
RESURSLAR UĞRUNDA MÜHARİBƏ
Şimal Qütbünə Rusiya ekspedisiyası yeni beynəlxalq rəqabətin yalnız ilk addımı idi
Müəllif: Tofiqəxanım QASIMOVA Bakı
Elmi araşdırmalar təcrübi məsələlərin həlli üçün nə dərəcədə tətbiq olunmalıdır? Dahi Amerika alimi və ixtiraçısı Tomas Alva Edison vaxtilə demişdi: "Biz kommersiya dəyərli işlər görməliyik - laboratoriya bu məqsədlə yaradılıb. Biz qara çörəyi və pivəsi olduqca həyatını arının bədənindəki tükcükləri öyrənməyə həsr edən qoca alman professoru kimi hərəkət edə bilmərik!"
Eynilə bu cür hazırda artıq heç kim şübhə etmir ki, böyük coğrafi kəşflər dövründə dəniz ekspedisiyaları yalnız elmi axtarışlarla diqtə olunmurdu: Kolumbun, Magellanın, digər şöhrətli səyyah və dənizçilərin ekspedisiyaları Hindistana dəniz yolunu tapmaq, qızıl və ədviyyatla zəngin sahillərə yan almaq məqsədilə təşkil olunurdu...
Rusiyanın "Arktika-2007" ekspedisiyasının məqsədi son dərəcə aydın idi. Burada heç kim dünya ictimaiyyətini "arının bədənindəki tükcükləri öyrəndiyinə" inandırmaq fikrində belə deyildi: ekspedisiyanın əsas məqsədi Rusiyanın Arktika şelfinin sərhədlərini müəyyənləşdirmək, daha dəqiqi, Lomonosov və Mendeleyev sualtı dağ silsilələrinin onun bir hissəsi olduğunu sübut etmək idi. Hər bir halda, Moskva "ərazini işarələmək" qərarına gəlib: Lomonosov sualtı dağ silsiləsi rayonunda Rusiya elmi ekspedisiyasının əvvəllər topladığı gərəkli əsaslandırmalar 2009-cu il üçün formulə edilərək BMT-yə təqdim olunmalıdır. Bunun üçün "Mir-1" və "Mir-2" batiskafları doğma "Mstislav Keldış" gəmisindən deyil, "Akademik Fyodorov" tədqiqat gəmisindən buz altına iki enmə etdilər: birincisi- Frans-İosif torpağı yaxınlığında məşq üçün və ikincisi - Şimal qütbündə, Rusiya trikolorunun sancılması ilə. Şimal qütbü rayonunda okean dibinin nümunələri kimi "xırdalıqlardan" heç danışmırıq. Hər halda, indi torpaq nümunələrini alimlər təhlil edir, "Okeanologiya" ÜETİ-nin direktor müavini Viktor Poselov isə "Rossiyskaya qazeta"ya müsahibəsində bəyanat verib: "Hazırda Arktikanın bu zonasına Rusiyanın iddialarının əsaslı olduğunu təsdiq edən yeni elmi məlumatlardan ibarət geniş sənəd hazırlanıb". Növbəti ekspedisiya noyabra planlaşdırılır. Bundan əlavə, elmi sübutların əks olunduğu tələbnamənin BMT-də qəbulunu gözləmədən, Moskvada artıq açıq şelfdə yataqların işlənməsi planları qurulur. Hər halda, Murmansk dəniz gəmiçiliyinin baş direktoru Aleksandr Medvedev jurnalistlərə məlumat verib ki, artıq yaxın il yarımda Arktikanın Rusiya sektorunun şelf zonasında neft və qaz hasilatı məqsədilə kəşfiyyat qazmaları aparmaq üçün rusların real texniki imkanları var. Gəmiçiliyin tərkibinə daxil olan, bir metr qalınlığında buzu müstəqil şəkildə qət edə bilən "Sevmorput" atom buzqıran-nəqliyyat gəmisini buzadavamlı üzən qazma platformasına çevirmək təklif olunur.
Lakin rus "Mir"ləri öz vəzifələrini tam yerinə yetirsə də, şelf uğrunda siyasi rəqabət, deyəsən, hələ yenicə başlanır. Və onun çox çətin olacağı gözlənilir.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Tom Keysi Moskvanın qütb şadyanalığını soyudub: "Mən əmin deyiləm ki, onlar okeanın dibinə nə sancıblar - metal bayraq, rezin bayraq, yoxsa lövhə. Amma nə olursa-olsun, onun belə tələbnamə üçün heç bir leqal əhəmiyyəti və ya effekti yoxdur. Şübhə yoxdur ki, biz bu tələbnaməyə skeptik yanaşırıq və 2002-ci ildə texniki komissiyaya Rusiyanın iddialarını sual altına alan şərhi təqdim etmək imkanımız olub.
Əgər onlar (ruslar) bu şelf silsiləsində Rusiyanın bayrağını rənglə çəksələr belə, texniki qiymətləndirmə üçün bunun heç bir əhəmiyyəti olmayacaq".
Dövlət Departamentinin nümayəndəsi həm də xatırladıb ki, Rusiya "2001-ci ildə BMT Konvensiyasının dəniz hüququ egidası altında fəaliyyət göstərən texniki orqana öz kontinental şelfinin konvensiya çərçivəsində ənənəvi 200 dəniz mili xaricinə genişləndirilməsi üçün tələbnamə verib". "2003-cü ildə komitə qərar verib ki, belə tələbnaməni əsaslandırmaq və ya texniki qərar qəbul etmək üçün material kifayət qədər deyil, buna görə də rusların ekspedisiyası bu tələbnaməni dəstəkləmək məqsədilə tədqiqatlar aparılması üçün nəzərdə tutulub".
Keysi daha sonra deyib: "BMT-nin dəniz hüququ üzrə Konvensiyasının iştirakçısı kimi Rusiya hökumətinin bu tələbnamədə israrlı olmağa haqqı var. Təəssüf ki, ABŞ bunu edə bilməz, çünki biz hələ bu Konvensiyanı ratifikasiya etməmişik. Senatın onu ratifikasiya etməsini dəstəkləməyimizin və bunda maraqlı olmağımızın səbəblərindən biri budur; ümid edirik ki, tətildən qayıtdıqdan sonra Konqres ona lazımi şəkildə baxacaq".
Kanadada isə reaksiya daha sərt olub. Ölkənin xarici işlər naziri Piter Makkey "CTV" teleşirkətinə müsahibəsində bəyan edib ki, "Kanada Arktikasının torpaq və suları üzərində suverenlik şübhə altına alınmır". "Dünyanı gəzib sadəcə bayraq sancmaqla "biz bu əraziyə iddia edirik" kimi bəyanatlar vermək olmaz. Bu, 14-cü və ya 15-ci əsr deyil. Beynəlxalq hüququn əsasnamələri və protokolları mövcuddur, onları Kanada da, Rusiya da imzalayıb. Orada hər şey yazılıb. Ona görə bu ekspedisiya bizi qətiyyən narahat etmir. Bu sadəcə Rusiyanın təşkil etdiyi şoudur", - deyə Makkey dəqiqləşdirib. Yaxın günlərdə Kanadanın baş naziri Stiven Xarper ölkənin Arktika rayonlarına üç günlük səfərə gedəcək. Bu rayonların birində Arktika sualtı dəniz limanı yaratmaq planlaşdırılır.
Baş nazir olduğu 18 ay ərzində Xarper Kanada Arktikasına artıq üçüncü dəfə səfər edir və müşahidəçilərin fikrincə, bu, region problemlərinə "sözsüz prioritet verilməsi" əlamətidir.
Gözlənilir ki, səfərin gedişində Kanadanın baş naziri şimal-qərb sahəsindəki "Naanni" Milli Təbiət Parkının ərazisinin genişləndirilməsini bəyan edəcək. O, həmçinin Rezolyut qəsəbəsində olacaq; burada hərbçilərin Arktika şəraitində əməliyyatlara hazırlanması üçün təlim bazası yaradıla bilər. Baş nazirin ölkənin Arktika rayonlarına səfəri bir neçə ay ərzində planlaşdırılsa da, onun rusların "qütb sıçrayışı"ndan sonra başlanması faktı olaya tamam fərqli önəm verir. Ötən həftə Xarper jurnalistlərə deyib ki, Rusiya bayrağının Şimal qütbündə dənizin dibinə sancılması Kanada üçün Arktika bölgəsində suverenliyini qorumaq zərurətini təsdiqləyir. Baş nazirin sözlərinə görə, "Bu, bir daha göstərdi ki, Şimal sahələri və Arktika üzərində bizim suverenliyimiz ölkəmiz üçün önəmli məsələ olaraq qalacaq".
Kanadanın xarici işlər naziri Piter Makkeyin fikrincə isə, "Arktikada Kanadanın suverenliyinə heç bir təhlükə yoxdur. Arktikada suverenlik məsələsi sual doğurmur. Bu bizim ölkəmizdir. Bu bizim mülkiyyətimizdir. Bu bizim dənizimizdir. Arktika Kanadanındır".
Rusiyanın qütb səyyahı Artur Çilinqarov bəyan etməyə vaxt tapıb ki, beynəlxalq reaksiya onu, yumşaq desək, çox da həyəcanlandırmır.
Ekspedisiyadan qayıdandan bir qədər sonra Çilinqarov deyib: "Bəzi xarici xadimlərin ekspedisiya haqqında nə dediklərinə tüpürürəm. Xoşbəxtik ki, Şimal Buzlu okeanının dərinliklərində, insanların heç zaman olmadığı yerdə biz dənizin dibinə çatdıq və Rusiya bayrağını sancdıq".
"Arktika həmişə Rusiyanın olub və belə də olacaq". Bu, Çilinqarovun fikridir. Onun sözlərinə görə, bu ekspedisiya çox riskli olub. Orada 350 nəfər - dənizçilər, təyyarəçilər, alimlər iştirak edib. "Əgər kiminsə xoşuna gəlmirsə, qoy 4300 metr dərinliyə ensin və orada nəsə sancmağa çalışsın".
Lakin RF XİN rəhbəri Sergey Lavrov artıq "sakitləşdirici" bəyanatlarla çıxış etməli olur ki, "ekspedisiyanın məqsədi Rusiyanın hüquqlarını möhkəmləndirmək yox, yalnız bizim şelfin şimal qütbünədək uzandığını sübut etməkdir".
Həqiqətən, elə ABŞ-da Rusiyanın hərəkətlərini tamamilə hüquqi sayırlar və formal şəkildə Moskvanı öz şelfinin Lomonosov və Mendeleyev silsilələri ilə identikliyini sübut etməyə can atmaqda günahlandırmaq çətindir. Lakin eynilə bu cür aydın olur ki, rus ekspedisiyası "arı pətəyini dağıdaraq", maraqlı tərəfləri qütb rəqabətinə doğru itələyib: ABŞ qütbə öz buzqıran gəmisini göndərir və dəniz hüququ üzrə Konvensiyanı ratifikasiya etmək niyyətindədir, Kanada Arktikada öz hüquqlarını qorumağa hazırdır, Danimarka və İsveçin cavabını da çox gözləmək lazım gəlməyəcək...
Mütəxəssislərin fikrincə, qlobal istiləşmə nəticəsində artıq gələn il bu regionda buzun böyük hissəsi, çox güman ki, əriyəcək, Arktika xammal ehtiyatları əvvəlkindən daha əlçatan olacaq. Axı Lomonosov və Mendeleyev silsilələri həm də neft və qazın dünya ehtiyatlarının 25 %-i, əslində, ikinci "Fars körfəzi" deməkdir. Hər şeydən əlavə, neft və qazın qiymətləri qalxmaqdadır ki, bu da hətta çox bahalı layihələri belə rentabelli edir. Bundan başqa, Şimal Buzlu okeanının suları altında qalay, marqans, qızıl, nikel, qurğuşun, platin yataqları gizlənib. Lomonosov silsiləsi rayonunda almaz çıxarmaq olar. Bunları nəzərə alsaq, aydın olur ki, Rusiyanın Arktika ekspedisiyası ətrafındakı mübahisələr, əslində, qəflətən hasilat üçün yararlı olmuş, lakin hələ ölkələr arasında bölünməmiş ehtiyatlar uğrunda yeni "pərdəarxası", daha doğrusu, "buzaltı" müharibənin başlanğıcıdır. "Mir"lərin su altına enişi burada yalnız ilk addım idi və Rusiyanın şelfə hüquqlarından təsdiq olunmuş fakt kimi danışmağa hazır olan "piar" müəllifləri səhv edir, bəzən isə yanlışlığa yol verirlər. Belə ki, Finlandiyanın "Ilta-Sanomat" qəzetinin məlumatına görə, 13 yaşlı fin televiziya tamaşaçısı kəşf edib ki, Rusiya televiziyası sualtı "geosiyasi ekspedisiyanın" kadrları əvəzinə, bir anlıq Ceyms Kemeronun "Titanik" filmindən fraqmentlər göstərib.
Həqiqətən, ekspedisiya mətbuatın görünməmiş diqqəti şəraitində keçib, olay yerində Rusiyanın üç əsas telekanalı işləyib, iki "Mir" batiskafının su altına endiyi gün isə "Rossiya" telekanalı Şimal qütbündən reportaj verib. Lakin onun reportajında yalnız birbaşa çəkilişlər deyil, batiskaflardan birinin göründüyü sualtı kadrlar da nümayiş olunub. Bunu "Reuters" agentliyinin abunə ilə yaydığı kadrların köməyilə xaricdə də görüblər.
Ekranın yuxarı sol küncündəki titrlərdə "kinoseans" anında tamaşaçının "Şimal Buzlu okean"ı gördüyü qeyd olunmuşdu, müxbir isə deyirdi: "Batiskaf 300 metr dərinliyə çatanda Yevgeni Çernyayevin idarə etdiyi ikinci aparat enməyə başladı". Və ekranın o üzündə tərəddüdlər başlandı: bəs çəkilişi kim aparır? Sənədli kadrlar əvəzinə "Titanik"dən səhnələrin (filmdə, həqiqətən, "MİR"lər çəkilib) nümayiş olunduğu barədə fin məktəblisinin iddiasını yoxlamaq qərara alındı: "Ilta-Sanomat"ın redaksiyası kadrları Tampere Universitetinin əməkdaşına göstərdi, o isə müəyyən etdi ki, söhbət "kinoplagiatdan" gedir.
"Reuters" abunəçilər qarşısında üzrxahlıq etməyə və saxta kadrların haradan alındığını izah etməyə məcbur oldu. "Rossiya" telekanalı isə şərhlərdən boyun qaçırır.
MƏSLƏHƏT GÖR: