
"BİZİMKİLƏRİ ƏZİRLƏR!" ÇAĞIRIŞI KÖMƏK ETMƏDİ
Cənubi Osetiya əlavə sülhməramlılarsız keçinməli olacaq
Müəllif: Asya OSMANOVA Bakı
Gürcü-osetin münaqişə zonasında son zamanlar vəziyyətin gərginləşməsinə baxmayaraq, Rusiyanın Müdafiə Nazirliyi oraya əlavə sülhməramlı kontingent göndərməyi düşünmür". Bu sözləri Rusiyanın "Qazeta" nəşrinə müsahibəsində Rusiya Quru Qoşunları komandanının müavini Vladimir Moltenski söyləyib. Onun sözlərinə görə, hazırda Cənubi Osetiyada yaşananlar "kim tərəfindənsə təhrik olunan adi məişət problemidir"". "Orada hərbi potensialın artırılmasına ehtiyac yoxdur", - deyə Moltenski qeyd edib.
Komandan müavininin bu açıqlaması çoxları üçün gözlənilməz olub. Məsələ ondadır ki, son zamanlar Rusiya mətbuatı "Sxinvalidə atışma", "Su blokadası" və s. dramatik yazılara kifayət qədər yer ayırır, münaqişə zonasında sülhün qorunması üzrə Birgə Qüvvələrin komandanının köməkçisi Yuri Vereşşak isə daha da qabağa gedərək tanınmamış respublikada vəziyyətin "faciəvi duruma" yaxın olduğunu bildirirdi.
Amma proseslərə ötəri nəzər saldıqda aydın olur ki, bölgədə situasiya Eduard Kokoytının komandasının Gürcüstanın Avnevi və Nikozi kəndləri arasında yol çəkilişinə mane olmasından sonra qarışıb. Qeyd edək ki, bu kəndlər Cənubi Osetiyanın nəzarətində olan anklava aiddir və bu səbəbdən də Gürcüstan rəhbərliyi 20 kilometrdən artıq uzunluğu olan yol çəkmək qərarına gəlmişdi. Lakin bu, separatçıların xoşuna gəlməyib və bölgədəki Rusiya sülhməramlıları da dərhal onlara dəstək verib. "Yolun tikintisi yalnız Cənubi Osetiya və Gürcüstan səlahiyyətliləri arasında razılığın əldə edilməsi halında davam etdirilə bilər", - deyə jurnalistlərlə söhbətində Birgə Qüvvələrin komandanı Marat Kulaxmetov bildirib.
Hər halda, Şida Kartli regionu administrasiyasından verilən məlumata görə, tikintiyə başlamağa hazırlaşan texnika, sülhməramlılara məxsus təxminən 10 zirehli maşın tərəfindən mühasirəyə alınıb. Bundan sonra isə 400-dək yerli sakin sülhməramlıları ərazidən çıxarmağa cəhd göstərib. "Situasiya son dərəcə gərgindir. İnsident yerində ATƏT-in hərbi müşahidəçiləri də var", - deyə administrasiyadan bildiriblər.
Artıq bir gün sonra hadisə yerindən verilən məlumatlarda vəziyyətin normallaşdığı bildirilirdi. Amma bununla paralel olaraq, Eduard Kokoytının komandası "pis gürcülər"in Rusiya sülhməramlılarına məxsus posta "benzin tökərək oranı yandırmağa çalışması", Cənubi Osetiyanın kəndləri və "paytaxtı" Sxinvalinin atəşə tutulması haqda məlumatlar yaymağa başlayıb. Dərhal Moskvaya gələn Kokoytının özü isə burada jurnalistlərə bildirib ki, Rusiya paytaxtına bu ölkənin xarici işlər naziri ilə görüşmək və gürcü-osetin münaqişə zonasındakı durumu müzakirə etmək üçün üz tutub. Daha sonra o, səyahətini əvvəlcədən planlaşdırılan səfər kimi qələmə verməyə çalışıb: "Əvvəlcə biz Rusiyanın Xarici İşlər Nazirliyində bu ölkəyə məxsus sülhməramlıların gürcü-osetin münaqişə zonasına gəlməsinin 15 illiyinə dair müzakirələr aparmağı planlaşdırmışdıq. Lakin belə alındı ki, biz Gürcüstan tərəfinin məqsədyönlü şəkildə yaratdığı gərgin durum haqda danışmalı olduq".
Müşahidəçilər isə vəziyyətin məhz Kokoytının komandası tərəfindən qəlizləşdirildiyini düşünür və bu fikir kifayət qədər ciddi faktlarla əsaslandırılır. Separatçıların məşhur taktikadan istifadə etdikləri göz önündədir: əvvəlcə təxribata yol vermək, daha sonra daha güclü müttəfiqlərindən "Bizimkiləri döyürlər!" deyə kömək istəmək. Ekspertlərin bildirdiyi kimi, Cənubi Osetiyada keçirilmiş səs-küylü "referendum" və "seçki"dən sonra "prezident" bölgədə Sanakoyevin rəhbərlik etdiyi "alternativ hakimiyyət"in yaranmasından kifayət qədər narahatlıq keçirir. Çünki Kokoytı və onun silahdaşları bölgədə elektoratı öz arxalarınca aparmaq imkanında deyillər və bunu yaxşı anladıqları üçün Rusiyanı silahlı təxribata çəkməklə bütün problemləri bir dəfəyə çözmək istəyirlər.
Moltenskinin bəyanatı isə göstərir ki, Moskvada heç də hamı "hirsli başla" Edurad Kokoytının maraqlarının müdafiəsinə atılmağa hazır deyil. Yeri gəlmişkən, məhz bu amil "su münaqişəsi" ilə bağlı durumda da öz təsirini göstərmişdi. Xatırladaq ki, bir müddət əvvəl Cənubi Osetiya separatçıları Gürcüstanın bir sıra kəndlərinə gələn içməli suyun qarşısını kəsib. Buna cavab olaraq gürcü kəndlilər Sxinvaliyə aparan əsas avtomobil yolunu bağlamaqla Kokoytıya layiqli cavab verib ki, nəticədə separatçıların geri çəkilməkdən başqa, çıxış yolu qalmayıb. Və dərhal tanınmamış respublikanın "kənd təsərrüfatı və ərzaq naziri" Cambolat Kozayev bəyan edib ki, Cənubi Osetiya sərhədyanı kəndlərin su ilə təminatını bərpa etmək qərarına gəlib.
Bütün bunlara baxmayaraq, Kokoytının silahdaşları Rusiyanı proseslərə müdaxiləyə cəlb edəcəklərinə ümidlərini itirməyiblər (xüsusilə "Kosovo presedenti" ümidləri ilə) və ictimaiyyətə "atəşkəsin pozulması" haqda informasiyalar ötürməkdə davam edirlər. Lakin separatçılar Moltenskinin açıqlaması və KİV-in kifayət qədər süst reaksiyasından başqa, hələ ki Rusiyanın hansısa "fəallığına" nail ola bilməyiblər. Bu isə, təbii ki, Kokoytı və onun komandasını əsəbiləşdirməyə bilməz.
Həqiqətən də, bu gün əksər analitiklər hesab edirlər ki, Kokoytı Rusiya üçün Gürcüstana təzyiq vasitəsi və yaxın müttəfiqlikdən "qaynar kartofa" çevrilib: indi onu əldə saxlamaq çətin olsa da, tullamaq da heyfdir.
Gürcüstanın Qərblə, xüsusilə də ABŞ-la münasibətlərinin bu səviyyədə inkişaf etdiyi bir zamanda Cənubi Osetiya separatçılarından Tbilisiyə təzyiq vasitəsi kimi istifadə olunması Moskvanın özü üçün xeyir gətirəcək hal deyil. Unutmaq olmaz ki, Rusiya artıq beynəlxalq forumlarda Gürcüstanla bağlı qaydalara uyğun hərəkət etmədiyi üçün ciddi tənqid hədəfinə çevrilib.
Beləliklə, Moskva Cənubi Osetiyaya dəstəkdən imtina etməsə, onun Tbilisi ilə normal münasibətlər qurması mümkün olmayacaq. Bundan başqa, bəzi mətbuat orqanlarının məlumatına görə, Cənubi Osetiyada yol çəkilişi üçün Rusiya tərəfindən ayrılan kifayət qədər böyük məbləğdə pul yoxa çıxıb ki, bununla bağlı artıq Rusiya prokurorluğu araşdırmaya başlayıb. Bu isə maraq cəlb etməyə bilməz. Çünki əvvəllər Moskva bu cür rejimlərin belə "şıltaqlıqlarına" fikir verməzdi.
Bütün bunlarla yanaşı, Moskva Cənubi Osetiyanın müvəqqəti administrasiyasının rəhbəri Dmitri Sanakoyevin siyasi arenaya çıxmasını da əhəmiyyətsiz saymır. Hətta rəsmi məlumatlara görə, seçkidə seçicilərin yarısı məhz ona səs verib. Sanakoyevin özü isə Batumidə keçirdiyi mətbuat konfransında Avropa İttifaqını gürcü-osetin münaqişəsinin həllində fəal şəkildə iştirak etməyə çağıraraq bildirib ki, sözügedən problemin həllinin açarı "yalnız Moskvada yox, həm də Avropadadır".
Gözlənildiyi kimi, Kokoytı Sanakoyevlə hər hansı əlaqənin mümkün olmadığını bildirib və Gürcüstanı münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmamaqda günahlandırıb. Moskva isə anlayır ki, Cənubi Osetiyanın özündə də Sanakoyevin kifayət qədər tərəfdarını tapmaq olar.
Əlbəttə ki, Moskvanın Cənubi Osetiya ilə bağlı strategiyasında 180 dərəcə dönüş edəcəyini gözləmək hələ çox tezdir. Lakin Moskvanın əvvəlki dövrlə müqayisədə məsələyə kifayət qədər ehti-yatla yanaşdığı göz önündədir.
MƏSLƏHƏT GÖR: