
AVROPAYA PƏNCƏRƏ
Azərbaycan Qazaxıstanın nəqliyyat təhlükəsizliyinin təminatçısına çevrilir
Müəllif: Namiq MAYILOV Bakı
"Məmləkət başçısı" - bu söz birləşməsi Azərbaycan və qazax dillərində təxminən eyni səslənir. Bəlkə də, bu iki türkdilli dövlət arasında formalaşan bugünkü münasibətlərin əsasında da məhz tarixi və mədəni köklərin birliyi dayanır. Lakin Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri göstərdi ki, tarixi, etnik və mədəni köklərlə yanaşı, iki dövləti bir araya gətirən ümumi siyasi və iqtisadi maraqlar da az deyil.
İlk öncə qeyd edək ki, bu, prezident İlham Əliyevin son üç ildə Qazaxıstana sayca ikinci rəsmi səfəri idi. Bu fakt özü-özlüyündə tərəflərin qarşılıqlı əməkdaşlığa verdiyi yüksək əhəmiyyətin göstəricisidir. Axı dövlət başçılarının rəsmi səfərləri diplomatiya aləmində, məsələn, işgüzar səfərlər kimi o qədər də tez-tez baş verən hal deyil. Digər tərəfdən, burada söhbət iki bölgənin - Cənubi Qafqaz və Orta Asiyanın lider dövlətlərinin başçıları arasındakı dialoqdan gedir.
Səfərin əhəmiyyətini vurğulayan digər bir amil isə imzalanan sənədlərdir ki, onlardan da hər iki tərəfin razı qaldığı göz önündədir. Belə ki, danışıqların yekunlarına görə imzalanan birgə Bəyannamədə Azərbaycan və Qazaxıstanın dövlət başçıları həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını göstəriblər. Bu zaman Azərbaycan üçün ən əhəmiyyətlisi Qazaxıstanın Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Lissabon sammitinin prinsiplərini dəstəkləməsidir. Prezidentlərin imza atdığı Bəyannamədə deyilir: "Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin vacibliyini vurğulayır".
Azərbaycan və Qazaxıstanın dövlət başçıları həmçinin Xəzər dənizinin dibinin bölünməsinə dair Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış ikitərəfli və çoxtərəfli sazişlərə sadiq qaldıqlarını bildiriblər. Onların fikrincə, bu sazişlər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi prosesinə fundamental töfhə hesab olunmalıdır.
Bundan başqa Bəyannamədə Şərq-Qərb nəqliyyat dəhlizinin səmərəli istifadəsi, Xəzər dənizində birgə enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, Qazaxıstan və Azərbaycan mallarının hər iki ölkənin ərazisindən maneəsiz tranziti, qarşılıqlı şəkildə əlverişli investisiya mühitinin yaradılmasının vacibliyi vurğulanır. Tərəflər Avropa ilə Asiya arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və yük daşınmalarının artırılmasını regional əməkdaşlığın prioritet istiqaməti adlandırıblar.
Səfər zamanı birgə Bəyannamə ilə yanaşı, Azərbaycanla Qazaxıstan arasında bir neçə digər sənəd də imzalanıb. Bu sıraya “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün verilməsi haqqında müqaviləyə dəyişikliklər edilməsi barədə protokol”, “Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında müdafiə sahəsində sənaye müəssisələrinin istehsalat və elmi-texniki kooperasiyası sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikasının Maliyyə Bazarının və Maliyyə Təşkilatlarının Tənzimlənməsi və Nəzarəti Üzrə Agentliyi arasında anlaşma memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və “Qazaxıstan Televiziya və Radio Korporasiyası” SC arasında əməkdaşlıq haqqında saziş” daxildir.
Lakin gözlənildiyi kimi, danışıqların əsas predmeti neft-qaz sahəsində, daha doğrusu, enerji ehtiyatlarının nəqli sahəsində əməkdaşlıq məsələsi oldu. Səfər zamanı ARDNŞ ilə Qazaxıstanın "KazMunayQaz" dövlət şirkəti arasında neft-qaz sahəsində strateji əməkdaşlıq haqqında saziş və “Transxəzər” layihəsinin birgə reallaşdırılması haqqında memorandum imzalandı.
Razılığa görə, ARDNŞ və "KazMunayQaz" Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli üçün obyektlərin tikilməsi məqsədilə birgə müəssisə yaradacaqlar. Bu barədə Qazaxıstanda ARDNŞ prezidenti Rövnəq Ablullayev məlumat verib. Onun sözlərinə görə, söhbət Qazaxıstanın Kurık limanı, tankerlər, nəqliyyat sistemi və Bakıdakı terminallardan, eləcə də onların əsas ixrac boru kəmərinə qoşulmasından gedir (“İnterfaks”).
Tərəflər həmçinin Qara dənizin Gürcüstan sahilində yerləşən Kulevi və Batumi terminallarından birgə istifadə imkanlarını da nəzərdən keçirirlər. Bu terminallardan biri Azərbaycana, digəri isə Qazaxıstana məxsusdur. Lakin bu da son deyil. "KazMunayQaz" şirkətinin başçısı Uzakbay Karabalinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan Türkiyənin Ceyhan limanında birgə terminal da tikə bilərlər. "Bildiyiniz kimi, biz Türkiyədə neft emalı zavodu tikmək niyyətindəyik. Bu məsələ artıq çoxdandır ki, Qazaxıstan, Azərbaycan və Türkiyə rəhbərləri arasında ən yüksək səviyyədə müzakirə olunur. Biz müzakirələri davam etdirmək, layihəni qiymətləndirmək niyyətindəyik. Əgər layihə məqsədəuyğun hesab olunsa, bu sahədə də birgə əməkdaşlıq mümkündür", - deyə Karabalin bildirib.
Göründüyü kimi, Qazaxıstan Azərbaycana öz nəqliyyat təhlükəsizliyinin təminatçısı kimi baxdığını gizlətmir. Belə bir vəziyyətdə Astananın Rusiya ilə ABŞ arasında vurnuxaraq, Qərbin dəstəklədiyi enerji və nəqliyyat alyanslarına qoşulmayacağı barədə bəyanatları tamamilə mənasını itirir. Bu zaman onu da unutmaq lazım deyil ki, ARDNŞ və "KazMunayQaz"ın həyata keçirəcəyi Transxəzər layihəsi Qazaxıstan Xəzər Nəqliyyat Sisteminin (QXNS) bir hissəsidir və rəsmi Astana bu sistemi çoxdan planlaşdırır.
Deməli, ortada konkret niyyət var və Astana neft hasilatının artması fonunda idxalçı ölkələrin çağırışlarına biganə qala bilməz. Bu isə ehtiyatların dünya bazarlarına nəqli ilə bağlı daha müstəqil və çevik siyasətin yürüdülməsini zəruri edir. Hələlik Qazaxıstan öz neftini maksimal həddə yüklənmiş Xəzər Boru Kəməri Konsorsiumu (XBK) vasitəsilə ixrac etməyə məcburdur. Lakin böyük neft ehtiyatları olan "Qaşaqan" yatağının işə salınması ilə 2010 və 2015-ci illərdə bu ölkənin hasilatının müvafiq olaraq 84 və 150 mln tona çatacağı gözlənilir. Belə bir şəraitdə Qazaxıstan nəqliyyat imkanlarının genişləndirilməsində maraqlı olmaya bilməz. Rusiya isə XBK-nın imkanlarının artırılması müqabilində tranzit tariflərini artıracağını bəyan edib ki, bu da nə Astananı, nə də onun xarici tərəfdaşlarını qane edir.
Doğrudur, Astanada Bakı -Tbilisi - Ceyhan boru kəməri ilə neft nəqlinin onlara Atırau-Samara və XBK marşrutları ilə müqayisədə baha başa gələcəyini vurğulayırlar. Bununla belə, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Baktıkoj İzmuxambetov Qafqaz marşrutunun ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, neft hasilatı artdıqca XBK-nin ötürmə qabiliyyəti onun nəqlinə kifayət etməyəcək (Trend).
Digər tərəfdən isə, məsələ sadəcə texniki xarakter daşımır. Belə ki, Azərbaycan ərazisindən neft nəqlinə üstünlük verməklə, Qazaxıstan eyni zamanda Rusiyanın onunla yuxarıdan-aşağı danışmaq imkanlarını heçə endirmiş olur, ən azı - enerji ehtiyatlarının dünya bazarlarına nəqli məsələsində.
Maraqlıdır ki, Qazaxıstan artıq indidən Rusiya marşrutlarından asılılığının azaldığını nümayiş etdirməyə çalışır. Belə ki, əgər əvvəllər rəsmi Astana ixrac neftinin 90%-ni Rusiya ərazisindən göndərirdisə, bu gün həmin göstərici 72%-ə enib və çox güman ki, ildən-ilə azalacaq.
Buna olsa-olsa yalnız Bakı-Tbilisi-Ceyhan kəmərinin ötürmə qabiliyyətinin kifayət etməməsi mane ola bilər. Məsələ ondadır ki, əsas ixrac neft kəmərinin layihə gücü ildə 50 mln tona hesablanıb. O zaman bir çoxları kəməri, hətta Qazaxıstanın köməyilə belə doldurmağın mümkünsüzlüyünü desə də, indi məlum olur ki, borunun imkanları neft hasilatının artan həcmlərinə adekvat deyil.
Hərçənd, Azərbaycan bu vəziyyətdən də çıxış yolu təklif edə bilər. ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, zərurət yarandıqda Qazaxıstan neftinin tranziti üçün Bakıdan Qara dənizə qədər yeni boru kəməri də çəkilə bilər. "Əgər Qazaxıstan nefti gözlənildiyindən artıq olsa, biz birlikdə Bakıdan Qara dənizədək əlavə boru kəməri tikə bilərik", - deyə o bildirib.
Azərbaycanın Qazaxıstan üçün digər üstünlüyü ondan ibarətdir ki, ölkəmiz Rusiyadan daha rahat tərəfdaşdır. Çünki Azərbaycan variantı siyasi baxımdan daha az risklidir və Bakı ilə tariflər sahəsində böyük problemlər, demək olar ki, yaranmır.
Bütün bunları nəzərə alaraq, Astana beynəlxalq bazarlara çıxış məsələsində kifayət qədər praqmatik mövqe nümayiş etdirir və bu baxımdan, Qazaxıstan Asiya ilə Avropa arasında nəqliyyat qovşağı olan Azərbaycanın həlledici rolunu nəzərə almaya bilməz. Çünki rəsmi Bakı özünün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsindən maksimum istifadə edərək, kifayət qədər səmərəli tranzit dövlət strategiyasını həyata keçirir.
Özü də söhbət təkcə enerji ehtiyatlarının tranzitindən getmir və bunu Astanada yaxşı başa düşürlər. "Qazaxıstan Xəzər və Qafqaz dəhlizi vasitəsilə Qara dəniz və Avropaya çıxmaqda maraqlıdır. Özü də təkcə neft və qazla deyil, həmçinin quru yüklərlə". Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Azərbaycan prezidenti isə öz növbəsində əlavə edib ki, tərəflər Qazaxıstanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulması məsələsini də ətraflı müzakirə ediblər. "Bu, demək olar ki, yeni İpək Yoludur və bu yolla Qazaxıstan və Çin mallarını daha sərfəli şəkildə dünya bazarlarına çıxarmaq olar", -deyə İ.Əliyev Qazaxıstanın "Ekspress K" qəzetinə müsahibəsində bildirib. Qazaxıstanın Bakı-Tbilisi-Qars layihəsinə qoşulması Azərbaycanın özünə də yaxşı perspektivlər vəd edir. Çünki bu yolla Azərbaycan mallarının Çin və digər Asiya ölkələrinə çıxışı daha da asanlaşar.
Qeyd edək ki, prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı, həmçinin, Azərbaycandan meyvə və tərəvəzin bu ölkəyə tədarükü, eləcə də birgə dəyirman kompleksinin inşası barədə razılıq əldə edilib. Nursultan Nazarbayev onu da xatırladıb ki, Qazaxıstan Azərbaycanda açılan yeni taxıl terminalı vasitəsilə öz taxılını dünya bazarlarına çıxarmaq üçün yeni imkanlar qazanıb.
Bütün bunlar və əldə olunan razılıqlar, prezidentlərin fikrincə, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması və nəticə etibarilə qarşılıqlı ticarət dövriyyəsinin indiki $300 mln.-dan $1 mlrd.-a çatdırılmasına şərait yaradır.
Biz isə sonda əlavə edək ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi əsasən qaz və taxıl idxalı hesabına formalaşırdı. Lakin hər iki ölkənin iqtisadi potensialı və tələbatı nəzərə alınarsa, hətta $1 mlrd.-ın özü də son hədd deyil.
MƏSLƏHƏT GÖR: