
PUL ÇOX, RİSK AZ
Banklara keyfiyyətli kapitallaşma lazımdır
Müəllif: Alyona MOROZ Bakı
Başa çatan 2006-cı il milli valyutanın möhkəmlənməsi və Azərbaycan iqtisadiyyatının artımı ilə səciyyələndi ki, bu, öz əksini təkcə hökumətin hesabatlarında deyil, nüfuzlu beynəlxalq təşkilatların icmallarında da tapdı. Biz "Moody`s" agentliyinin ölkəmizin investisiya reytinqini artırmasının da şahidi olduq.
2006-cı ilin maliyyə-iqtisadi və bank sahələrinin inkişafını müəyyənləşdirən əsas hadisələrinə isə bütövlükdə Azərbaycan iqtisadiyyatının yüksəlişini (ÜDM-in 30% artması), dünya bazarlarında neftin qiymətinin yüksək olaraq qalmasını, ölkəyə sərmayə axınını aid etmək olar. "Moody`s" agentliyinin ölkəmizin investisiya reytinqini yüksəltməsilə əlaqədar isə əminliklə demək olar ki, bir çox sahələrdə, o cümlədən maliyyə sahəsində də iqtisadiyyatın yüksəlişi davam edəcək. Lakin təqdim olunan materialda söhbət Azərbaycan iqtisadiyyatının inkişafının meyl və perspektivlərindən yox, banklarımızın günün əsas vəzifəsinin - rəqabətin güclənməsinin öhdəsindən necə gəlmələrindən gedəcək.
Rəqabətə duruş gətirmək
Qeyd etmək lazımdır ki, əsas meyl - rəqabətin güclənməsi artıq banklardan təklif olunan xidmətlərin siyahısının genişləndirilməsini və texnologiyaların təkmilləşdirilməsini tələb edib. Bankların bir çoxu lizinq əməliyyatları, ipoteka və istehlak kreditləşdirmələri həyata keçirməyə başladı. Kreditləşdirmədən əldə olunan gəlir səviyyəsini qoruyub-saxlamağa can atan banklar istehsalat, ticarət və xidmət sahələrinin kreditləşdirilməsi həcmlərini, pərakəndə biznesin inkişafında fəallığı artırdılar. Keçən il pərakəndə bank biznesinin bankların filial şəbəkələrinin artırılması, yeni kredit məhsullarının mənimsənilməsi, əmanətlər bazarında rəqabətin güclənməsi sahələrində intensiv artımı baş verdi. Sonuncu banklara əhalinin etibarının artması nəticəsində mümkün oldu: əvvəlki illərlə müqayisədə, əmanətlərin həcmi durmadan artır. 2006-cı ildə yüksək texnologiyalı xidmətlər (plastik kartlarla əməliyyatlar, sürətli pulköçürmə sistemləri və i. a.) bazarlarında da rəqabət kəskinləşib. Bu təkcə bu əməliyyatların inkişafı üçün deyil, bankların fəaliyyətinin bütün sahələrində - yeni texnologiyalar, proqram təminatı və əlbəttə, maddi baza - texniki modernləşdirmə və yenidənqurma üçün təkan oldu.
Lakin sadalananlar nümunələrin yalnız bir hissəsidir. Bu il Azərbaycan Milli Bankı (AMB) təkrar maliyyələşdirmə dərəcəsinin 9,5%-dən 12%-ə qədər artırıldığını bildirdi. Ekspertlərin fikrincə, bu addımlar antiinflyasiya tədbirlərinin səmərəliliyini artıracaq, çünki AMB ölkədə pul kütləsinin həcminə təsir göstərməyə cəhd göstərir, başqa sözlə, kommersiya banklarının pul və kreditlərə tələbatını azaldır. Nəticə bankların aktiv-passiv əməliyyatları sahəsində öz siya-sətlərinə yenidən baxmaları oldu ki, bu da, öz növbəsində, müştərilər uğrunda rəqabət mübarizəsinin təklif olunan xidmətlər siyahısının genişlənməsi, həmçinin bank texnologiyalarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi hesabına kəskinləşməsinə gətirib çıxardı.
Başqa sözlə, bu gün banklar Azərbaycan iqtisadiyyatının maliyyələşdirilməsi funksiyasını getdikcə daha fəal icra edirlər. Bank sistemi Azərbaycanın iri və orta biznesinin kreditlərə olan tələbatını hələlik ödəyə bilməsə də, statistika son 2 ildə onların ciddi kredit ekspansiyasına dəlalət edir. Bunun səbəbi bankların mövcud inkişaf templərinin ölkə iqtisadiyyatının əhəmiyyətli dərəcədə daha böyük olan tələbatına cavab verməməsidir. Bəli, bank sahəsi hələ də iqtisadiyyat üçün dolğun artım mənbəyi deyil, lakin fikrimizcə, banklar üçün bu vəzifənin öhdəsindən gəlmək o qədər də çətin olmayacaq. Sadalanan meyllərin Azərbaycan bankları qarşısında duran son dərəcə önəmli vəzifə - təkcə öz aralarında deyil, dövlət bankları, ən əsası, Qərb banklarının törəmə strukturları ilə rəqabəti inadla vurğulanır. Məsələn, Bakıda təmsilçiliyini açmağa hazırlaşan "Commerzbank" alman bankı ilə. Şübhəsiz, bu strukturlarla təkcə müasir texnologiyalara deyil, həm də kifayət qədər kapitala malik banklar layiqincə rəqabət apara biləcək. Milli Bankın bankların kapitallarına verilən tələbləri yüksəltmək siyasətini ardıcıl olaraq həyata keçirməsi də məhz bu faktlarla bağlıdır. Xatırladaq ki, artıq cari ilin iyulun 1-dən minimal tələb 8,2 mln manatdan 10 mln manata qaldırılıb.
Banklar necə iriləşir?
Cari ilin fevral ayının əvvəllərində AMB tam bir sıra bankın kapitala verilən minimal tələbləri sadəcə yerinə yetirə bilməyəcəklərindən ciddi ehtiyat edirdi. O vaxt 43 bankdan yalnız 11-i 10 mln manat tələbinə cavab verirdi və AMB baş direktoru Rüfət Aslanlı bildirmişdi ki, "yalnız 6-7 bankın yeni tələbi vaxtında icra edə bilməyəcəyi ilə bağlı şübhələr yarana bilər". Lakin AMB-nin keçirdiyi stress-testlərin nəticələrinə əsasən, bank sisteminin dayanıqlı olması qənaətinə gəlmək mümkündür. Belə ki, mayın 1-i üçün artıq 11 yox, 25 bankın kapitalı 10 mln manatı keçmişdi (məcmu kapitalda payları - 32,7%), 4 bank isə 5 mln manatdan da az kapitala malik idi (2,6%). Kapitalın orta həcmi 16,48 mln manat təşkil edirdi. May ayında, yəni total rekapitallaşmaya bir ay qalmış AMB kapitalın minimal həcminə normativ tələbin icrası ilə bağlı yalnız 5-6 bankın problemi olduğunu qeyd edirdi. Bu fakt AMB ekspertlərini heç də narahat etmədi və indi də narahat etmir ki, bunu rekapitallaşmadan sonra maliyyə bazarındakı durumun ciddi təhlil olunacağı və E.Rüstəmovun bildirdiyi kimi, "kapital minimumuna verilən normativ tələbin yüksəldilməsinin mümkünlüyü" də təsdiqləyir.
Başqa sözlə, Milli Bank heç də təslim olmağa hazırlaşmır. Qeyd etmək lazımdır ki, Azərbaycanın bank cəmiyyəti AMB-nin bu məsələdəki mövqeyini tam dəstəkləyir. Bayağı da olsa, faktdır ki, bankın kapitallaşma səviyyəsi nə qədər yüksək olarsa, onun bazardakı vəziyyəti də bir o qədər sabit olar. Yəni ölkədə rəqabətin gücləndiyi indiki durumda "güclü olan duruş gətirir".
Şübhəsiz, bu, banklara öz pulumuzu etibar edən bizlər - adi vətəndaşlar üçün sərfəlidir. Statistik məlumatlara görə, bankların resurs bazasında 2006-cı ildə əhəmiyyətli artımı məhz fiziki şəxslərin depozitləri təmin edib. Eyni zamanda, özəl əmanətlər bazarında da rəqabət mübarizəsi kəskinləşir. Yəni maliyyə sisteminin fəaliyyətinin sabitliyində bank cəmiyyətinin özü maraqlıdır. Onu da qeyd edək ki, 2006-cı ilin lap axırında ölkəmizdə "Əmanətlərin sığortalanması haqqında" Qanun qəbul edilib. Bu, gec-tez bank sektorunda rəqabətin inkişafına önəmli təsir göstərəcək. Sənədin əsas məqsədi isə kommersiya bankları müflisləşdiyi halda, vətəndaşların pullarının qaytarılmasına zəmanət verilməsidir. İndi artıq banklarda 4 min manatdan çox ilkin əmanətlə depozit açan əmanətçilər sığorta ödənişi alacaqlar. Lakin bu zaman qanun bankların Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) məcburi iştirakını nəzərdə tutur. Fondun tərkibinə isə yalnız korporativ idarəetmə, kadr, informasiya texnologiyaları deyil, həm də kapitallaşma səviyyəsinə riayət edən banklar daxil olacaq.
Əvvəlcə, ƏSF-in artıq cari ilin avqustundan fəaliyyətə başlayacağı planlaşdırılırdı. Lakin martda bu strukturun 2008-ci ildən tez meydana çıxmayacağı məlum oldu. İyunun axırında ƏSF Müşahidə Şurasının birinci toplantısı keçirildi. Şura fondun rezidensiyası da daxil olmaqla, bir sıra birinci dərəcəli məsələləri nəzərdə tutdu. Artıq dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə göndəriləcək sənədlər paketinin hazırlanması, demək olar ki, başa çatıb.
Gördüyümüz kimi, hazırda bankların kapitallaşma səviyyəsinin yüksəldilməsi son dərəcə önəmli vəzifə olduğundan, Milli Bank ölkənin bank sisteminin inkişaf edən iqtisadiyyatın tələbatına uyğunluğunun yüksəldilməsi üzərində işi davam etdirir. Onu da vuruğulayaq ki, burada kredit müəssisələrinin kifayət qədər kapitalının olması əsas məqam olaraq qalmaqdadır. Bu zaman AMB-də hesab edirlər ki, iyulun əvvəlləri üçün heç də bütün bankların rekapitallaşmanı həyata keçirə bilməməsi o qədər də qorxulu deyil. "Demək olar ki, bütün banklar AMB-nin tələblərini yerinə yetirmək üçün kifayət qədər sabitliyə malikdir. Bunu təkcə bizim araşdırmalarımız deyil, xarici bankların yerli kredit müəssisələrinin kapitallarında iştiraka göstərdikləri maraq da təsdiqləyir. AMB bu marağın sabit olaraq yüksəldiyini qeyd edir", - deyə Milli Bankda vurğulayırlar.
Qeyd etmək lazımdır ki, artıq ölkənin bir neçə bankının kapitalında xarici kapital iştirak edir. Bu qəbildən olan sövdələşmələr həm bankların özlərinin, həm də bütövlükdə ölkənin bank sisteminin reytinqinin yüksəkliyinə dəlalət edir. Güman etmək olar ki, Azərbaycana xarici bank kapitalı axını get-gedə artacaq. Buna bazar institutlarının inkişafı, siyasi risklərin olmaması, tənzimləmə islahatları, xarici investisiyaların artması və yeni Azərbaycan biznesinin inkişafı yardımçı olacaq. Fikrimizcə, 10 mln manat şəklində bütün "formallıqlara" əməl edildikdən sonra bu meyl daha da möhkəmlənəcək.
P.S.: Milli Bankın kapitallaşma səviyyəsinə verilən tələbləri daha da sərtləşdirmək siyasətini davam etdirməsi Azərbaycan banklarının böyüməsinə gətirib çıxaracaq. Aydındır ki, banklar mümkün birləşmələr və qovuşmalar vasitəsilə kapitallaşmanın artırılması, biznesin genişləndirilməsi imkanlarını arayacaqlar. Üstəlik, iri bankların nisbətən aşağı dərəcələrlə əsl kompleks xidmətlər təklif etmələrinin mümkünlüyü müştərilərin kiçik bankları tərk etmələrini gücləndirəcək. Bu zaman yaxın illərdə banklarımız üçün əsas istiqamət yenə də pərakəndə biznesin inkişaf etdirilməsi olacaq. Lakin bunun üçün inkişaf etmiş pərakəndə şəbəkə lazım gələcək ki, onun inkişafına on milyonlarla dollardan yüz milyonlarla dollara qədər xərc çəkmək tələb olunacaq. Odur ki heç də bütün banklara rəqabətədavamlı riteyl istiqaməti yaratmaq nəsib olmayacaq ki, bu da iri banklarla kiçik banklar arasında fərqi daha da artıracaq...
MƏSLƏHƏT GÖR: