15 Mart 2025

Şənbə, 00:32

"YUNİON CEK"İN YENİ ÜMİDLƏRİ

Qordon Braun artıq istənilən çətinlik və dəyişikliklərə hazır olduğunu sübut edib

Müəllif:

15.07.2007

Qordon Braunun Böyük Britaniyanın baş naziri postunu tutduğu ilk gündəcə onun adı dünya mətbuatının ön səhifələrini bəzədi. İlk baxışdan, beynəlxalq siyasi arenanın özünün yeni simasına göstərdiyi diqqət təbiidir. Amma bunun bəzi digər səbəbləri də var. Söhbət London və Qlazqoda baş vermiş terror aksiyalarına cəhdlər, həmçinin Braunun bununla əlaqədar olduqca cəsarətli təşəbbüslər irəli sürməsindən gedir. Baş nazir Dumanlı Albionda daxili siyasi vəziyyətə dəyişiklik etmək və istənilən xarici təhlükəyə sinə gərmək əzmində olduğunu nümayiş etdirib. 

 

Qatil həkimlər

Hər halda  bu, həqiqətən də belədirsə, bu dərəcədə təşəbbüskar və cəsarətli lider Böyük Britaniyaya yalnız xeyir gətirəcək. Unutmaq olmaz ki, bu ölkə hələ də beynəlxalq terrorizmin əsas hədəflərindən biridir. Elə son olaraq iyunun 29-da Londonda aşkarlanaraq zərərsizləşdirilən iki minalanmış avtomobil də bunu bir daha sübut edir. Bundan bir gün sonra - iyunun 30-da isə Qlazqoda alova bürünmüş avtomobil sərnişin terminalına girib. Bununla da Böyük Britaniyada terror təhlükəsi ən yüksək həddə qalxıb. Hər iki avtomobildə aşkarlanan partlayıcıların işə düşməməsinin əsas səbəbi  onların işə salınma mexanizminin son dərəcə primitiv olmasıdır. Ekspertlər dərhal belə qənaətə gəliblər ki, terrorçular hazırlıqsız olublar. 

Amma London və Qlazqodakı bu aktlar arasında maraqlı bir detal müəyyən edilib. Söhbət hadisənin törədilməsində şübhəli bilinərək həbs edilən şəxslərin "ziyalı" olmasından gedir. Saxlanılan şəxsləri Yaxın Şərq və Hindistandan olmaları ilə yanaşı, həm də Böyük Britaniyanın milli səhiyyə sisteminin müalicə obyektlərində çalışmaları birləşdirir. Nəticədə Dumanlı Albionun təlaş içərisində olan sakinləri indi terror aksiyalarının haradasa ölkədən kənarda deyil, krallığın daxilində, həm də xəstəxanalarda (!) hazırlanmasının şokunu yaşayırlar. 

Hökumət isə bir məsələ üzərində baş sındırır: görəsən, şübhəlilər bir-birləri ilə necə tanış olublar və onlar Britaniyaya gələnədək bir-birlərini tanıyıblarmı? 

Lakin baş verənlərlə bağlı daha bir məqam var: əgər həkimlərin "Əl-Qaidə" ilə əlaqələri varsa (bu fərziyyəni Qordon Braun özü səsləndirib), bu təcrübəli terrorçu qurum "əməliyyata" nədən belə hazırlıqsız şəxsləri göndərib? Bundan başqa, belə çıxır ki, yalnız savadsız fanatlar deyil, Britaniyada çalışan ali savadlı həkimlər də terrorçuya çevrilə bilərmiş? 

Qeyd edək ki, hazırda Böyük Britaniya ərazisində kifayət qədər əcnəbi həkim çalışır və kadr çatışmazlığı məhz onların hesabına aradan qaldırılır. Məsələn, ölkənin Baş Səhiyyə Şurasında qeydiyyatda olan 239 min həkimin təxminən 90 mini həkim ixtisası və təhsilini Britaniyadan kənarda alıblar. Burada qeydiyyatdan keçərək işləyən həkimlər arasında beş mindən artığı Yaxın Şərq ölkələrindəndir. Təxminən iki min həkim isə iraqlıdır. 

Böyük Britaniyada həkim işləmək üçün lisenziyanın alınması asan məsələ deyil və bunun üçün çoxsaylı yoxlamalardan keçmək və imtahanlar vermək tələb olunur. Hər halda, artıq bir məqam şübhə doğurmur ki, Londonda səhiyyə sahəsində ciddi islahatlara ehtiyac var.

Artıq baş nazir Braun bəyan edib ki, ölkənin Milli Səhiyyə Xidmətində işə düzəlmək istəyən əcnəbilərin etibarlılığının müəyyənləşdirilməsi üçün yoxlamaların gücləndirilməsinə ehtiyac var. 

Lakin bu yoxlamalar gücləndirilsə belə, britaniyalılar Yaxın Şərqdən olan həkimlərə əvvəlkitək etibar edəcəklərmi? 

Bu məqamda bir cəhəti də nəzərə almaq lazımdır ki, Dumanlı Albion sakinləri artıq uzun müddətdir ki, hər an baş verə biləcək partlayış qorxusu içərisində yaşayırlar. Cəmi bir neçə gün əvvəl - iyulun 7-də, Britaniya 56 nəfərin ölümü ilə nəticələnən qanlı terror aksiyasının ikinci ildönümünü qeyd edib. Xatırladaq ki, iki il əvvəl kamikadzelər Məhəmməd Sidik Xan, Şəhzad Tanvir, Hasib Hüseyn və Cermeyn Lindsinin üç metro qatarı və bir sərnişin avtobusunu partlatması nəticəsində 52 nəfər həlak olmuş, yüzlərlə dinc sakin yaralanmışdı. 

Təbii ki, London kimi nəhəng meqopolisdə terror təhlükəsi həyatı nəinki dayandıra, heç dəyişdirə də bilməz. Amma bu da faktdır ki, krallığın əhalisinin bir qismi artıq öz həyatının təhlükədə olduğunu düşünərək, qorxu içində yaşayır. Buna əmin olmaq üçün yerli (və hətta rusdilli) bloq və forumlara nəzər salmaq kifayətdir.

Bundan başqa, belə situasiya gündəlik həyata müəyyən təsirini göstərir, adi insanların öz planlarına dəyişiklik etməsinə səbəb olur. Bu, xüsusilə məzuniyyətini ölkə hüdudlarından kənarda keçirmək istəyənlərə aiddir. Məsələn, qarşısı alınan son terror cəhdlərdən sonra bir neçə gün ərzində "British airways" aviaşirkətinin təxminən 3 min reysi cədvəl üzrə uçmayıb. Bundan başqa, Britaniya paytaxtının bəzi mərkəzi magistrallarında, məsələn, Tauersk körpüsündə qurulan müvəqqəti Polis Nəzarət Buraxılış Məntəqəsi üzündən nəhəng avtomobil tıxacları yaranıb. 

"Biz ayıq-sayıq olmalı, hər zaman baş verənlərə diqqətlə yanaşmalıyıq. Amma Britaniya dövləti və xalqını qorxutmaq mümkün deyil. Biz terrorizmə təslim olmayacağıq və onların həyat tərzimizi dəyişmələrinə imkan verməyəcəyik", - deyə yeni hökumət başçısı Braun xalqa müraciətində bildirib. Baş nazir terrorçuların maliyyə fəaliyyəti və hərəkət marşrutunun müəyyənləşdirilməsi üçün terrorda şübhəli bilinənlərin "Ümumdünya siyahısı"nın hazırlanması təklifi ilə də çıxış edib. O, Böyük Britaniya sakinlərinin müdafiəsi üçün bütün gücünü sərf edəcəyini açıq şəkildə ortaya qoyub və belə görünür ki, hələlik britaniyalılar ona inanırlar. 

Hətta demək olar ki, baş tutmayan terror aksiyaları yeni baş nazirin daha da populyarlaşmasına səbəb olub. Ölkədə aparılan son rəy sorğularının nəticələri göstərir ki, leyboristlər mühafizəkarları üstələyə bilib. Braunun şəxsi reytinqi 14 pillə irəliləyib: sorğuya qatılanların 77%-i bildirib ki, onlar yeni hökumət başçısını güclü lider hesab edirlər. Mühafizəkarların rəhbəri Ceyms Kameron haqda belə düşünənlər isə 43%-dir. 

Bundan başqa, rəyi soruşulanların 37%-i hakim partiyaya, 34%-i isə onun əsas rəqibinə üstünlük verir. Xatırladaq ki, təxminən bir ay əvvəl leyboristləri 34%, mühafizəkarları isə 36% dəstəkləyirdi. İndi Braun və onun komandası üçün əsas hədəf bu uğuru daha da möhkəmləndirməyi bacarmaq olmalıdır.

 

"Britaniya şiri"nin problemləri

Yeni hökumət başçısının bir çox vacib və hətta həyati əhəmiyyətli qərarlar qəbul etməli olduğuna heç kəs şübhə etmir. Çünki mövcud sabitliyə baxmayaraq, bu gün Britaniyanın xeyli problemləri var. Bir sıra ekspertlərin fikrincə, həmin problemlərdən biri artıq çoxdandır ki, Birləşmiş Krallıqla müsəlman dünyası arasında normal olmayan münasibətlərdir. Qeyd edək ki, Britaniya adaları ərazisində Avropanın ən böyük müsəlman icmalarından biri yaşayır və yerli hökumət onlarla hesablaşmaya bilməz. Lakin Dumanlı Albionda ictimai rəydə hansı dəyişikliklərin olacağını indidən proqnozlaşdırmaq çətindir. Unutmaq olmaz ki, 2005-ci ilin 7 iyul terrorundan sonra ölkədə müsəlmanların hücumlara məruz qalması halları yaşanmışdı. Bu dəfə də terrorçu həkimlərin milliyyəti diqqəti özünə   cəlb etməyə bilməz. Terror cəhdinin şahzadə II Yelizavetanın antiislam düşüncələri və "Şeytan ayinləri" əsəri ilə məşhur olan qalmaqallı yazıçı Salman Rüştiyə "Cəngavər" fəxri adını verməsindən sonraya təsadüf etməsi də diqqətdən yayınmır.

Böyük Britaniyada regional separatizm ideyasının da kifayət qədər fəal olduğunu unutmaq olmaz. Yerli mətbuatın da qeyd etdiyi kimi, Qordon Braunun britaniyalıların vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə hökumət idarələrində il ərzində cəmi 18 dəfə ölkə bayrağının qaldırılmasına icazə verən qanuna dəyişiklik etməsi heç də təsadüfi deyil. "Uzun onilliklər ərzində bizdə qəribə qanun qüvvədə olub. Biz ondan yaxa qurtardıq və artıq ictimai təşkilatlar özləri müəyyənləşdirəcəklər nə vaxt bayrağı qaldırırlar, nə vaxt yox", - deyə Braun qeyd edib. Onun fikrincə, "Yunion Cek" Böyük Britaniya sakinlərinin birliyinə xidmət edəcək. Məsələ ondadır ki, hakimiyyətin apardığı son araşdırmalar sakinlərin hazırda özlərini britaniyalı deyil, ingilis, uelsli, şotland və ya irlandiyalı saydıqlarını üzə çıxarıb. Son zamanlar London xüsusilə şotland separatizminə xüsusi diqqət ayırır. Yerli orqanlara seçkidə qələbə qazanan Şotlandiya Milli Partiyasının lideri Aleks Selmond 2010-cu ildə Britaniyanın tərkibində olsa belə, Şotlandiyanın müstəqilliyinin elan edilməsi məsələsini referenduma çıxarmağa nail olacağına söz verib. Lakin əksər ekspertlər düşünür ki, referendum ideyası real deyil. Əslən şotland olan yeni baş nazir Braun özü bəyan edib ki, Britaniya heç bir vaxt ikinci Balkana çevrilməyəcək.

 

Parlamentlə bölüşməli

Yeni baş nazir hökumət üçün vacib prioritetlər sırasında "Britaniya demokratiyasına inamın bərpasını" xüsusi qeyd edib. Britaniya parlamentinin aşağı palatasındakı ilk çıxışında o, ölkədə demokrtiyanın möhkəmlənməsi və əhalinin dövlət institutlarına inamının artırılması məqsədilə konstitusiya islahatlarının həyata keçirilməsini təklif edib. O, xüsusilə,  ictimaiyyət arasında hüquq haqda qanunun, əslinə qalsa, konstitusiyanın qəbuluna dair müzakirələrin başlanmasını vacib sayır. Məlum olduğu kimi, Böyük Britaniyada ənənəvi konstitusiya yoxdur və sadəcə konstitusion qanunlar (qanunların və hüquqi presedentlərin məcmusu) var.

Braunun təklif etdiyi islahatlar icraedici hakimiyyətin səlahiyyətlərinin azaldılmasına yönəlib. Yeni baş nazir əmindir ki, Britaniyanın müharibə elan etməsi, həmçinin parlamentin buraxılması və ya tətildən geri çağırılması səlahiyyətləri baş nazirdən alınaraq parlamentə verilməlidir. 

Düzdür, əslində ölkənin müharibə elan etməsi, taxt-tac sahibinin hüququdur, amma hələlik müharibəyə başlamaqla bağlı siyasi qərarı hökumət verir. 

Braun beynəlxalq razılaşma və müqavilələrin ratifikasiyası, bu və ya digər şəxsin aparıcı ictimai vəzifələrə təyinatı kimi məsələlərin də baş nazirin səlahiyyətindən çıxarılmasını, yaxud bu məsələdə hökumət başçısının təsir imkanlarının azaldılmasını düşünür. Ümumilikdə Böyük Britaniyanın icraedici hakimiyyətinin səlahiyyətləri 12 sahədə məhdudlaşdırıla bilər. Braunun təklifləri təhlükəsizlik strukturlarına nəzarət, anqlikan kilsəsinin yepiskopu vəzifəsinə və hakimliyə namizədlərin seçilməsi, dövlət xidməti sahəsinə nəzarət, pasportların verilməsi və əfv kimi məsələlərdə hökumətin səlahiyyətlərinin parlamentin lehinə azaldılmasını nəzərdə tutur. 

Amma bu, hələ ki konstitusiya islahatları ilə bağlı yekun qərar deyil və məsələ geniş şəkildə ictimai müzakirəyə çıxarılacaq.

 

Ciddi dəyişikliklər gözlənilmir

Böyük Britaniyanın xarici siyasətinə gəlincə, Qordon Braun İkinci Dünya müharibəsindən sonra yaradılan BMT, Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu, "Böyük səkkizlik", Avropa Birliyi və NATO kimi təşkilatlarda islahatların aparılmasının vacibliyinə əmindir. Onun Amerikanın heyranı olduğunu nəzərə alsaq, Londonun əvvəlkitək ABŞ-la tərəfdaş olaraq qalacağına şübhə yoxdur. Bu isə İraq və Əfqanıstanda olduğu kimi, İrandakı mümkün əməliyyatlarda da özünü büruzə verəcək. 

Birləşmiş Krallığın "Vahid Avropa"nın əsas ölkələrindən biri olaraq qalacağı da məlumdur. Qurumun son sammitində sadələşdirilmiş konstitusiya haqda razılığın əldə edilməsi də bu fikrin əsaslı olduğunu təsdiqləyir. 

Ekspertlər hesab edirlər ki, Qordon Braunun rəhbərlik etdiyi hökumətin keçmiş SSRİ ölkələrinə qarşı siyasətində də hər hansı ciddi dəyişiklik gözlənilmir. Xüsusilə, Azərbaycanın Birləşmiş Krallıqla köhnə dostluq münasibətləri var və bu münasibətlər uzunmüddətli neft müqavilələri ilə daha da möhkəmlənib. Bundan başqa, nəzərə almaq lazımdır ki, Bakı ilə Qərb arasında münasibətlərdə ABŞ-ın rolu kifayət qədər böyükdür.

London isə, bildiyimiz kimi, ənənəvi olaraq Vaşinqtonun mövqeyinə daim hörmətlə yanaşıb.


MƏSLƏHƏT GÖR:

424