15 Mart 2025

Şənbə, 00:33

TEHRAN ÜZƏRİNDƏ QARA BULUDLAR

ABŞ İranda karantin vəziyyəti yaratmağa hazırlaşır?

Müəllif:

15.07.2007

ABŞ kütləvi qırğın silahı əldə edəcəyindən narahat olduğu İranın beynəlxalq aləmdən siyasi və iqtisadi təcrid olunmasına yönəlmiş səylərini davam etdirir. "İran hökumətinin başı üzərini qara buludlar aldığı şübhə doğurmur. Lakin bunun səbəbkarı nə biz, nə də BMT Təhlükəsizlik Şurasıdır. Bunun səbəbkarı İranın özü və Tehranın fəaliyyətidir. İran bu fəaliyyətinə görə beynəlxalq maliyyə sistemi ilə yanaşı, beynəlxalq biznes ictimaiyyətinin də cavabını alacaq", - deyə iyulun ilk günlərində ABŞ xarici siyasət idarəsinin rəsmisi Şon Makkormak bildirib. Onun sözlərinə görə, ABŞ BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətilə yanaşı, müxtəlif beynəlxalq maliyyə institutları, həmçinin Avropa, Asiya və Yaponiyanın bankları ilə İrana qarşı fəaliyyətlərinə məhdudiyyət qoyulması istiqamətində uğurlu danışıqlar aparır: "Düşünürəm ki, İran  Çin və Rusiya kimi ölkələrin BMT TŞ-də və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarəedicilər Şurasında ona qarşı çıxmasından pərt olub. Fikrimcə, Tehran özünü təcrid vəziyyətdə hiss edir və onun son illər və aylarda yürütdüyü siyasət davam edərsə, bu durum daha da dərinləşəcək". 

Bununla yanaşı, Makkormak İrana qarşı güc tətbiqindən söhbət getmədiyini də bildirib. Diplomatın fikrincə, İranın daxili siyasəti, həmçinin nüvə proqramı və İraqda antihökumət qüvvələrinə dəstək verməsi haqda deyilənlər Mahmud Əhmədinejat rejiminin nüfuzuna "heç bir vəchlə xeyir gətirmir".

Qeyd edək ki, ABŞ-ın müttəfiqləri ilə İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə etdiyini bu ölkənin dövlət katibi Kondoliza Rays da iyulun 6-da telekanallardan birinə verdiyi müsahibədə təsdiqləyib. Hazırda BMT-nin qəbul etdiyi son iki qətnamə əsasında Tehrana qarşı sanksiyaların qüvvədə olduğunu da xatırladaq. Bu sənədlər İrana nüvə və raket texnologiyalarının satışını qadağan edir, həmçinin Tehrandan silah alınmasına da qadağa qoyur. Eyni zamanda, sənədlərdə BMT dünya ölkələrini İranın silahlandırılması istiqamətində Tehranla yeni müqavilələrin imzalanmasından çəkinməyə çağırır. Qurum dövlətlərə hər hansı iranlı məmuru qəbul edən zaman onun ölkənin nüvə proqramına aidiyyətinin olub-olmadığını müəyyənləşdirməyi tövsiyə edir. 

Qeyd edək ki, Tehranın nüvə proqramını dayandırması üçün ona verilən 60 günlük müddət mayın 23-də başa çatsa da, qurum islam respublikasının BMT TŞ-nin tələblərinə məhəl qoymadığını, əksinə, nüvə yanacağının əldə edilməsi istiqamətində səylərini gücləndirdiyini edib (məsələn, Natanze nüvə mərkəzində sentrifuqaların sayı artırılıb). Bununla yanaşı, hələ ki  BMT TŞ-yə yeni qətnamə layihələri daxil olmayıb.

İyulun 4-də isə İranın Ali Təhlükəsizlik Şurası sədrinin müavini Cavad Vaidi BMT TŞ-nin ünvanına təkliflə çıxış edib. Onun fikrincə, qurum İranın nüvə proqramı ilə əlaqədar Tehrana qarşı yeni sanksiyalar qəbul etməməlidir. "Əks halda, İranla MAQATE-nin əməkdaşlığına zərər gələcək", - deyə Vaidi qeyd edib. - "Biz bir daha bildiririk ki, ölkəmizin nüvə proqramı ilə əlaqədar məsələ BMT TŞ-də deyil, yalnız MAQATE çərçivəsində çözülə bilər".

ABŞ-ın dövlət katibi Kondoliza Rays isə hesab edir ki, Tehrana qarşı tətbiq olunacaq yeni sanksiyalar İranın beynəlxalq maliyyə mənbələrinə çıxışını ciddi şəkildə məhdudlaşdıracaq. Vaşinqtonun yaranmış vəziyyətin diplomatik yolla həllinə üstünlük verdiyini deyən Rays, Tehranın nüvə planlarından imtina etməyəcəyi halda, ona qarşı hərbi müdaxiləni də istisna etməyib.

Hələlik isə proses hərbi müdaxilə səviyyəsinə çatmadığı üçün Vaşinqton digər vasitələrdən istifadəyə üstünlük verir ki, onların da effektivliyi kifayət qədər şübhə doğurur. İyunun sonlarında isə Amerikanın nüfuzlu "Nyusuik" jurnalının səhifələrində belə bir fikir yer alıb ki, ABŞ ilə İran arasında getdikcə sürətlənən gizli müharibə İraqda hərbi əməliyyatların ekskalasiyasının əsas səbəblərindən biridir. Jurnalın yazdığına görə, Tehranın İraqdakı şiə qruplaşmaların təchizatı ilə məşğul olan əsas dövlət strukturunu müəyyənləşdirib. Söhbət İran Silahlı Qüvvələrinin əsas bəndi sayılan İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) daxil olan son dərəcə məxfi "Departament 9000"dən gedir. Bu qurum İraqdakı şiə qruplaşmaları ilə İİKK arasında əlaqələndirici rolunu oynayır. Hətta o da bildirilir ki, bu hərbiləşdirilmiş bölmə amerikalıların İraqda daha da çətinə düşməsi üçün bu ölkədəki sünni müqavimətçilərə də yardım edir. Eyni zamanda ABŞ prezidenti Corc Buşun ölkənin xüsusi xidmət orqanlarına İran rejiminin devrilməsi yox, ona müəyyən hücumlar edilməsi üçün icazə verilməsini nəzərdə tutan gizli sərəncamı da xatırladılır. Artıq məlum olduğu kimi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) planı özündə təbliğat aparılması, KİV-də neqativ məqalələrin nəşri, həmçinin İran valyutası ilə manipulyasiyaları nəzərdə tutur.

Bu məqamda bəzi müşahidəçilərin fikirləri maraqlıdır. Onlar hesab edirlər ki, dünyanın aparıcı dövlətləri səylərini birləşdirərək yalnız İranın nüvə proqramı ilə bağlı yaranan böhranı aradan qaldırmağa deyil, həm də öz geosiyasi hədəflərinə nail olmağa çalışırlar. Vaşinqtonun Çexiya və Polşada raketdən müdafiə sistemləri yerləşdirmək planının əvəzinə Rusiyanın ona Qəbələ RLS-dən birgə istifadəni təklif etməsinə Amerika rəhbərliyinin hansı cavabı verəcəyi də dünya ictimaiyyəti tərəfindən maraqla gözlənilirdi. Vaşinqton əmindir ki, Çexiya və Polşada raket əleyhinə müdafiə sisteminin qurulması Avropanı İranın aqressiyasından qoruyacaq. Moskva isə öz növbəsində hesab edir ki, İran təhlükəsi həddindən artıq şişirdilir və Vaşinqton bundan Rusiyanın sərhədlərinə mümkün qədər yaxınlaşmaq üçün bəhanə kimi istifadə edir. Rusiya lideri Vladimir Putin Men ştatında amerikalı həmkarı Corc Buşla keçirdiyi görüşdə, hətta ona Qəbələ RLS-lə yanaşı Rusiyanın cənubunda tikilməkdə olan stansiyadan da birgə istifadəni təklif edib. Lakin Ağ ev yenə də Çexiya və Polşada sözügedən sistemlərin yerləşdirilməsi planından imtina etməmək qərarına gəlib. Bu isə o deməkdir ki, Rusiya-ABŞ münasibətlərində gər-ginlik artmaqda davam edəcək ki, bunun da İran problemində özünü büruzə verəcəyinə şübhə yoxdur. Belə ki, Moskva ilə Vaşinqtonun mövqelərinin üst-üstə düşməməsi Tehranın marağındadır.

İran lideri Mahmud Əhmədinejat isə möhkəm arxayınlık nümayiş etdirməkdədir. Məsələn, iyulun əvvəlində o, İranın ilk ingilisdilli telekanalı olan "Press TV"nin açılışında çıxış edib. Qeyd edək ki, bu telekanalın yayıma başlamasında məqsədin dünyaya "həqiqətlər"in  çatdırılması, bütün dünya müsəlmanlarının müstəqilliyi uğrunda mübarizə, həmçinin Qərbin təsir imkanlarına müqavimət göstərilməsi olduğu bildirilir.

Amma dünyanın informasiya agentliklərinin məlumatı göstərir ki, Əhmədinejatın üzərində düşünməli olduğu məsələlər var. Belə ki, neft ehtiyatlarına görə dünyada Səudiyyə Ərəbistanının ardından ikinci yeri tutan İranda iyunun sonlarında ciddi benzin böhranı yaşanıb. Ölkə ərazisində avtomobil yanacağının kart vasitəsilə satışına qərar verilməsi əhali arasında narazılığa səbəb olub. Hökumət bir şəxsə ay ərzində maksimum 100 litr benzin satılmasına qərar verib ki, nəticədə şəxsi avtomobilləri olan iranlıların əsəbləri tarıma çəkilib. Hökumətin yeni qərarını telekanallarla ictimaiyyətə açıqlamasından dərhal sonra benzindoldurma məntəqələri qarşısında nəhəng növbələr yaranıb. Belə ki, adi iranlıların benzin ehtiyatı toplaması üçün cəmi üç saat vaxtı var idi. Nəticədə 12 benzindoldurma məntəqəsi tamamilə yandırılıb və daş-qalaq edilib. Yüzlərlə avtomobilçinin birləşdiyi qrup isə Energetika Nazirliyinin binasına daxil olmağa cəhd göstərsə də, polis onların qarşısını alıb. 

Maraqlıdır ki, rəsmi şəxslər çaxnaşmanın "destruktiv qüvvələr" tərəfindən yaradıldığını bildiriblər.

Qeyd edək ki, İranda neft emalı sənayesi zəif inkişaf edib və benzinin 40%-i əsasən Fars körfəzindəki qonşu ölkələrdən - Küveyt və Səudiyyə Ərəbistanından gətirilir. 2005-ci ildə Tehran benzin və dizel yanacağının alışına 4 milyard dollar xərcləyib. Bununla yanaşı, ölkə daxilində benzinin qiyməti subsidləşdirilir və bu yanacağın ən keyfiyyətli növünün qiyməti cəmi 11 sentdir. Bunun nəticəsində isə ölkədə qaçaqmalçılıq geniş vüsət alıb və yanacaq satılmaq üçün qonşu ölkələrə daşınır. 

Lakin İrandan gələnlərin sözlərinə görə, bu, ölkənin daxili problemlərindən yalnız biridir və şübhəsiz ki, Vaşinqton bu vəziyyətin daha da gərginləşməsi üçün bütün gücü ilə səylərini davam etdirəcək. 

Beləliklə, İranın nüvə proqramı ətrafında vəziyyətin sakit olması haqda təsəvvür yanlışdır. Əslində, dinamik şəkildə inkişaf edən situasiya artıq öz məntiqi sonluğuna yaxınlaşır.


MƏSLƏHƏT GÖR:

340