Müəllif: Zərifə BABAYEVA Bakı
BMT İnkişaf Proqramının təşəbbüsü ilə 11 İyul- Ümumdünya əhali günü elan edilib. Bu gün planetdə əhalinin sayı 5 mlrd nəfər həddini keçdikdən sonra təsis edilib. BMT Əhali Fondu Ümumdünya əhali gününü əhalinin və inkişafın ən önəmli problemlərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə qeyd edir. Bu il həmin gün "Kişilər anaların səhhətinin mühafizəsində tərəfdaşdır" şüarı altında keçdi.
Həlledici rol
Anaların sağlamlığının mühafizəsi məsələsində tərəfdaşlar qismində məhz kişilər, həqiqətən, xilaskar ola bilərlər. Bir çox məsələlərdə onlar həlledici rol oynayırlar. Əksər hallarda ailənin planlaşdırılması və ev təsərrüfatı ehtiyatlaından istifadəyə dair qərarları kişilər qəbul edirlər və bu qərarlar bütün ailənin rifahına və onun gələcəyinə təsir göstərir. İnformasiyalı ər tərəfindən dəstək onun arvadının hamiləlik və doğuş dövrünün nəticələrini yaxşılaşdırır, təcili tibbi yardım tələb olunan ağırlaşma hallarında kişilərin yardımçı olması isə doğan qadınların həyatını xilas edə bilər. Qayğıkeş atalar uşaqların tərbiyə edilməsində də önəmli rol oynaya bilərlər.
Dünyada reproduktiv sağlamlıqlarının mühafizəsi hüququna malik olmadıqları üçün hamiləlik və doğuş zamanı həddən artıq qadın vəfat edir. Qadınlar arasında QİÇS-in təşviş doğuran yayılma miqyası dünyanın bir çox bölgəsində onların öz sağlamlıqlarını mühafizə etmək imkanına malik olmamalarına dəlalət edən faciəvi bir siqnaldır. Qadın ailəsini planlaşdıra biləndə, bütün həyatını planlaşdıra bilir. O, sağlam olanda, daha reproduktiv olur. Onun reproduktiv hüquqları dəstəkləndikdə və müdafiə edildikdə, qadın cəmiyyətin həyatında digərlərilə bərabər iştirak edir. Kişilərin tərəfdaş kimi cəlb edilməsi qadınların reproduktiv sağlamlığının yaxşılaşdırılması və hüquqlarının möhkəmləndirilməsinə yönəldilmiş önəmli strategiyadır.
Azərbaycanda bu problemlərlə Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bilavasitə məşğul olmağa başladı. 26 noyabr 2006-cı il tarixindən 1 fevral 2007-ci ilə qədər komitə əməkdaşları Azərbaycanın 10 bölgəsinin (Quba, Xaçmaz, Sumqayıt, Xanlar, Şəki, Masallı, İmişli, Goranboy, Mingəçevir, Bakı) gənclərilə görüşlər keçiriblər. Görüşlərdə 15-24 yaş arasında olan 400 vətəndaşla reproduktiv sağlamlıq problemləri müzakirə edilib. Aksiyanın nəticələri BMT Əhali Fondunun "Cənubi Qafqaz gənclərinin reproduktiv sağlamlığına dair təşəbbüs" regional layihəsi çərçivəsində Azərbaycanın icmaları ilə görüşlər proqramının birinci mərhələsinin icrası barədə hesabatda öz əksini tapıb.
Görüş iştirakçıları xüsusilə ölkənin cənubunda artıq adi hal almış faktlar barədə məlumat veriblər. Həddi-büluğa çatmayan qızlarla nikah, Rusiyada və digər ölkələrdə yaşayan ərlərin arvadlarını QİÇS, zöhrəvi xəstəliklərə yoluxdurmalarından, Dövlət Komitəsinin hər rayonda təmsilçiliyinin təsis olunmasının zəruriliyindən danışıldı. Məlum oldu ki, öz reproduktiv sağlamlıqlarının qeydinə qalmaqda məsləhət üçün həkimə, psixoloqlara üz tutanlar, hətta bəzən bunu valideynlərindən gizli edənlər xüsusilə fəaldırlar. Layihənin icrasının nəticələrindən biri komitənin sağlamlıq və ailə problemlərinin kompleks halında həll oluna biləcəyi gənclər mərkəzlərinin yaradılması barədə təklifidir. Komitənin uşaq problemləri şöbəsinin müdirinin müavini Ceyran Rəhmətullayevanın sözlərinə görə, bir çox hallarda vətəndaşlar, xüsusən də gənclər tanışları və qohumlarının xəbər tutmasından çəkinərək, dəri-zöhrəvi dispanserlərə müaciət etmək istəmirlər. Ölkədə gənclər mərkəzləri olarsa, gənclər həkimlərə daha tez-tez müraciət edərdilər ki, bu da QİÇS və zöhrəvi xəstəliklərə yoluxma statistikasına və bütövlükdə, reproduktiv sağlamlığa müsbət təsir göstərərdi.
Uşaq ölümü dinamikada
Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 8 mln 557 min nəfər əhali var. Cari ilin ilk 3 ayı ərzində ölkədə əhali artımı 24 min nəfər təşkil edib. Yeni doğulanlar arasında 53,8% oğlanlar, 46,2% isə qızlardır. BMT Əhali Fonduna gəldikdə, onun proqnozlarına görə, 2050-ci ildə ölkə əhalisinin sayı 11 mln nəfər olacaq və bu göstəriciyə görə qonşu ölkələr geri qalacaq (Ermənistan - 2,3 mln, Gürcüstan - 3,5 mln).
2000-2007-ci illərdə Azərbaycanda əhalinin orta illik artım tempi 0,9% təşkil edib. Gürcüstan və Ermənistanda isə bu göstərici "mənfi" işarəsilə, müvafiq olaraq 0,9% və 0,5% olub. Proqnozlara görə, 2050-ci il üçün planetin əhalisinin ümumi sayının 9,2-10 mlrd nəfər (hazırda - 6,4 mlrd) olacağı təxmin edilir. Həm də əhali artımında 35% inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
Qahirədə keçirilən beynəlxalq "Əhali və inkişaf" konfransı nəticəsində 2015-ci ildə başa çatmalı olan 20 illik fəaliyyət planının gerçəkləşdirilməsində real tərəqqi əldə edilib. Bu, kasıblığın azaldılması, qadınlara bərabər hüquqlar verilməsi, reproduktiv sağlamlıq imkanlarından yararlanma məsələlərini ehtiva edir.
Bununla yanaşı, uşaq ölümünün səviyyəsinin azaldılması, QİÇS-in yayılma təhlükəsinin qarşısının alınması, gənc ailələrin tələbatlarının təmin olunması üçün Azərbaycanda hələ çox iş görülməlidir. Belə ki, BMT Əhali Fondunun uşaq ölümü üzrə hesabatında Azərbaycan ən geridə qalmış ölkələr siyahısına daxil edilib. Qeyd olunur ki, hər 1000 uşaqdan 73-ü ya ölü doğulur, ya da 1 yaşına çatmadan ölür. Dünya üzrə isə bu göstərici 53 belə hala bərabərdir. İnkişaf etmiş ölkələrdə hər 1000 uşaqdan 7-si, ən aşağı inkişaf səviyyəsinə malik ölkələrdə isə 92-si ölür. Azərbaycanda analar arasında ölüm halları 1000 nəfərə 94 təşkil edir, kişilərin orta ömür müddəti 63,7, qadınlarınkı isə 71,1 ildir.
Bu faktları Analıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Faizə Əliyeva da etiraf edir. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə Azərbaycanda doğuş zamanı analar arasında ölüm hallarının sayı artıb. Belə ki, əgər 2005-ci ildə doğuş zamanı hər 100 min qadından 33 nəfər ölürdüsə, 2006-cı ildə bu rəqəm 40 nəfərə qədər artıb. Bu ilin 5 ayı ərzində isə bütün ölkə üzrə həmin göstərici hər 100 000 nəfər qadına 19 nəfər olub.
"Şübhəsiz, bu rəqəmlər qeyri-dəqiq də ola bilər. Lakin biz imkan daxilində anaların bütün ölüm hallarını qeydə almağa və onların səbəblərini dəqiqləşdirməyə çalışırıq. Aparılan monitorinqlər göstərir ki, əsas səbəb birinci halqanın günahıdır. Bu o deməkdir ki, qadınlar hamiləliyin birinci ayından dərhal qadın məsləhətxanalarında qeydiyyata düşmürlər, onları hansısa özəl klinikaların, yaxud doğum evlərinin həkimləri müayinədən keçirirlər. Problem də elə məhz buradan qaynaqlanır", - deyə F.Əliyeva qeyd etdi.
F.Əliyeva onu da vurguladı ki, 1998-1999-cu illərin statistikasına görə, ölkədə analar arasında ölüm halları 100 000 nəfərə 18-20 nəfər arasında idi. Daha sonra o dedi: "İndi yekun vuranda görürük ki, o zaman analar arasında ölüm hallarına dair rəqəmləri süni şəkildə azaldırdılar. Hazırda doğum evlərinin, demək olar ki, hamısı dərman alsalar, zəruri avadanlıqla təmin edilsələr də, analar arasında ölüm hallarının sayı azalmır, əksinə, daha da artır. Bu isə onu göstərir ki, o zaman gerçəklik gizlədilirdi".
Öz növbəsində, UNİSEF respublika hökumətini məktəbəqədər təhsilin inkişaf etdirilməsi və uşaqlar arasında körpə yaşlarında ölüm hallarının azaldılması ilə bağlı ciddi tədbirlər görməyə çağırır. Bu təşkilatın tövsiyələrində deyilir ki, Azərbaycan hökumətinin məktəbəqədər təhsilə sərmayə qoyması zəruridir, UNİSEF isə bu sahədə texniki yardım göstərməyə hazırdır.
MƏSLƏHƏT GÖR: