
GÜNDƏLİK RUZİ HAQQINDA
Və taxıl böhranının qarşısının alınması imkanları barədə
Müəllif: Nurlana QULİYEVA Bakı
Çörəyin qiymətinin artması yalnız konkret ailə büdcəsi çərçivəsində deyil, dövlət səviyyəsində də ciddi iqtisadi göstəricidir. Bazar iqtisadiyyatı şəraitində hökumət kifayət qədər uzun müddət ərzində çörəyin qiymətini sabit saxlamağa çalışsa da, dünya bazarında taxılın qiymətinin artması, həmçinin Azərbaycanda buğda əkinçiliyindəki zəif məhsuldarlıq bu sahədə qiymət siyasətinə inzibati təsir imkanlarını minimuma endirib.
Artıq sahibkarlar bir çörəyin qiymətinin 50%, yəni 20 qəpikdən 30 qəpiyə yüksəlməsinin qaçılmaz olduğunu bildirirlər. Hələlik qiymətlər əsasən dəyişməz qalsa da, çörəyin çəkisinin azaldığı ilk baxışdan hiss olunur. İstehsalçıların sözlərinə görə, qiymət artımın olmayacağı halda, çörək bişirilməsi və satışı sərfəsiz biznesə çevriləcək. Bu sahə ilə məşğul olan sahibkarlar, hətta sonda taxılçılıq biznesində olduğu kimi, bu sahədə də işlərindən əl çəkə biləcəklərini söyləyirlər. Hökumətin çörəyin qiymətinin qalxmasının sosial təsirləri azaltmaq gücündə olması, kasıb təbəqə üçün hansısa formada kompensasiyaların verilməsi kimi məsələlər isə başqa söhbətin mövzusudur.
Bütün bu suallar Nazirlər Kabinetinin iqtisadi "hissəsi"nin gündəmində dayanan əsas problemdir.
Xarici faktor: idxal bahalanıb
Beləliklə, ilk olaraq çörəyin qiymətinin yüksəlməsinin səbəbləri araşdırılmalıdır. Bu zaman prosesə təsirsizliyi qeyri-mümkün olan bir sıra xarici faktorlar qeyd edilməlidir. Bunlardan biri Avropa, Rusiya, Ukraynada baş verən təbiət kataklizmləridir. Hesablamalara görə, belə kataklizmlər dünyada taxıl ehtiyatının 112 milyon ton azalmasına səbəb olub.
Məlum olduğu kimi, Azərbaycana əsas taxıl ixrac edən ölkələr Rusiya, Ukrayna və Qazaxıstandır. Yuxarıda qeyd olunan səbəbdən Ukrayna və Rusiyada buğda istehsalı xeyli azalıb və həmin ölkələrdə məhsulun bir tonunun qiyməti 60-70 dollara yüksəlib. Bundan başqa, Ukrayna taxıl ixracına müvafiq hədd qoyub. Qazaxıstanda isə əksinə, taxıl istehsalı artsa da, onun qiyməti 50 faiz artıb, üstəlik, tranzit xərcləri də çoxalıb. Beləliklə də, istifadə olunan taxılın yarısını idxal edən Azərbaycanda müəyyən problemlərin meydana çıxması qanunauyğundur.
Xarici faktorlarla yanaşı, çörəyin qiymətinin qalxmasına təsir göstərən bir sıra daxili amillər də var. Əvvəla, bu il ölkədə məhsul yığımının gec və ötən illə müqayisədə az olacağı gözlənilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulun əvvəllərində Azərbaycanda dənli bitkilərin yığımı 23,4% və ya 282,2 min ton azalıb. Buna səbəb pis hava şəraitidir. Ümumiyyətlə, statistik məlumatlar göstərir ki, son dörd ildə Azərbaycanda bu göstərici mütəmadi olaraq azalan xətt üzrə gedir: 2004-cü ildə 2,105 milyon ton, 2005-ci ildə 2,077, 2006-cı ildə 2,032 ton taxıl yığılıb ki, bu il rəqəmin 2 milyon tondan da aşağı olacağı gözlənilir.
Qeyd edək ki, daxili istehsal 2-2,5 milyon ton olduğu halda, daxili tələbat 3 milyon tondur (2008-ci ildə daxili istehsalın 2,8 milyon tonadək artacağı gözlənilir). İdxal vasitəsilə isə həm defisit aradan qaldırılır, həm də ehtiyat yaradılır.
Beləliklə, Milli Məclisin iqtisadi siyasət komissiyasının sədr müavini Azər Əmiraslanovun bildirdiyi kimi, bu gün Azərbaycanda taxılın və çörək məhsullarının qiymətinin qalxması qaçılmaz prosesdir: "Biz dünyada baş verən proseslərdən təcrid vəziyyətində yaşaya bilmərik. Çörək istehsalçılarının da maraqlarını nəzərə almaq lazımdır. Əgər bir sıra qiymətlər korrektə edilərək bazar şərtlərinə uyğunlaşdırılırsa, çörək məhsullarının qiyməti də yeni şərtlərə uyğun olmalıdır. Lakin bununla yanaşı, hökumət çörəyin qiymətinin yüksəlməsini nəzərə alaraq, xüsusi kompensasiya siyasəti həyata keçirməlidir".
Daxili faktor: istehsal bahalaşıb
Çörəyin bahalaşmasının kasıb əhaliyə təsiri baxımından, çıxış yollarından biri kompensasiyadır. Lakin bəzi ekspertlər hesab edirlər ki, situasiyadan çıxmaq üçün digər yollar da var. Bu, ilk növbədə, ölkə daxilində taxıl istehsalının artırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsidir. Məsələ ondadır ki, bu gün Azərbaycanda buğda istehsalı son dərəcə rentabelsiz bir işdir. Bu da təbii ki, kənd təsərrüfatının bu sahəsinə marağın azalmasına səbəb olur. Müqayisə üçün qeyd edək ki, əgər 2005-ci ildə ölkə ərazisində taxıl sahəsi 5,091 min hektar idisə, 2006-cı ildə bu rəqəm 30 min azalaraq, 5,061 min hektar olub.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyevin sözlərinə görə, taxıl, un və çörəyin qiymətinin artması bu ilin yanvarında əsas enerji daşıyıcılarının qiymətinin yüksəlməsi ilə əlaqədardır. Həmin artım nəticəsində 2006-cı il ilə müqayisədə taxılın qiyməti 2 dəfə artıb: hazırda bu rəqəm bir kiloqrama görə 24-26 qəpikdir.
Maraqlıdır, prezidentin enerji daşıyıcılarının yeni qiymətləri ilə əlaqədar fermerlərə 50%-lik güzəştin olmasına dair Sərəncamı olduğu halda, proses nədən bu cür gedir? Bəli, Sərəncam var, lakin görünür onun icrasına gec başlanılıb. Əkinə başlanması və sonradan məhsulun yığılması üçün isə fermerlərə vəsait lazım idi - nağd vəsait. Bu məqsədlə banklardan kredit almağın çətin olduğu məlumdur. Enerji daşıyıcılarının qiymətlərinin artırılması fonunda isə kəndlinin əlində olan vəsait ona kifayət etmirdi. Bu səbəbdən də onlara kompensasiyalar indi - məhsul yığımı başa çatdıqdan sonra deyil, o zaman verilməli idi.
S.Vəliyev hesab edir ki, bu gün çörəyin bahalaşmasının qarşısını almaq üçün yeganə vasitə ölkəyə idxal olunan taxıla əlavə dəyər vergisinin (ƏDV) ləğvidir. "Biz hesab edirik ki, ölkəyə gətirilən taxıla tətbiq olunan 18,3 faizlik ƏDV-nin ləğvi problemin həllinə müsbət təsir göstərə bilər", - deyə şöbə müdiri qeyd edib.
Bununla yanaşı, S.Vəliyev bildirib ki, ƏDV-nin ləğvi nəticəsində dövlət ciddi ziyanla da üzləşəcək: "Ölkəyə gətirilən taxılın hər tonuna görə dövlət büdcəsinə 48,5 dollar daxil olur. Bu rəqəmi topladıqda zərərin miqyası aydın olur" ("Trend").
Qabaqlayıcı tədbir kimi, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yaxın gələcəkdə Qazaxıstandan Bakıdakı taxıl terminalına əlavə 100 min ton taxıl idxal etməyi planlaşdırır. Qeyd edək ki, OAO "Bakı taxıl terminalı" Azərbaycanla Qazaxıstanın birgə müəssisəsidir və onu Azərbaycandan "Planeta L", qarşı tərəfdən isə "Ərzaq Korporasiyası" SC təsis edib. Terminal Hövsan qəsəbəsində, keçmiş Balıq Kombinatı yaxınlığında yerləşir və onun tikintisinə 2006-cı ilin mayında başlanılıb. Terminalın gücü ildə 500-800 min tondur. Oraya taxıl Qazaxıstanın Aktau limanından dəniz vasitəsilə gətirilir. Müəssisənin fəaliyyəti yalnız Azərbaycanın taxıla tələbatını təmin etməyə deyil, həmçinin məhsulu Gürcüstan, Türkiyə və Şimali Afrikaya (Fineko) ixrac etməyə imkan verir. Terminalın ərazisində dəyirman da yaradılıb və o, ildə 150 min ton taxıl üyütmək iqtidarındadır.
Bundan başqa, nəhayət, ölkədə Taxıl Fondunun yaradılması məsələsi də öz həllini tapır. Artıq bu haqda təklif Kənd Təsərrüfatı Nazirliyi və Nazirlər Kabinetinə təqdim olunub. Xatırladaq ki, Fondun yaradılmasına dair ilk ideya 1995-ci ildə Fransanın "Sofreco" şirkəti tərəfindən irəli sürülüb. Sonradan məsələyə Dünya Bankı qarışıb və onu Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası çərçivəsində həll etməyə çalışıb. Lakin fondların qorunması üçün tələb olunan vəsaitin çoxluğunu nəzərə alan hökumət o zaman bu təklifləri geri qaytararaq məsələnin özəl sektor tərəfindən həll olunacağına ümid edib.
Bir qaşıq bal
Bütün bunlarla yanaşı, hökumət də əllərini yanına salaraq əyləşməyib. Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət çörəyin qiymətini süni şəkildə bahalaşdırmağa çalışan şəxslər və şirkətlərə qarşı tətbirlər görməyi planlaşdırır. Bu məqsədlə müvafiq nazirliklərin nümayəndələrinin iştirakı ilə toplantının keçiriləcəyi gözlənilir. Hökumətdə hazırda Kənd Təsərrüfatı Nazirliyinin ölkədəki taxıl ehtiyatının həcmini araşdırdığı bildirilir. Qərar yoxlamaların nəticələrinə əsasən veriləcək.
İqtisadi İnkişaf Nazirliyindən situasiyanı şərh edərək bildiriblər ki, hazırda Dövlət Antiinhisar Xidməti də bazarda baş verənləri diqqətlə izləyir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin standartlara və keyfiyyətə dövlət nəzarəti şöbəsinin rəhbəri Mənsim Babayevin sözlərinə görə, bir sıra çörəkbişirmə müəssisələrində aparılan reydlər zamanı məlum olub ki, çörəyin çəkisinin azaldılması ilə yanaşı, xəmirə yodlaşdırılmış duzun vurulmaması, həmçinin sexlərdə laboratoriyaların olmaması halları da üzə çıxıb. M.Babayev hazırda ölkə daxilində 0,5 və 1 kq çəkidə çörək istehsalına icazə verildiyini bildirib. Bununla yanaşı, sexlər razılaşma əsasında aşağı çəkili çörək də bişirə bilər.
Sonda bizə çörəyin qiymətinin artacağı təqdirdə belə onun keyfiyyətinin, çəkisinin standartlara cavab verəcəyinə ümid etmək qalır.
MƏSLƏHƏT GÖR: