər. Lakin elə sahələr var ki, təkcə məmurların deyil, sıravi vətəndaşların da narazılığına səbəb olur. Bu, ilk növbədə, ərzaq sənayesidir. İstehsalçılar özləri mallarının dünya standartlarına uyğunlaşdırılmasında maraqlı olmalıdırlar. Öz növbəsində, agentlik də keyfiyyətsiz mal istehsal edən müəssisələrlə mübarizə aparacaq". Bununla belə, müsahibimiz  dövlətin gələcəkdə malları və xidmətləri sertifikatlaşdırmaqdan imtina edərək, bu hüququ... özəl inspeksiya şirkətlərinə verəcəyini istisna etmir. 

Agentliyin iş apardığı daha bir istiqamət beynəlxalq standartların tətbiqidir. Sirr deyil ki, Azərbaycan artıq Standartlaşdırma üzrə Beynəlxalq Təşkilatın (İSO) standartlarına çıxış əldə edib. Bu ilin əvvəlində Bakıda keçirilmiş İSO seminarında təşkilatın baş katibi Alan Brayden bəyan etmişdi ki, Azərbaycan "bu təşkilatla əməkdaşlıq sahəsində bir sıra MDB ölkələrindən çox geridədir". Bu, nədən xəbər verir? - Ondan ki ölkəmizdə istehsal olunan malların çoxunun İSO keyfiyyət nişanı olmamasından. R.Həsənovun sözlərinə görə, Azərbaycan İSO-nun beynəlxalq standartlar yaradılan, dəyişikliklər və s. edilən 150 komitəsindən yalnız 3-nə üzvdür. "Daha 23 komitədə biz müşahidəçiyik. Müasir şərait ölkəmizi İSO proqramlarına qoşulmağa məcbur edir. Həm də  Azərbaycan artıq bu gün istehsal olunan meyvə şirələri, şərablar, qoz və  bəzi digər  mallar üçün İSO standartlarının qəbuluna hazıdır".

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda İSO ilə əməkdaşlıq mal  istehsalçısının arzusuna əsasən müəyyənləşdirilir. Fikrimizcə, yaxın gələcəkdə bu qəbilli əməkdaşlıq mütləq olmalıdır.

Bundan əlavə, sirr deyil ki, bu gün yerli şirkətlər xaricdə sertifikatlaşdırmaya böyük pullar sərf edirlər. Buna görə dövlət agentliyi nəzdində malların beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək üçün etalonlarla təchiz olunmuş informasiya mərkəzinin yaradılması barədə qərar qəbul olunub. Mərkəz yaradılandan sonra (cari ilin sonunadək - red.) iş adamlarının xərcləri on dəfələrlə azalacaq. Təzyiq və çəkinin ölçülməsi üçün nəzərdə tutulmuş doqquz etalon artıq alınıb. Agentlik beş il ərzində təkcə ərzaq sənayesi üçün deyil, maşınqayırma və s. sahələr üçün də daha 50 etalonun alınmasını planlaşdırır.

Sonda xatırladaq ki, cari ilin yanvarında dövlət agentliyi Azərbaycanda standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditə və patent sahələrinin inkişafı üçün Dövlət Proqramı işləyib-hazırlayıb. Bundan əlavə, respublikamızın ÜTT-yə qəbulu prosesini sürətləndirmək məqsədilə "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlanaraq, ÜTT mərkəzi ofisinə göndərilib...

Yeri gəlmişkən... Bu gün bazar iqtisadiyyatının sərt rəqabəti şəraitində əmtəə və ya xidmətlərin sertifikatlaşdırılması - onların müvafiq standartlara müvafiqliyinin bunu təsdiq edən sənəd verilməklə müəyyənləşdirilməsi olmadan uğur qazanmaq mümkünsüzdür. Əmtəə və ya xidmətlər üçün sertifikatın məcburi olmaması və onların buraxılması üçün lisenziyanın kifayət etməsi barədə fikirlər isə əsassızdır.

Lisenziya icazə verən sənəddir, sertifikat isə keyfiyyəti təsdiq edir. Onların prinsipial fərqi də elə budur. Sertifikatın olması müəssisənin müsbət imicini yaradır, onun müştəri bazasını genişləndirir. Bundan başqa, sertifikat investisiya şirkətlərinin müəssisənin istehsal gücünün artırılması və istehsal proseslərinin təkmilləşdirilməsi üçün sanballı yardım göstərmələrinin qarantı, sığorta şirkətlərinin müəssisə ilə sığorta barədə müvafiq müqafilə bağlamalarının əsası ola bilər və i. a.

Sertifikatlaşdırmaya pul sərf edən təşkilatlar artıq indidən onun bəhrəsini görürlər - bura həm dövlət sifarişləri alarkən və tenderlər zamanı üstünlük verilməsi, həm xarici şirkətlərin sifarişlərinin maneəsiz yerləşdirilməsi, həm öz məhsulunun maneəsiz ixracı aiddir ki, nəticə şirkətin maddi rifahıdır. 


MƏSLƏHƏT GÖR:

342