14 Mart 2025

Cümə, 10:56

HÜQUQU OLMAQ HÜQUQU

Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi Azərbaycan əhalisi arasında maarifləndirmə işini gücləndirir

Müəllif:

15.07.2007

Hazırda Azərbaycan əhalisinin sayı 8,5 mln nəfəri ötüb, əhalinin 50,9%-i qadınlar, 31,2% -i 18 yaşına çatmamış uşaq və yeniyetmələrdir.  Məlum olduğu kimi, məhz bu kateqoriya əhalinin dövlət tərəfindən xüsusi qayğı tələb edən təbəqəsinə aiddir.

Bunu nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2006-cı ilin fevralında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (APDK) yaradıldı.

Komitənin  fəaliyyətə başlamasından o qədər çox vaxt keçməsə də, belə qısa müddətdə bu struktur xeyli iş görməyə müvəffəq olub. İstiqamətlərdən biri ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq problemləri sahəsində durumun təhlili, dövlətin və ictimaiyyətin diqqətinin əhalinin bu kateqoriyasının üzləşdiyi problemlərə yönəldilməsidir. "R+" müxbirinin adıçəkilən qurumun rəhbəri Hicran Hüseynova ilə söhbəti məhz bu mövzudadır.

- Dövlət komitəsi bir ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan qadınının üzləşdiyi  əsas problemləri müəyyənləşdirmək mümkün olubmu?

- Azərbaycan qadınlarının əsas problemi onların əksəriyyətinin elementar hüquqlarından xəbərsiz olmasıdır. Komitədə iki qəbul günü olur - çərşənbə axşamı və cümə günü. Bu günlər bəşəriyyətin gözəl yarısının xeyli nümayəndəsi öz problemlərilə bizə müraciət edir. Problemlərin monitorinqini apararaq belə nəticəyə gəlmişik ki, onların əsas hissəsi ailə çətinlikləri, övladlar və yaxın qohumlarla bağlıdır. Doğrusu, bu fakt mənə bir qədər qəribə təsir bağışlayır və o, məişət problemlərinin digər sıxıntıları üstələdiyinə dəlalət edir. Müraciət edənlər arasında ali təhsillilərin sayı çoxdur, amma nə üçünsə heç kim karyera yüksəlişinin olmaması üçün həyəcanlanmır, ixtisasının artırılmasında, əlavə təhsil almaqda kömək istəmir. Şübhəsiz, qadınlarda psixoloji dözümlülük hissini aşılamaq lazımdır ki, onlar cəmiyyətdə öz yerlərini tapa bilsin, həyatlarından razı qalmağı bacarsınlar. Onda məişət problemlərinin əksəriyyəti daha asan həll olunacaq. Bizim üçün çox önəmli aspektlərdən biri əhalinin maarif, mədəni səviyyəsinin yüksəldilməsidir.

Hazırda ölkəmizdə bu istiqamətdə böyük iş aparılır. Prezidentimizin fərmanı ilə teatrlar, muzeylər, kitabxanalar  bərpa olunur, yeniləri tikilir. Azərbaycanın iqtisadi fəallığı fonunda ölkə vətəndaşları qarşısında da böyük vəzifələr qoyulur. Axı əhali  qlobal dəyişikliklərlə ayaqlaşmasa, bu, cəmiyyətdə böyük parçalanma ilə nəticələnər. Bizim müsbət nümunələrimiz var.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadının necə olmalı olduğunu əyani şəkildə nümayiş etdirir: etibarlı həyat yoldaşı, qayğıkeş ana, savadlı alim, ictimai-siyasi xadim, hərtərəfli erudisiyalı, amma həm də daim öz üzərində işləyən insan. Artıq həyatının sona yetdiyini bildirən 50 yaşlı qadınla rastlaşanda, mən çox mütəəssir oluram, çünki bu yaşda  həyat maraqlı işlərlə zəngin olmalı, qadın artıq həm mənəvi, həm də peşəkarlıq baxımından özünü ifadə etməyi bacarmalıdır. Qadınlara yardım etmək üçün ölkədə onların lazımi psixoloji dəstək ala biləcəkləri reabilitasiya mərkəzləri yaratmaq lazımdır. Ölkədə baş vermiş dəyişikliklər, cəmiyyətin transformasiya dövrü əhalinin bu yeniliklərə adaptasiyasında ciddi problemlər olduğunu ortaya qoydu. Bizim vəzifəmiz onlara dəstək olmaq, dözümlülük və özünü stresdən qorumaq bacarığı formalaşdırmaqdır.

Qadınlarla bağlı zorakılıq problemindən danışsaq, hazırda ölkəmizdə belə mənfi halların azalması müşahidə olunur. Bu, ölkədə zorakılığa qarşı fəal kampaniyanın aparılması ilə əlaqədardır. Bölgələrdə bu problemə həsr olunmuş "dəyirmi masa"lar müntəzəm surətdə keçirilir. Bu mövzuda televiziya proqramı hazırlayırıq. Məsələ parlamentdə qaldırılır, Azərbaycanın QHT-ləri bu barədə danışır. Bu sahədə işə fəal qoşulanlar sırasında Ədliyyə, Əmək və  Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin nümayəndələri  də var. Komitə Təhsil və Səhiyyə nazirliklərilə sıx əlaqə saxlayır. Hər hansı bir dövlət strukturunun bu istiqamətdə aparılan işdən kənarda qaldığını deyə bilmərəm. Çox mühüm aspektdir ki, Nazirlər Kabineti səviyyəsində zorakılıqla mübarizəyə aid xüsusi proqram qəbul olunub. Qeyd etməliyəm ki, hər ölkənin belə proqramı yoxdur. Onu bütün dövlət müəssisələri üçün tövsiyə, rəhbərlik kimi qiymətləndirmək mümkündür. Yeri gəlmişkən, Azərbaycanda artıq Qadın, Ailə və Uşaq üzrə Milli Fəaliyyət Planı hazırlanıb. Hazırda o, təsdiq üçün təqdim olunub. Planda məişətdə zorakılıqla mübarizə və profilaktika məsələləri dəqiq əks etdirilib.

- Komitə azadlıqdan məhrum olunmuş qadın və uşaqlarla iş aparırmı?

- Şübhəsiz. Həm də əminəm ki, bu kateqoriyadan olan vətəndaşlara da çox böyük diqqət ayrılmalıdır. Bu yaxınlarda parlamentdə çıxış edərkən, ölkənin birinci xanımı Mehriban Əliyeva bu mövzuya toxundu. O, xüsusi vurğuladı ki, hər kəsə həyatda daha bir şans verilməlidir və biz bu fikirlə tam razıyıq.

Bundan əlavə, komitə qadınların dəmir barmaqlıqlar arxasına düşmə səbəblərinin monitorinqini keçirib. Aydınlaşıb ki, həbsxanaya düşən qadınlar bəzən məhkəmə iclaslarının və ya törədilmiş cinayət üzrə istintaqın ədalətsiz aparılması nəticəsində məhkum olunublar. Əksər hallarda, qadınların belə ümidsiz addım atmalarının, onları bu cinayətə hansı amillərin sövq etməsinin səbəbləri kifayət qədər araşdırılmayıb. Bəzən bu qadınları sadəcə şərləyirlər və onlar kiminsə əvəzinə cəza çəkməyə məcbur olurlar. Bu sahədəki tədqiqatlarımız göstərir ki, çox zaman zərif cinsin nümayəndələri tamamilə köməksiz olurlar, hətta vəkil tutmaq imkanları da olmur. Odur ki bilavasitə bu sahəyə daha çox diqqət yetirmək vacibdir.

Bizim üçün daha bir mühüm məqam islah müəssisələrindən azad olunmuş adamların normal həyata qayıtmalarıdır. Bunun üçün kurslar təşkil etmək, qadınların həbsxanada da təhsil almalarına şərait yaratmaq lazımdır. Bu zaman biz həm də cəmiyyət haqqında düşünürük. Axı bu adamlar sabah bizimlə yanaşı yaşayacaqlar.  Deməli, bu gün onlara normal həyata inteqrasiya olmaqda yardım etmək, cinayətkar mühitdən uzaqlaşmaq imkanı yaratmaq lazımdır.

- Bu yaxınlarda başa çatmış Strasburq səfərinizin məqsədi nə idi?

- Məlum olduğu kimi, 2006-cı il noyabrın 27-də Avropa Şurasının qadınlara qarşı zorakılıq (həmçinin  evdə zorakılıq) əleyhinə kampaniyasına start verilib. Bu konfrans ötən ilin yanvarında keçirilmiş Madrid konfransının davamıdır. Bu kampaniyaya məhz onda start verilib. Strasburq konfransı isə, bir növ, bu müddət ərzində görülmüş işlərin monitorinqi idi. Bu qəbildən olan konfransların gedişində ölkələr həmin sahədə toplanmış müsbət təcrübə mübadiləsi edirlər. Bu kampaniyaya başlayan AŞ vaxtaşırı monitorinq konfransları keçirərək, hər iştirakçı ölkənin öz ərazisində bu prosesin necə gerçəkləşdirilməsi barədə məlumat verməsinə şərait yaradır.  

Bu sahədə daha ətraflı məlumat almaq üçün hazırlanmış xüsusi məlumat kitabçası AŞ üzvü olan bütün ölkələrə  paylanıb. Kitabça Azərbaycan dilinə tərcümə olunub və əhali arasında yayılıb.

Bu, bir neçə başlıca məqsəd güdən mühüm prosedurdur. Əvvəla, bu, AŞ iştirakçı-dövlətləri arasında aparılan maarifləndirmə işinin gücləndirilməsidir. Qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması kimi qiymətləndirən daimi monitorinqin həyata keçirilməsi mühüm aspektdir. Daha bir məqsəd konkret nəticələr əldə etmək üçün adekvat imkanların təmin olunmasıdır. Strasburq konfransında bu məsələlərin həlli üçün bütün ölkələrin siyasi iradə nümayiş etdirməsi çağırışı səsləndirildi. AŞ monitorinqinin iki istiqamətdə - hökumət və parlament səviyyəsində keçirilməsi maraqlı məqam oldu.

Strasburqdakı çıxışımda mən çox önəmli aspekti vurğuladım ki, Azərbaycan zorakılıqla mübarizə sahəsində işə AŞ-ın elan etdiyi kampaniyadan xeyli əvvəl başlayıb. 2006-cı ildə ölkəmizdə gender üzrə qanun qəbul olunub və orada qadınların müdafiəsinə həsr olunmuş konkret müddəalar öz əksini tapıb. 

Bundan əlavə, komitənin fəaliyyətinin ilk günlərindən biz BMT-nin Əhali Komitəsi - UNFPA ilə birlikdə ev zorakılığına dair qanunun hazırlanması məqsədilə ekspertlərin cəlb olunması layihəsinə başladıq. Demək lazımdır ki, mən Strasburqa yola düşəndə, bu qanun artıq hazır idi. Odur ki, onu aprobasiyadan keçirdiyimizi inamla deyə bilərdim. Daha dəqiqi, qeyri-hökumət təşkilatları arasında diskussiyalar təşkil edib, onlardan tövsiyələr almışıq, qanun layihəsini, praktiki, bütün dövlət strukturları səviyyəsində müzakirə edərək, Prezident Aparatına göndərmişik.

Üstəlik, AŞ standartlarına yaxınlaşdırmaq məqsədilə ATƏT bu qanun layihəsini beynəlxalq ekspertə göndərmişdi. Çıxışım zamanı  iştirakçıların diqqətini  belə bir fakta yönəltməyə çalışdım ki, qadınlar və uşaqlar əleyhinə zorakılıq formalarından danışarkən biz bəzi səciyyəvi məqamları unuduruq. Məsələn, Strasburqda qonşu Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evlərini tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlərin Azərbaycanda yaşaması məsələsini qaldırdım.

Bu adamlar ciddi psixoloji zərbə alıblar və əsaslı psixoloji reabilitasiyaya ehtiyacları var. Özü də bu təkcə qadınlar və uşaqlar deyil, həm də kişilərdir. Problemli ailələrin əksəriyyəti böhran keçirmiş, müəyyən sosial narazılıqları olan insanlardan ibarətdir. Hökumətimiz bu kateqoriyadan olan vətəndaşlara böyük qayğı göstərir. Bu gün  şəxsi evi olmayan qaçqın və məcburi köçkün, demək olar ki, qalmayıb. Onlar xüsusi qəsəbələrə köçürülüblər. Amma problem təkcə normal yaşayış şəraitinin yaradılması ilə həll olunmur, çünki psixoloji şok hələ uzun müddət  yaddan çıxmayacaq.

Səfər zamanı bir neçə mühüm görüş keçirməyə nail oldum. Belə ki, konfransın gedişində AŞ baş katibi Terri Devislə görüşdük, AŞ baş katibinin müavini Maud do Boer-Bukikio ilə rəsmi görüşüm oldu. Ona zorakılıqla mübarizə üzrə AŞ kampaniyasının Azərbaycanda necə həyata keçirildiyi barədə ətraflı məlumat verdim. Öz növbəsində, Maud do Boer-Bukikio ölkəmizdə uşaqların vəziyyətilə maraqlandı ki, bu da təsadüfi deyildi. İş ondadır ki,  iyulun 6-da Azərbaycanda onun da dəvət olunduğu "Uşaqlara yararlı dünya" milli konfransı keçiriləcək. Bu konfransın təşkilatçıları UNİSEF, Xarici İşlər Nazirliyi,  AŞ, APDK, həmçinin bir sıra başqa hökumət strukturlarıdır. 

- Azərbaycan qadınların seksual istismarına qarşı AŞ-ın nəzərdə tutulan konvensiyasına qoşulmaq niyyətindədirmi?

- Doğrudan da, bu sənəd hazırlanır və AŞ baş katibinin müavini Maud do Boer-Bukikio ilə görüşüm zamanı  konvensiya  qəbul olunandan sonra  Azərbaycanın ona qoşulması təklifini aldım. Amma, məncə, bu haqda danışmaq tezdir, çünki konvensiya  hələ  hazırlıq mərhələsindədir. Digər tərəfdən, sənəd qəbul olunsa və onun əsas məqamları  ölkəmizin qanunlarına zidd olmasa, Azərbaycan, şübhəsiz, konvensiyaya qoşulacaq.

Amma unutmaq olmaz ki, bu və ya digər konvensiyanı imzalamaqla  dövlət üzərinə çox böyük öhdəliklər götürür. Sənədi qəbul etmək kifayət deyil, onu icra etmək, üstəlik, 4 ildə bir dəfə görülən iş barədə hesabat vermək lazımdır. Bir tərəfdən, bu, çox yaxşı stimuldur, çünki  müxtəlif problemlərə daha diqqətlə yanaşmağa  sövq edir. Digər tərəfdən isə, o, cəmiyyətdə illərlə, bəzən hətta əsrlərlə formalaşan stereotiplərin dəyişdirilməsinə səbəb ola bilər. Həyatımızda elə məqamlar var ki, şəxsən mən onları stereotip deyil, milli xüsusiyyət sayıram. Və əminəm ki, mentalitetimizin müəyyən elementlərini müasir dünyada baş verən proseslər naminə dəyişməyə ehtiyac yoxdur. Azərbaycan xalqının nəsildən-nəslə keçən ənənələrini mühafizə etmək çox önəmlidir.

 - Bu gün ölkəmizdə qadınların seksual istismarı və trafikinq problemlərinin kəskinləşdiyini iddia etmək olarmı? 

- İnsan alveri yalnız bir konkret dövlət üçün səciyyəvi hadisə deyil, qlobal şərdir. Fikrimcə, bir ölkə müstəqil şəkildə belə qlobal problemi həll edə bilməz. Bir ölkə daxilində trafikinqdən danışmaq düzgün olmazdı, çünki insan alveri bir çox ölkələrin ərazisində həyata keçirilir. Əvvəllər trafikinq hallarının ölkəmizin ərazisində daha çox qeydə alınması isə köhnə qanunverici bazamızda bəzi boşluqların olması ilə əlaqəli idi. Müvafiq qanunların qəbulu ilə bu "ağ ləkələr" aradan qaldırıldı.

Bu problemin qarşısını almaq üçün Azərbaycanda kifayət qədər ciddi qanunverici baza var. Belə ki, 2005-ci il iyunun 28-də Azərbaycanda hətta insan alverinə qarşı mübarizə ilə əlaqədar qanun qəbul edilib. Bu qanun trafikinq ilə mübarizənin hüquqi bazasını təşkil edir, qurbanların hüquqi statusunu müəyyənləşdirir və bu adamlara kömək göstərilməsi məsələlərini tənzimləyir. Bu qanundan əvvəl isə, 2004-cü il mayın 6-da İnsan Alverilə Mübarizə üzrə Milli Plan qəbul olunmuşdu. Öz növbəsində, komitə də DİN və Ədliyyə Nazirliyilə əməkdaşlıq çərçivəsində bu məsələ ilə əlaqədar müəyyən iş həyata keçirir. Qeyd etməliyəm ki, bu iş artıq müsbət bəhrə verir, çünki Azərbaycanda trafikinq qurbanlarının sayı azalmağa başlayıb. Bu, son illərdə ölkəmizdə sabit iqtisadi artımın müşahidə olunması ilə şərtlənir ki, onunla əlaqədar əhalinin problemli təbəqəsinin sayı getdikcə azalır, trafikinqin potensial qurbanları isə məhz onlardır. 

- Məlumdur ki, ötən il Azərbaycan prezidenti deinstitusionallaşma proqramı qəbul etdi. Onun həyata keçirilməsi tempi necədir?

- Bu proqram çərçivəsində təhsil nazirinin müavini İradə Hüseynovanın rəhbərlik etdiyi xüsusi şura yaradılıb. Şuranın tərkibinə deinstitusionallaşdırma proqramına aid olan bütün nazirlik və idarələr daxildir.

Bu gün əsas problem ondadır ki, uşaqların uşaq evlərindən ailələrə, həm də əsasən bioloji valideynlərinə verilməsi və bu aztəminatlı ailələrə dövlət yardımının ayrılmasının dəqiq mexanizmi sonadək işlənməyib.

Müəyyən sədlər, bürokratik süründürmələr hələ də  qalmaqdadır və onlar bəzi hallarda bu proqramın həyata keçirilməsini əngəlləyə bilər. Təəssüf ki, uşaqların verilməsilə bağlı kiçik çətinliklər çox vaxt valideynləri bu işdən çəkindirir. Və onlar övladlarının uşaq evlərində dövlət hesabına böyüməsinə üstünlük verir, uşaq 16-18 yaşına çatanda isə onu doğma evə aparmağa hazır olduqlarını bildirirlər. Həm də belə valideynlər öz qərarları ilə uşağa necə psixoloji zərbə vurduqları haqda çox az düşünürlər. Əminəm ki, hətta ən nümunəvi  internat da uşaq üçün hətta bəzi problemləri olan ailəni də əvəz edə bilməz. Məhz buna görə ailə ilə işləmək, ona maddi və psixoloji yardım göstərmək uşaq evləri və internatlar  şəbəkəsini genişləndirməkdən daha asandır. 

Bu gün həmin müəssisələrin əməkdaşları arasında müəyyən qorxu hökm sürür: uşaq evləri bağlandıqdan sonra biz nə edəcəyik? Sözsüz ki, onları başa düşmək olar. Amma digər tərəfdən, bu adamların peşə monitorinqinin keçirilməsi ehtiyacı çoxdan gündəmdədir. Heç kimi incitmək istəmirəm, amma bəzi işçilərin peşəkarlıq səviyyəsi heç bir tələbə cavab vermir. Çoxdan məlumdur ki, özlərini uşaqlara, onların tərbiyəsinə həsr etməyə qərar vermiş adamlar altruist olmalıdırlar. Pedaqoq, psixoloq, sosial işçi uşaqlarla yalnız  vəzifə borcu naminə məşğul olmamalıdır. Axı əbəs yerə deyilmir ki, həkimin səhv əməliyyatı nəticəsində xəstə o saat ölür, pedaqoq işinin ustası olmasa, onun şagirdinin xəstəliyi ömürlük olur.

Amma mən dövlətimizin fəal dəstəklədiyi bu proqrama çox böyük nikbinliklə yanaşıram. Hələ vaxtımız var, axı proqramın reallaşması kifayət qədər uzun müddət  üçün - 2015-ci ilə qədər nəzərdə tutulub və əminəm ki, o, Azərbaycanda müvəffəqiyyətlə həyata keçiriləcək. Bu prosesə nə qədər çox adam, ictimai təşkilat, vətəndaş təşəbbüsü qoşulsa, onun adaptasiyası bir o qədər tez baş tutacaq.


MƏSLƏHƏT GÖR:

438