
NİŞANLANMIŞ KARTLAR PAYLANIB
Moskva və Vaşinqton hansı oyunu oynamağa hazırlaşır?
Müəllif: Samir MİRZƏYEV Bakı
İyulun 1-2-də ABŞ və Rusiya prezidentlərinin Amerika liderinin Kennebankport şəhərciyindəki ailə evində ikitərəfli problemlər, həmçinin Çexiya və Polşada raketdən müdafiə sistemlərinin (RMS) yerləşdirilməsi məsələsinə dair apardıqları danışıqların uğurla başa çatacağına ümid etmək olardımı?
Cəsarətli olsa da, münasib deyil
Hələlik yalnız tərəflərin ümumi dil tapmaq cəhdlərini davam etdirməsini uğur adlandırmaq olar. Lakin əvvəlcədən məlum idi ki, nə ABŞ iki Şərqi Avropa ölkəsində radar və raket sistemi yerləşdirməkdən imtina edəcək, nə də Rusiya bununla barışacaq.
Bir sözlə, Kennebankportdakı görüşü həm rusiyalı, həm də amerikalı diplomatlar haqlı olaraq "lobster siyasəti" adlandırıblar (bu "epitet" üçün əsas kimi, Buşun V.Putini qonaq etdiyi yeməyin adı götürülüb).
Buşla Putinin baxışları nə demokratiya, nə raketdən müdafiə məsələlərində, nə NATO-nun Rusiyanın keçmiş əlaltılarının hesabına genişləndirilməsi, nə də Kosovoya müstəqillik verilməsi məsələlərində üst-üstə düşür. Bununla yanaşı, hər iki dövlət başçısı İranın nüvə iddialarını məhdudlaşdırmağa çalışsa da, Tehrana təzyiqlərin səviyyəsi, həmçinin İranın raketlərinin yarada biləcəyi təhlükə haqda da fikirlər haçalanır.
Buna baxmayaraq, hələ "Böyük səkkizlik" ölkələrinin Almaniyada keçirilən sammiti zamanı ABŞ-ın Çexiya və Polşada RMS yerləşdirmək planından imtina edəcəyi halda, Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə təklifi ilə çıxış edən Putin bu təklifinin Vaşinqton tərəfindən qəbul ediləcəyinə inanmasa da, daha da qabağa getməyə qərar verib. İctimaiyyətdə "əməkdaşlığın səmimi tərəfdarı" imicini yaratmaq məqsədi güdən Kreml sahibi lazım gələcəyi halda Qəbələ RLS-in təchizatının yeniləşdirilə biləcəyini də açıqlayıb. Kremlin təklifləri bununla da bitməyib. "Bu da kifayət etmirsə, biz Rusiyanın cənubunda tikilməkdə olan stansiyanı da bu sistemə qoşa bilərik", - deyə Vladimir Putin bildirib. Qeyd edək ki, söhbət Armavir yaxınlığındakı stansiyadan gedir. Belə ki, orada "Voronej" RLS-yə oxşar stansiya inşa olunur. Rusiyalı ekspertlərin sözlərinə görə, bu stansiya kifayət qədər sürətlə qurula bilər. Onun fəaliyyət radiusu isə 6000 kilometrə qədərdir.
Bundan başqa, Putin Buşa "Rusiya Şurası-NATO meydançasından istifadə etməklə" RMS haqda müzakirələrin intensivləşdirilməsini də təklif edib. Bu isə məsələni ikitərəfli müzakirələrdən çoxtərəfli dialoqa çıxartmaq deməkdir.
Təbii ki, burada da özünəməxsus məntiq var: Kreml yaxşı anlayır ki, ABŞ-ın Avropada strateji hərbi mövcudluğunun gücləndirilməsi "Köhnə Dünya"nın bir sıra nüfuzlu dövlətlərinə xoş gəlməyəcək. Yeni formata keçilməsi hansısa formada prosesin hansısa dərəcədə ləngidilməsinə cəhddir. Belə ki, məsələnin çoxtərəfli şəkildə müzakirəsinə qatılacaq ölkələrin bir çoxunun RMS ilə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşməsə də, hər halda ABŞ-la da eyniyyət təşkil etmir.
Putin Rusiyanın cənubunda tikilməkdə olan stansiyadan birgə istifadə təklifi ilə yanaşı, Moskvada RMS çərçivəsində iş üzrə informasiya mübadiləsi mərkəzinin yaradılmasının vacibliyini də qeyd edib: "Analitik mərkəzi Avropa ölkələrindən birində, məsələn, Brüsseldə də yaratmaq olardı. Bu, real vaxtda işləyəcək qapalı sistem olacaq".
Ağ ev sahibinin səsləndirilən təkliflərə münasibətinə gəlincə, Buş onları "cəsarətli, maraqlı və yeni fikirlər" adlandırıb və təkliflərin üzərində işlənilməsinin vacibliyini bildirib. Amerika prezidentinin fikrincə, Rusiya RMS-lə bağlı yeni təşəbbüslər irəli sürüb ki, bu fikirlər Vaşinqtona "innovasion, səmimi və strateji təkliflər" təsiri bağışlayır. Bununla yanaşı, Vaşinqton hesab edir ki, "Çexiya və Polşa RMS-nin ayrılmaz hissəsi olmalıdır".
İran problemi və s.
Təbii ki, Putin ilə Buş İran problemini də müzakirə ediblər və sonradan qeyd olunduğu kimi, bu problem ətrafında müzakirələrə "xeyli vaxt sərf olunub". Prezidentlər bəyan ediblər ki, sözügedən böhranın aradan qaldırılması üzərində birgə işləyəcəklər. Corc Buş İranın "texniki innovasiyalar və nüvə silahı əldə edə bilmə imkanlarından" narahat olduğunu bildirib və Putinin də "bu narahatlığı bölüşdüyünü" söyləyib: "Nə vaxt ki ABŞ ilə Rusiya eyni dildə danışırlar, bu, effekt verir. Bu səbəbdən də mən Rusiyaya BMT-də İranla bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlığımı bildirirəm. Fikrimcə, biz birgə işləməli və İrana siqnal göndərməli olduğumuzu etiraf etməliyik". Buş əlavə edib ki, ABŞ İran xalqına yox, onun müəyyən problemləri olan rəhbərliyinə qarşıdır.
Putin isə həmkarının bu çıxışına cavab olaraq Moskvanın bundan sonra da BMT Təhlükəsizlik Şurasında ABŞ-la dil tapacağına söz verib.
Yeri gəlmişkən, xatırladaq ki, Vaşinqton Tehranın nüvə proqramını dayandırmadığı üçün ona qarşı yeni sanksiyaların tətbiqi təklifi ilə çıxış edib və artıq BMT TŞ-nin üzvləri məsələnin müzakirəsinə başlayıb. Rusiya lideri qeyd edib ki, son dövrlərdə İran MAQATE ilə əməkdaşlıq istiqamətində müəyyən addımlar atıb, Avropa İttifaqının bu problemin həllinə fəal şəkildə qoşulması isə daha böyük müsbət nəticələrə gətirib çıxara bilər.
İki ölkə prezidentinin qarşılıqlı marağına səbəb olan digər məsələlərə gəlincə, onlar da elə olduğu kimi qaldılar. Dövlət başçıları Kosovo münaqişəsi ilə bağlı yekdil fikrə gələ bilməyərək hər biri öz fikrində qalıb.
Rusiyada demokratiya (və ya qeyri-demokratiya) prosesləri haqda da hər hansı razılığa gəlmək mümkün olmayıb. Putin ölkəsinin bu məsələdə "kiminsə ona tərbiyə verməsi ilə" barışmayacağını bəyan edib.
Son "akkord"
İyulun 7-də, yəni ABŞ və Rusiya prezidentlərinin görüşündən cəmi bir həftə sonra Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays verdiyi bəyanatla Avropada RMS yerləşdirilməsi ilə bağlı məsələyə sanki birdəfəlik son qoyub. "ABŞ Rusiyanın RMS ilə bağlı təklifləri ilə razı deyil və Çexiya ilə Polşada sistemlərin yaradılması istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə Rays bildirib. - "Rusiya bir müddət bizim RMS ilə bağlı həyata keçirmək istədiyimiz planlarımıza "yox, yox, yox" dedikdən sonra, indi öz təklifləri ilə çıxış etməyə başlayıb. İndi isə biz bu təşəbbüslərlə razı deyilik və hesab edirik, Çexiya və Polşa ilə əlaqədar planlarımız reallaşdırılmalıdır. Lakin bir məqamla razıyıq ki, bu, Rusiya-ABŞ əməkdaşlığının böyük irəliləyişə nail ola biləcəyi sahədir".
Dövlət katibi RMS sahəsində əməkdaşlıq məsələsinin iki ölkə prezidentinin bir neçə gün əvvəl Kennebankportda keçirilən görüşündə müzakirə olunduğunu xatırladıb. "Bizim Rusiya ilə fikir ayrılıqlarımız var. Lakin dövlət başçılarının son görüşündə əməkdaşlıq üçün potensial sahələri nəzərdən keçirə bilmişik. İran və Şimali Koreya kimi ölkələrin yaratdığı raket təhlükəsi ətrafında geniş müzakirələr aparılıb və Rusiya tərəfi bununla əlaqədar bir sıra təkliflərlə çıxış edib", - deyə Rays qeyd edib. Onun sözlərinə görə, indi ABŞ və Rusiya "gələcəkdə böyük radiuslu raket təhlükəsinin qarşısının alınması üçün regional arxitekturanı nəzərdən keçirəcək".
Payızda həm özünün, həm də ABŞ-ın müdafiə naziri Robert Geytsin rusiyalı həmkarları ilə görüş keçirəcəyini deyən dövlət katibi irəliləyişə nail olunması yollarının nəzərdən keçiriləcəyini söyləyib.
Amma irəliləyişin nədən ibarət olacağını söyləmək çətindir. Çünki ABŞ-ın mövqeyindən geri çəkilməyəcəyi, Rusiyanın təkliflərinin isə sadəcə siyasi xal qazanmaq hesabına səsləndiriən qeyri-səmimi təkliflər olduğu aydındır. Kremldəki mənbənin də etiraf etdiyi kimi, Rusiyanın planları yalnız o zaman reallaşa bilər ki, ABŞ RMS-lə bağlı mövqeyindən geri çəkilsin. "Moskvanın təklif etdiyi əməkdaşlıq Birləşmiş Ştatların kosmosda da raket yerləşdirməkdən imtina etməsini nəzərdə tutur", - deyə mənbə vurğulayıb.
Bunun ardınca isə amerikalıların imtinasının nəyə gətirib çıxara biləcəyinə işarə edilir: "Rusiyanın təkliflərinin reallaşdırılması onun sərhədləri yaxınlığında raket sistemlərinin yerləşdirilməsi zərurətini aradan qaldırır. Belə olduqda, təbii ki, Rusiya raketlərinin Mərkəzi Avropaya tərəf tuşlanmasına da ehtiyac qalmır".
Beləliklə, bu məsələdə qarşıdurmanın yalnız "irəlilədiyi" göz önündədir.
Bu məqamda bu sətirlərin müəllfinin jurnalın bundan əvvəlki sayında yazdığı bir aspektin də vacibliyinə şübhə yoxdur: amerikalıların Qəbələ RLS-də mövcudluğunun mümkünlüyü hələ Rusiya prezidentinin Xayliqendammdakı bəyanatından əvvəl, Azərbaycana ABŞ hərbçilərindən ibarət nümayəndə heyətinin növbəti səfəri zamanı gündəmə gəlmişdi. Daha sonra Rusiyanın sabiq müdafiə naziri, hazırki baş nazirin birinci müavini Sergey İvanovun Azərbaycanın Qəbələ RLS-ə görə icarə haqqını ikiqat artıra biləcəyi haqda bəyanatından sonra Rusiyanın Armavirdə stansiya tikintisinə başlaması haqda açıqlaması (2006-cı ildə) da unudulmayıb.
Beləliklə, aydın olur ki, Rusiya Qəbələ RLS-dən 2012-ci ilədək istifadə edəcək. Çox güman ki, bundan sonra orada rusları amerikalılar əvəzləyəcək. Bu halda aydın olur ki, Rusiyanın Qəbələ RLS-lə bağlı təklifi artıq Moskvaya məxsus olmayan obyektin ABŞ-a satılmasına cəhddir və Kremlin mövqeyi və istəyindən asılı olmayaraq, Vaşinqton bu stansiyadan onsuz da istifadə edəcək.
Məşhur rusiyalı diplomat Ruslan Saidov hesab edir ki, Kremlin Kalininqrad vilayətində qanadlı raketlərə məxsus taktiki raket kompleksləri yerləşdirə biləcəyi haqda bəyanatı ciddi fəsadlar törədə bilər. Bu komplekslərin Polşa və Baltikyanı ölkələrdən başqa kimə təhlükə yaradacağı aydın deyil. Uzaqbaşı, perspektivdə bu sıraya Almaniya da əlavə oluna bilər, ABŞ-dan isə, ümumiyyətlə, söhbət belə getmir. Amerika bu bəhanədən istifadə edərək öz raketlərini NATO-nun yeni və gələcək üzvlərinin - Baltikyanı ölkələrin, həmçinin Polşa, Ukrayna və Gürcüstanın ərazisində yerləşdirə bilər: "Kremlin son nəticədə nail olacağı tək durum budur. Bu gün amerikalılara İrana qarşı əməkdaşlıq təklif etmək, sabah isə küsərək Vaşinqtonun ünvanına, onsuz da heç kəsin ciddi qəbul etmədiyi, ittihamlar səsləndirmək olmaz".
Günah seçkilərdədir
Jurnalımızda Rusiya ilə ABŞ arasında yaşanan hazırkı qarşıdurmanın hər iki tərəfi qane etdiyi artıq qeyd olunub. Ötən nömrədə yer alan fikirləri təkrarlamamaq üçün Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Sergey Prixodkonun elə Kennebankportda səsləndirdiyi fikirləri xatırlatmaq kifayətdir: "Seçkiqabağı mərhələdə hər iki tərəfin siyasətçiləri üçün ABŞ-Rusiya münasibətləri siyasi kampaniyanın tərkib hissəsinə çevrilir. Rusiyada parlament və prezident seçkisi ərəfəsində Antiamerika ritorikası daha güclüdür. Real problemlər isə yalnız seçkidən sonra həll olunacaq".
ABŞ-da da təxminən eyni vəziyyətdir. Gələn il bu ölkədə də prezident seçkisi keçiriləcək. Odur ki həm demokratlar, həm də Buşun siyasəti üzündən reytinqini xeyli itirmiş respublikaçılar üçün ölkədaxili siyasi mübarizədə beynəlxalq terrorizmlə mübarizə və dünyada demokratiyanın müdafiəçisi imici olduqca böyük önəm daşıyır.
Vladimir Putinin həmkarı ilə son müzakirələr haqda ümumi fikirləri də uğursuz və çoxmənalı təsir bağışlayıb: "Kartlar paylanıb, oyuna başlamaq olar. Çox istərdim ki, biz eyni oyunu oynayaq".
Burada iki "əmma" var: birincisi, Rusiya liderinə eyni oyunda təkbaşına rəqibə (Vaşinqtona) qarşı yox, əksinə, ABŞ-la "cütlükdə" "oynamaq" daha məqsədəuyğun olar. Bəlkə, Kreml sahibi təsadüfən ağzından söz qaçırıb? Bəlkə də təsadüfi deyil... İkincisi, hazırki siyasi "kart paylanışı"nda təmiz oyun gözləmək ağlabatan deyil. Xüsusilə də nəzərə alsaq ki, hər iki liderin əlində nişanlanmış kartlar var...
MƏSLƏHƏT GÖR: