
BANKLARA ETİBAR ARTACAQ
Azərbaycanda əmanətlərin sığortalanması fondu fəaliyyətə başlayıb
Müəllif: Nurlanə QULİYEVA Bakı
Avqustda Azərbaycanın maliyyə sektorunda çoxdan gözlənilən yeni struktur - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yarandı. Ekspertlərin fikrincə, fondun fəaliyyətə başlaması bank sektoruna "yeni nəfəs" gətirəcək və bazarda rəqabəti gücləndirəcək. Bu isə öz növbəsində, bank əmanətlərinə zəmanəti daha da yüksəldəcək. Bütün hallarda fond, hər şeydən əvvəl, əmanətçilərin marağına xidmət edəcək və banklara müştəri cəlb etmək üçün yeni stimul olacaq.
Qeyd etmək lazımdır ki, belə fondlar dünyanın 70 ölkəsində fəaliyyət göstərir və Azərbaycanda onların əksəriyyətinin təcrübəsi öyrənilib. ƏSF-in öz işini necə quracağı barədə müxbirimizin suallarını ilk eksklüziv müsahibəsində fondun icraçı direktoru Azad Cavadov cavablandırıb:
-Fondun əsas məqsədi, bank müflis olduğu halda, əmanətçilərin buradakı vəsaitlərinin qaytarılması və bankın depozit qəbul etmək üçün lisenziyasının ləğvidir. Əvvəlki illərdə bəzi bankların və bank xidmətləri göstərən digər strukturların bir günün içində müflisləşməsi və əhalinin onlara etibar etdikləri vəsaitlərin qaytarılmaması hələ də vətəndaşlarımızın bir çoxunun yaddaşından silinməyib. Elə ƏSF-in məqsədi də həmin insanları bank əmanətlərinin sığortalandığına birmənalı şəkildə əmin etməkdən ibarətdir. Odur ki hər bir bank depozit müqaviləsində fonda üzv olduğunu göstərməyə borcludur.
Doğrudur, bildiyiniz kimi, hələlik söhbət yalnız 4 min manata qədər (faizlər də daxil olmaqla) əmanətlərə zəmanət verilməsindən gedir. Lakin bu heç də bir nəfərə əmanətlərinin təhlükəsizliyini tam təmin etmək üçün müxtəlif banklarda həmin məbləğdə bir neçə əmanətə malik olmağı qadağan etmir. Yəni bank özünü müflis olmuş elan etdiyi halda, 4 min manatın hamısı əmanətçiyə ƏSF-nin vəsaitindən fond və agent-bank vasitəsilə qaytarılacaq. Yeri gəlmişkən, gələn ildən 1 yanvar 2010-cu ilə qədər sığortalanan məbləğ 6 min manata qədər, 1 yanvar 2010-cu ildən isə 8 min manata qədər artırılacaq.
-Fond artıq real fəaliyyət göstərirmi?
-Prezidentin 9 fevral 2007-ci il tarixli Sərəncamına əsasən, Əhalinin Əmanətlərinin Sığortalanması Fondu bu il avqustun 11-dən etibarən fəaliyyətə başlamalıdır. Biz artıq bütün hazırlıq işlərini başa çatdırmışıq və fəaliyyətə başlamışıq. Bildiyiniz kimi, Fondun Himayəçilər Şurası formalaşdırılıb. Onun tərkibinə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev, "Azəriqazbank" ASC Müşahidə Şurasının sədri Çingiz Əsədullayev, İqtisadi İnkişaf Nazirliyinin iqtisadi inkişaf və proqnozlaşdırma siyasəti şöbəsinin müdiri Şahin Sadıqov, Maliyyə Nazirliyinin şöbə müdiri Ziyəddin Allahverdiyev, Milli Bankın İdarə Heyəti sədrinin müavini Rüfət Aslanlı, MB-nin hüquq departamentinin direktoru Rəna Məlikova və Bazar Əməliyyatları Departamentinin şöbə müdiri İsi Mustafayev daxildirlər; paralel olaraq, həmin strukturlardan onları əvəz edən şəxslər də təsdiq edilib. Qanunla onların səlahiyyət müddəti 5 il müəyyənləşdirilib, lakin əvəzləmələrin bu müddətdən əvvəl aparılması da mümkündür. Şuranın başçısı Ç.Əsədullayev seçilib. Artıq Himayəçilər Şurası iki toplantı keçirib, tərkibini təsdiq edib, mən isə icraçı direktor təyin olunmuşam. Fondun büdcəsi də təsdiq edilib və hesablamalarımıza görə, o, təxminən 7 mln manat olacaq. Gələcəkdə Himayəçilər Şurası rübdə azı bir dəfə toplaşacaq.
Bir daha qeyd etmək istərdim ki, ƏSF müstəqil qurumdur. Hər il tanınmış beynəlxalq şirkətlər fondun fəaliyyətinin auditini keçirəcək. Auditin nəticələrini ölkə prezidentinə və Himayəçilər Şurasına daxil olan strukturlara təqdim etdikdən sonra, KİV-lərdə açıqlayacağıq. Yəni ƏSF-in fəaliyyətinin şəffaflığına heç bir şübhə qalmamalıdır.
-ƏSF-ə neçə bank üzv olub?
-Qanunvericiliyə görə, Azərbaycanda fəaliyyət göstərən və Milli Bankdan əhalidən əmanətlərin qəbulu üçün lisenziya alan bütün banklar Əhalinin Əmanətlərinin Sığortalanması Fonduna üzv olmalıdırlar. Artıq Milli Bank bizə siyahını təqdim edib və onun əsasında banklara fondda üzvlük haqqında şəhadətnamələr vermişik. Avqustun 13-nə olan məlumata görə, bunlar ölkənin depozit bazarının 90%-ni əhatə edən 30 bankdır.
Xarici bankların filiallarına və törəmə qurumlarına gəldikdə, onlar fonda təmsil etdikləri ölkədə belə bir qurum olmadığı halda daxil olmalıdırlar. Məsələn, Pakistan Milli Bankının fililalı artıq bizim üzvümüzdür.
Hər bir bank üçün fonda üzvlük haqqı 10 000 manatdır. Bu, bankların ƏSF reyestrinə daxil olduqdan sonrakı 10 gün ərzində onun hesabına keçirməli olduqları birdəfəlik ödənişdir.
-Fondun kapitalı yalnız bundan formalaşacaq?
-Əlbəttə ki, yox. Hazırda fondun kapitallaşması üçün Almaniya İnkişaf Bankı (KfW) vasitəsilə Almaniya hökuməti tərəfindən 5 mln avro ayrılması məsələsi müzakirə olunur. KfW işin təşkili üçün qrant şəklində daha 1 mln avro ayıracaq.
Fondun kapitallaşmasının ikinci komponenti bankların təqvimi ödənişləridir. Rüb ərzində bunlar sığortalanmış bank əmanətlərinin orta sutkalıq qalıq məbləğinin 0,15%-i qədərdir. Deməli, fondun fəaliyyətinin birinci ili ərzində bu, 0,6% təşkil edəjək. Azərbaycandakı bankların bütövlükdə 1 mlrd manat əmanətə malik olduqlarını nəzərə alsaq, təxminən 6 mln manat. Lakin bu il real şəkildə yalnız, təxminən, 1,5 mln manat köçürüləcək, çünki dördüncü rüb üçün köçürmələr rüb başa çatdıqdan sonrakı 10 gün ərzində daxil olacaq. İkinci il təqvim ödənişləri rüblük 0,125%-ə (il ərzində 0,5%) qədər azaldılacaq.
Ödənişlər fondda bütün depozit əmanətlərinin 5%-nə bərabər məbləğ yığılana qədər davam edəcək. Biz fondun vəsaitlərini dövlət qiymətli kağızlarına, MB-nin notlarına, mərkəzi və yüksək reytinqli bankların depozitləri və yüksək reytinqli maliyyə alətlərinə yerləşdirəcəyik. Belə bankları seçmək üçün tender əsasında cəlb edilmiş xarici ekspertlərin məsləhətlərindən yararlanacağıq. Artıq KfW bankını bizə bu işdə yardımçı olmağa dəvət etmişik.
-"Əmanətlərin Sığorta Fondu haqqında" Qanun qəbul edilərkən bütün banklar üçün eyni ödəniş faizlərinin ədalətli olması barədə çoxlu mübahisələr meydana çıxdı. Siz bu fikri əsaslı sayırsınızmı?
-Fikrimcə, qanunda hər şey kifayət qədər ədalətlidir. Depozitlərinin həcmi böyük olan bank daha çox ödəməlidir. Bütövlükdə. Güman edirəm ki, fondun yaradılması vaxtında qəbul olunmuş qərardır.
-Hesab edirsiniz ki, fonda rüblük köçürmələr depozit şərtlərinə təsir göstərməyəcək? Yəni bankirlər bunun əvəzini əmanətçilərdən çıxmayacaqlar ki?
-Məncə, bu sadəcə onların maraqlarına ziddir. Əmanətçilərin ziyanına dəyişikliklər olsa da, çox cüzi olacaq. Əksinə də ola bilər: axı indi bütün banklar əmanətlər üzrə risqlərin sığortalanmasında eyni şəraitdədir. Yəni potensial müştərilər indi bankların müflisləşmə risqinin böyüklüyünə deyil, depozit şərtlərinə daha çox diqqət yetirəcəklər. Bununla əlaqədar, ayrı-ayrı bankların depozitlər cəlb edilməsi siyasətinin dəyişməsi də mümkündür.
-Sizcə, hazırda yerli banklardan hansınınsa müflisləşməsi risqi varmı? Bu halda, fonddakı vəsait əmanətçilərin pullarını qaytarmağa bəs edəcəkmi?
-Risk həmişə var. Lakin ölkə iqtisadiyyatının indiki inkişaf templəri və AMB tərəfindən nəzarət funksiyalarının gerçəkləşdirildiyi nəzərə alınaraq, bu risklərə nəzarət etmək mümkündür. Vəsaitin kifayət edəcəyinə gəldikdə, hər şey hansı bankın müflisləşməsindən, yəni orada sığortalanmış əmanətlərin həcmindən asılı olacaq. Lakin istənilən halda, fondun qiymətli kağızlar buraxmaq yolu ilə AMB və dövlətdən vəsait əldə etmək imkanı var. Fondun vəsaiti çatışmadığı və o, borc götürməli olduğu halda, banklar əlavə ödənişlər etməli olacaq.
MƏSLƏHƏT GÖR: