
PƏNCƏRƏNİN O ÜZÜ İŞIQLANIR
İqtisadi İnkişaf Nazirinin müavini Mikayıl Cabbarovun “R+”a müsahibəsi
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Azərbaycan prezidentinin 30 aprel 2007-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə əlaqədar bəzi tədbirlər haqqında" fərmanının icrası çərçivəsində İqtisadi İnkişaf Nazirliyi digər dövlət qurumları ilə birlikdə biznesə başlamaq üçün "vahid pəncərə" prinsipinin yaradılması və tətbiq olunmasını nəzərdə tutan xüsusi sənəd layihəsi işləyib-hazırlayıb. Bu prinsipin uğurlu tətbiqi sahibkarlara öz müəssisələrini bir dövlət idarəsində və daha qısa müddətdə qeydiyyatdan keçirmək imkanı yaradacaq. Belə ki, bu gün müəssisələr müxtəlif fəaliyyət növləri üçün fərqli kodlara malikdirlərsə (vergi məqsədləri, statistika, sosial ödənişlər üçün kodlar), yeni sistem vahid unifakisiya olunmuş kodun tətbiqini mümkün edəcək.
Əlbəttə, bu həm təşkilati, həm də texniki baxımdan mürəkkəb prosesdir. Birinci halda müxtəlif dövlət idarələri arasında qarşılıqlı fəaliyyət, müəyyən aspektlərdə onların işinin koordinasiyası məsələsi meydana çıxır. İkinci halda isə proqram təminatı, rəhbərlik və idarəetmə problemləri həllini tələb edir. "R+" müxbirinə müsahibəsində iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun dediyinə görə, "...Lakin qoyulmuş məqsəd və bu mexanizmin tətbiqindən əldə olunacaq səmərə, fikrimizcə, həmin vəzifənin yerinə yetirilməsi ilə bağlı bütün çətinlik və narahatlıqlardan üstündür".
- Sizcə, biznesin qeydiyyata alınması hansı dövlət orqanına həvalə oluna bilər?
- İqtisadi İnkişaf Nazirliyi bu məsələdə dəqiq mövqeyə malik deyil, çünki bu, müvafiq icra hakimiyyəti orqanlarının, daha çox dövlət başçısının və Nazirlər Kabinetinin səlahiyyətidir. Həm də hökumətə təqdim olunmuş sənədlər paketində hansı dövlət orqanının qeydiyyatla məşğul olması haqqında tövsiyə və təkliflər yoxdur. Yalnız deyə bilərəm ki, bu işi kimin görəcəyindən asılı olmayaraq, aydındır ki, sistemin tətbiqi çox sayda dövlət orqanlarının koordinasiyasını və sıx əlbir işini, vahid platformanın təşkilini və layihənin uğurla həyata keçirilməsini nəzərdə tutur. Ən başlıcası, bu ideyanın səmərəliliyinin təmin olunması üçün əlimizdə prezident fərmanı kimi aydın ifadə olunmuş siyasi iradə var. Xarici resurslardan istifadəyə ehtiyac yaranarsa, onları da cəlb edəcəyik.
- "Vahid pəncərə" sisteminin artıq 2007-ci ildə tətbiqi ehtimalı varmı?
- Vahid kodlaşdırılmış sistemi bu il tətbiq etməyə, yəqin ki, vaxtımız çatmaz. Lakin əlverişli şərait yaransa, pilot layihəni 2008-ci il yanvarın 1-dən sınaqdan keçirə bilərik. Şərti desək, bu, Bakıda tətbiq oluna bilər. Amma hər halda, bu, ilk qiymətləndirmədir, çox şey sənədlərin hazırlanması və keçirilməsi tezliyindən asılı olacaq.
- Yeni qeydiyyat sisteminin tətbiqi "Doing Business" Beynəlxalq Maliyyə Korporasiyasının hesabatı ilə əlaqədar biznes-iqlimin yaxşılaşdırılması üzrə Azərbaycanın reytinqinin yüksəlməsinə nə dərəcədə xidmət edir?
- Reytinq bu layihənin başlıca məqsədi deyil. Əsas vəzifəmiz ölkədə biznesin həyata keçirilməsi üçün şəraitin daim təkmilləşdirilməsi, müəssisələrin açılışı zamanı xərclərin və müddətin azaldılması, biznes-iqlimin yaxşılaşdırılmasıdır. Biz Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə sıx əlaqə qurmuşuq, çünki bu məsələlərdə onlar çox təcrübəlidirlər, məsələn, reytinqi hesablayarkən müxtəlif ölkələrin təcrübəsini öyrənməli olurlar. Təbiidir ki, atılan bütün addımlar nəzərdən qaçırılmamalıdır və qeyd olunan hesabatda Azərbaycanın reytinqinə, şübhəsiz, hansısa təsir göstərəcək. Onu da yaddan çıxarmaq olmaz ki, dünya ölkələri arasında daimi rəqabət var. Başqa ölkələr də, Azərbaycandakı kimi, biznesin aparılması şəraitini həm daxili, həm də xarici investorlar üçün yaxşılaşdırırlar. Müvafiq olaraq, hər yerdə bu seqmentin liberallaşdırılması baş verir.
- Digər məqam odur ki, prezident fərmanında iki məsələ nəzərdə tutulub. Və ikinci, daha vacib məsələ məhz həm Azərbaycanda, həm də xaricdə biznes fəaliyyətinin mühüm və böyük hissəsi sayılan tikinti işləri aparmağa müxtəlif icazələrin verilməsinə toxunulur.
- Bu istiqamətdə də "vahid pəncərə" yaradılması prinsipinə uyğun, müxtəlif qəbilli icazələrin verilməsi sahəsində sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi və asanlaşdırılması üzrə təkliflər paketi hazırlanıb.
- Konkret danışsaq, "vahid pəncərə" mexanizmi tətbiq olunmaqla biznesin qeydiyyata alınması üçün nə qədər vaxt tələb olunur?
- Ümidvarıq ki, bu sistemin tətbiqindən sonra biznes açılması müddətləri bir neçə günə qədər qısalacaq. Bu gün dövlət qeydiyyatına alınma müddəti çox deyil, 5 gündür, lakin dövlət qeydiyyatını həyata keçirən orqanın (Ədliyyə Nazirliyi) qərar qəbul edə bilməsi üçün sahibkar müvəqqəti statistik koddan tutmuş, bank hesabının açılmasına dair sənədin vergi orqanlarında qabaqcadan qeydiyyatdan keçirilməsinə qədər müxtəlif idarələrdən cürbəcür sənədlər toplamalıdır. Adını çəkdiyiniz hesabatdakı məlumatlara görə, 2005-ci ildə proses bütövlükdə təxminən 53 gün çəkirdi, bizim hesablamalarımıza görə isə 3 həftə. Amma hər bir halda, müasir texnologiyalar və biznes sürəti baxımından, bu, uzun müddətdir. Məqsədimiz sahibkarın "vahid pəncərə" prinsipi üzrə hərəkətini təmin etməkdir, bu, müxtəlif dövlət idarələrini gəzmədən, bütün sənədləri bir orqanda araşdırmaq imkanı yaradacaq.
- Başqa sözlə, bürokratiyaya "müharibə" elan edilir?
- Belə də demək olar. Qeydiyyat prosesi sadələşdirildikdən sonra hər şey tam şəffaf olacaq və biz məlumatların elektron təqdimini istisna etmirik. Hər halda, işlənib-hazırlanacaq sistemdə bu imkan da nəzərdə tutulmalıdır. Bu halda çinovnik və bürokratların süründürmə ilə məşğul olmaq şansları minimuma endiriləcək.
- Son illər Azərbaycan biznes-forumlar və ölkənin investisiya imkanlarının prezentasiyaları istiqamətində işi fəallaşdırıb. Keçirilmiş tədbirlərin səmərəliliyini qiymətləndirə bilərsinizmi?
- Bu və ya digər ölkədə biznes-forumların keçirilməsindən alınan kəmiyyət səmərəsini nə yollasa hesablamaq çətindir. Məncə, bu, kompleks məsələdir və anlamaq lazımdır ki, biznes-forumlar sahibkarlara başqa ölkələrin biznes dairələri ilə təmasları qaydaya salmağa imkan yaradır. Adətən, biznes-forumlarda ölkəmizə müəyyən maraqları olan və ya burada işləmək istəyən, lakin kifayət qədər informasiyaya malik olmayan investorlar iştirak edir.
Biz daim görürük ki, biznes-forumun səviyyəsi yüksək olduqca, iştirakçıların tərkibi daha nüfuzlu, səmərə isə daha nəzərəçarpan olur. Əksər hallarda ölkəmiz haqqında məlumatı bu qəbildən olan tədbirlərdə alan şirkətlər Azərbaycana səfərə gəlib iqtisadiyyatın hər hansı bir sahəsinə investisiya yatırmaq imkanları ilə yerində tanış olmağa qərar verirlər. Nəticələri ilin sonundakı iqtisadi göstəricilərə əsasən, cəlb olunmuş investisiyaların həcminə görə hesablayırıq.
Bəzən, şirkətlər çoxdan tanış olanda, biznes-forumlardan öz fəaliyyətinin nəticələrini elan etmək və iri kommersiya müqaviləsi bağlamaq üçün yer kimi istifadə olunur. Əksər hallarda biznes-forumun iştirakçıları Azərbaycanda layihələri maliyyələşdirən beynəlxalq maliyyə institutlarının nümayəndələri olur. Azərbaycan bu gün üçün xarici investorlara çox maraqlı olan layihə və istiqamətlər təqdim edir. Dünyada iqtisadiyyatın davamlı artımının onillik boyu davam etdiyi və son üç ildə ən yüksək olduğu ölkələr elə də çox deyil. Bu, qeyri-ordinar hadisədir və təbiidir ki, biznes və investorlar belə sürətli templərlə inkişaf edən iqtisadiyyatın bir hissəsi olmaqda maraqlıdırlar. Başa düşmək lazımdır ki, Avropa İttifaqının Mərkəzi və Şərqi Avropaya doğru genişlənməsi ilə Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan və Orta Asiya ölkələrinin əhəmiyyəti və investisiya üçün cəlbediciliyi artmaqda davam edir, çünki ərazisində böyük gəlirli iri layihələrin həyata keçirilməsi hələ də mümkün olan yeni ölkələrin sayı get-gedə azalır. Amerika, Avropa investorlarına 50-70, bəzən isə 100 % illik gəlir gətirən layihələr tapmaq çox çətindir. Bunu nəzərə alsaq, biznes-forumların rolu çox mühümdür və başlıcası, bizim onlardan necə istifadə etməyimizdir.
- Doğrudanmı, Azərbaycanda belə böyük gəlir gətirən şirkətlər mövcuddur?
- Fikrimcə, hə. Bu qaçılmazdır. Əgər bank kreditinin stavkası 20-22%-dirsə, layihənin gəlirliliyi daha yüksək olmalıdır, əks halda banklar korporativ kreditlər təqdim edə bilməzlər. Təbii olaraq, daha böyük və ucuz maliyyə vəsaiti ilə işləmək imkanı olan Qərb və hətta yerli investorlar üçün bu, ümumiyyətlə, ikiqat imkandır.
- Maraqlıdır, hansı ölkələrin investorları qeyri-neft sektoruna daha böyük maraq göstərirlər?
- Əlbəttə, elə ölkələr var ki, təbii ehtiyatları baxımından, neft sektorunda iş təcrübəsi yoxdur, amma çox inkişaf etmiş iqtisadiyyata, xaricdə işləməyə marağı və potensialı olan çoxsaylı şirkətlərə malikdir. Deyək ki, bu, Cənubi Koreyadır. Çox uğurlu siyasi münasibətlər nəticəsində bu gün biz qeyri-neft sektorunda işləməkdə maraqlı olan Cənubi Koreya şirkətlərinin artan diqqətinin şahidiyik.
Biz həmçinin Avropa, daha çox Avstriya şirkətlərinin energetika, məişət tullantılarının təkrar emalı, maliyyə sektoruna olan kifayət qədər güclü maraqlarını müşahidə edirik. Skandinaviya şirkətləri daha çətin şəraitdədirlər, lakin burada "TeliaSonera" İsveç-fin şirkəti - Azərbaycanın telekommunikasiya sektorunda fəal və ən iri investor fərqlənir. Əlbəttə, yaxın illərdə Azərbaycana birbaşa xarici investisiyaların əsas mənbəyi olmuş və olacaq ABŞ, Böyük Britaniya, Türkiyə və Almaniyanı da yaddan çıxarmaq düzgün deyil. Fikrimcə, Azərbaycan iqtisadiyyatının müəyyən bölüm və seqmentləri gələcəkdə də bizim üçün açılacaq. Bu məsələ Azərbaycanın ÜTT-yə daxil olması üçün çox vacibdir, çünki başlıca ideya dünya ticarətinin liberallaşmasından, yəni qadağaların, qoruyucu mexanizmlərin götürülməsindən, ilk növbədə, ixrac subsidiyalarından imtinadan ibarətdir. Müvafiq olaraq, daha səmərəli, keyfiyyətli və ucuz əmtəə sahibi olan ölkələr onu sata biləcəklər. Tamamilə aydındır ki, biz bütün sahələrdə rəqabət qabiliyyətli ola bilmərik.
- Azərbaycanın ÜTT-yə daxil olması prosesində hökumət, məsələn, kənd təsərrüfatı üçün subsidiyaların saxlanmasında öz mövqelərini nə dərəcədə qoruya biləcək?
- Kənd təsərrüfatında ünvanlı olmayan və ümumi infrastrukturun yaxşılaşdırılmasına yönəldilmiş subsidiyalar mümkündür. Konkret sahibkara istehsal olunmuş mal üçün, daha birbaşa pul daxilolmalarına subsidiya ayrılması qadağandır. Bir nümunə gətirim. Hökumət bütün fermerlərin yararlana biləcəyi su kanalının tikintisi proqramını həyata keçirirsə və bu tikinti nəticəsində suvarma onlara daha ucuz başa gələcəksə, ÜTT-nin anlamında bu, subsidiya kimi qəbul olunmur. İnfrastrukturun yaxşılaşdırılması kimi qəbul olunan, kənd təsərrüfatı məhsullarının daşınması xərclərini azaldan yolların, elektrik xətlərinin çəkilməsi də bu qəbildəndir.
- Milli Bankın ölkədən kapitalın çıxarılmasının liberallaşdırılması planları ilə əlaqədar son bəyanatları nəzərə alınmaqla, Azərbaycan üçün hansı banklar investisiya qoyuluşu baxımından prioritet əhəmiyyətlidir?
- Beynəlxalq təcrübə göstərir ki, dünya bazarlarına çıxmağı planlaşdıran şirkətlər bizneslərini genişləndirərkən öncə öz regionlarından başlayırlar, belə ki, o, coğrafi baxımdan yaxındır və müəyyən işlək iqtisadi maraqlar mövcuddur. Burada biznesin aparılması haqqında daha geniş təsəvvürlər var. Azərbaycan şirkətlərinin baxışı çərçivəsində digər element ölkəmizin tədricən regionun aparıcı iqtisadiyyatlı dövlətlərindən birinə çevrilməsi amilindən istifadə ola bilər. Bu, ilk növbədə, onun göstəricisidir ki, şirkətlərimiz regionun digər ölkələrinin daxili investisiyalar hesabına həyata keçirə bilmədikləri iri layihələrlə işləyə bilərlər. Fikrimcə, hazırda məhz bu tendensiyanı müşahidə edirik: bizim şirkətlər artıq müəyyən bazarlara çıxış əldə ediblər. Bu həm Azərbaycan Dövlət Neft Şirkəti, həm Azərbaycan Beynəlxalq Bankıdır, lakin özəl yerli investisiyalar da var. Zaman keçdikcə, özəl Azərbaycan şirkətlərinin genişlənən fəaliyyətinin şahidi oluruq. Azərbaycan iqtisadiyyatının artım templəri labüd olaraq, belə oyunçuların meydana çıxmasını şərtləndirəcək. Biz bu prosesləri təqdir edirik, çünki onlar şirkətlərimizin rəqabət qabiliyyətinin artmasına səbəb olur.
MƏSLƏHƏT GÖR: