Müəllif: Nurlanə Quliyeva Bakı
Azərbaycan iqtisadiyyatı bu il də MDB məkanında liderliyi əldə saxlamaqdadır. Lakin artıq Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə yanaşı, inflyasiyanın səviyyəsi üzrə də, belə demək mümkündürsə, "öncül" mövqeyə sahib olmuşuq. Doğrudur, iqtisadi nəzəriyyə ilə azacıq da olsa tanış olanlar bu iki göstəricinin biri-birinə bağlı olduğunu yaxşı bilir. Bununla belə, etiraf etmək lazımdır ki, sadə vətəndaşı ÜDM-in artımından daha çox, istehlak qiymətləri indeksinin artımı (inflyasiya) daha çox maraqlandırır.
Elə bu səbəbdən də inflyasiya hər zaman dövlətin və hökumətin diqqət mərkəzində saxlanılır. Bunun şahidi olmaq üçün isə uzağa getmək lazım deyil. Azərbaycan hökumətinin bu ilin birinci yarısının yekunlarına dair toplantısında prezident İlham Əliyev nitqinin böyük hissəsini məhz ölkədə gedən bahalaşma və ondan çıxış yollarına həsr edib.
İnflyasiya ilə mübahisə mümkün deyil
Başlayaq ürəkaçan faktlardan. Belə ki, 2007-ci ilin birinci yarısında Azərbaycanda ÜDM-in artımı 35% təşkil edib və bu, dünyada ən böyük göstəricidir. Beləliklə, son 3 ildə iqtisadiyyatımız faktik olaraq iki dəfə artıb ki, bunun da dünyada analoqu yoxdur.
Altı ay ərzində sənayedə 35%, kənd təsərrüfatında isə təxminən 5% artım qeydə alınıb. Əhalinin gəlirləri 37%, əmək haqqı isə 26% artıb.
Lakin bu ürəkaçan fonda istehlak qiymətləri indeksinin artım sürəti heç də arzuolunan səviyyədə deyil. Altı ayın yekunlarına görə, ölkədə inflyasiyanın səviyyəsi 16% təşkil edib. Prezident İlham Əliyevin sözlərinə görə, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərə, ilk növbədə, dünya bazarında neftin qiymətinin artması və bunun nəticəsində istehlak mallarının bahalaşması aiddir.
Digər bir obyektiv səbəb isə, Azərbaycanın dövlət büdcəsinin sürətlə artması ilə bağlıdır. Hazırda dövlət büdcəmizin xərcləri 7,5 mlrd, icmal büdcəsi isə 9 mlrd dollara çatır. Bu isə iqtisadiyyata maliyyə təzyiqinin yüksək olduğunu göstərir. Digər tərəfdən, bu il büdcə həm sosial, həm də investisiya təyinatlıdır və infrastruktur layihələrinə ayrılan vəsaitlərin bəzən təyinatı üzrə xərclənməməsi istisna deyil. Bu səbəbdən büdcə xərclərinin şəffaflaşdırılması məsələsi bu gün hər zamankından daha aktual görünür.
İnflyasiyanı sürətləndirən obyektiv faktorlardan biri də minimum əmək haqları, pensiya və müavinətlərin artırılmasıdır. Hazırda Azərbaycanda minimum əmək haqqı və minimum pensiya təxminən 60 dollar, orta pensiya isə 70 dollar səviyyəsindədir.
Bununla yanaşı, bahalaşmanı sürətləndirən subyektiv amillər də az deyil. Söhbət qeyri-sağlam rəqabət aparan ayrı-ayrı işbazlar, firma və şirkətlərin qiymətləri süni şəkildə artırmasından gedir. Ölkə başçısı növbəti dəfə müvafiq dövlət qurumlarını belə hallarla mübarizəyə çağırdı və onlar, deyəsən, artıq hərəkətə gəliblər. Hər halda onlar belə deyir. Qiymətlər isə artmaqda davam edir.
İstehlak qiymətlərinin indeksi necə hesablanır?
Milli Bankın hesablamalarına görə, inflyasiya prosesinin 40%-i monetar, 60%-i isə digər faktorlardan asılıdır. Bu zaman istehlak səbətinin 54%-i ərzaq məhsullarının payına düşür. Əgər bu sektorda qiymətlər, məsələn, 5,5% dəyişərsə, son nəticədə inflyasiya 3%-ə bərabər olur.
Hazırda Milli Bank istehlak qiymətlərinin 1 ay, 1 il və orta müddətli perspektivdə necə dəyişməsini öyrənir. Birinci halda inflyasiya iqtisadiyyatda baş verən qısamüddətli şok effekti yaradan hadisələrdən, struktur dəyişikliklərindən qaynaqlana bilər. Bu səbəbdən Milli Bank 1 aylıq deyil, 1 illik göstəricilərə daha çox üstünlük verir.
Baza inflyasiyası adlanan göstəricini hesablamaq məqsədilə Milli Bankın mütəxəssisləri dünyanın 50-dən artıq ölkəsinin (Kanada, Braziliya, Türkiyə, Tailand və Avropa ölkələrinin) mərkəzi banklarının təcrübəsini öyrəniblər. Onların bir çoxu bizdə olduğu kimi baza inflyasiyasını hesablayarkən enerji daşıyıcıları, ictimai nəqliyyat və digər dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərini nəzərə almırlar. Nəticədə baza inflyasiyası ilə ümumi inflyasiya arasında fərq təxminən 1-2% təşkil edir. Baza inflyasiyasını hesablayarkən Milli Bank istehlak səbətini təxminən 16% mal və xidmətlərdən "təmizləyir" ki, bu da qiymətləri dövlət tərəfindən tənzimlənən, eləcə də mövsümi xarakter daşıyan mallardır (məsələn, meyvə və tərəvəz).
Real nəticəyə gəldikdə isə vəziyyət belədir. Milli Bankın İdarə Heyəti sədrinin müavini Avtandil Babayevin bu yaxınlarda verdiyi məlumata görə, 2007-ci ilin sonunadək Azərbaycanda baza inflyasiyası birrəqəmli həddə qalacaq (birinci yarımillikdə bu göstərici 9% olub). O ki qaldı ümumi inflyasiyaya, belə getsə, onun səviyyəsi 15-16%-ə çatacaq.
Əhali üçün vacib olan da məhz sonuncu göstəricidir. Çünki o, istehlak səbətinin dəyərinin necə dəyişdiyini daha real göstərir.
Yaşayış üçün minimum
Azərbaycanda minimal istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənir. Onun tətbiqi haqda tapşırıqlar isə "Yaşayış minimumu haqqında" qanunun tətbiqi haqqında prezident fərmanı ilə verilib. İstehlak səbətinə üç ildə bir dəfə aidiyyəti dövlət qurumları, həmkarlar ittifaqları, elmi və qeyri-hökumət təşkilatları tərəfindən yenidən baxılır.
Yeri gəlmişkən, bu səbətin strukturu 2005-ci ilin ortasında dəyişdirilib. Əvvəl buraya 380 adda mal və xidmət daxil idisə, indi onların sayı 585-ə çatır. İstehlak səbətində hər vətəndaşın ay ərzində istehlak etdiyi mal və xidmətlərin həcmi də göstərilir (cədvəldə bəzi nümunələr göstərilib).
Bununla yanaşı Həmkarlar İttifaqları Konfederasiyası da ayrıca minimal ərzaq səbətinin hesablanması ilə məşğuldur ki, onun da nəticələri əksər hallarda rəsmi statistika ilə üst-üstə düşmür (cədvəl).
Bu il əhalinin bütün qrupları üzrə aylıq istehlak səbətinin dəyəri orta hesabla 66,2 manat həddində müəyyənləşdirilib. Bu göstərici yaşayış minimumundan 3,4% çoxdur. Lakin əgər bu xərcləri ayrıca qruplar üzrə nəzərdən keçirsək, görərik ki, əmək qabiliyyətli əhalinin payına 74,2 manat, pensiyaçıların payına 61,2 manat, 15 yaşadək uşaqların payına isə 62,9 manat düşür.
Belə olan halda, əhalinin rifah halına birbaşa təsir edən yüksək inflyasiya adi vətəndaşlar üçün heç də ürəkaçan hal sayıla bilməz. Və əgər imkanlı ailələri və ya az-da olsa formalaşmış "orta təbəqə"ni qiymət artımı o qədər də narahat etmirsə, yoxsulluq həddindən aşağı yaşayan insanları bu, ciddi qayğılandırır. Belə insanların sayı isə Azərbaycanda 20%-dir.
Bəs nə etməli?
Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var. Birincisi, prezident İlham Əliyevin vurğuladığı kimi, inflyasiya prosesləri ciddi nəzarətə götürülməlidir. Və burada birdəfəlik monitorinq və yüngül inzibati cəzalarla kifayətlənmək olmaz. Bazar daim nəzarətdə saxlanılmalı, işbazlara və inhisarçılara qarşı ən ciddi tədbirlər görülməli, istehsalçıların öz mallarını bazara çıxarması üçün əlverişli şərait yaradılmalıdır. Özü də təkcə istirahət günləri təşkil edilən yarmarkalar vasitəsilə yox. Bu iş daimi əsaslarla təşkil olunmalıdır. Bununla yanaşı yerli istehsalçı daha da həvəsləndirilməlidir ki, bazarda təklif artsın.
Görülən tədbirlərdən Milli Bank da kənarda qalmalıdır. O, hər zaman olduğu kimi, maliyyə bazarına müdaxilə etməklə inflyasiyanı nəzarətdə saxlaya bilər.
Digər tərəfdən, qiymət artımı əmək haqqı, pensiya və digər sosial ödənişlərin adekvat artımı ilə müşayiət olunarsa, əhali bahalaşmanın neqativ təsirini daha az hiss edə bilər. Əhalinin gəlirlərinin və deməli, xərclərinin də artması özü-özlüyündə inflyasiya yaradan amil olsa da, pensiya və müavinətlərin artması qısamüddətli perspektivdə sosial gərginliyi aşağı sala bilər. Dövlət başçısının bildirdiyi kimi, gələcəkdə də ölkənin sabitliyi və gələcək inkişafı üçün bu iqtisadi vasitədən istifadə olunmalıdır.
MƏSLƏHƏT GÖR: