15 Mart 2025

Şənbə, 00:34

HAMI HAMIYA QARŞI

Abş prezidentliyinə namizədlər sürətlə ilkin seçkilərə- praymerizə yaxınlaşırlar

Müəllif:

01.08.2007

ABŞ-dakı prezident seçkilərinə hələ xeyli vaxt qalsa da, seçki kampaniyası artıq tam sürət yığıb. Mətbuatda ekspertlərin saysız-hesabsız analizləri, proqnozları yer alır, qəzetlər ilk səhifələrini sosioloji sorğuların nəticələrinə ayırır, müxtəlif İnternet-forumlarda gərgin diskussiyalar gedir, namizədlərin özləri isə öz opponentlərinin tənqidi və ilkin seçkilər (praymeriz) üçün pul yığımı ilə məşğuldurlar. Xatırladaq ki, Ağ ev uğrunda kimlərin mübarizə aparacağı məhz praymerizlərin nəticələrindən asılı olacaq.

 

Rəqəmlərin dili ilə

ABŞ-ın siyasi həyatındakı bir nömrəli hadisəyə marağın artması bir sıra faktorlarla bağlıdır. 

Əvvəla, hazırkı vitse-prezident Dik Çeyni seçkilərə qatılmaqdan imtina edib və bununla da, ekspertlərin fikrincə, respublikaçılar güclü namizəddən məhrum olublar. 

İkincisi, Amerika tarixində ilk dəfə olaraq, Ağ evə namizədlər sırasında ən şanslısı qadındır. 

Və nəhayət, üçüncüsü, ABŞ-ın İraqdakı siyasətinə dair demokratlarla respublikaçılar arasında gərgin mübahisələr getdikcə daha kəskin xarakater almağa başlayır.

Bundan başqa, bir faktı da unutmayaq ki, müşahidəçilərin əksəriyyəti Ağ evin növbəti sahibinin Demokrat Partiyasının namizədi olacağına şübhə etmir. 

Ölkədə keçirilən çoxsaylı sorğuların nəticələri də bu proqnozları təsdiqləyir. "The New York Times" qəzeti ilə "CBS News" telekanalının birgə keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 63%-i 2008-ci ilin prezident seçkilərində Hilari Klintonun qalib gələcəyini düşünür. Bununla da H.Klintonun Amerikanın tarixində ilk qadın-prezident olmaq şansı getdikcə daha da artır. 

Maraqlıdır ki, sorğu iştirakçıları arasında H.Klintonun qələbəsini proqnozlaşdıranlar yalnız demokratlar deyil: rəyi soruşulan respublikaçıların 53%-i seçkilərdə məhz Hilarinin qələbəsini gözləyir. Demokrat Partiyasını təmsil edən respondentlərin isə 77%-i H.Klintonun prezident seçiləcəyinə əmindir. 

Amerikalıların 75%-i Hilarini "güclü lider" hesab edir. Bu nominasiyada onun Demokrat Partiyasından olan ən real rəqibi Barak Obamanın adını isə respondentlərin 68%-i çəkib. Eyni suala cavabda respublikaçıların namizədi Rudolf Culliani 71% "səs" alıb.  

Rəyi soruşulanların 58% hesab edir ki, Klinton ABŞ-ın Ali Baş Komandanı vəzifəsinin öhdəsindən gələ bilər, 68% isə onun diplomatik bacarığına inanır.

Bütün bunlara baxmayaraq, "The New York Times"ın yazdığına görə, seçicilər keçmiş birinci ledinin qələbəsini gözləsələr də, ona Barak Obama və Rudolf Cullianidən daha az etibar edirlər. H.Klinton əslində özünün düşündüyünü deyil, ondan seçicinin eşitmək istədiyi fikirləri söyləyən siyasətçi imici qazanıb. Düzünü desək, bəzən bu göstərici siyasətçi üçün olduqca mühüm rol oynayır. 

Demokrat və respublikaçı partiyaları daxilindəki reytinqlərə gəlincə, Gallup Sorğu Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, demokratların daxilində əsas lider məhz Hilari Klintondur. Onun ardınca senator Barak Obama, eks-senator, vitse-prezidentliyə sabiq namizəd Con Evans və Nyu-Meksika ştatının qubernatoru Bill Riçardson gəlirlər. Digər namizədlər isə demokrat respondentlərin cəmi 5%-nin səsini qazanıblar.

Respublikaçılar Partiyasının əsas favoriti isə Nyu-Yorkun keçmiş meri Rudolf Cullianidir. İkinci yerdə keçmiş senator Fred Tompson, üçüncü pillədə senator Con Makkeyn (yeri gəlmişkən, vəsait yığımında problemlərlə üzləşdiyinə görə, Makkeynin bir neçə yüksək rütbəli köməkçisi onun komandasını tərk ediblər),  sonda isə sabiq senator Mitt Romni gəlir. Digər namizədlər respublikaçı seçicilərin yalnız 3%-nin səsinə ümid edə bilərlər. 

Öz növbəsində, ABŞ-ın Federal Seçki Komissiyası prezidentliyə namizədlərin topladığı yardımlar və onların xərclərinə dair məlumatları açıqlayıb.

2007-ci il iyunun 30-na olan məlumata görə, demokratlar respublikaçılardan 60 milyon dollar artıq vəsait toplaya biliblər. 

Beləliklə, əgər hazırkı tendensiyalar dəyişməsə, Ağ ev uğrunda mübarizə Hilari Klintonla Rudolf Culliani arasında gedəcək. 

Amma bu məsələdə sürprizlər mümkündür və bunu hamı etiraf edir. Ekspertlərin rəyinə görə, Hilari Klinton üçün əsl "sürpriz" onun partiyadaşı və əsas opponenti olan Barak Obama ola bilər. Bu şəxs amerikalı seçicilər, xüsusilə də onların konservativ təbəqəsi üçün yeni və qeyri-adi "personaj"dır. Birincisi, artıq bütün dünya KİV-i diqqəti Amerikada ilk dəfə olaraq qaradərili namizəd üçün də prezident seçilmək şansının yarandığına yönəldir. İkincisi, Obamanın seçki kampaniyasını qətiyyətlə aparması və ondakı xarizm təqdirəlayiqdir.  Hilari Klinton üçün əsas təhlükə də məhz bundadır: Obama artıq onun elektoratının və maliyyə vəsaitinin bir hissəsini öz tərəfinə yönəltməyi bacarıb. Üstəlik, Klintondan fərqli olaraq, Obama vaxtilə İraqdakı müharibənin lehinə səs verməyib. Amerika qoşunlarının İraqda qalıb-qalmaması məsələsinin seçki kampaniyasının əsas müddəalarından birinə çevrildiyini nəzərə alsaq, bu olduqca vacib amildir.  

 

İraq kartı 

Bu arada isə İraqda vəziyyət getdikcə daha gərgin xarakater alır. İyulun ortalarında məlum olub ki, "Əl-Qaidə" terror təşkilatı İraqdakı aktivliyini artırıb. Hər halda, beynəlxalq informasiya agentliklərinin məlumatına görə, ABŞ-ın Milli Kəşfiyyatının (National Intelligence Estimate) ənənəvi illik hesabatıdan məhz belə nəticəyə gəlmək olar.  İraqda həm koalisiya qoşunları, həm də yerli əhaliyə qarşı terror aktları və partlayışların intensivliyi artıb. Dinc əhali humanitar fəlakət həddində yaşayır. Gündən-günə bu ölkədə həlak olan amerikalı hərbçilərin sayı da artır. Vaşinqtonun tənqidçiləri ABŞ ordusunun İraqdakı vəziyyətini "bataqlıq" adlandırır və vəziyyətdən çıxış yolunun olmadığını düşünürlər. Çıxış yolu isə, doğrudan da, görünmür. Axı amerikalılar İraqdakı məqsədlərinə nail olmadığından, onların bu ölkəni tərk etməsi də qeyri-mümkün görünür: bu ölkə demokratiya istiqamətində bir addım belə atmayıb, təhlükəsizlik haqda isə heç danışmağa da dəyməz. 

Buna baxmayaraq, Amerikanın özündə siyasətçilər arasında əsas mübarizə məhz İraqdakı qoşunların çıxarılıb-çıxarılmaması ətrafında gedir. Bu yaxınlarda Demokrat Partiyasının Konqresdəki təmsilçiləri növbəti dəfə İraqdakı qoşunların çıxarılmasını qanun formasında qəbul etməyə cəhd göstəriblər. Amma bu baş tutmayıb. İndi demokratların növbəti "həmləsi"nin payızda - prezident Corc Buşun İraqdakı taktikaya dair hesabatından sonraya təsadüf edəcəyi gözlənilir.  

Həm Hilari Klinton, həm də Barak Obama Yaxın Şərqdəki müharibənin əleyhinə çıxış edirlər. Amma artıq yuxarıda qeyd etdiyimiz kimi, Hilarinin vaxtilə bu müharibənin lehinə səs verməsi indi onun mövqelərini bir qədər zəiflədir. Klintonun fonunda Obamanın Ağ evə ünvanladığı tənqidlər daha sanballı görünür. O bildirir ki, İraqda müharibə on illiklər boyu da davam edə bilər, buna görə də ABŞ-ın bu ölkəni tərk etməsi məğlubiyyət demək deyil. Odur ki, ordu İraqı tərk etməlidir. Sonradan lazım gələrsə, ABŞ-ın regionda digər ölkələrdəki hərbçiləri hər an hadisələrə müdaxilə edə bilər. 

Hilari Klinton Obama ilə razıdır, amma onun öz taktikası var. Hələ bu ilin mayında Hilari Pentaqonun rəhbərinə ünvanladığı açıq məktubda amerikalıların İraqdan çıxmasına dair planın olub-olmadığını soruşmuşdu. Bir neçə həftədən sonra, iyulun ortalarında xanım Klinton bu sorğusuna rəsmi cavab aldı. ABŞ müdafiə nazirinin müavini Erik Edelmanın açıqladığı cavabda Hilari "düşmən təbliğatı aparmaq"da günahlandırılıb.  "Amerika qoşunlarının İraqdan çıxarılmasına dair vaxtından əvvəl müzakirə açmaq düşmən təbliğatını gücləndirir. Bu cür bəyanatlar bizim düşmənlərimizə ABŞ-ın öz müttəfiqlərini qoyub qaçacağı haqda iddialar irəli sürməyə imkan verir. Bu isə öz növbəsində İraqda vəziyyətin gərginləşməsinə təkan verir", - deyə Pentaqonun  Mətbuat Xidmətinin açıqlamasında vurğulanır. 

Öz növbəsində, Klintonun  Mətbuat Xidməti  Müdafiə Nazirliyinin cavabını "təhqiramiz və təhlükəli" adlandrıb. "Prezident Buşun administrasiyası ABŞ qoşunlarının İraqdan çıxarılması planını qısa vaxt ərzində açıqlamalıdır. Bu plan siyasi mübarizədə alət rolunu oynamayacaq, o, İraqda qulluq edən cəsur oğul və qızlarımıza sağ-salamat vətənlərinə dönmək imkanı verəcək", - deyə H.Klinton bildirib.

Maraqlıdır ki, Klinton seçkilərdə qalib gələcəyi təqdirdə, o, İraqdan çıxmağa görə məsuliyyəti də öz üzərinə götürməli olacaq. Bunun sonrakı nəticələri haqda konkret proqnoz vermək isə olduqca çətindir. 

 

Adi işlər

Amma elə düşünmək lazım deyil ki, amerikalı seçicilər seçimlərini edərkən, yalnız "İraq uğrunda savaş"ı əsas götürəcəklər. Əlbəttə ki, bu ölkədə baş verənlər getdikcə daha çox müzakirə obyektinə çevrilir. Amma istənilən halda, sıravi ABŞ vətəndaşları Yaxın Şərqdə baş verənləri özlərindən çox-çox uzaqlarda cərəyan edən hadisələr kimi qəbul edirlər. Onlar üçün daha yaxın olanı isə vergilər, səhiyyə, təhsil, ev problemi, benzinin qiyməti və s.-dir. Bu sahələrdə isə respublikaçıların deməyə daha çox sözü olacaq. Məsələn, götürək vergi məsələsini. Respublikaçılar hesab edirlər ki, dövlət ölkənin iqtisadi həyatına müdaxiləsini minimuma endirməlidir və vətəndaşları, xüsusilə də sahibkarları vergilərlə yükləməməlidir.  Demokratlar isə reallaşması  yalnız vergilərin yığılması ilə mümkün olan sosial proqramlar irəli sürürlər.  Amerikalı-respublikaçılardan biri bu yazının müəllifi ilə söhbəti zamanı bildirib ki, məhz vergilərə yanaşmaya görə ABŞ-ın orta sinfinin adi nümayəndəsi -  ikimərtəbəli evi, iki avtomobili və 5 nəfərlik ailəsi olan amerikalı seçkilərdə demokratlara səs vermir.  "Mən canavar kimi işləyirəmsə, nəyə görə öz pullarımu mənim kimi işləmək istəməyənlərlə bölüşməliyəm?" - deyə o, tam məntiqli bir sual verir. Və etiraf etmək lazımdır ki, bu suala cavab tapmaq asan deyil.  

Bundan başqa, demokratlardan fərqli olaraq, respublikaçılar odlu silahın sərbəst gəzdirilməsi, ölüm hökmünün tətbiqinə tərəfdardırlar, abort və eynicinsli nikahlara qarşıdırlar, həmçinin çox dindar olurlar.  

Beləliklə, bir daha aydın olur ki, respublikaçılarla demokratların baxışlarındakı fərqlər çoxdur və onları yalnız İraqdakı qoşunların çıxarılması ətrafındakı diskussiyalarla məhdudlaşdırmaq gülünc olardı.  Məhz buna görə, 2008-ci ilin prezident seçkilərinə dair indidən proqnoz vermək çox çətindir. Praymerizin nəticələrinə gəlincə, çox güman ki, "seçilmişlər" Hilari Klintonla Rudolf Culliani olacaqlar.

Hərçənd bunu da bilmək olmaz. Axı Obamanın seçki kampaniyası da getdikcə daha geniş vüsət alır. Seçki kampaniyası boyunca isə hər an istənilən dəyişiklikləri gözləmək olar. "YouTube" saytında yayımlanan və Obamaya həsr olunmuş "I Got a Crush...On Obama" ("Mən Obamanın vurğunuyam") rolikinə 2 milyon yarım insanın baxması da buna sübutdur. 


MƏSLƏHƏT GÖR:

380