14 Mart 2025

Cümə, 22:36

TİKANLI YOLLARLA

Azərbaycanın ÜTT-yə qəbulu ilə bağlı problemlərə yeniləri əlavə olunur

Müəllif:

15.07.2007

Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Yerevanın Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbuluna maneə yarada biləcəyi haqda bəyanatı təsadüfən Bakı ilə ÜTT ölkələri arasında aparılan ikitərəfli danışıqlarla eyni vaxta düşməyib. Ermənistanın Azərbaycanın quruma qəbuluna maneə yaratmamaq haqda öhdəliyi olduğundan, hələ ki hansı problemlərdən söhbət getdiyi məlum deyil. Lakin Azərbaycanla qurum arasında onsuz da gərgin keçən müzakirələrdə ermənilərin əlavə "başağrısı"na çevriləcəklərinə şübhə yoxdur.

 

Ermənistan öz "amplua"sında

Erməni nazir V.Oskanyan hesab edir ki, Azərbaycanın beynəlxalq təşkilatlarda Yerevan qarşısında qoyduğu məhdudiyyətlər qəbuledilməzdir və bu səbəbdən onun ölkəsi Azərbaycanın Ermənistanı blokada şəraitinə salmasını ÜTT-nin nəzərinə çatdıracaq. "Biz mütləq öz sözümüzü deyəcəyik. Beynəlxalq təşkilatlarda Azərbaycanın birtərəfli şəkildə Ermənistanla bağlı qoyduğu məhdudiyyətlər qəbuledilməzdir və düşünürəm ki, ÜTT mütləq bu məsələyə münasibət bildirməlidir", - deyə V.Oskanyan qeyd edib.

Bununla yanaşı, o, hələ 2003-cü ildə ölkəsinin ÜTT-yə qəbulu məsələsi gündəlikdə duran zaman Azərbaycanın tələbi və bir çox ölkələrin Bakıya verdiyi dəstək nəticəsində Yerevanın qurumun katibliyinə rəsmi məktubla müraciət etdiyini və Azərbaycanın ÜTT-yə qəbuluna maneə yaratmayacağına dair öhdəlik götürdüyünü "unudub". Azərbaycanın xarici işlər nazirinin müavini, ölkənin ÜTT-yə qəbulu üzrə aparılan danışıqlardakı nümayəndə heyətinin rəhbəri Mahmud Məmmədquliyev isə onu erməni tərəfinə xatırladaraq, Yerevanın öhdəliklərə əməl etməsinin vacibliyini bildirib. Bununla yanaşı, M.Məmmədquliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək, hətta Azərbaycan ÜTT-yə üzv olsa belə, bu iki ölkə arasında hansısa ticarət əlaqələrindən söhbət gedə bilməz. Bu, ÜTT-nin prinsiplərinə də zidd deyil.

Lakin Azərbaycan tərəfi ermənilərin "vəd"inin qiymətini yaxşı bildiyi üçün onların Bakının ÜTT-yə qəbuluna problem yaratmaq üçün əllərindən gələni edəcəklərinə əmindir. Azərbaycanın ÜTT-yə Qəbuluna Hazırlıq üzrə Dövlət Komissiyasının məsul katibi Ədalət Muradov Ermənistanın qurumun Azərbaycan üzrə işçi qrupunun iclasında ilk dəfə 2006-cı il martın 30-da Cenevrədə keçirilən toplantıda iştirak etdiyini xatırladır: "Bundan sonra biz ÜTT ilə aqrar sektor üzrə çoxtərəfli danışıqlar aparmışıq ki, ermənilər orada da iştirak ediblər. Bu isə artıq Yerevanın üzərinə götürdüyü öhdəliyə əməl etmək fikrində olmadığını göstərirdi. Məsələ ondadır ki, Ermənistan istənilən vasitə ilə Azərbaycanla iqtisadi əlaqələr qurmağı çox arzulayır".

Ermənistanın Azərbaycanın ÜTT-yə qəbuluna mane olmaq istəyini nə dərəcədə reallaşdıra biləcəyinə gəlincə, A.Muradov artıq belə presedentin olduğunu xatırladıb. Söhbət Gürcüstan-Rusiya qarşıdurması nəticəsində Tbilisinin ikitərəfli danışıqların protokolunu geri götürməsindən gedir. Odur ki Ermənistan da analoji addım ataraq, öhdəliklərindən imtina edə bilər və Azərbaycan artıq indidən buna hazırlaşmalıdır.

 

Qeyri-proqressiv danışıqlar

Bununla yanaşı, artıq yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ÜTT-yə qəbulu ilə bağlı problemlər onsuz da kifayət qədərdir. Məsələn, Bakı kommunal xidmətlər sahəsinin subsidiyalaşdırılması hüququnu özündə saxlamağa çalışsa da, ÜTT hər bir sahəyə ayrılıqda baxılmasını istəyir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun xəttilə iş adamlarına verilən güzəştli kreditlər, Naxçıvana və Gəncəyə uçuşlara görə büdcədən ayrılan kompensasiya və kommunikasiya sahəsində güzəştlər subsidiyalaşdırma kimi qəbul olunur. "Bu məsələlər əvvəlcədən razılaşdırılmasa, lazımi anda subsidiyalaşmanın həyata keçirilməsi ÜTT tərəfindən qurumun prinsiplərinin pozulması kimi qəbul ediləcək", - deyə A.Muradov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan hökumətinin işçi qrupu ilə ÜTT-nin katibliyi arasında ölkənin quruma tamhüquqlu üzv qəbul olunması ilə bağlı Cenevrədə keçirilən danışıqların aralıq raundunda da irəliləyiş əldə edilməyib. Azərbaycan hökumətindən verilən məlumata görə, tərəflər çoxtərəfli danışıqların beşinci formal raundunun ("Fineko") keçirilməsi vaxtı ilə bağlı razılıq əldə edə bilməyiblər. "Yeganə irəliləyiş kimi raundun keçirilməsinə imkan verməyən nöqsanın ÜTT tərəfindən Azərbaycan tərəfinə dürüst şəkildə ifadə etməsini göstərmək olar. Katiblik danışıqlarda üç məsələ qaldırıb: qanunvericilikdə islahatların həyata keçirilməsi planının icrasında irəliləyişin olmaması, ÜTT üzvlərinin bir sıra suallarına cavabların olmaması və Azərbaycanla ÜTT üzvləri arasında ikitərəfli danışıqlarda nailiyyətin nəzərə çarpmaması. Yalnız bu nöqsanların aradan qaldırılması çoxtərəfli danışıqların növbəti raundunun bu ilin sonunadək keçirilməsini mümkün edə bilər", - deyə hökumətdən bildiriblər. Qeyd edək ki, milli qanunvericiliyin ÜTT standartlarına uyğun şəklə gətirilməsini nəzərdə tutan islahatlar planı 2008-ci ilədək reallaşdırılmalıdır: "ÜTT tələb edir ki, hansı qanunverici qərarların layihələrinin hazırlandığı, hansıların müzakirədə olduğu və hansının artıq qəbul edildiyi müəyyənləşsin. Səylər artırılarsa, ilin sonunadək planı tam şəkildə icra etmək mümkündür".

İkitərəfli danışıqlara gəlincə, qeyd edək ki, Cenevrədə Azərbaycan ABŞ, Yaponiya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlərlə belə müzakirələr aparıb. Lakin onlardan yalnız Birləşmiş Ərəb Əmirlikləri ilə müzakirələrin başa çatdırılmasına dair protokolların imzalanması haqda razılıq əldə olunub. Digər ÜTT üzvləri ilə isə dialoq davam etdiriləcək. "Müzakirələr əsasən xidmət və tariflərlə bağlı aparılıb. Lakin müxtəlif istiqamətlərdə xidmət bazarlarının liberallaşdırılması və sair kimi bir sıra məsələlərdə razılıq əldə olunmayıb", - deyə M.Məmmədquliyev jurnalistlərlə söhbəti zamanı bildirib.

 

Əsas məsələ Qərbi razı salmaqdır

Hazırda Azərbaycan tərəfi var qüvvəsi ilə payızda Avropa İttifaqı və ABŞ-la keçiriləcək danışıqlara hazırlaşır. ÜTT-yə qəbul sahəsində əsas tərəfdaş olan bu iki cəbhə ilə əldə ediləcək razılaşmadan çox şey asılıdır. Qeyd edək ki, onların əsas tələbi ÜTT-yə qəbul olunan ölkənin gömrük tarifləri ilə bağlı üzərinə maksimum öhdəlik götürməsidir. ABŞ və Avropa İttifaqını həmçinin intellektual mülkiyyət hüquqlarının təmin olunması, xarici bankların birbaşa filiallarının Azərbaycanda açılmasına və xarici kapitalın sığorta bazarına daxil olmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, kommunikasiya bazarında monopoliyanın aradan qaldırılması kimi məqamlar da çox maraqlandırır ("Trend").

Aİ ilə ABŞ-ın tələbinə əsasən, xarici bankların ölkədə birbaşa filialının açılmasına qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, həmçinin onların milli qanunvericilik deyil, baş ofislərinin qanunlarına əsasən işləməsi təmin edilməli, sığorta bazarında limit aradan qaldırılmalıdır. 

Qeyd edək ki, bunlar sözügedən sahələrdə çalışan yerli sahibkarlara sərf etmir: bu halda onların rəqabətə davam gətirmələri çətin olacaq. 

Odur ki Azərbaycan müəyyən öhdəliklərin yerinə yetirilməsi üçün möhlət istəyir, qurumdan isə hələ real cavab alınmayıb.

Əvvəllər ABŞ ölkənin torpaq bazarı ilə bağlı da tələblər irəli sürür, Azərbaycana qanunvericilikdə dəyişiklik etmək və bununla da əcnəbilərin torpaq alğı-satqısında istənilən əməliyyatı keçirməsinə şərait yaratmaq tövsiyyə olunurdu. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkədə torpaq sahələri 99 il müddətinə icarəyə verilə bilər, lakin əcnəbi şəxsin mülkiyyətinə çevrilə bilməz. ABŞ qanunvericilikdə əcnəbi işçilərin (mühəndis-texniki işçilərin) memarlıq layihələndirmə və tikinti işlərinə girişinə əngəl yaradan maddələrin ləğvini də tələb edir.

Bununla yanaşı, A.Muradovun bildirdiyinə görə, audiovizual bazarla bağlı ABŞ-la Aİ arasında fikirlər haçalanır. Belə ki, ABŞ bunun qəti əleyhinədir və hesab edir ki, dövlətlər üçün bərabər şərtlər olmalıdır: "Məlum olduğu kimi, Litvanın ÜTT-yə qəbulu məhz audiovizual bazar problemi ilə əlaqədar bir il ləngiyib. Ölkələr arasındakı fikir ayrılıqları üzündən kompromisə gəlmək çətindir. Lakin prosesin uzanması da ölkələrin maraqlarında deyil".

Onu da qeyd edək ki, bu günədək Azərbaycan Oman, Gürcüstan, Moldova və Türkiyə ilə danışıqları tam şəkildə başa vurub. Bu ölkələrlə danışıqların protokolu hazır olsa da, digər dövlətlərlə bu sənəd hələ ki yalnız hazırlıq mərhələsindədir.


MƏSLƏHƏT GÖR:

297