25 Noyabr 2024

Bazar ertəsi, 00:20

YALNIZ "ALİ TƏHSİL"

Ölkənin ali təhsil müəssisələrində hazırlanan mütəxəssislər əmək bazarının tələbatını ödəmir

Müəllif:

01.08.2007

İnsanlarda ali təhsil (AT) almaq istəyi ildən-ilə güclənməkdədir və statistik göstəricilər buna əyani nümunədir. Məsələn, 2005-ci ildə universitetlərə qəbul olunmaq üçün 99 000 nəfər, 2006-cı ildə isə 105 537 nəfər sənəd vermiş, 2005-ci ildə 23 876, 2006-cı ildə isə 22 927 nəfər tələbə adını qazanmışdı. Bu il isə rekord sayda - 106 806 nəfər abituriyent tələbə adını qazanmaq niyyətindədir.

Ali təhsil almaq istəyinin belə güclü olması sevindiricidir. Lakin o da aydındır ki, sadəcə universitet bitirmək azdır, axı dünənki tələbənin diplomunun arxasında real biliklər dayanmasa, ondan bacarıqlı mütəxəssis alınmaz. Təəssüf ki, bizdə bu hal kütləvi şəkil alıb. 

Ali təhsil almağa tələbatın artması sevindiricidir. Lakin aydındır ki, sadəcə, universiteti bitirmək kifayət deyil, axı dünənki tələbənin diplomu real biliklərə əsaslanmırsa (təəssüf ki, belə hallar bizdə lap çoxdur), o, savadlı mütəxəssis olmayacaq. Müasir ali təhsilin daha bir problemi  odur ki, əksər hallarda abituriyentlər ixtisası onun bazarda sonrakı gərəkliliyi baxımından yox, tamam başqa motivasiyalara əsasən seçirlər. Belə seçimin kədərli  yekunu  universiteti bitirdikdən sonra həm  dövlətin, həm də özəl sektorun tələbatından kənarda qalan on minlərlə məzun  olur. 

 

Kimyaçı diplomlu inzibatçı

Leyla Məsimova paytaxt məktəblərindən birinin ən perspektivli şagirdləri sırasında idi. Kimya üzrə rayon və şəhər olimpiadalarında  vaxtaşırı qələbələri onun gələcək həyatının məhz bu elmlə bağlı olacağına dəlalət edirdi. Leyla özü ancaq kimyaçı olmaq arzusundan və məktəbi qurtardıqdan sonra universitetin müvafiq fakültəsinə  qəbul olunmaq planlarından danışırdı. Valideynləri onun üçün repetitor tutmamışdılar, çünki ailənin maddi durumu buna imkan vermirdi. Amma Leylanın bunsuz da ali məktəbə qəbul olunacağına heç kim şübhə etmirdi. 

1997-ci ildə Leyla kimya fakültəsinə  imtahan verib Bakı Dövlət Universitetinin tələbəsi oldu. Təhsil  illəri  çox asanlıqla  davam edir, universitet müəllimləri bir ağızdan qıza parlaq gələcək  vəd edirdilər. Lakin  planlar  yerinə yetmədi. Universiteti "qırmızı diplom"la bitirən qız  tərəddüd etmədən sənədlərini magistratura şöbəsinə verdi. Uğurlu  imtahandan  sonra isə məlum oldu ki, Leyla magistraturada ancaq ödənişli təhsil ala bilər, çünki  ödənişsiz iki yer artıq "tutulub". Ümidsizliyə qapılan Leyla qərara aldı ki, gələn il mütləq qəbul olunacaq, hələlik isə ixtisası üzrə iş axtarmağa başladı. Amma məlum oldu ki, "kimyaçı" ixtisası  gərəklilər reytinqində ilk sıralarda durmur. Bir neçə xarici neft şirkəti onu işə götürməkdən imtina edib, xaricdə təhsil almış mütəxəssislərə üstünlük verildiyini bildirdi. Orta məktəbdə də ştatın artıq komplektasiya oldunduğunu əsas gətirərək onu işə qəbul etmədilər. Leyla ölkənin baş ali təhsil ocağını bitirdikdən sonra kurs yoldaşlarının həyatlarını necə qurduqları ilə maraqlananda aydın oldu ki, bu yalnız onun problemi deyil.  Fakültənin 20 məzunundan heç biri ixtisası üzrə işləmirdi: kimi ixtisasını dəyişmişdi, kimi tamam işsiz qalmışdı, kimi  isə ümumiyyətlə, fiziki əməklə məşğul idi. Leylanın da sonuncu variantdan başqa çıxış yolu qalmamışdı. Tanışların zəmanəti ilə onu paytaxt otellərindən birinə inzibatçı götürdülər.  Bu variant təklif olunan ofisiant, satıcı və s. vakansiyaları arasında ən yaxşısı idi.  İş Leylanın heç ürəyincə deyil, hərçənd  maaşı məktəbdə kimya müəlliminin məvacibindən qat-qat çoxdur. Elmi karyera arzusu ilə isə o, vidalaşmalı oldu.  Zaman keçdikcə, qız  anladı ki, bu sahədə çox pul qazanmaq  mümkün deyil,  heç  özü də bunu istəmir, çünki  xəstə valideynlərinin qayğısına qalmalıdır. 

 

Hüquqşünaslar və "texnikilər" liderdir

Belə əhvalatlar saysızdır. Bircə şey aydın deyil - niyə müvafiq strukturlar bu və ya digər fakültəyə qəbul planını  müasir bazarın tələbatına uyğun tənzimləmir?  Axı pulsuz və ən əsası, gələcəkdə heç kəsə gərək olmayan təhsil verməklə, dövlət çox böyük ziyana düşür. Nəticədə bu fakültələrin məzunları "qurbana" çevrilir, heç yerdə gərək olmayan mütəxəssislər ordusu kimi əmək bazarından kənara atılırlar.

"R+"  müxbirinə TQDK mətbuat xidmətinin rəhbəri Hikmət Kazımovun verdiyi məlumata əsasən, bu il dörd qrup üzrə ali məktəblərə daxil olanlar üçün 27464 yer planlaşdırılır,  verilən ərizələrin sayı isə 106 806 olub. Beləliklə, 8238 nəfər birinci, 7270 nəfər ikinci, 8665 nəfər üçüncü, 3291 nəfər dördüncü qrup  tələbələri olacaq.

Ötən illərdə olduğu kimi, bu il də ən böyük ajiotaj  üçüncü qrup ixtisasları ətrafındadır -  planlaşdırılan 8665 yerə 41242 abituriyent iddia edir. Belə böyük müsabiqə həm də onunla izah olunur ki, qəbul imtahanları modelinin dəyişdirilməsi ilə əlaqədar beşinci ixtisas qrupu ləğv  edilib, bu qrupdakı  ixtisaslar isə üçüncü qrupa daxil edilib.

Abituriyentlərin ən  böyük tələbatı ilə fərqlənən fakültələrə gəldikdə isə ötən illə müqayisədə bu il ən populyar qrupda ixtisasların nüfuz  dərəcəsi  dəyişməyib. Azərbaycan bölməsi abituriyentləri üçün birinci yerdə BDU-nun "Azərbaycan dili və ədəbiyyatı", rus bölməsi üçün - Dillər Universitetinin "İngilis dili" fakültəsi  durur. Hər iki bölmə üzrə ikinci yerdə BDU-nun "Hüquqşünaslıq" fakültəsi, üçüncü yerdə isə bu fakültənin ödənişli şöbəsidir.

İkinci yeri tutan populyar ixtisaslar qrupu uzrə  birinci - texniki qrupdur. Bura ərizə verən abituriyentlər, əsasən, Azərbaycan Neft Akademiyasının fakültələrini seçirlər. Sonrakı yerləri ikinçi və dördüncü ixtisas qrupları tutur. Qəbul imtahanlarının nəticələri avqustda elan olunacaq.

TQDK-dan verilən məlumata görə, hər il ölkədə yeni fənlər  üzrə mütəxəssislər hazırlayan təzə fakültələr yaradılır. Deyək ki, ötən il Dillər Universitetində "Skandinaviyaşünaslıq" fakültəsi təşkil edilib, bu il isə Azərbaycan bölməsinin abituriyentlərinə "Filologiya. Alman dili və ədəbiyyatı"  ixtisası təqdim olunub. TQDK əməkdaşlarının sözlərinə görə, bu və ya digər fakültənin  açılması təşəbbüsü ali məktəblərin özlərinə məxsusdur; onlar müəyyən profilli mütəxəssislərə olan ehtiyacla bağlı situasiyanı müstəqil şəkildə təhlil edirlər. Sonra yeni fakültənin açılmasına dair təklif Təhsil Nazirliyinə təqdim olunur, bu qurum da yekun qərar qəbul edir.  

 

Günahkar kimdir və nə etmək lazımdır?

Təhsil Nazirliyi Azərbaycanda əmək bazarının tələbatlarına uyğun tələbə qəbulu keçirmək üçün bu bazarın monitorinqini aparırmı? Nazirliyin ali və xüsusi təhsil şöbəsindən "R+" əməkdaşına verilən məlumata əsasən, bu istiqamətdə müəyyən iş görülür. Belə olmasaydı, ali məktəblərdə reallığın tələbi ilə yeni ixtisaslar verən fakültələr açılmazdı. Lakin aydın olub ki, bu və ya digər fakültənin açılmasının vacibliyi haqqında təklif yenə də marağı olan strukturlar tərəfindən verilir. Şöbədəki mütəxəssislərin dediyinə görə, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Azərbaycanda çox böyük tələbat olan sosial işçilər hazırlayan fakültənin açılması ilə əlaqədar təklif verib. Bu məqsədlə  növbəti tədris ilindən BDU-da həmin ixtisas üzrə bakalavrlar hazırlayan fakültənin açılmasına  dair razılaşma əldə  olunub. 

Nazirlikdə həmçinin xatırlatmağı unutmadılar ki, Azərbaycan Bolonya prosesinə qoşulub; bu prosesin başlıca ideyası vətəndaşların əmək bazarında mobilliyini artırmaq və Avropada ali təhsilin rəqabət qabiliyyətini gücləndirmək məqsədilə Ümumavropa Ali Təhsil Məkanı yaratmaqdır.

Bununla belə, ölkənin təhsil idarəsində  bir sualımıza cavab tapmadıq: nə üçün ali təhsil müəssisələri hər il bu sayda mütəxəssis hazırlayan ölkəmizdə  məhz diplomlu işsizlər belə çoxdur? Əsas problem nədədir: ali təhsil sisteminin hər iki ayaqdan axsaq olmasında və bu səbəbdən "mütəxəssislər"in əslində savadsız  yetişib dörd il ali məktəbdə keyfiyyətli peşə sahibi olmaq üçün yox, yalnız diplom  almaq naminə  oxumalarındamı? Yoxsa ali məktəb məzunlarının sayının əmək bazarının real tələbatından qat-qat çox olmasında?

İqtisadçı İlqar İsmayılovun sözlərinə görə, əmək bazarının müasir tələbatları əhəmiyyətli dəyişikliklərə uğrayıb. Bu bütün fəaliyyət sahələrinə - həm fəhlə ixtisaslarına, həm də menecmentə aiddir.

"Təbiidir ki, bu və ya digər peşələrə tələbat da dəyişib. Bu gün daha çox humanitar deyil, texniki peşələrə tələbat artıb. Bu ixtisaslar arasında  fərq çox böyükdür. İndi əmək bazarında kompüterdə işləməyi bacaran adamlara tələbat var. Köhnə peşələr üzrə kadr  seçimi  zamanı da yeni, daha müasir parametrlərə üstünlük verilir. Yeni, beş - on il əvvəl heç olmayan ixtisaslardan isə danışmağa dəyməz. Hətta dövlət  müəssisələrində idarəetmə sistemi də dəyişib. 

Buna baxmayaraq, keçid iqtisadiyyatlı əksər ölkələrdə, həmçinin Azərbaycanda  mütəxəssis hazırlığı prinsipi dəyişməyib. Bu gün ölkədə neft sahəsi daha yaxşı inkişaf  edib və biz xarici şirkətlərdə işləyənlərin peşə hazırlığı səviyyəsinin necə dəyişdiyini görə bilərik. Lakin neft sənayesi dövlətin bütün iqtisadi potensialını əks etdirmir, ona görə də nəzərlərimizi həyatın başqa sahələrinə yönəltməliyik". 

 

"Diplom xəstəliyi"

Müasir Təhsil Mərkəzinin təhsil siyasəti sahəsində proqram direktoru Elmina Kazımzadənin sözlərinə görə, etiraf etməliyik ki, ölkədə mütəxəssis hazırlığı əmək bazarı ilə zəif bağlıdır.

"İş ondadır ki, universitetlər yalnız abituriyentlərin və onların valideynlərinin tələbatlarını ödəyir və ali məktəbi bitirən məzunların sonrakı taleyinin necə olacağı haqqında qətiyyən düşünmürlər. "Hüquqşünaslıq", "Beynəlxalq münasibətlər", "Beynəlxalq hüquq" - bu fakültələrin  adları belə həmvətənlərimizin əksəriyyətinə sirli şəkildə təsir göstərərək, onları  həmin ixtisasların əmək bazarındakı gərəkliyini deyil, yalnız  elitliyi və nüfuzluluğunu rəhbər tutmağa sövq  edir.

Bu, valideynlərin böyük səhvidir, onlar çox vaxt uşaqlarını düzgün istiqamətləndirmirlər.

Artıq 9-cu sinifdən valideynlər  repetitor tutur, övladlarının yalnız  hansısa "elit" fakültəyə daxil olması üçün  böyük pullar xərcləyirlər. Bu xərcləri qısamüddətli saymaq olar, çünki yiyələndiyi peşə uşaqlara rahat gələcək vəd etmir. 

Mütəxəssislərin rəyinə görə, artıq məktəbdə uşaqlar və valideynlərlə peşəyönümü üzrə iş aparmaq vacibdir. Daha bir əhəmiyyətli problem: hazırladığı mütəxəssislər üçün heç kim məsuliyyət daşımır. Burada aşağıdakı sxem işləyir: daxil oldu, oxudu, diplom aldı.  Təəssüf ki, cəmiyyətimiz "diplom xəstəliyi"nə tutulub, vətəndaşlar yalnız bəzən arxasında heç nə durmayan bu şəhadətnamənin olması üçün çalışırlar.  

Belə vəziyyət ona gətirib çıxarıb ki, bu gün xarici şirkətlər, bəzən hətta dövlət struktuları belə xarici ölkələrin ali məktəb məzunlarını işə götürməyə üstünlük verirlər. Bu, Azərbaycanda ali təhsilin heç kimə gərək olmaması ilə nəticələnəcək. Bunun baş verməməsi üçün kəmiyyət göstəriciləri barədə düşünmədən ali məktəblərdə təhsilin keyfiyyətinə nəzər salmalıyıq.

Ali məktəbi bitirdikdən sonra diplomunu tətbiq edə bilməyən tələbə ordusuna pulsuz təhsil verməklə Azərbaycan böyük ziyan çəkir - hədsiz təhsil xərcləri və tələbatın sıfır səviyyəsində olması AT sisteminə münasibətin tamamilə yeniləşməsini qacılmaz edir. Ali məktəblər, kafedralar özləri əmək bazarında tələbat olan ixtisaslar üzrə keyfiyyətli təhsilin verilməsində maraqlı olmalıdırlar. Bu , ali təhsilə investisiyalar, aktuallığını itirmiş köhnə təlim proqramlarına yenidən baxılması üçün vəsait ayrılması yolu ilə  həyata keçirilməlidir. Ölkədə AT sisteminin  maliyyələşdirilməsinin çevik sistemi işlənib hazırlanmalıdır.

"Təhsil haqqında" qanunun qəbuluna böyük ümidlər bəslənir. Lakin hətta bu  sənədin qəbulu da vəziyyəti dəyişməyəcək. Mümkündür ki, "Təhsil haqqında" qanunun parlamentdə təsdiqindən sonra, bilavasitə ali təhsil seqmentinə aid daha bir qanun qəbul olunsun. Yalnız bu, mövcud durumu  bir qədər dəyişməyə imkan yarada bilər. Lakin bu, güman ki, hələ tezliklə baş verməyəcək", - Elmina Kazımzadə belə düşünür.

Hələlik isə yaydır -  abituriyentlərin həyəcanı, məzunların qayğıları  başdan aşır. Onları nə gözlədiyini gələcək göstərər.  Bu gün isə biz universitetlərin "istehsalı" ilə ölkənin əmək bazarının tələbatı arasında aşkar disbalansın şahidiyik...


MƏSLƏHƏT GÖR:

409