15 Mart 2025

Şənbə, 00:43

KRAL, FUTBOL VƏ BİR NEÇƏ NÖV PİVƏ

Belçikada parlament seçkilərini ölkənin konfederativ quruluşunun tərəfdarları qazandılar

Müəllif:

01.08.2007

Bu ölkəyə rəhbərlik etmək mənim üçün şərəf idi. Əlimdən gələn hər şeyi etdim, partiyamın məğlubiyyətinə görə isə məsuliyyəti şəxsən özüm daşıyıram". Bu sözlərlə 54 yaşlı Gi  Verhofstadt kral II Albertə Belçikanın baş naziri səlahiyyətlərindən imtina və istefaya çıxmaq barədə ərizəsini təqdim edib. Belə bir addım atmağa onu parlamentə iyunun 10-da keçirilən seçkilərin nəticələri məcbur etdi. Seçkilərdə Belçikada hakimiyyətdə olan liberallarla sosialistlərin koalisiyası sarsıdıcı məğlubiyyətə məruz qaldı. 1830-cu ildən Belçikanı idarə edən, son 8 ildə isə müxalifətdə olan xristian-demokratlar revanş götürərək, Belçikanın federal parlamentinə seçkilərdə qələbə qazandılar. Flandriyanın 45 yaşlı baş naziri İv Letermin başçılıq etdiyi müxalif Xristian- Demokrat Partiyası federal parlamentdə 40 yer (30-nu Flandriyada) tutaraq, yeni hökumət formalaşdırmaq hüququ əldə etdi. Məlum olduğu kimi, Flandriya - ölkənin hollanddilli şimal hissəsi Belçikanın əhalinin ən sıx olduğu ərazisidir və ölkənin 10,5 mln əhalisindən 60%-i burada məskunlaşıb. Ölkədə parlament seçkilərində lideri də elə məhz bu bölgədəki uğur müəyyənləşdirir - konstitusiyaya görə baş nazir Flandriyada qalib gələn partiyanın lideri olur.

II yeri (parlamentdə 17 yer) sağ radikal "Flamand Mənafeyi" Partiyası tutub. Belçikanın istefaya gedən baş naziri Gi Verhofstadtın Liberal Flamand Patiyası 18,5% səs alaraq, 2003-cü ilin seçkilərilə müqayisədə təxminən 6% səs itirib və bu seçkilərdə yalnız üçüncü olub. Bütövlükdə, ölkə üzrə liberallar 150 yerlik parlamentdə 41 yer əldə edərək, 8 mandat itiriblər. Onların koalisiya üzrə tərəfdaşları - sosialistlər bundan da çox - 14 mandat itirərək, yeni parlamentdə 34 kresloya sahib olublar. Belçikanın əhalisinin sayına görə ikinci bölgəsində - Valloniyada (ölkənin fransızdilli cənub hissəsi) Didye Raynersin başçılıq etdiyi "İslahat Hərəkatı" qalib gələrək, Nümayəndələr Palatasında 22 yer qazanıb. Nümayəndələr Palatasında 21 yer tutan sosialistlər ilk dəfədir ki, bölgədə hakim partiya mövqeyindən geri çəkiliblər. Seçkilərdə səsvermə hüququna malik 7,7 mln nəfərdən artıq belçikalı iştiak edib. Onlar Nümayəndələr Palatasının 150 deputatını və Senatın 40 üzvünü seçiblər. 

Beləliklə, liberallar və sosialistlərdən ibarət olan koalisiya 2003-cü ildə əldə etdikləri hakimiyyətdən məhrum olublar. Belçikanın "Soir" qəzeti onların seçkilərdəki məğlubiyyətini "Sosialistlərin Vaterloosu" adlandırıb. Belçikada keçirilmiş seçkilərin nəticələrini düzgün qiymətləndirmək üçün bu ölkənin siyasi quruluşunun özəlliklərinə diqqət yetirmək lazımdır. 10 milyonluq Belçikada siyasi sistem ölkədə iki iri dil icmasının - flamandlar və vallonların olması ilə müəyyənləşir. Holland dilində danışan flamandlar ölkənin şimalındakı Flamandriyada yaşayır və əvvəldə qeyd olunduğu kimi, əhalinin 60%-ni təşkil edirlər. Cənubda yerləşən Valloniyada isə, əsasən, fransız dilində danışırlar. Bu səbəbdən də Belçikanın istənilən iri patiyası bir-birindən, demək olar ki, asılı olmayan iki - flamand və vallon şöbələrindən ibarətdir. Dil fərqlərinə siyasi mövqelər fərqi də əlavə olunur. Son illər Belçika siyasətində ölkənin inteqrasiyasının tərəfdarları üstünlük təşkil edirdilər, onların hamı tərəfindən qəbul olunan lideri isə baş nazir Verhofstadt idi. Ölkəni 8 il idarə edən liberal-sosialist koalisiyası yerli və ümumdövlət seçkilərində yüksək nəticələr qazanırdı. Lakin yuxarıda göstərilən məlumatlardan göründüyü kimi, son seçkilərin nəticələri onlar üçün acınacaqlı oldu - ya cəmiyyət baş nazirdən bezib, ya da onun daxili, yaxud xarici siyasəti kifayət qədər inandırıcı olmayıb.

Xristian-demokratların qələbəsinin sirri sadədir: onlar flamand və vallon muxtariyyatının inkişaf etdirilməsinə tərəfdardır. Seçkiönü kampaniyanın gedişində İv Leterm bəyan edirdi: "Vahid Belçikanın mövcudluğu anaxronizmdir. Flandriya və Valloniya federal mərkəzdən asılı olmamalıdır". Belə çağırışlar iqtisadi baxımdan inkişaf etmiş Flandriyanın geridə qalmış Valloniyanı dolandırması qənaətində olan flamandların ürəyindəndir. Lakin seçkilərdə qələbə heç də o demək deyil ki, İv Leterm özünün ambisiyalı layihəsini asanlıqla gerçəkləşdirəcək. Yeni baş nazir hələ hakim koalisiya formalaşdırmalıdır. Onlaın ideya müttəfiqi 17 yer əldə edən "Flamand Mənafeyi" Partiyasından olan ultramühafizəkarlardır. Lakin onlarla ittifaq cənab Letermin reputasiyasına zərbə ola bilər. Londonda çıxan "Financial Times"ın vurğuladığı kimi, demək olar ki, bütün siyasi qüvvələr bu partiya ilə koalisiyanı istisna edir. Bununla əlaqədar, qeyd edilir ki, hökumət formalaşdırılmasına azı 1-2 ay  lazım gələ bilər. Hökumət yaradılandan və kral II Albertə and içəndən sonra, cənab Leterm islahatlar kompleksinə başlamağı planlaşdırır. Onun layihəsində həlledici halqa vergi islahatı olacaq ki, onun gedişində daxilolmalar yerli büdcələrin xeyrinə bölüşdürüləcək.

Müasir  Belçika Krallığı  devolyusiya (yəni mərkəzin səlahiyyətlərinin bölgələrə verilməsi) prosesində zahirən çoxdan formalaşan dövlətin potensial parçalanma təhlükəsinin yaranmasına örnəkdir. Lakin İspaniyada separatçılıq, əsasən, etnik səciyyə daşıdığı, Şotlandiyada onun kökləri tarixin dərinliklərinə getdiyi, Şimali İrlandiyada isə dini zəmində yarandığı halda, ekspertlər Belçikadakı separatizmi iqtisadi-linqvistik kimi səciyyələndirirlər. Məsələn, REA Avropa İnstitutunun baş elmi işçisi Vladimir Şveysar hesab edir ki, fransızdilli Valloniya və hollanddilli Flandriyadan ibarət və vaxtilə unitar olan dövlət tədricən qeyri-sabit federalizm adlandırıla bilən sistem istiqamətində təkamül etməkdədir. 1980-1990-cı illərin keçidindəki konstitusiya islahatı nəticəsində üç muxtar bölgə yaradılıb: Valloniya, Flandriya və paytaxt Brüssel. Flandriyanın ərazisində yerləşən paytaxtın əhalisinin 80%-i fransızdilli olduğundan, onun muxtariyyatı yarımçıq səciyyə daşıyır. 

Rusiya aliminin fikrincə, dəyişikliklərin səbəbi milli iqtisadiyyatda son onilliklərdə aparılan struktur yenidənqurmasıdır. Təsərrüfatın hərəkətverici qüvvəsi Flamandriyadır ki, bu da siyasi həyatda  flamandların mövqelərinin möhkəmlənməsinə gətirib çıxarır. Partiya mənsubiyyətindən asılı olmayaraq, baş nazir müstəsna olaraq flamandlardan seçilir. İcra və qanunvericilik hakimiyyətinin islahat aparılmış strukturlarında da onlar mütləq çoxluğa malikdir. İki icmanın münaqişəsində əsas mübahisə obyekti büdcədir. İqtisadi tərəqqidə olan Flandriya büdcəyə böhrandan- böhrana adlayan Valloniyadan qat-qat çox pay verir. Bu cəhətdən yararlanan sağ və ultrasağ təmayüllü flamand siyasətçiləri "vallon havayıyeyənlər"in maliyyələşdirilməsinə son qoymağı tələb edirlər. Ənənəvi ikidillilik və iqtisadi natarazlıq Flandriyada radikal millətçi təmayüllü Flamand bloku partiyasının meydana çıxması üçün əlverişli zəmin oldu. Partiyanın uğurları (son onillikdəki ümummilli parlament seçkilərində  səslərin təxminən 12-15%-i) ona gətirib çıxardı ki, 25 il ərzində o, siyasi marginaldan Belçika isteblişmentinin önəmli bir hissəsinə çevrildi. Flandriya parlamentində və Belçikanın bu hissəsinin iri şəhərlərinin Şəhər Şuralarında isə onun mövqeləri bir qədər də möhkəmdir.  

V.Şveyser vurğulayır ki, antivallonçuluq flamand separatçılarının radikal qanadının yeganə xassəsi deyil. Onların tələbləri sırasında müstəqil "Flamand Dövlət-Respublikası"nın yaradılması da var. Vaxtilə onlar monarxiyanın ləğvi tezisini də inadla irəli sürürdülər ki, flamand icmasının digər siyasətçiləri buna yol vermirdilər. Lakin 2004-cü ildə Flamand blokunun məhkəmə qərarı ilə ləğvi üçün bəhanə heç də, əslində, dövlət əleyhinə təbliğata üz tutması yox, onun irqçi çağırışları oldu. Belçikaya əcnəbi işçi qüvvəsinin axınının qarşısını almağı tələb edən Flamand blokunun rəmzi də elə məhz irqçi separatizm idi. Separatçılar güman edirdilər ki, mühacirlər nəinki yerli belçikalıları iş yerlərindən məhrum edir, həm də ölkədə cinayətkarlığın artmasına səbəb olur, avropalılara yabançı olan adət və ənənələri bərqərar edirlər. Belçika ədliyyəsi radikal-separatçılıq istehkamını formal baxımdan dağıtmağa nail olsa da, onun eyni ritorika və eyni liderlərlə "Flamand Mənafeyi" Partiyasının timsalında yenidən uğurla dirçəlməsinin qarşısını ala bilmədi. Nəticədə, Belçika cəmiyyəti daim irqçi-separatçıların ideoloji təsirinə məruz qalır və dövlətin parçalanmasına daxilən hazırdır. Bunun son sübutu 2006-cı ilin axırlarında Belçika televiziyasının kanallarının birində ölkənin guya artıq parçalanması barədə süjetin meydana çıxmasıdır. Bu uydurmaya təkcə sadə vətəndaşların bir çoxu deyil, Belçika isteblişmentinin bəzi nümayəndələri də inanmışdılar. Belə acı zarafatda həqiqətin nə dərəcədə olduğunu isə indilikdə müəyyənləşdimək çətindir.

Bütövlükdə, seçkilərin nəticələri flamandlarla vallonlar arasında Belçikanın dövlət quruluşunda ciddi dəyişikliklərə gətirib çıxara bilən nifaqın daha da dərinləşdiyini göstərdi. Əgər yeni baş nazir öz seçkiqabağı proqramının həyata keçirilməsində ardıcıl olarsa, bu, vahid Belçika dövlətinin parçalanmasına, yaxud onun sırf nominal siyasi birliyə çevrilməsinə gətrrib çıxara bilər. Bir çox ekspertlər isə bu prosesin avrointeqrasiya üzündən artıq başladığını güman edirlər. Belçikalıların xeyli hissəsi artıq Brüsseli öz ölkələrinin paytaxtı kimi deyil, vahid Avropanın mərkəzi qismində görürlər. Bu fikri İv Leterm özü də dolğun şəkildə ifadə edib: "Belçikalıların kral, futbol və bir neçə pivə çeşidindən başqa, ortaq heç nəyi qalmayıb".


MƏSLƏHƏT GÖR:

439