15 Mart 2025

Şənbə, 00:34

PUTİN "TAVANI" DAĞIDIR

ASQMM-in qüvvədən düşməsi - Moskva ilə Vaşinqton arasında hərbi-siyasi qarşıdurmanın hüquqi başlanğıcı

Müəllif:

01.08.2007

Siyasətçilərin ambisiyaları və istəkləri artıq çoxdan sağlam düşüncə ilə bir araya sığmır. Dünya birliyində cərəyan edən meyilləri ildən-ilə izləyərkən qlobal sağlam düşüncənin qələbəsinə inanan insanların düzgün mövqedə olduqlarına şübhələr get-gedə artır: nə baş verir? Biz qiyamət gününə üz tutmuşuq?

Nə qədər paradoksal olsa da, insan cəmiyyəti daha çox inkişaf etdikcə, zahirən daha sivil olduqca, elə özünün işləyib-hazırladığı və bərqərar etdiyi təməlləri, prinsipləri, oyun qayda və qanunlarını dağıtmağa bir o qədər çox can atır. Belə ki, BMT-nin prinsip və deklarasiyaları, həmçinin qərarları artıq çoxlarını ilgiləndirmir. Ümumdünya səciyyəli qərarlar qəbul etmək təşəbbüsünü əldən verən bu təşkilat böyük dövlətlərin əlində bir "müqəvvaya", yaxud alətə çevrilib. BMT-nin təşkilati səhvlərindən və bürokratik ləngliyindən qurtularaq, öz qərarlarında daha mobil və səmərəli ola bilən ATƏT kimi regional təşkilatlar yaratmaq cəhdləri də istənilən nəticəni vermədi. Vaxtilə dövlətlərin əldə etdikləri dövlətlərarası çoxtərəfli müqavilə və sazişlər sahəsində də eyni neqativ meyillər müşahidə edilməkdədir, halbuki həmin dövlətlərin ictimaiyyəti özlərini öz təkamüllərinin əks-neqativ cəhətindən müdafiə etmək üçün onları səmərəli sayırdı. Yalnız kağız üzərində mövcud olan belə müqavilə və qərarların sayı çoxdur  və Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında Müqavilə (ASQMM) də onların sırasındadır...

Məlum olduğu kimi, iyulun 14-də Vladimir Putin "NATO ölkələri bu sənədə vicdanla əməl etməyənə qədər" ASQMM-in qüvvədən düşməsi barədə sərəncam imzaladı.

Bu qərarın qəbuluna nə təkan verdi? Səbəb çoxdur. Həm də qərarın özünü heç də gözlənilməz adlandırmaq olmaz: Putin belə bir addım atacağı ilə hələ cari ilin may ayının əvvəlində Federal Yığıncağa müraciətində hədələyirdi.

 

ASQMM nədir?

Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması haqqında Müqavilə (ASQMM) 1990-cı ildə Varşava Müqaviləsi Dövlətlərilə NATO arasında imzalanıb. Müqavilədə 28 Avropa dövləti - Ermənistan, Azərbaycan, Belorusiya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İslandiya, İspaniya, İtaliya, Qazaxıstan, Lüksenburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, həmçinin ABŞ və Kanada iştirak edir. Müqaviləyə görə, adi silahların və texnikanın 5 kateqoriyası - tanklar, zirehli döyüş maşınları, 100 mm və artıq kalibrli artilleriya, döyüş təyyarələri, hücum vertolyotları məhdudlaşdırılır, informasiya mübadiləsi və geniş təftiş fəaliyyəti nəzərdə tutulur.

Müqavilə imzalandıqdan 1 il sonra SSRİ dağıldı və ASQMM-in yeni şəraiti nəzərə alan təzələnmiş variantı 1999-cu ildə ATƏT-in İstanbul sammitində imzalandı. Onun əsasında müqavilənin blok strukturundan hər bir iştirakçı dövlət üçün silah və texnikanın milli və ərazi səviyyələrinə keçid həyata keçirilməli idi. Uyğunlaşdırılmış ASQMM-i yeni müqaviləyə çevirən prinsipcə yeni məqam zona-qrup ("soyuq müharibə"də iki blokun qarşıdurmasına müvafiq olan) yanaşmasının hər bir dövlət üçün milli və ərazi səviyyələri sisteminə çevrilməsi oldu. Əvvəllər mövcud olan 5  coğrafi zona əvəzinə, ərazi məhdudiyyətlər şəbəkəsi tətbiq edilirdi: müqavilənin Avropadan olan iştirakçılarının sayına müvafiq olaraq, 28 ərazi səviyyəsi, həmçinin Rusiya və Ukrayna ərazilərində iki yarımsəviyyə.

Yeni sistem müqavilənin ehtiva etdiyi yerüstü silahların yerləşdirilməsi üçün hədlər müəyyənləşdirir, onların dövlətlər arasında yerdəyişməsini məhdudlaşdırır, irimiqyaslı hücum əməliyyatları keçirmək məqsədilə zərbə qruplaşmaları yaratmaq imkanını azaldırdı. Məsələn, "fövqəladə müvəqqəti yerləşdirmə" əlavə nəzarət tədbirlərilə müşayiət edilir. 

Yeni ASQMM ATƏT üzvü olan istənilən dövlətin qoşulması üçün açıq idi. Lakin onu yalnız 4 ölkə - Rusiya, Belorusiya, Qazaxıstan və Ukrayna ratifikasiya etdi. Lakin  ASQMM-in yeniləşdirilməsi barədə sazişlə eyni vaxtda imzalanan İstanbul razılaşmalarına əsasən, Rusiya qoşunlarının öz ərazilərindən çıxarılmasında israrlı olan Gürcüstan və Moldova müqaviləni ratifikasiya etmədilər. Bu səbəbdən, NATO ölkələri də adaptasiya olunmuş müqavilənin qüvvəyə minməsi prosesinin qarşısını alırlar.

Bir sıra Şərqi Avropa dövlətlərinin NATO-ya qəbulu ilə müqavilənin qüvvələr balansının təmin edilməsinə dair əsas prinsipi də qüvvədən düşmüş oldu və müqavilə yalnız informasiya mübadiləsi və təftişlər sayəsində dəstəklənirdi.

Rusiyanın mövqeyi ondan ibarətdir ki, müqaviləyə dair öhdəliklərə (Gürcüstan və Moldova ərazilərində ağır silahlar və texnikanın azaldılması) 2000-2001-ci illərdə tam həcmdə əməl olunub. Moskva hesab edir ki, Gürcüstanda Rusiya hərbi bazalarının fəaliyyət şərtləri və Dnestryanıdan hərbi əmlakın çıxarılması ikitərəfli səciyyə daşıyır və ASQMM-in adaptasiyası haqqında Sazişin başqa ölkələr tərəfindən ratifikasiyası üçün maneə ola bilməz. 

 

YATMIŞ AYINI OYATMAYIN...

Rusiya prezidentinin ASQMM-dən çıxmaq barədə qərarına, yəni adi silahlarla bağlı bu müqavilənin müəyyənləşdirdiyi "tavandan" faktiki imtinaya  birbaşa təsir göstərən səbəblərə bir daha nəzər salaq. 

Təbii ki, birinci səbəb NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsidir ki, rəsmi Moskva bunu həmişə xüsusi qıcıqla qarşılayıb. Kreml məmurlarının fikrincə,  NATO-nun genişlənməsi bu alyansın silahların sayına dair müqavilədə müəyyənləşdirdiyi məhdudiyyətləri əhəmiyyətli dərəcədə pozub. Onu da qeyd etmək lazımdır ki, Rusiya ABŞ-ın Bolqarıstan və Rumıniyadakı bazalarda "xeyli silahlı qüvvə" yerləşdirmək istəyinə istinad edir, bu isə müqavilə ilə qadağandır. Bu fonda, Qərb ölkələrinin ASQMM-in adaptasiyası haqqında sazişi sürətlə ratifikasiya etmək üzrə öhdəliklərinə əməl etməmələri də öz rolunu oynadı. Nəhayət, Rusiya NATO-ya daxil olmazdan əvvəlki razılaşmalara baxmayaraq, Latviya, Litva və Estoniyanın da hələ  müqavilədə iştiak etməmələrinə  birmənalı mənfi münasibət bəsləyir. 

Qalan səbəblər əsas səbəbin yalnız davamı və nəticəsidir. Başqa sözlə, məsələn, Çexiya və Polşada  raket əleyhinə müdafiə (RƏM) sistemləri yerləşdirilməsi Qərbin bir-iki il bundan əvvəl yox, çoxdan başlayan siyasətinin davamıdır. Əslində, bu oyunda stavkaların ildırım sürətilə yüksələcəyini artıq NATO-nun 2002-ci ilin noyabrında Praqada keçirilən və alyansın keçmiş SSRİ respublikalarının da hesabına növbəti dəfə genişlənməsi baş verən sammiti ərəfəsində təxmin etmək mümkün idi.   

Moskvanın narazılığı sadəcə Qərbin adaptasiya olunmuş ASQMM-i ratifikasiyadan imtinası ilə bağlı deyil. Əslində, onu Rusiyanın zəifliyi dövrü adlandırılan son on beş ildə Avropada və dünyada yaranan hərbi-siyasi qüvvələr bölgüsü qane etmir. Belə olan halda, Moskvanın həmin dövr ərzində RF ilə Qərb arasında hərbi-siyasi sahədə bağlanan bir çox razılaşmalara yenidən baxılmasına cəhd göstərəcəyini gözləmək olar. 

ABŞ Moskvanın əl-qolunu iyulun 14-də - Senatda demokratlarla respublikaçılar RƏM proqramını yekdilliklə dəstəklədikdən sonra birdəfəlik açdı. Elə həmin gün Rusiya prezidentinin mətbuat xidməti ASQMM üzərinə moratori qoyulması barədə sərəncamı açıqladı. XİN isə bildirdi ki, Rusiya silahlar üzrə informasiya verilməsini və təftişləri müvəqqəti olaraq dayandırır, müxtəlif bölgələrdə onların sayı məsələsini isə birtərəfli qaydada həll edəcək. 

Rusiya prezidentinin iştirakı ilə keçirilən bütün son sammit və görüşlərdə Putinin "Qərb tərəfdaşları" adlandırmağı xoşladıqlarının ünvanına nəsihətlər və hətta hədələr səslənib.

Prinsipcə hər şey ASQMM üzvü olan dövlətlərin 12-15 iyun 2007-ci il tarixində Rusiyanın tələbilə Vyanada çağırılan fövqəladə konfransı başa çatdıqdan sonra aydınlaşdı. Orada Qərb dövlətləri Rusiyanın müqavilənin "həyat gücünün bərpası" planını rədd etdilər. Planın özəyində adaptasiya olunmuş ASQMM-in ratifikasiyası, buna razılıq verilməsinin isə Rusiyanın İstanbul razılaşmalarına əsasən,  Moldova və Gürcüstandan qoşunlarını tam çıxarmaq öhdəliyilə razılaşması ilə sərt şəkildə əlaqələndirilməsi dururdu. Nəticədə, konfransda hətta yekun sənədini razılaşdırmaq da mümkün olmadı. Rusiya KİV-lərinin fikrincə, məhz bundan sonra, yəni son qərar verilməsindən bir ay əvvəl Putinə imzalamaq üçün ASQMM-in icrasının müvəqqəti olaraq dayandırılması barədə sərəncamın layihəsi təqdim edildi. Lakin qərara alındı ki, sərəncamın açıqlanması bir qədər təxirə salınsın. Birincisi, ABŞ və Rusiya prezidentlərinin 1-2 iyulda Kennebankportda keçirilən görüşünü pozmamaq üçün. İkincisi, 2014-cü il Olimpiya Oyunlarının Rusiyada keçirilməsinin əleyhinə olanlara həlledici səsvermə ərəfəsində əlavə dəlillər verməmək üçün. 

Bununla yanaşı, Moskva Qərb tərəfdaşlarını moratori elan edilməsinə Vyana konfransı uğursuzluqla başa çatandan dərhal sonra hazırlamağa başladı. İyun ayında Bolqarıstan və Macarıstandan olan hərbi nümayəndə heyətlərinə müxtəlif bəhanələrlə Rusiydakı hərbi hissələrə getməyə icazə verilmədi. Elə o vaxt Rusiya ABŞ, Rumıniya və Bolqarıstanla birgə hərbi təlimlərdə iştirakdan da imtina etdi.  

Nəhayət, Rusiyanın "Kommersant" qəzetinin yazdığı kimi, Kremldə sərəncamın açıqlanması vaxtının yetişdiyi qərarına gəldilər. Rusiya XİN-də ASQMM-ə moratori qoyulması qərarını aşağıdakı kimi izah edirlər: "Biz daha təftişləri qəbul etməyəcək və təftiş qrupları göndərməyəcəyik, informasiya verməyəcəyik, kəmiyyət məhdudiyyətlərinə məhəl qoymayacağıq". Sərəncamı müşayiət edən arayışda deyilir ki, Rusiyanı belə bir addım atmağa "müqavilə ətrafında yaranan müstəsna şərait" təhrik edib. Elə oradaca aydınlaşdırılır ki, "moratori NATO ölkələri adaptasiya haqqında razılaşmanı imzalayana və bu sənədi vicdanla icra etməyə başlayana qədər davam edəcək".  

Məntiqi şəkildə meydana çıxan - "Bəs NATO ölkələri şərtlərini yerinə yetirmək artıq mümkünsüz olan sazişi necə ratifikasiya edə bilərlər?" sualının cavabı isə tamamilə aydındır: ASQMM artıq dəfn edilib. Axı əgər qalan postsovet respublikaları ona tam həcmdə riayət etsələr də (hər halda, bəzi iştirakçı dövlətlər bunu bəyan edir; lakin ona nə dərəcədə əməl etdikləri, məsələn, elə həmin Ermənistanın timsalında, bəlli deyil - müəl.), müqavilənin əsas iştirakçısı - Rusiya artıq "oyundan çıxıb". Putinin müqavilədən çıxmazdan düz iki həftə əvvəl Buşla Kennebankportda görüş zamanı düzgün qeyd etdiyi kimi, "kartlar paylanıb", lakin Moskva ilə Vaşinqton, həqiqətən, fərqli oyun qurublar... 

 

Gedişlər başlayır?.. 

Preferans oyunçularının belə bir zarafatyana deyimi var: "Bağlı kartları bilsəydim, Soçidə yaşayardım". Eynilə, biz də Rusiya və Qərbin "əllərindəki kartlara baxdıqdan" sonra "siyasi preferans"ın gözləri qızmış iştirakçılarının sonda bizim üçün nələr hazırladıqlarını yalnız təxmin edə bilərik.  

Aydındır ki, artıq çoxdan və kifayət qədər təcavüzkar şəkildə açıq-aşkar irəli gedən Qərbdən fərqli olaraq, hazırda Kremlin cavab addımlarını təxmin etmək bir qədər çətindir. 

Gəlin ASQMM-dən canını qurtaran Moskvanın hansı addımlar ata biləcəyini təsəvvür edək. Bu zaman hazırda dünya birliyinin yaşadığı geosiyasi dəyişikliklər və gözləntilərin bütöv bir buketinə əsaslanmaq lazım gələcək. Əsas müddəa ondan ibarətdir ki, Qərbin təhrikilə Rusiya bütün cəbhə üzrə hərbi-texniki və siyasi qarşıdurma oyununa qoşuldu və bu da gözlənilən idi. 

Rusiya ekspertlərinin fikrincə, moratori Rusiyanın Qərblə münasibətlərini daha da gərginləşdirəcək. "Politika" fondunun prezidenti Vyaçeslav Nikonovun sözlərinə görə, Avropada ABŞ RƏM elementləri yerləşdirildiyi halda, Rusiya raketlərinin Avropaya tuşlanması tamamilə realdır.

Lakin Şərqi Avropada RƏM yerləşdirilməsi heç də ABŞ-la Rusiya arasında qarşılıqlı münasibətlərin pisləşməsinə dəlalət edən yeganə amil deyil. Gündəmdə qarşıdurmaya güclü təsir göstərən digər məsələlər də var. Bura Kosovo problemi də, İranda mümkün hərbi aksiya da (təbii ki, bu aksiya Şimali Atlantika Alyansının, Rusiyanı əhatə edən ərazilərin dərinliyinə nüfuz etməsilə müşayiət olunacaq), neft-qaz bölgələri uğrunda mübarizə də, "demokratiyanın irəliləməsi" də aiddir. Sıralama kifayət qədər möhtəşəmdir və orada Kremlin "Qərb tərəfdaşları" ilə çiyin-çiyinə addımlaya biləcəyi məqamlar, təəssüf ki, qalmayıb.   

Yenidən başlanan sürətlə silahlanma məsələsi ilə hər şey aydındır. Lakin artıq açıq siyasi qarşıdurmanın da yeni mərhələsi başlamaqdadır.

Rusiya siyasətinin çox sadə olacağını müəyyən dərəcədə əminliklə güman etmək mümkündür: "Qərb üçün pis olan hər şey bizim üçün yaxşıdır". Aydındır ki, Kreml ABŞ və onun müttəfiqlərinin düşmənlərini daha birmənalı dəstəkləməyə başlayacaq.  Məsələn, çox güman ki, Kreml İrana qarşı növbəti sanksiyaların qəbulunun əleyhinə çıxacaq və bununla da amerikalıları kifayət qədər hazırlaşmadan hərbi əməliyyata əl atmağa təhrik edəcək. Hamıya aydındır ki, hazırkı şəraitdə amerikalılar qarşıya qoyulan məqsədə çata bilməyəcək və Yaxın Şərqdə, ələlxüsus, müsəlman dünyasında durumlarını daha da pisləşdirəcəklər. Bundan başqa, hazırda amerikalıların Avropadakı müttəfiqləri arasında parçalanma yaratmaq istiqamətində məqsədyönlü iş aparılır. Rusiyanın ASQMM-dən çıxması Avropa dövlətlərini çox qayğılandırır: Rusiya raketlərinin onlara tuşlanması və öz sərhədləri yaxınlığında rus ordusunu təftiş etmək imkanından məhrum olmaq bu dövlətlərin heç də ürəyindən deyil. Yeri gəlmişkən, bu, casusluqla bağlı ehtirasların növbəti dəfə qızışmasına gətirib çıxaracaq ki, bunun əlamətləri artıq müşahidə edilməkdədir.

Rusiyanın Qərbin sürətlə fəallaşmasından narahat olan mümkün hərbi-siyasi  müttəfiqi - Çin də Vaşinqtonun hərəkətlərini diqqətlə izləməkdədir. Artıq güclü  Rusiya-Çin siyasi alyansının yaranması perspektivi göz önündədir.   

Bundan başqa, amerikalıların istəyinə uyğun şəkildə həll edildiyi halda, Kosovo problemi hətta bu böl-gənin hüdudlarından da çox uzaqlara yayılan əks-səda doğura bilər. Bu presedentin separatizmin mövcud olduğu başqa bölgələr üçün təhlükəli olması barədə dəfələrlə xəbərdarlıq edən Rusiya  heç də "boşuna danışmadığını" sübut etmək üçün real təsir imkanlarına malikdir. Hətta Serbiya belə bir addım atmağa məcbur edildiyi halda, Kosovonun müstəqilliyinin tanınması digər bölgələrin müstəqilliyinin birtərəfli tanınması silsiləsinə rəvac verə bilər. Məsələn, Moskvanın Osetiya, Qarabağ və Dnestryanıdakı separatçı rejimlərə nə dərəcədə təsir göstərə bildiyi hamıya bəllidir.  Bu üç bölgəyə isə Qərb də böyük maraq göstərir. ABŞ və Avropanın da önəmli iqtisadi maraqları zonasında yerləşən Osetiya və Qarabağ hər şeydən əvvəl onlar üçün Xəzərarxası neft-qaz yataqları uğrunda mübarizədə əsas plasdarmdır. Enerji layihələrinin irimiqyaslı fəaliyyətə başlaması, həm də Qazaxıstanla Türkmənistanın onlara qoşulacağının gözlənilməsi Rusiyanın Cənubi Qafqazda sabitliyi pozması üçün gözəl stimul ola bilər. Bunun üçün imkanlar var, üstəlik, ASQMM-dən çıxması Rusiya qoşunları və silahlarının yerdəyişməsi üzərində nəzarəti, ümumiyyətlə, ləğv edir. Dnestryanı isə lap Avropanın yaxınlığındadır. Odur ki, gərginliyin artması, bir tərəfdən, ən azı Gürcüstanla Moldovanın Şimali Atlantika Alyansının tərkibinə qəbulunu mümkünsüz edə, digər tərəfdən, Avropanın Rusiya enerji daşıyıcılarından və onların bu ölkənin ərazisilə tranzitindən asılılığını gücləndirə bilər.   

Onu da unutmaq olmaz ki, Qərb Qazaxıstan və Türkmənistanın neft və qazı uğrunda mübarizəni uduzarsa, artmaqda olan enerji böhranı şəraitində ya İranın mollakratik rejimilə barışmağa çalışmalı olacaq (bu isə indi qeyri-real görünür), ya da gələcəkdə bu ölkə və onun  nəhəng enerji ehtiyatları üzərində nəzarət naminə İrana zərbə endirmək və bugünkü nisbi iqtisadi sabitliyi qurban vermək məcburiyyətində qalacaq.

 

Rusiyadan başqa şey gözləmirdilər də...

Bütün bunlar Qərbdə Kremlin heç vəchlə dostyana kimi qiymətləndirə bilməyəcəyi hərəkətlərin nəyə gətirib çıxaracağını çox gözəl anlamaları ilə bağlıdır. Putinin hərəkətlərinə reaksiyanın bu qədər süst olmasının səbəbi də elə budur. Nə üçünsə Moskvada gözləyirdilər ki, Qərb Rusiyanın ASQMM-ə moratori qoymasına cavab olaraq, sərt ittihamlar səsləndirəcək. Qərbin ilk reaksiyası isə mənfi, lakin təmkinli oldu. NATO və AB "Rusiyanın qərarına təəssüfləndiklərini" bildirdilər, çünki "ASQMM Avropada sabitlik üçün fundamental sənəddir". ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının təmsilçisi Qordon Condro isə bildirdi: "Biz Rusiyanın ASQMM-də iştirakını dondurmasından məyusluq duyuruq, lakin ruslarla danışıqları davam etdirəcəyik". 

Görünür, Vaşinqtonun ümidləri ASQMM-in fəaliyyətinin dayandırılmasının Rusiya iştirakçı dövlətləri bu barədə məlumatlandırandan yalnız 150 gün sonra rəsmi şəkildə qüvvəyə minməsilə bağlıdır. Ağ ev həmin müddət başa çatana qədər Moskva ilə razılığa gələrək, onu müqavilədən birdəfəlik çıxmamağa inandıra biləcəyinə ümidlidir. Lakin çətin ki RF-də seçkiönü təbliğatın, deməli, həm də antiqərb ritorikasının tüğyan edəcəyi dekabr ayı razılaşma əldə etmək üçün əlverişli dövr olsun. Bunun əksi daha gözləniləndir... 


MƏSLƏHƏT GÖR:

419