
"HALQA" ƏMƏLİYYATI
"Qazprom" Avropaya həm şimal, həm də cənub istiqamətində hücumu davam etdirir
Müəllif: Sahib Camal Bakı
Balkan enerji sammiti (iyunun sonlarında Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilib və orada prezident Vladimir Putin iştirak edib) ərəfəsində Rusiyanın "Qazprom" və İtaliyanın "Eni" şirkətləri "Cənubi Axın" qaz kəmərinin yaradılması üçün işə başlanması barədə memorandum imzaladılar. Kəmər Avropanın cənubuna qaz tədarük etmək üçün nəzərdə tutulur. Yeni marşrutu Türkiyədən keçməklə deyil, Rusiyadan Qara dənizin dibilə birbaşa Bolqarıstana çəkmək planlaşdırılır. Ekspertlər qeyd edirlər ki, beləliklə, Rusiya Avropaya öz qazının tədarükü dəhlizlərini diversifikasiya edir və bir nəqliyyat qovşağından asılı olmur.
"Cənubi Axın" (South Stream) layihəsinin gerçəkləşdirilməsinə dair anlaşma memorandumunu "Qazprom"un İdarə Heyətinin sədr müavini, "Qazpromeksport" MMC baş direktoru A.Medvedev və "Eni" şirkətinin başçısı Paolo Skaroni strateji tərəfdaşlıq barədə 14 noyabr 2006-cı il tarixli ikitərəfli razılaşma çərçivəsində imzalayıblar.
900 km uzunluğunda qaz kəməri Qara dənizin dibilə Rusiyadan Bolqarıstana gedəcək, onun illik ötürmə gücü isə 30 mlrd. kub metrə qədər olacaq. Bolqarıstanda "Cənubi Axın" iki boru kəmərinə bölünəcək. Bunlardan biri Rumıniya və Macarıstandan keçməklə Avstriya və Sloveniyaya, digəri isə Yunanıstandan keçməklə İtaliyaya istiqamətlənəcək.
Yeni layihənin reallaşdırılması üçün birgə müəssisə (BM) - qaz kəmərinin inşasının operatoru yaradılacaq və o, sonda kəməri konsessiyaya götürəcək. "Eni" rəhbəri dəqiqləşdirdi ki, tərəfdaşlar layihəni paritet əsaslarla maliyyələşdirəcəklər. "Qaz kəməri bütün zəruri icazələr alınandan 3 il sonra işə düşəcək", - deyə cənab Skaroni aydınlaşdırdı. "Qazprom"da deyirlər ki, layihənin dəyəri və tərəfdaşlar arasında pay bölgüsü texniki-iqtisadi əsaslandırma (TİƏ) işlənib-hazırlandıqdan sonra müəyyənləşəcək. Bu işi İtaliyanın Saipem şirkəti yerinə yetirir. Bu şirkət "Qazprom"la "Eni" şirkətlərinə məxsus "Mavi Axın" layihəsində də iştirak edib. Rəsmi informasiyaya görə, indiyədək "Cənubi Axın" üçün TİƏ-ni macar "MOL" şirkəti hazırlayırdı. "Qazprom"da bu monopoliyaçı şirkətin macar layihəsindən nəyə görə narazı qaldığını açıqlamasalar da, imzalanan sənəddən boru kəmərinin marşrutunun kəskin dəyişdiyi görünür. Əvvəllər kəmərin Qara dənizi "Mavi Axın"a paralel keçərək, Türkiyəyə istiqamətlənəcəyi güman edilirdi. Lakin ekspertlərin qeyd etdikləri kimi, Türkiyə yeni layihəyə maraq göstərmədi, çünki ona alternativ olan "Nabucco" layihəsini açıq dəstəkləyir.
Bir sıra ekspertin rəyinə görə, "Cənubi Axın"ın marşrutunun dəyişməsi Avropaya qaz tədarükü dəhlizlərinin diversifikasiyası üçündür. "Alfa-bank"dan olan K.Batunin "Cənubi Axın"ın təkcə dəniz hissəsini $3-4 mlrd həcmində qiymətləndirib. "Kommersant" qəzetinə müsahibəsində analitik deyib: "Birbaşa Bolqarıstandansa, "Mavi Axın" yatağında ikinci qolu çəkmək daha ucuz başa gələrdi. Lakin onda "Mavi Axın"la "Cənubi Axın"ın birgə ötürmə qabiliyyəti 48 mlrd kub. m təşkil edər və Türkiyə Avropa İttifaqının enerji təhlükəsizliyinə təsir göstərmək imkanı qazanardı". Batunin vurğulayıb: "ABŞ-ın bölgədə ən yaxın müttəfiqi olduğundan, onun bu nəqliyyat axınlarından necə yararlanacağı və hansısa məqamda Rusiya deyil, Azərbaycan, yaxud İran qazının tədarükünə üstünlük verib-verməyəcəyi aydın deyil".
"Troyka Dialoq"dan olan V.Nesterov "Cənubi Axın"ın yalnız dəniz hissəsini $5 mlrd çox qiymətləndirir. Analitik: "Ukraynanın öz ərazisində "Qazprom"dan üçqat rüsum alacağının mümkünlüyünü açıqladığı bir şəraitdə yeni layihə monopoliyaya sığorta risklərindən yayınmağa imkan verəcək", - deyə qeyd edir. Qəzetin məlumatına görə, "Qazprom"da "Cənubi Axın"ı gerçəkləşdirməyə tələsdiklərini gizlətmirlər. Axı onun real rəqibi - illik ötürücülük gücü 31 mlrd kub. m olan "Nabucco" qaz kəməri var. Bu kəmər Xəzər şelfindən Türkiyə və Balkanlardan keçməklə, Avropaya istiqamətlənəcək (layihənin dəyəri $5,1 mlrd təşkil edir). Onun inşasını 2012-ci ildə başa çatdırmaq planlaşdırılır. Balkanlarda "Cənubi Axın" "Nabucco"nun marşrutunu faktiki təkrarlayır və məsələ yalnız tranzit dövlətlərdə hansı layihənin ən əlverişli şərait rejimi əldə edəcəyindən ibarətdir. Təsadüfi deyil ki, memorandum prezident Putinin enerji əməkdaşlığı üzrə Zaqrebdə keçirilən Balkan sammitinə yollanmasından bir gün əvvəl imzalandı. Rusiya ilə Balkanları birbaşa birləşdirən "Cənubi Axın", əslində, Rusiya qazının tranzitindən əlavə gəlirlər vədidir. 1000 kub. m qazın 100 km məsafəyə nəqli üçün orta Avropa tarifi $2,4-3,2 təşkil edir ki, bu da tranzit ölkələrinin büdcələri üçün yüz milyonlarla dollar gəlir deməkdir. "Troyka Dialoq"un hesablamalarına görə, bu ölkələr ildə orta hesabla $300 mln əldə edəcəklər.
Moskvanın qaz diplomatiyasının fəallaşması "Qazprom"un fəaliyyətinin istehsal və maliyyə göstəricilərinin önəmli dərəcədə möhkəmlənməsi fonunda baş verir. Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2006-cı ildə 656,3 mlrd kub. m qaz hasil (2007-ci ildə - 665 mlrd. kub m nəzərdə tutulur, 2010-cu il üçün proqnoz - 702-717 mlrd kub. m), 202,8 mlrd kub. m isə ixrac olunub (2007 - 198, 2010-cu il üçün proqnoz - 218-223). 2006-cı ilin nəticələrinə görə şirkətin gəlirləri rekord həddə çatıb - $37,2 mlrd.
2006-cı ildə Mərkəzi və Qərbi Avropa ölkələrinə ixrac olunan qazın həcmi - 151,1 mlrd kub. m (2005-ci ildə - 147 mlrd kub. m) və onun satışından əldə olunan gəlir - $37,2 mlrd (2005-ci ildə - $26 mlrd) rekord səviyyədə olub. Gəlirin artmasının səbəbi ixrac olunan, ilk növbədə, MDB ölkələrinə göndərilən qazın qiymətinin qalxmasıdır. Ukraynada qiymət hər 1000 kub. m üçün $55-dan $95-a, Avropa İttifaqına tədarükün orta qiyməti isə $230-dan $260,7-a qədər yüksəldi. 2006-cı ilin dekabr ayında Rumıniyanın baş naziri Kalin Popesku-Tariçan Rusiya qazının hər 1000 kub. metrinin qiymətinin $300-310-a çatdığını qeyd edirdi. "Əvvəllər belə qiymətlər olmayıb", - deyə cənab Medvedev iddia edir. O vurğulayıb ki, Avropada hasilat azalır, Rusiyanın bu bazardakı mövqeləri isə güclənir. Top-menecerin məlumatına görə, 2006-cı ildə Mərkəzi və Qərbi Avropada Rusiya qazının istehlak payı 27%, bütövlükdə qaz idxalında Rusiyanın payı isə 35% təşkil edib.
Şirkət rəhbərliyi 2007-ci ildə qaz ixracından gəliri artırmaq niyyətində olsa da, sahə analitikləri belə proqnozları həddən atıq optimist sayırlar. Onların fikrincə, "Qazprom"a gəlirlərin artması üzrə proqnozları gerçəkləşdirməkdə yalnız soyuq payız və erkən qış, həmçinin dünya bazarında neftin qiymətinin qalxması və MDB ölkələri üçün qazın qiymətinin bahalaşdırılması yardımçı ola bilər. Həqiqətən, MDB üzrə qaz tədarükü qiymətləri yenə də qaldırılıb. Məsələn, Ukraynada - $130: /1 000 kub. m, Belarusda - $100 : /1000 kub. m (əvvəllər - $46,68). Lakin sahə ekspertləri yenə də "Qazprom"un proqnozlarını həddən artıq optimist sayırlar. "Brokerkreditservis"in analitiki Maksim Şein xatırladır ki, qış anormal isti keçdiyindən, yanvar-fevral aylarında qaz ixracı 18% azalmışdı. Daha sonra ekspert davam edir: "Qazprom"da bu il üçün orta Avropa qiyməti $290 səviyyəsində göstərilir. Lakin keçən ilin payızında dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən, cari ilin I yarısında qaz kontraktlarının da proqnozlardan xeyli aşağı - $250-260 olduğunun şahidiyik". Vladimir Nesterov isə qeyd edir: "Amma "Qazprom" üçün hələ hər şey itirilməyib. Payız və qış soyuq keçərsə, dördüncü rübdə qaz istehlakı tədarükdə I yarımildəki geriləmələri aradan qaldıra bilər. "Qazprom" bu il üçün ixrac proqnozunu 4 mlrd kub. m azaltsa da, son 3 ayda qazın qiymətinin qalxması sayəsində daha yüksək gəlirlər əldə etməyi nəzərdə tutur". "Urals" markalı neftin beynəlxalq birjalarda qiyməti yanvarda $50,3, fevralda - $54, martda - $59, son 3 ayda isə - $65 olub. Neftin qiyməti belə olduğu halda, cənab Nesterovun hesablamalarına görə, qazın kontrakt qiymətləri bəyan edilən $290 səviyyəsinə qalxacaq və bu da monopoliyanın ilin nəticələrinə görə göstəricilərini azaltmamağa imkan verəcək.
Bütövlükdə fəal qaz siyasəti nəticəsində hazırda Rusiya AB-nin ticarət tərəfdaşları sırasında ABŞ və Çindən sonra üçüncü yerdə möhkəm qərar tutub. Öz növbəsində, Rusiya ixracının 52%-i və Rusiya iqtisadiyyatında təmərküzləşən xarici kapitalın təxminən 70%-i AB-nin payına düşür. Bu qarşılıqlı bağlılıq özünü energetika sahəsində xüsusilə əyani şəkildə büruzə verir. Daha əvvəldə qeyd etdiyimiz kimi, Rusiya AB-nin ən mühüm təbii qaz tədarükçüsüdür. Birliyə ixrac olunan qazın təxminən 44%-i, orada istehlak edilən qazın isə 27%-i Rusiyanın payına düşür. 2000-ci ildən etibarən Rusiyadan Avropaya neft ixracı həm mütləq göstəricilər, həm də xüsusi çəki baxımından durmadan artmaqdadır. AB ölkələrinə neft və neft məhsulları ixracına görə Rusiya ikinci yerdədir. AB-nin öz proqnozlarına görə, 2030-cu il üçün ümumi istehlakda birliyin xaricin qaz tədarükündən asılılığı 81%, neft tədarükündən asılılığı isə 93%-ə qədər təşkil edəcək. Şübhəsiz, bu rəqəmlərin arxasında Moskvanın Avropa qitəsində iqtisadi iştirakının və siyasi nüfuzunun möhkəmlənməsi perspektivləri dayanır.
MƏSLƏHƏT GÖR: