14 Mart 2025

Cümə, 11:24

BİLMƏK İSTƏYİRƏM, NƏYƏ GÖRƏ PUL ÖDƏYİRƏM?

Bazar prinsiplərinin formalaşdırılmasında istehlakçıların özlərinin fəal iştirakının vaxtı çatıb

Müəllif:

01.08.2007

Üçüncü mobil operatorun gəlişi ərəfəsində çoxları düşünürdü ki, on ildən artıq fəaliyyət göstərən və bazarı çətinliklə də olsa, idarə edən iki mobil rabitə operatoru olan yerdə daha biri nəyə lazımdır? "Günəş altında yer uğrunda mübarizədə hər vasitə məqbuldur" prinsipi ilə müvəqqəti işbazlar, birsaatlıq xəlifələr işləyir. Elə istehlakçı da daha əvvəlki deyil, hər şeyin dəyərini bilir. Və yeri gəlmişkən, üçüncü, tezliklə isə, bəlkə dördüncü operatorun da bazara girməsi onun üçün sərfəlidir. Rəqabət nə qədər sərt olsa, istifadəçiyə o qədər xeyri var, axı kimin qalıb, kimin gedəcəyini o həll edir.

Oxucuya, istehlakçıya və ya sadə müşahidəçiyə "Azərfon" MMC-nin  bu gün bazara nə təklif etdiyini və üçüncü gələn, lakin birincilik iddiasında olan qurumun işini hansı prinsiplər əsasında qurduğunu bilmək, yəqin ki, maraqlı olar.

Suallarımızı "Azərfon" şirkətinin baş direktoru Con Armliyə ünvanladıq. 

- Bir neçə aydır ki, "Azərfon" MMC Azərbaycanın mobil telefon rabitəsi bazarında  "Nar Mobile" brendi ilə öz xidmətlərini təqdim edir. Abonentlərin yeni operator xidmətlərinə marağı hansı səviyyədədir və bu gün "Nar Mobile" nə qədər abonenti əhatə edir?

- Gəlin  obyektiv  mülahizə yürüdək: yeni operatora maraq dərəcəsindən uzun-uzadı və bəlağətlə danışmaq olar, amma rəqəmlər daha etibarlı şahiddir -  şirkətimizin fəaliyyət göstərdiyi cəmi 3 ay ərzində abonentlərin sayı 100 000-i ötüb. Bunun müxtəlif səbəbləri var, lakin məncə, əsas amil bizim bazara gəlişimizin qeyri-standart, fərqli olmasıdır. Satış markası -"Nar Mobile" seçimi də əhəmiyyətli məqam oldu - bu söz Azərbaycan xalqının zəngin tarixi və qədim ənənələri ilə assosiativ əlaqə yaradır. Brendimizin adındakı daha bir məna əlaqəsi - istifadəçiyə  yorulmaz qayğı və diqqətdir. Biznes fəlsəfəsinin həlledici açarı - yalnız fəal olmaq azdır, bazarda yeni xidmət növləri təklif etmək vacibdir. İnsanların seçim hüququ olmalıdır.

- "Azərfon" MMC Azərbaycanda  sayca üçüncü mobil rabitə operatorudur. Şirkət bazarda hansı abonent şəbəkəsinə və ya paya ümid edir?

- Bəli, biz bazarda sayca üçüncüyük, amma birinci olmaq iddiasındayıq - ambisiyalarımız böyükdür. Necə deyərlər, general olmağı arzulamayandan yaxşı əsgər çıxmaz.

Bu gün biz 500 000  istifadəçinin abonent şəbəkəsinə xidmət göstərmək iqtidarındayıq, ilin axırınadək isə bu rəqəmi düz iki dəfə artırmaq, yəni milyona çatdırmaq niyyətindəyik. Genişləndikcə, əhaliyə daha keyfiyyətli xidmət göstərmək üçün işimizi təkmilləşdirəcəyik.

- "Azərfon" MMC-nin xidmətləri Azərbaycan istehlakçısına təqdim olunan digər analoqlarından hansı üstünlüklərlə fərqlənir? "Nar Mobile" xidmət tarifləri nə qədər cəlbedicidir? Müştərilərin gələcəkdə stimullaşdırılması planları necədir? 

  - Qiymət siyasətimiz də fərqləndirici əlamətlərə malikdir. Bazarda fəaliyyət göstərən mobil operatorların qiymət siyasəti kontur kartları əsasında qurulursa, bizim bu sahəyə fərdi, özəl baxışımız var. Hesab edirəm ki, bu prinsip lazımi şəffaflıq, aydınlıq vermir, xidmətin əsl dəyərini, bir növ, gizlədir. Fəaliyyətimizin lap əvvəlindən başlıca prinsip kimi maksimal şəffaflığa əsaslanırıq, istehlakçı nə qədər və nəyə görə pul ödədiyini dəqiq bilməlidir və ona  danışığın  neçəyə başa gəldiyi haqqında  informasiya əldə etmək  imkanı yaratmaq bizim vəzifəmizdir. Bu, istehlakçının hüququdur, belə məsələlərdə onun  kiçik  bir şübhəsi də olmamalıdır.

Bizim tariflər həm də çevik qiymət siyasəti baxımından cəlbedicidir, yəni onlar kifayət qədər ucuzdur. Qiymətlərin "ucuzlaşdırılması" mexanizmləri üzərində konkret və məqsədyönlü iş aparırıq. Belə ki, "Aztelekom" şirkəti ilə danışıqlar nəticəsində  şəhər telefonlarından "Nar Mobile" abonentləri ilə danışıq üçün  artıq 35% az pul ödəyirsiniz. Biz bonus kampaniyasına məhz yayda başladıq, çünki bu, insanların maksimal ünsiyyət mövsümüdür. Bu kampaniya çərçivəsində qiymətlər 50 %, yəni iki dəfə aşağı salınıb. Bu bonus proqramı paket seçimi zamanı CPRS xidmətləri üçün qiymətlərin 50%  azaldılmasını nəzərdə tutur, həmçinin yaxşı sürətli və keyfiyyətli rabitə təklif edir. Bu təklifin analoqu yoxdur və o, "Nar Mobile" abonentlərinə  daha çox ünsiyyətdə olmaq imkanı yaradacaq.

- Xidmətləri təqdim etməyə başlayarkən "Azərfon" MMC Azərbaycan ərazisinin 80%-nin  öz şəbəkəsi və milli rouminq vasitəsilə əhatəsi haqqında bəyanat verdi. Şirkət  ölkə ərazisinin 100%-ni milli rouminqsiz əhatə etməyi  planlaşdırırmı və bu hansı müddətə baş tuta bilər?  

- Söhbət konkret 50 və ya 80 %-dən getmir, son məqsədimiz bütün ərazini öz şəbəkəmiz hesabına əhatə etməkdir. Qarabağ münaqişəsinin pozitiv həllindən və ərazi bütövlüyünün bərpasından sonra 100% əhatədən danışmaq olar. Hazırda Azərbaycanın müxtəlif bölgələrində stansiyalarımızın qurulması üzrə intensiv iş gedir. İşlər başa çatdıqdan sonra milli rouminqsiz  keçinə biləcəyik, öz şəbəkəmiz isə daim genişlənəcək.

- Əhatədən danışarkən "Azərfon" MMC rouminqi ilə neçə ölkənin əhatə olunduğunu və rouminqin genişləndirilməsi planlarını öyrənmək maraqlı olardı.

- Demək olar ki, bu gün biz  430 mobil rabitə operatoru ilə müqavilə bağlayaraq, 217 ölkə ilə  əlaqə yaratmışıq, bu isə  kifayət qədər böyük əhatə dairəsidir. Lakin bu istiqamətdə işlər xeyli intensiv şəkildə davam etdirilir. Şəxsi təcrübəm əsasında deyə bilərəm ki, bazarda belə qısa müddətdə Azərfon kimi nəticələr əldə etmiş çox az şirkət var.

- Və sonda. Azərbaycanda biznes fəaliyyəti barədə nə demək olar? Bazara daxil olduqdan sonra şirkət hansı problemlərlə qarşılaşır?

- Burada müzakirə üçün iki  mövzu görürəm: bir tərəfdən, milli iqtisadiyyatın inkişaf  səviyyəsini və templərini, digər tərəfdən, ümumiyyətlə, bazar iqtisadiyyatının  xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bu heç də həmişə eyni şey deyil. Çünki bazar iqtisadiyyatı şəraitində bazarı mənimsəməyin müəyyən yolları və mexanizmləri, yəni başqa ölkələrin təcrübəsi var.  

Şübhəsiz, bazara nüfuz etməyimiz müəyyən problemlərlə bağlıdır. Bu problemlər qanunauyğundur və onlarla hesablaşmalıyıq. Lakin xüsusi olaraq qeyd etmək  istərdim ki, bazar uğrunda sağlam, ən əsası, açıq mübarizənin, rəqabətin dünyanın bütün mütərəqqi ölkələrində qəbul olunmuş üsul və metodlarının tərəfdarıyıq. Bazarda üçüncü mobil operatorun meydana çıxması (burada söhbət heç də məhz "Azərfon"dan getmir), əlbəttə, bazarı silkələdi, müəyyən təkan rolunu oynayaraq, təkcə operatorları deyil, istehlakçıları da oyatdı. 

Güclü iqtisadiyyatın uğur qazanmasının rəhni onun ən mütərəqqi hissələrindən birinin - telekommunikasiya sahəsinin inkişaf etdirilməsidir. Azərbaycanda isə dövlət bu məsələyə kifayət qədər böyük diqqət yetirir. İnformasiya-kommunikasiya şəbəkəsi canlı orqanizmin bütün nöqtələrini əlaqələndirən arteriyaları xatırladır. Odur ki, ölkə iqtisadiyyatının güclü informasiya-texnologiya platformasının yaradılmasında "Azərfon" şirkətinin əlaqələndirici halqalardan biri olmaq istəyi dövlətin milli maraqları ilə tam üst-üstə düşür.


MƏSLƏHƏT GÖR:

333