15 Mart 2025

Şənbə, 00:46

İRAN "NEFT MÜHARİBƏSİ"Nİ UDUZURA

Amerikanın strategiyası artıq öz bəhrəsini verir

Müəllif:

01.08.2007

İyunun sonlarından  KİV-lərdə bir-birinin ardınca dünyaya İrandan dramatik xəbərlər yayılmağa başlandı. Məlumata görə, ölkə rəhbərliyinin benzin satışına tətbiq etdiyi məhdudiyyətə cavab olaraq, İran əhalisi kuçələrə çıxıb, yanacaqdoldurma məntəqələrinə od vurub. İğtişaş zamanı ən azı 3 nəfər ölüb.

İyunun 26-da İranın dövlət telekanalı bu ölkənin neft nazirinin bəyanatını yaydı. Açıqlamada deyilirdi ki, çərşənbə günü səhərdən etibarən İranda benzin alışına məhdudiyyət tətbiq olunacaq. Bu isə o demək idi ki, zəngin neft və qaz yataqlarına malik olan İranda avtomobil sürücüləri ay ərzində maksimum 100 litr benzin ala biləcəklər. Özü də bu yenilik haqda əhaliyə sözügedən qərarın qüvvəyə minməsinə cəmi 2 saat qalmış xəbər verilib. Əlbəttə ki, avtomobil sahibləri benzin ehtiyatı toplamaq üçün hərəkətə keçiblər və nəticədə yanacaqdoldurma məntəqələri boyunca növbələr yaranıb. Məntəqələrdən biri də məhz həmin vaxt yandırılıb.

Qeyd edək ki, İran parlamentinin enerji məsələləri komissiyasının sədri Kamal Daneşyar bu məhdudiyyətin hələlik yalnız 3 ay müddətinə nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu vaxt ərzində yeniliyin müsbət və mənfi tərəfləri analiz olunacaq. Əgər nəticələr pozitiv olsa, onda "benzin məhdudiyyəti" layihəsi davam etdiriləcək.

Hadisələri analiz edən ekspertlərin əksəriyyəti bu fikirdədir ki, benzinə tətbiq olunan məhdudiyyətlər o qədər də gözlənilməz olmayıb. İranda "benzin islahatı"na hələ mayın 22-də başlanacağı gözlənilirdi. Amma o zaman hökumət yalnız bu yanacağın qiymətinin 25 faiz artırılması haqda qərarla kifayətləndi. Yeri gəlmişkən, hətta bu bahalaşmadan sonra da İranda benzinin qiyməti olduqca ucuzdur - cəmi 10 sent.  

İyunun əvvəlində hökumət getdikcə artan benzin tələbatı ilə bağlı yanacaq alınması üçün kart sistemi tətbiq edib. İndi paytaxtdakı yanacaqdoldurma məntəqələrində benzini yalnız xüsusi smart-kartlar vasitəsilə almaq mümkündür. Bu kartlarda avtomobil və onun sahibinin bundan əvvəl aldığı benzinin miqdarı haqda ətraflı məlumat əks olunur. 

Dünyadakı neft ehtiyatlarının 10%-nə sahib olan İranda benzinə kart sisteminin tətbiqi ekspertləri o qədər də təəccübləndirmədi. "Bi-bi-si"-nin məlumatına görə, zəngin yataqlarına baxmayaraq, neft emalı texnologiyası çatışmazlığı ucbatından İran istifadə etdiyi benzinin 40%-ni xaricdən alır: gün ərzində İrana 72 milyon litr benzin tələb olunduğu halda, ölkədə cəmi 42 milyon litr benzin istehsal olunur. Bu çatışmazlığı aradan qaldırmaq üçün xaricdən yanacaq almaq lazım gəlir və bunun bütün ağırlığı da, təbii ki, vergiödəyicilərinin çiyinlərinə düşür. Təsadüfi deyil ki, müşahidəçilər Səddam Hüseyn dönəmindəki İraqın təcrübəsini xatırladırlar: bu ölkə  zəngin neft yataqlarına malik olsa da, orada da benzin çatışmazlığı daim hiss olunub və Bağdadda hətta yüngül əxlaqlı qadınlar da avtomobil benzinindən "ucuz" başa gəlirdi...

Bütün bunlarla yanaşı, həmçinin unutmaq olmaz ki, İranda benzin  subsidiyalaşdırılan məhsuldur: onun pərakəndə satış qiyməti bazar qiymətindən 5 dəfə ucuzdur. Belə vəziyyət isə daim dəyişməz qala bilməz.

İndi analitiklər İranda sosial partlayışlar proqnozlaşdırırlar. Çünki "neft iynəsi"ndə oturmuş İranın vətəndaşları ucuz benzinə öyrəşiblər. Üstəlik, tətbiq olunmuş "benzin kartları" gec-tez ölkədə "qara bazar" formalaşdıracaq və təbii ki, bu da sosial vəziyyətə təsirsiz ötüşməyəcək.

Hələlik İran rəhbərliyi ölkədə "qara bazar"ın yaradılmasına imkan verilməyəcəyini vəd edir. Tətbiq olunmuş məhdudiyyətdən dərhal sonra prezident Mahmud Əhmədinejat bəyan edib ki, kimlərinsə, qəbul olunmuş miqdardan əlavə  baha qiymətə benzin almasına  imkan verilməyəcək. Prezidentin bu bəyanatı ölkədə başlamış iğtişaşlardan sonra bəzi məmurların tətbiq olunmuş kvotadan (aya 100 litr) əlavə, daha baha qiymətə satışın mümkünlüyü haqda açıqlamalarına cavab idi.  

Bunu qeyri-mümkün hesab edən dövlət başçısı hesab edir ki, "bu, iqtisadiyyatın ölümü" olardı.

"Biz hazırkı şəraitdə benzinin qiymətlərinin liberallaşdırılmasına gedə bilmərik. Bazarın özünün yanacağa qiymət qoymasına yol vermək olmaz, bu, iqtisadiyyat üçün öldürücü zəhər olardı, çünki ölkədə istər-istəməz inflyasiya artacaq", - deyə prezident vurğulayıb.

Hələlik Tehranda əsas ümid xaricdən gələn yardımadır. Artıq Venesuela İrana benzin satmağa razılıq verib. Bu məlumatı İranın "Şark" qəzetinə müsahibəsində Venesuelanın enerji naziri Rafael Ramirez verib. "Bəli, İran tərəfi bizdən benzin almaq istədi və biz onu satmağa razılıq verdik", - deyə Ramirez vurğulayıb, amma razılaşmanın detallarını açıqlamağı lazım bilməyib.

Amma bu addım ümumilikdə problemin həlli üçün kifayət etmir. Şübhəsiz, İranın neft sənayesi daha dərin böhranla üz-üzə qalıb. Bu yaxınlarda İranın "Pars" Dövlət Neft-Qaz Şirkətinin rəhbəri Əkbər Torkan açıq şəkildə xəbərdarlıq edib ki, yaxın vaxtlarda yeni maliyyə mənbələri tapılmasa, İranın neft sənayesinin istehsal gücü hər il orta hesabla 5% azalacaq. Torkanın sözlərinə görə, son vaxtlar Avropa bankları İran iqtisadiyyatına sərmayə qoyuluşuna ciddi məhdudiyyətlər tətbiq edib və indi İranın Neft Sənayesi Nazirliyi bu məhdudiyyətləri aşmaq yolları haqda düşünür. Çox güman ki, Torkan İrana qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaları nəzərdə tutur. Və sözlərinin məsuliyyətini də yaxşı dərk edir. 

Hələ iyunun ortalarında rəsmi Vaşinqton İranın neft yataqlarının işlənməsinə dair müqavilələr imzalayan istənilən xarici şirkətə qarşı sərt sanksiyanın tətbiqini mümkün saymışdı. İrana qarşı sanksiyalara dair ABŞ-ın qəbul etdiyi qanuna əsasən, ABŞ yalnız Amerika firmalarını deyil, İranla ümumi biznesinin həcmi 20 milyon dollardan artıq olan istənilən xarici şirkəti də cəzalandıra bilər. ABŞ Dövlət Departamentinin təmsilçisi Nikolas Berns bildirib ki, Birləşmiş Ştatlar İranın neft yataqlarının işlənməsinə dair müqaviləyə imza atan istənilən neft şirkətinə qarşı sanksiyalar tətbiq etmək hüququnu özünda saxlayır. "Biz bu qanun haqda nəhəng neft və qaz şirkətlərini məlumatlandırmışıq və xəbərdarlıq etmişik ki, onlar bu həddi keçsələr, dərhal qanun qarşısında cavab verməli olacaqlar", - deyə Berns vurğulayıb. 

Beləliklə, beynəlxalq neft şirkətləri seçim qarşısında qalıblar: ya İranla işləmək, yaxud da ABŞ-la əməkdaşlıq etmək. Üstəlik, bu şirkətlərin üçüncü ölkələrdəki layihələri də təhlükə ilə üzləşə bilər.

Müşahidəçilərin əksəriyyəti Bernsin bəyanatını Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqləri artırmaq niyyətinin göstəricisi kimi qəbul edib.  Üstəlik, ABŞ-ın bu xəbərdarlığı  "Shell", "Repsol" və "Total" kimi Avropa enerji nəhənglərinin İranın qaz yataqlarının işlənməsinə dair milyardlarla dollar dəyərində müqavilələri araşdırdığı bir vaxtda ortaya çıxıb. Yeri gəlmişkən, avropalılarla yanaşı, bəzi Çin və Malayziya şirkətləri də İrana maraq göstərir.

Ekspertlər başqa məsələyə də diqqət yetirirlər. ABŞ-da sözügedən qanun çoxdan qüvvədədir, amma neft şirkətlərinə qarşı real sanksiyalar haqda indiyədək fikir səslənmirdi. Amma indi vəziyyət dəyişib: demokratların nəzarətində olan Konqress İranla əməkdaşlıq edən şirkətlərə qarşı sərt sanksiyaların tərəfdarıdır və bununla əlaqədar Buş administrasiyasına təzyiqləri artırır. Bundan başqa, bu cür iqtisadi sanksiyalar, müharibəsiz-filansız İranda vəziyyəti gərginləşdirməyə dair kampaniyanın tərkib hissəsidir.

Digər tərəfdən, sərt bəyanatlara rəğmən, indiyədək BMT Təhlükəsizlik Şurası İrana qarşı ciddi sanksiyalara dair qərara gələ bilməyib. Belə bir şəraitdə ABŞ-ın tətbiq etdiyi "milli" sanksiyalar çoxlarının ehtimal etdiyindən daha effektli nəticə verə bilər. İlk növbədə, Amerika bazarı və sərmayələrinin Avropa şirkətləri üçün cəlbedici olduğuna görə. Avropalılar, əlbəttə ki, İran neftinin bir hissəsini ələ keçirmək haqda düşünür, amma bunun müqabilində ABŞ bazarı və sərmayələrindən məhrum olmaq niyyətində deyil.

Tezliklə məlum olub ki, ABŞ-ın İrana maliyyə təzyiqləri bununla kifayətlənmir. "Biz İranın qanunsuz əməliyyatlar üçün qlobal maliyyə sistemindən istifadəsinə mane olmağa çalışırıq", - deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Stüart Levi bildirib. 

Əlbəttə ki, bu gün İrana qarşı BMT tərəfindən qəbul olunmuş bir sıra sanksiyalar var. Amma onlar çox zəif təsir bağışlayır. Bu sanksiyalar üçün ABŞ İranın "dostları", ilk növbədə isə Moskvaya güzəştə getməli olub və bu gün İranın nüvə proqramında adı hallanan banklar, şirkətlər və şəxslərə qarşı tətbiq olunan sanksiyalar ümumilikdə rəsmi Tehrana ciddi maneə törətmir. Buna görə də ABŞ İrana qarşı daha effektli təsir rıçaqından istifadə haqda düşünür. Məlumata görə, 2006-cı ilin sentyabrından etibarən Vaşinqtonun nümayəndələri dünya ölkələrinə baş çəkərək, bank və şirkətlərin rəhbərlərilə danışıqlar aparır. Amerikalıların məqsədi onları İranla biznesdən könüllü olaraq imtina etmək və ya heç olmasa, bu əməkdaşlığın miqyasını azaltmağa razı salmaqdır. Və artıq bu cəhdlər öz nəticəsini verməkdədir. S.Levinin sözlərinə görə, İran biznesi artıq "daha çətin vəziyyətə düşüb". Çünki "bir sıra nəhəng maliyyə institutları İranın konkret bankları və ya ümumilikdə ölkə ilə əməliyyatların miqyasını kəskin şəkildə azaldıb". Yəni, faktik olaraq, nəhəng dünya biznesi seçim qarşısında qoyulub: Vaşinqtonla problemlər yaşamaq istəməyənlər İranla bütün əlaqələri kəsməlidir. Nəticədə, böyük banklar son vaxtlar İranla bağlı əməliyyatlara ayrılan vəsaitin həcmini azaldır, İran şirkətləri isə dünyanın ticarət bazarında ən çox yayılmış valyuta - ABŞ dolları ilə əməliyyatlar keçirmək hüququndan məhrumdurlar. 

Odur ki, bu gün İranın üzləşdiyi iqtisadi problemlər bu ölkənin "neft müharibəsi"ndəki məğlubiyyətinin ilkin göstəricisidir. Halbuki, bu müharibəni ABŞ-a elə İranın özü elan etmişdi. 

Xatırladaq ki, ötən ildən etibarən informasiya lentlərində gözlənilən "neft inqilabı" - İranın Kiş adasında özünün neft birjasını açmaq və nefti dollarla deyil, avro ilə satmaq niyyəti haqda saysız-hesabsız məlumatlar dolaşırdı.  

İran həm də əmin idi ki, müsəlman təqvimi ilə yeni ilin ilk günündə açılmalı olan bu birja yalnız dünyanın neft bazarında deyil, ümumilikdə qlobal iqtisadiyyatda inqilabın başlancığı olacaq.

İran marketoloqları düşünürdülər ki, yeni barjaya maraq bütün rekordları üstələyəcək və İranı dünya iqtisadiyyatında aparıcı mövqelərdən birinə çıxaracaq. Tehranda açıq şəkildə bildirirdilər ki, yeni açılacaq birja ölkədə iqtisadi vəziyyətin inkişafı ilə yanaşı, həm də ABŞ-a qarşı "iqtisadi silah" rolunu oynayacaq.

Ən maraqlısı isə odur ki, bu "hücum"un uğurlu olacağına çoxları inanmışdı. Məsələn, Fransanın "Laboratoire Europeen d'Anticipation Politique Europe -2020" təhqiqat agentliyi belə bir proqnoz vermişdi ki, İranın neft birjasının açılışı "qlobal neft bazarındakı dollar inhisarının sonu olacaq" və bu, "dünyanın valyuta bazarında çevrilişə gətirib çıxaracaq". Çünki "digər neft istehsalçıları da öz məhsullarını avro ilə satmağa başlayacaq". Bir sözlə, əksər ölkələrə artıq dollar lazım olmayacaq, onlar həmin valyutanı bazara çıxaracaq və nəticədə ABŞ valyutası qısa vaxt ərzində qiymətdən düşəcək.

Bu proqnozlar müxtəlif ölkələrin, ilk növbədə isə Amerika iqtisadiyyatının "defoltu"na inanan Rusiya KİV-lərində geniş işıqlandırılırdı.

Amma martın 20-də İranın  Neft Nazirliyi birjanın açılışının təxirə salındığını bəyan etdi. Sonra birjanın açılışı iyuna saxlanıldı, bunun ardınca yenidən təxirə salındı və sonda... unuduldu. 

Bu gün  İranın öz yaxın "əqidədaşları"nın köməyi olmadan heç özünü belə yanacaqla təmin etmək iqtidarında olmadığı aydınlaşandan sonra isə Tehranın əvvəlki "birja iddiaları" artıq karikaturanı xatırladır...


MƏSLƏHƏT GÖR:

361