
MAKSİMUM PROQRAM
Corc Buş İranı ram etmədən hakimiyyətdən getməyəcək?
Müəllif: Eldar PAŞAYEV Bakı
Müvəqqəti sakitlikdən sonra İrana qarşı mümkün müharibə sədaları yenidən səslənməyə başlanıb. Böyük Britaniyanın "Guardian" qəzetinin iyulun ortalarında yaydığı məlumata görə, bir müddət əvvəl Pentaqon, ABŞ-ın Dövlət Departamenti və Ağ ev nümayəndələrinin iştirakı ilə keçirilən iclasda prezident Corc Buşun səlahiyyət müddəti başa çatanadək İrana qarşı hərbi əməliyyatlara başlanması haqda qərar qəbul edilib.
Qeyd edək ki, Corc Buşun səlahiyyətlərinin başa çatmasına cəmi ilyarım qalıb. Qəzetə məlumat verən mənbə fikirlərini belə davam etdirib: "Buş İranla bağlı situasiyanı həll etmədən hakimiyyətdən getməyəcək". Məlumatda bildirilir ki, hazırkı prezident xələfinin Tehranla bağlı sərt qərarlar verəcəyinə inanmır və bu səbəbdən də məsələni özü həll etmək istəyir. "Məhz bu səbəbdən Pentaqon hələ iyunda İrana qarşı müharibənin ssenarisini hazırlayıb", - deyə mənbə bildirib.
Məlumatda o da qeyd olunur ki, məsələnin bu cür istiqamət almasında İrana hərbi müdaxilənin qatı tərəfdarı olan ABŞ-ın vitse-prezidenti Dik Çeyninin mövqeyi də təsirsiz ötüşməyib. "International Institute for Strategic Studies"in elmi direktoru Patrik Kroninin düşünür ki, "Hazırda Çeyninin siyasi kapitalı çox məhduddur. Amma o, bütün kapitalını konkret olaraq bu məsələyə istiqamətləndirməyə qərar verərsə, yəqin ki, situasiyaya təsir göstərə biləcək".
Qəzet onu da yazır ki, Tehrana qarşı müharibənin əsas açarı İsraildədir və Təl-Əviv müstəqil şəkildə hərbi əməliyyatlara qərar verə bilər. Belə olan halda isə Vaşinqton da müəyyən qəti qərarlar verməli olacaq. Amma istənilən halda əsas məsuliyyət ABŞ-ın üzərində qalacaqsa, elə təşəbbüsün Vaşinqtondan gəlməsi daha məqsədəuyğun deyilmi?
Bu arada Yaxın Şərq "kvartet"inin Lissabonda keçirdiyi görüşlə paralel olaraq, İran prezidenti Mahmud Əhmədinejat suriyalı həmkarı Bəşər Əsədlə Dəməşqdə bir araya gəlib. İki prezident birgə bəyanatlarında fələstinliləri, iraqlıları və livanlıları dialoqa çağırıb, həmçinin "İsrailin sionist rejiminin Fələstin və Livana qarşı işğalçı siyasətini" pisləyiblər. Bununla yanaşı, İran tərəfi Dəməşqin Rusiya və Şimali Koreyadan silah alması üçün maliyyə ayıracağını, Suriyada hərbi zavod tikəcəyini və bu ölkəyə geniş siyasi dəstək verəcəyini bəyan edib. Əhmədinejat Dəməşqə Livan məsələsində də dəstək verəcəklərini bildirib. Bəşər Əsəd isə öz növbəsində iranlı həmkarını əmin edib ki, o, İsraillə sülh danışıqlarına getmək fikrində deyil.
Gözlənildiyi kimi, İsrailin iki düşməninin dostluğuna reaksiyası özünü çox gözlətməyib. Knessetin deputatı Arye Eldad (MAFDAL Milli Birliyi) İranla Suriya arasındakı yeni razılaşmanı altıgünlük müharibəsi ərəfəsindəki ərəb dövlətlərinin yaratdıqları hərbi birliklə müqayisə edib. "Anlamaq olmur ki, İsrail hökuməti kəşfiyyat məlumatlarını və açıq təhlükələri niyə gözardı edir. İsrailə qarşı Livan, Suriya və İran tərəfindən kombinasiya edilmiş hücumlar hazırlanır və onların Qəzzadan, İudeydən və Samirədən həyata keçirilməsi nəzərdə tutulub", - deyə o vurğulayıb.
Qərbin İranla bağlı iddiaları isə dəyişməz olaraq qalır: yenə də Tehranın nüvə proqramından ciddi narahatlıq ifadə edilir. İran əvvəlkitək nüvə dosyesinin sülh xarakterli olduğunu bildirsə də, çoxları hesab edir ki, bu proqramda məqsəd kütləvi qırğın silahının əldə edilməsidir. Bundan başqa, Avropa İttifaqı (Aİ), xüsusilə də Vaşinqton Tehranın Yaxın Şərq regionunda ciddi şəkildə artmaqda olan nüfuzundan narahatdır. Bütün bunlarla yanaşı, Ağ ev İranın İraq və Əfqanıstanda müqavimətçilərə dəstək verdiyinə də əmindir. Bir sözlə, Tehrana qarşı hərbi əməliyyatlara başlanması üçün bəhanələr kifayət qədərdir.
Bu arada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyi İranın Natanza şəhərindəki nüvə obyektində uranın zənginləşdirilməsi prosesində zəifləmənin müşahidə olunduğunu açıqlayıb. Qurumun baş direktorunun müavini Olli Xeynonen də bildirib ki, Tehranda bu ölkə rəsmiləri ilə MAQATE nümayəndələri arasında aparılan son müzakirələrin nəticələri "heç də pis olmayıb". Məlumata görə, qurum Tehrandan 2003-cü ilədək nüvə sahəsində gördüyü işlərin tam hesabatını istəyir. Amma bununla yanaşı, artıq Vaşinqtonun İrana qarşı diplomatik təzyiqlərin artırılmasına qərar verdiyi də aydındır. Məsələn, Dövlət Departamentinin rəsmisi Nika Börns bildirib ki, "diplomatik oyunlar" hələ çox davam edəcək. Lakin onların konkret nəticə verib-verməyəcəyi sual altındadır.
Ağ evin hərbi planlarının olduğunu isə yalnız KİV-ə sızan informasiyalar deyil, real faktlar da təsdiqləyir. Belə ki, artıq ABŞ donanmasının, təxminən yarısı, İran sərhədinə yaxın əraziyə cəlb edilib və onların arasında başında təyyarədaşıyan gəmlərin dayandığı iki hərbi qrup da var.
Bir müddət əvvəl isə "USS Enterprise" təyyarədaşıyanını əvəzləmək üçün Virciniyadan eyni parametrlərə malik "USS Nimitz" təyyarədaşıyan gəmisi sözügedən əraziyə göndərilib. Bu səbəbdən hələ bir müddət Fars körfəzində ABŞ-a məxsus üç təyyarədaşıyan gəmi dayanacaq. Ekspertlərin bildirdiyinə görə, "Nimitz" markalı təyyarədaşıyan gəmi hərbi hava əməliyyatları üçün nəzərdə tutulub. Orada 9 aviasiya eskadrilyası yerləşir ki, onlar düşmənin təyyarələrini, sualtı qayıqlarını və gəmilərini məhv etmək, həmçinin yerüstü hədəfləri dağıtmaq, minalanmış ərazi yaratmaq iqtidarındadır.
Tehrana güc tətbiqinin qanunvericilik tərəfinə gəlincə, xatırladaq ki, mayın sonlarında ABŞ Konqresinin Nümayəndələr Palatası İrana hərbi müdaxilənin qadağan edilməsi haqda qərarın qəbulundan imtina edib. Elə həmin vaxt konqresmenlər bu islam respublikasına qarşı Pentaqonun büdcə xərclərindən istifadəni qadağan edən dəyişikliyə getməkdən də boyun qaçırıblar. Beləliklə də, faktik olaraq Ağ evin əl-qolu açılıb.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlaşması haqda məlumatlar Birləşmiş Ştatların KİV-ləri ilə yanaşı, zaman-zaman Yaxın Şərq mətbuatında da yer alır. Xatırladaq ki, bu ilin yazında hərbi əməliyyatların başlana biləcəyi vaxt da göstərilirdi. Mətbuatda gedən məlumatlara görə, "Sancma" adlı hərbi müdaxilə ABŞ aviasiyasının gözlənilmədən İrana hücum etməsini və onun nüvə obyektlərini sıradan çıxarmasını nəzərdə tutub. Amma istənilən halda, informasiyalar düz olsa belə, müharibənin 2008-ci ildən tez başlayacağını gözləmək olmaz. Çünki Avropa İttifaqının ali komissarı Havyer Solana ilə İran rəsmisi Əli Laricani arasında danışıqlar hələ ki bitməyib. Həmin müzakirələrin müsbət nəticə verəcəyinə inananların nə qədər olması isə başqa söhbətin mövzusudur.
Beləliklə, yuxarıda sadalananlardan ortaya bir neçə sual çıxır. İraq müharibəsini də nəzərə alsaq, Ağ ev sahiblərinin İrana qarşı da hərbi əməliyyatlara başlayaraq, regiondakı problemləri bir dəfəyə həll etməsi mümkündürmü? Yaxın Şərqin ayrıca götürülmüş ölkəsində başlanacaq müharibə "asan qələbə qazanılan əməliyyat" olmasa, necə olacaq? Birdən bu müharibə bütünlükdə problemlərlə dolu Yaxın Şərqi daha da silkələdi? Vaşinqtonun müharibəyə başlayacağı təqdirdə hadisələrin mənfi istiqamətə yönələbilmə ehtimallarını əvvəlcədən ölçüb-biçməyəcəyinə inanmaq çətindir. Bu halda daha bir sual meydana çıxır: İraq müharibəsində amerikalı ekspertlər səhvə yol veriblərmi? Bu halda həmin səhv bir daha təkrarlana bilərmi? ABŞ ictimaiyyətinin mövqeyi necə olacaq?
Amma hadisələr başqa istiqamətdə də inkişaf edə bilər: istisna olunmur ki, amerikalılar İrana qarşı müharibəni gözləmədən də öz hiddətlərini ortaya qoya bilərlər. ABŞ-da Ronald Reyqan administrasiyası dönəmində ölkənin maliyyə nazirinin müavini işləmiş respublikaçı Pol Kreyq Roberts Corc Buşu ABŞ-da "diktator-polis rejimi" yaratmaqda günahlandırıb. Xatırladaq ki, o, bir müddət Ağ evin sahibini və vitse-prezident Dik Çeynini İraqdakı uğursuzluğun unutdurulması üçün İrana hərbi müdaxilə hazırlamaqda ittiham etmişdi. İndi isə sabiq nazir müavini bildirib ki, guya artıq Ağ evdə Birləşmiş Ştatlarda fövqəladə vəziyyət elan edilməsi üçün hüquqi baza formalaşdırılıb. Robertsin bu qənaətə gəlməsinə səbəb isə Buşun bir neçə gün əvvəl imzaladığı sərəncamdır. Həmin sənədə əsasən, ölkənin maliyyə nazirinə dövlət katibi və Pentaqonun rəhbəri ilə məsləhətləşmədən sonra ABŞ ərazisində "İraqda sabitliyə mane olan" istənilən şəxsi həbs etmək və onun aktivlərinə həbs qoymaq hüququ verilir.
MƏSLƏHƏT GÖR: