
BRAUN –– BUŞ:
Böyük Britaniyanın yeni baş naziri transatlantik alyansı qoruyub- saxlamaq şərtilə, daha müstəqil xarici siyasət yürütməyə çalışır
Müəllif: Roma Neyman Bakı
Böyük Britaniyanın baş naziri Qordon Braunun ABŞ-a ilk səfəri Corc Buşla Toni Blerin isti münasibətləri fonunda keçən uzun illərdən sonra Amerika-Britaniya münasibətlərinin inkişafında yeni mərhələ oldu. Britaniyanın yeni lideri - o, "atlantizm" ideyasına sadiqdir - Amerikanı yaxşı tanıyır və sevir. Braundan əvvəlki xarici siyasətin davam etdiriləcəyini gözləyirlər. Onun özü və xarici işlər naziri Devid Miliband artıq bəyan ediblər ki, onların da məqsədi elə məhz budur.
İki ölkənin xarici siyasi mövqelərini yaxınlaşdıran yeni faktor - Rusiya faktoru ola bilər. Son vaxtlar həm Vaşinqtonun, həm də Londonun Rusiya ilə münasibətlərində ciddi problemlər yaranıb. Britaniya hakimiyyəti Rusiyanı Andrey Luqavoyu təhvil verməyə razı sala bilmir, ABŞ isə Avropada Raket Əleyhinə Müdafiə (RƏM) sisteminə dair Moskva ilə dil tapmaqda acizdir.
Q.Braunun Vaşinqtona səfəri ərəfəsində Böyük Britaniyanın müdafiə naziri Des Braun bildirmişdi ki, London ABŞ-ın RƏM sisteminin quraşdırılması çərçivəsində öz ərazisində - Nort-Yorkşir qraflığının Harroqit şəhəri yaxınlığındakı Britaniya Hərbi Hava Qüvvələrinin bazasında Amerika radarının qurulmasına razılıq verə bilər. "Böyük Britaniya ABŞ və NATO-dakı müttəfiqləri ilə ümumi RƏM sisteminin yaradılmasına dair işləri davam etdirəcək", - deyə nazir parlamentdəki çıxışında vurğulayıb.
Bundan başqa, Braun qeyd edib ki, hər hansı təhlükə yaranacağı təqdirdə, Britaniya öz ərazisində Amerika raketləri də yerləşdirməyə hazırdır.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya liderlərinin danışıqları ABŞ Konqresində və Britaniya parlamentində Rusiya mövzusunun geniş müzakirə olunduğu vaxta təsadüf edir. Rusiya prezidenti Vladimir Putinin Kremldə zabitlərlə keçirdiyi görüşdə səsləndirdiyi bəzi fikirlər Vaşinqton və Londonda xüsusilə narazılıqla qarşılanıb. Xatırladaq ki, Kremldəki çıxışında qlobal təhlükə mövzusuna toxunan Putin bildirib: "... Amerika Şərqi Avropada yeni-yeni bazaların yerləşdirilməsi istiqamətində səylərini davam etdirir. Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında Müqavilənin ratifikasiyası ləngidilir və artıq Rusiya bu Müqavilədəki fəaliyyətini dayandırmağa məcbur olub... Getdikcə artan disbalans yalnız adi silahlarla məhdudlaşmır. Polşa və Çexiyada Raket Əleyhinə Müdafiə Sisteminin qurulması planlaşdırılıb. Əslində, Avropada ilk dəfə olaraq Amerikanın strateji silahının elementləri peyda olmağa başlayır...".
Vaşinqtonda Konqresin beynəlxalq məsələlər komitəsinin sədri Tom Lantos ABŞ və Avropanı Moskvanın "anti-Qərb" və "anti-Amerika" siyasətinə qarşı "Transatlantik alyansı bərpa etməyə" çağırıb. İndiyədək Rusiyanın ünvanına ən sərt bəyanatların müəllifi kimi tanınan nüfuzlu konqresmen, Moskvaya qarşı səslənə biləcək narazılıqların siyahısını da təqdim edib: Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında Müqavilədən çıxması, ABŞ-ın Şərqi Avropada RƏM sistemi yerləşdirməsinə qarşı addımları, yaxın qonşuları enerji ilə şantaj etməsi.
Rusiya mətbuatında bununla bağlı belə bir fikir səslənir ki, Buş-Braun danışıqlarından sonra Tom Lantosun təklif etdiyi Transatlantik alyans ideyası daha real şəkil almağa başlayacaq.
Maraqlıdır ki, Q.Braunla eyni vaxtda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Kislyakın başçılıq etdiyi nümayəndə heyəti də Vaşinqtonda idi. Rusiya KİV-nin yazdığına görə, bu ölkənin nümayəndə heyəti Vaşinqtonda prezident Vladimir Putinin "böyük səkkizlik"in sammitində irəli sürdüyü Qəbələ RLS-dən və Armavirdəki analoji obyektdən birgə istifadəyə dair təklifini "təbliğ edirdi". Xatırladaq ki, ABŞ-a getməzdən əvvəl S.Kislyak Bakıya da baş çəkərək, Qəbələ RLS-lə bağlı məsələni prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyevlə ətraflı müzakirə edib. Bununla da Moskva ilə Vaşinqtonun müzakirə etdiyi bu layihədə Azərbaycanın əsas - "baza" rolunu oynadığı bir daha təsdiqləndi. Rusiya nümayəndə heyətinin ABŞ-a səfəri ərəfəsində bu ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kamınin bildirmişdi ki, "Rusiyanın təklifləri Amerikanın Avropada RƏM sistemi yerləşdirmək planına əlavə deyil və "paket xarakteri" daşıyır". Onun sözlərinə görə, bu "paket xarakterli" təkliflərdən bəzilərini ayırmaq düzgün deyil. Bundan başqa, Kamınin hesab edir ki, Rusiya-ABŞ danışıqları davam etdiyi dövrdə Şərqi Avropada RƏM sisteminin yerləşdirilməsilə bağlı işlər dondurulmalıdır.
Amma hələlik Rusiyanın təşəbbüsləri ABŞ-ın planlarına heç bir təsir göstərmir. ABŞ-ın RƏM üzrə Agentliyinin təmsilçisi Rik Lener bildirib ki, Pentaqon artıq Çexiyada radar tikintisi və Polşada 10 ədəd raketin quraşdırılması üçün podratçını müəyyənləşdirib. Söhbət "Boinq" şirkətindən gedir. ABŞ-ın müdafiə büdcəsi qəbul olunduqdan dərhal sonra, "Boinqə" müqavilənin ilkin mərhələsi üçün 80 milyon dollar ayrılacaq. Baxmayaraq ki, bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatası Ağ evin RƏM-in maliyyələşdirilməsilə bağlı tələb etdiyi vəsaiti 139 milyon dollar azaldıb (Polşada obyektlərin quraşdırılması üçün məhz bu qədər vəsait tələb olunur), Pentaqonda bununla bağlı hazırlıq davam edir. ABŞ-a səfər etmiş Polşa prezidenti Lex Kaçinski artıq sentyabrda Vaşinqtonla müvafiq müqavilə imzalanacağına söz verib. Birləşmiş Ştatlar Senatı isə Şərqi Avropada RƏM sisteminin yaradılmasını "Amerikanın dövlət siyasətinin elementi" elan edib. Bu isə o deməkdir ki, gec-tez Polşada hərbi baza qurulacaq. Hələliksə, "Boinq" şirkətinə Şərqi Avropada RƏM sisteminin yaradılmasının birinci mərhələsi üçün tələb olunan vəsait ayrılacaq: bu vəsait hesabına Marşall adalarındakı radarlar Çexiyaya gətirilərək, burada quraşdırılacaq.
Bununla bağlı qeyd etmək lazımdır ki, Q.Braunun Vaşinqtona səfəri zamanı ABŞ-a verdiyi dəstək, şübhəsiz, C.Buşun Çexiya və Polşadakı bazaları NATO və Avropa İttifaqının egidası altında yaradılan Ümumavropa Təhlükəsizlik Sisteminin əsasına çevirməsinə şərait yaradacaq. Bu isə o deməkdir ki, ABŞ administrasiyası Rusiya ilə münasibətlərdə gərginlik yaşayan Londona dəstək vermək üçün əlavə arqumentlər əldə edəcək.
Vaşinqtonda britaniyalı baş nazir ABŞ prezidentilə görüşdə dünya siyasətinin digər aktual məsələlərini də müzakirə edib. Bu məsələlər sırasında ən vacib olan İraq problemilə bağlı Londonun mövqeyi kifayət qədər aydındır: britaniyalılar tələm-tələsik İraqı tərk etməyəcəklər. Amma Q.Braun İraqda "yeni mərhələnin" başlandığını da vurğulayıb. Dolayısilə bu o deməkdir ki, Braun İraqı tərk etmək haqda düşünür. Amma bunu yalnız müəyyən zaman çərçivəsində mümkün sayır: Britaniya ordusu bu ölkəni ancaq hakimiyyətin tamamilə İraq administrasiyaına təhvil verəlməsindən və iraqlıların bu hakimiyəti qəbul etməyə hazır olmasından sonra tərk edəcək. Bundan başqa, Qordon bildirib ki, London İraqı yalnız bu ölkədə olan brtaniyalı hərbçilərin rəyi əsasında tərk edə bilər.
Bu açıqlama Vaşinqtonu bir qədər sakitləşdirdi, çünki Londonun "International Herald Tribune" qəzetinin yazdığına görə, Ağ ev "Britaniyanın İraqdakı hərbi iştirakını yeni Britaniya liderinin loyallığının göstəricisi kimi qəbul edir".
Bundan başqa, Britaniyanın Əfqanıstanda qalacağı da məlum olub. Amma London NATO üzvü olan digər ölkələrin də Əfqanıstanda hərbi iştirakını istəyir və Qordon Braunla ABŞ rəhbərliyinin mövqeləri bu məsələdə də üst-üstə düşür.
Britaniya-ABŞ münasibətlərində həlledici məqamlardan biri də İran məsələsidir. Bu ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatında Tehrana qarşı yeni sanksiyalar müzakirə olunacaq (və çox güman ki, qəbul ediləcək). Amma, görəsən, C.Buş Ağ evdə qaldığı son ilyarım ərzində qəfildən İranın nüvə obyektlərinə zərbə endirmək qərarına gəlsə, necə olacaq? Düzdür, bu gün Braun İrana qarşı güc tətbiqini istisna etmir, çünki əks təqdirdə, London Tehrana qarşı tətbiq olunan diplomatik və iqtisadi təzyiqlərin effektini azaldardı. Amma bununla belə müşahidəçilərin əksəriyyəti bu fikirdədir ki, Birləşmiş Ştatlar İrana hərbi zərbə endirəcəyi təqdirdə, Braun Vaşinqtonla eyni mövqedən çıxış etməyəcək. Belə ehtimal edilir ki, Qordon Braun uranın zənginləşdirilməsini davam etdirən İrana qarşı yalnız BMT-nin sanksiyalarını dəstəkləməklə kifayətlənəcək.
Q.Braun Fələstin-İsrail münaqişəsinə öz xələfi Toni Bler qədər maraq göstərmir. Buna görə də, çox güman ki, Braunun hakimiyyəti dönəmində Britaniya Yaxın Şərq nizamlanmasında aparıcı rol oynamayacaq. Çünki London hesab edir ki, heç bir Avropa ölkəsi təkbaşına bu münaqişənin həllinə nail olmaq iqtidarında deyil.
Braun Böyük Britaniyanın İsraildəki sabiq səfiri Saymon Makdonaldı özünün xarici siyasi məsələlər üzrə məsləhətçisi təyin edib. İsraillilər bu təyinatı alqışlayıblar, çünki onlar Makdonaldı "İsrailin dostu" hesab edirlər.
Belə təsəvvür yaranır ki, Q.Braun daha çox Fələstin ərazilərinin iqtisadi inkişaf məsələsinə diqqət yetirəcək. Təsadüfi deyil ki, 2005-ci ildə İsrail və Fələstin muxtariyyətinə səfəri zamanı o, uzun illər ərzində ilk dəfə iqtisadiyyata görə məsul olan israilli və fələstinli nazirləri bir araya gətirmişdi.
Şübhəsiz ki, ABŞ administrasiyası qarşısında duran əsas məsələlərdən biri də Braun hökumətində Vaşinqtonla münasibətlərə dair səslənən ziddiyyətli siqnalları aydınlaşdırmaqdır. Bu siqnallardan biri də Mark Mallokun xarici işlər nazirinin müavini təyin olunmasıdır. Bu siyasətçi hələ BMT-də işlədiyi vaxtlarda da Buş administrasiyasının ən sərt tənqidçilərindən biri olub və indi onun nazir müavini təyin edilməsi rəsmi Londonun bilərəkdən amerikalı neokonservatorlardan ayrılmağa cəhd kimi qiymətləndirilir.
Digər tərəfdən, Britaniya Avropa İttifaqı ilə daha sıx tərəfdaşlıq etmək istəmir və Avropa inteqrasiyasına praqmatik mövqedən yanaşmağa, özünün müstəqil xarici siyasətinin saxlanması kursuna üstünlük verir. Yeni baş nazirin xarici siyasət məsələləri üzrə aparıcı ekspertlərindən sayılan Pol Reynolds hesab edir ki, maliyyə naziri postunu tutarkən Q.Braunu Avropa İttifaqının institutlarının iş mexanizmindən daha çox, Aİ-nin praktiki siyasəti maraqlandırırdı. Onun fikrincə, Britaniyanın Avropa İttifaqındakı üzvlüyü Londonun çevikliyinə, azad bazara və praqmatizmə məhdudiyyət yaratmamalıdır. Mart ayında "International Affairs" jurnalında dərc olunmuş analitik məqalədə vurğulanır ki, Braun ya "bacarıqsız tərəfdaş", ya da "praqmatik oyunçu" rolunda çxış edəcək. Amma o, heç bir halda Britaniyanı Avropa inteqrasiyasının önünə qoymayacaq.
Baş nazirin Aİ məsələləri üzrə köməkçisi Maliyyə Nazirliyinin keçmiş əməkdaşı, Braunun Avropa siyasətinə baxışlarını yaxından bilən Con Kanliff olacaq. Braun vaxtilə Britaniyanın avroya keçməsinə imkan verməyib və şübhəsiz, bu siyasətini davam etdirəcək. Gələcəkdə o, Türkiyənin Aİ-yə üzvlüyü, kənd təsərrüfatı subsidiyaları sahəsində islahatlar, Britaniyanın Aİ büdcəsinə ayırmaları və s. ilə bağlı məsələləri həll etməli olacaq.
Braunun siyasətini təkbaşına Aİ ilə məsləhətləşmədən qurduğunu göstərən amillərdən biri Litvinenko məsələsilə bağlı Londonun tutduğu mövqedə əks olunub. Xatırladaq ki, Moskva ilə qarşıdurması zamanı London Avropa İttifaqına rəsmi dəstək üçün müraciət etməyib.
Amma bununla belə, BBC-nin siyasi icmalçısı Nik Robinsonun sözlərinə görə, C.Buşla görüş ərəfəsində Q.Braun çox çətin vəziyyətdədir. Bir tərəfdən, o, C.Buşu özünün panatlantik münasibətlərə sadiqliyinə inandırmalı idi. Digər tərəfdənsə, britaniyalı seçiciləri inandırmalı idi ki, onun ABŞ-la quracağı münasibətlər keçmiş baş nazir Toni Bleyerin qurduğu münasibətlərdən fərqlənəcək.
Qeyd edək ki, yeni hökumət daxilində daha "prinsipial" beynəlxalq siyasət və Avropa ölkələri ilə sıx əməkdaşlığa dair çağırışlar eşidilir. Lakin Böyük Britaniyanın ABŞ-dakı sabiq səfiri Kristofer Meyer hesab edir ki, Q.Braun ABŞ prezidentindən tam uzaqlaşa bilməz. "Bu haqda çox danışırlar, bu mövzuda minlərlə seminarlar keçirirlər. Amma mən düşünmürəm ki, bu məsələdə aktivlik bundan sonra da davam edəcək. Əgər hansısa möcüzə baş verməsə, Braunla Buşun şəxsi münasibətləri o qədər də isti olmayacaq. Amma düzünə qalsa,bu, o qədər də vacib deyil. İndiyədək iki ölkə rəhbərləri arasında çox yeniliklər olub - şəxsiyyətlər, hadisələr, ton dəyişikliyi və s. Amma bütün bunlara baxmayaraq, 1945-ci ildən başlayaraq iki ölkə arasında münasibətlər dəyişməz qalıb", - deyə K.Meyer vurğulayıb.
Q.Braunun ABŞ-a səfərinin nəticələri, müəyyən mənada, bu diplomatın rəyini bir daha təsdiqlədi. Hər iki ölkə dünya və regional (Əfqanıstan və İraq) siyasət, beynəlxalq terrorizm, beynəlxalq ticarət və s. dair bir çox məsələlərdə o dərəcədə eyni mövqedən çıxış edirlər ki, onlar ikitərəfli münasibətləri təhlükəyə sala bilməzlər. Geosiyasi baxımdan, Londonun beynəlxalq arenadakı müstəqil rolu, onun Avropaya təsir üçün Almaniya və Fransa kimi kontinental nəhənglərlə rəqabətdəki mövqeyi və uğurları, ilk növbədə, okeanın o tayından gələn dəstəkdən asılı olacaq.
Amma istənilən halda, yeni baş nazir prezident Buşla o qədər də yaxın olmayacaq. Xatırladaq ki, əvvəlki baş nazir Toni Bleyerin Buşla münasibətləri artıq Britaniyada təhqiredici karikaturaların mövzularına çevrilmişdi. Ondan fərqli olaraq, Q.Braun daha müstəqil və ölçülüb-biçilmiş siyasət yeridir, hərçənd bu, onun Transatlantik tərəfdaşlığa yönəlmiş strateji kursuna da mane olmayacaq.
MƏSLƏHƏT GÖR: