
KREDİTLƏ MALI NECƏ ALMALI?
İstehlak kreditləşdirməsi: bahalıdır, risklidir, amma zəruridir
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Azərbaycanda əhali üçün kreditlər bazarı gənc və çox perspektivlidir. Mütəxəssislərin proqnozlarına görə, yaxın illərdə istehlak kreditləşdirməsi banklararası rəqabətin əsas mövzularından birinə çevriləcək. Lakin hələ vətəndaşların əksəriyyəti yeni xidmətə ehtiyatla yanaşır: onlar üçün kredit götürmək ömrünü borc içində keçirməyə bərabərdir.
Görünür, bizim cəmiyyət hələ tam dərk etməyib ki, insan öz vəsaiti olmadan da biznesini qura, mənzil və avtomobil əldə edə, təhsil ala bilər. İnkişaf etmiş ölkələrdə krediti həyatlarının ayrılmaz tərkib hissəsinə çevirən əhalidən fərqli olaraq, ölkəmizdə buna kreditləşdirmə sisteminin mükəmməl olmaması əngəl yaradır. Bu maneələr aşağıdakılardır: Qərb ölkələrilə müqayisədə kreditlər üzrə faiz dərəcələrinin yüksək olması, kreditlərin bölgə sakinləri üçün əlçatmazlığı, verilən borcların qısamüddətli olması, əlverişsiz girov sistemi. Sadalananlardan başqa, çox vaxt insanlar, əsasən, sosial səciyyəli maneələrlə də üzləşirlər - əmək haqqının və digər gəlirlərin aşağı səviyyədə olması, yaşayış minimumunun yüksək həddi və s.
Lakin istənilən halda, bank xidmətlərinin bu növünün üstünlüklərindən yararlanmağa dəyər. Həyatımızdan ən sadə bir misal: yayın ən qızmar çağında lazımi məbləğ olmadan da kreditlə kondisioner almaq, onun pulunu isə müəyyən dövrə ödəmək olar.
Mağazalara sərfəlidir
Cəlbedici reklam çarxlarında mağazalar əhalinin geniş təbəqələrini kreditlə məişət texnikası, kondisionerlər, televizorlar, kompüterlər və s. almağa çağırırlar. Şübhəsiz ki, bu, bankların verdikləri kreditlərin cəlbediciliyini artırır. Bundan başqa, əhalinin kreditləşdirmənin bu növünə marağını ölkədəki iqtisadi sabitlik və ödəniş qabiliyyətinin yüksəlməsi də artırır, çünki real gəlirlərin artması vətəndaşların yaxşı yaşamaq, zamanla ayaqlaşmaq istəyini gücləndirir.
Əlbəttə, bizim Qərbdəki qədər kreditlərdən istifadə etməyimizə hələ çox var. Lakin Milli Bankın 1 iyun 2007-ci il üçün məlumatına görə, bankların ticarət və xidmətlər sahəsində təqdim etdiyi kreditlərin həcmi 781,6 mln manat olub ki, bu da keçən ilin analoji dövründəkindən 75,2% çoxdur. Ev təsərrüfatlarına 1 025,5 mln manat kredit verilib və burada artım 2,1 dəfə olub.
İstehlak kreditləri, yəni əhali üçün kreditlər hələ ölkəmizdəki bankların kredit bazasını təşkil etməsə də, bu göstərici durmadan artmaqdadır. Bank ekspertləri hesab edirlər ki, insanın ödəniş qabiliyyətinin konkret qiymətləndirilməsi əsasında verilən bu kredit növündən yaxşı qazanmaq olar və sıravi vətəndaşa kredit vermək korporativ müştərilərə kredit verməkdən qat-qat sadədir.
Lakin əhalinin banklara müraciətinin sayına mənfi təsir göstərən amillərdən biri də malların bilavasitə ticarət obyektlərinin özü tərəfindən kreditə verilməsidir. Bu zaman sadəcə maaş haqqında arayış təqdim etmək kifayətdir, halbuki bank krediti almaq uzun prosedurlar hesabına başa gəlir. Özü də minimum illik 16-18, bəzən isə hətta 24 və 30 faizlə. Amma o da sirr deyil ki, mağazaların əksəriyyəti kredit təklif edərkən, malları nağd və hətta bank vasitəsilə satdığından daha artıq qiymətə təklif edir. Başqa sözlə, elə həmin bank faizləri malın satış qiymətinə daxil edilir. İstənilən halda, əhali belə qiymət artımına da həvəslə razı olur, çünki zəruri əşyaları bank bürokratiyası və faizlər üzrə öhdəliklər olmadan cəmi bir neçə dəqiqə ərzində almaq mümkündür. Lakin son zamanlar kreditor mağazalarla müştərilər arasında ziddiyyətlər meydana çıxır və bu, irimiqyaslı səciyyə kəsb etməkdədir. Səbəb isə müqavilə bağlandıqdan sonra malların çatdırılmasındakı yubanmalarla bağlıdır. Məsələn, müştəri kondisionerin çatdırılmasını 3 aya qədər gözləməli olur, halbuki ona məhz yay dövründə böyük tələbat var. Ticarət obyektləri banklarla işlədikdə isə bu daha etibarlı olur, çünki bankla olan razılaşmaya əsasən, mağazalar müştərilər qarşısında daha böyük məsuliyyət daşıyır və bu qəbildən olan halların sayı minimuma endirilir.
Banklar üçün risklidir
Doğrudur, müştəri ilə mağazanın birbaşa qarşılıqlı münasibətləri dünya təcrübəsində də mövcuddur. Bir sıra hallarda bu, hətta bankların istehlak kreditləşdirməsindən imtinasına da gətirib çıxarır. Lakin məsələnin yalnız banklarla kreditor mağazalar arasındakı rəqabətdə olduğunu düşünmək sadəlövhlük olardı. Bankların istehlak kreditlərinə marağına bütövlükdə kredit bazarındakı durumun təsir göstərə bilməsi daha mümkün variantdır. Məsələn, Azərbaycan Milli Bankının uçot dərəcəsini 13%-ə qədər qaldırması ilə əlaqədar, kommersiya bankları da kreditlərin faiz dərəcələrini qaldırmaq məcburiyyətində qalıb. Bahalı kreditləri isə, təbii ki, alan az olur. Digər tərəfdən, bankların istehlak kreditlərindən ehtiyat etmələri dünya bazarlarında cərəyan edən proseslərlə bağlıdır.
Məsələn, qonşu Rusiyada bank xidmətlərinin bu növü özünü doğrultmadı. Artıq RF Mərkəzi Bankının sədri Sergey İqnatyev istehlak kreditləri üzrə vaxtı ötmüş borcların çoxalması ilə bağlı narahatlığını da açıqlayıb. Aprelin 6-da o, Rusiya Bankları Assosiasiyasının qurultayında bildirib ki, əgər 1 yanvar 2006-cı il üçün vaxtı ötmüş borcların fiziki şəxslərin kreditlər üzrə ümumi borclarına nisbəti 1,9% təşkil edirdisə, 1 yanvar 2007-ci ildə bu göstərici artıq 2,6% olub. "RusRating" agentliyinin dəyərləndirməsinə görə, ayrı-ayrı banklarda vaxtı ötmüş kreditlərin payı 15%-dən də yuxarıdır, halbuki ən yuxarı hədd 10% ola bilər.
Bu hədd heç də təsadüfi seçilməyib. 3 il bundan əvvəl vaxtı ötmüş ödənişlərin payı bu həddi keçdikdə, Cənubi Koreyada istehlak kreditləri üzrə ödəməmələrlə bağlı böhran baş verdi. Bu həddə yetişərkən, banklar borcalanlara verilən tələbləri kəskin sərtləşdirir, vətəndaşların bir çoxu köhnə kreditləri təkrar maliyyələşdirmək üçün yeni kreditlər götürmək imkanından məhrum olur. Nəticədə, verilən kreditlərin payı azalır, vaxtı keçmiş kreditlərin payı isə sürətlə artır. Böhran da elə bundan doğur. Kreditləşdirmənin azaldılması istehlak xərclərinin aşağı düşməsinə gətirib çıxarır, bu isə öz növbəsində, əhalinin gəlirlərinin azalmasına səbəb olur ki, sonda ödəməmələr daha da çoxalır.
İstehlakçıların isə ehtiyacı var
Banklar kimi, borcgötürənlərin də imkanları obyektiv iqtisadi şəraitlə məhdudlaşır. Həcmlər həddən artıq kiçik, faizlər yüksək, vaxt qısadır. Girov predmetinə (mənzil, bağ, qiymətli kağızlar, avtomobil) malik olmayan borcalanın kredit götürmək imkanı çox məhduddur. Əhalinin ödəmə qabiliyyətinin aşağı olması bankları faiz dərəcəsinə kreditlərin qaytarılmaması risqini də əlavə etməyə məcbur edir. Bu isə kreditləri bahalaşdırır və kreditləşdirmənin geniş inkişafına mane olur.
Digər bir problem "ikili mühasibat"dır. Bir çox sahibkarın mühasibat sənədlərində əməkdaşlarının maaşlarını az göstərməklə vergidən yayındığı heç kim üçün sirr deyil. Nəticədə, kifayət qədər ödəmə qabiliyyətinə malik insan bankda kredit ala bilmir, çünki kredit müəssisəsini gəlirlərinin həcmi barədə rəsmi şəkildə əmin etmək imkanı olmur. Lakin istehlakçı hətta banka ödəniş qabiliyyətinə malik olduğunu sübut edə bildiyi halda da, nisbətən iri məbləğdə kredit götürmək üçün (məsələn, avtomobil alarkən) qohumları, dostları, tanışları arasından bir nəfəri zamin kimi cəlb etməlidir. "İkili mühasibat" burada da özünü göstərir - zaminin rəsmi gəlirləri bankı kreditin qaytarılacağına inandırmalıdır. Axı bir qayda olaraq, kreditin ödənilməsi üçün rəsmi gəlirin 25%-i kifayət etməlidir.
Hökumət isə kredit risqinin idarə olunması məsələsində bankları dəstəkləməyə çalışır. Bu riskləri ölkədə Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) yaradılması ilə azaltmaq mümkündür. Reyestrdə bu və ya digər banka kredit üçün müraciət edən hər bir borcalanın kredit tarixçəsi, o cümlədən onun gəlirləri, daşınmaz əmlakı, əmanətləri və i. a. barədə məlumat saxlanılır.
Milli Bankın lisenziyalaşdırdığı bütün banklar kredit portfeli barədə Kredit Reyestrinə məlumat təqdim etməyə borcludur. Yeri gəlmişkən, 2005-ci illə müqayisədə, Kredit Reyestrindən informasiya almaq üçün müraciətlərin sayı da xeyli artıb. 2005-ci ilin mart ayından fəaliyyətə başlayan MKR-ə həmin il 319 sorğu (248 - fiziki, 71 - hüquqi şəxslər barədə) daxil olmuşdu. 2006-cı ildə isə sorğuların ümumi sayı artıq 5 302 olub və onların böyük əksəriyyətini (4928) fiziki şəxslər barədə sorğular təşkil edib. 2007-ci ilin cəmi 2 ayı ərzində isə bütün 2005-ci ildən qat-qat çox - 1 500 sorğu verilib.
2006-cı ildə 3-4 bank istisna olmaqla, bankların böyük əksəriyyəti il ərzində MKR-dən azı bir dəfə informasiya istəyib. Milli Bankın təmsilçilərinin fikrincə, bu, kredit risklərinin idarə olunması sisteminin təkmilləşdirilməsi üçün yaxşı göstəricidir. Risk azaldıqca, istehlak kreditləşdirməsi daha yaxşı inkişaf edəcək.
MƏSLƏHƏT GÖR: