
SÜLH MİSSİYASI
Tərəflərin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeləri dəyişməz qalır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
İyunun 28-də Azərbaycanın tanınmış ziyalılarından ibarət qrup silahlı qüvvələrin təmas xəttində atəşkəs rejiminin vəziyyəti ilə əlaqədar monitorinq keçirən ATƏT missiyasının vasitəçiliyilə, Bərdə rayonu ərazisindən təmas xəttini keçərək Xankəndi (Stepanakert), Şuşa, daha sonra isə Yerevana baş çəkiblər.
Nümayəndə heyətinin tərkibinə gəlincə, orada Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdulla, Azərbaycan Teatr Xadimləri Şurasının rəhbəri, xalq artisti Azərpaşa Neymətov, respublikanın əməkdar mühəndisi, biznesmen İlham Fətəliyev təmsil olunublar. Qısamüddətli səfər çərçivəsində Azərbaycan ziyalıları Dağlıq Qarabağın erməni icmasının rəhbəri, "DQR prezidenti" Arkadi Qukasyan, həmçinin Ermənistanın dövlət başçısı Robert Köçəryanla görüşüblər.
Geri qayıtdıqda isə onlarla birlikdə Ermənistan ziyalılarından ibarət qrup da Bakıya gəlib. Qarşı tərəfin nümayəndə heyətində bu ölkənin Rusiyadakı səfiri, professor Armen Smbatyan, Yerevan Dövlət Konservatoriyasının rektoru, professor Sergey Saracyan, Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, Ermənistanın xalq artisti, Rus Dram Teatrının bədii rəhbəri, professor Aleksandr Qriqoryan və Respublika Xəstəxanasının daxili xəstəliklər şöbəsinin müdiri Lyudmila Qriqoryan təmsil olunublar.
Bakı, Yerevan və Xankəndidə keçirilən görüşlərə gəlincə, onların gedişində münaqişə tərəflərinin mövqeyində hansısa dəyişikliyin olduğunu göstərən hər hansı bəyanat səsləndirilməyib. Ermənistandan gələn nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağa yüksək müxtariyyətin verilməsi ilə çözülə biləcəyini bir daha bəyan edib: "Bizim nəsillərimiz Sovet İttifaqı dövründə birlikdə yaşayıb və onda indi olduğu kimi pis deyildi. İstənilən halda, humanitar sahədə, musiqi, incəsənət, səhiyyə, təhsil sahələrində vəziyyət indikindən xeyli müsbət idi. Bizim nəsillərimiz bir-birini tanıyır və buna görə də biz dialoq yaratmalı, əlaqələr qurmalı, mövqeyimizi açıq söyləməli, çıxış yolları, kompromis tapmalıyıq".
R.Köçəryan isə öz növbəsində Yerevanın münaqişənin dinc yolla həllinə sadiqliyini qeyd etməklə yanaşı, "Stepanakert"in seçiminə (yəni, Qarabağ ermənilərinin öz müqəddaratlarını həll etmək istəyinə) hörmətlə yanaşılmasının vacibliyini qeyd edib.
Separatçıların lideri Arkadi Qukasyan isə iddia edib ki, problemin həlli ilə bağlı aparılan danışıqlar, müzakirələrə Dağlıq Qarabağ ermənilərinin qatılmayacağı təqdirdə, hazırki vəziyyətdən irəli getməyəcək.
İctimaiyyət üçün bu səfər kifayət qədər gözlənilməz olub və müxtəlif fikirlərin yaranmasına şərait yaradıb. Səfər iştirakçılarının yerli və beynəlxalq KİV-in diqqət mərkəzinə düşmələri də təəccüblü deyil. Səfərdə iştirak edənlərdən biri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla səfər təəssüratları ilə bağlı sualı belə cavablandırıb: "Mən Şuşada həyat əlaməti görmədim. Şuşa məscidindən, həmçinin Bülbülün ev-muzeyindən yalnız divarlar qalıb. Böyük müğənnimizin büstü isə güllələnərək pis vəziyyətə salınıb".
Fərdah Bədəlbəylinin fikirləri isə belə olub: "Biz mütləq Şuşaya və digər işğal olunmuş torpaqlarımıza qaydacağıq. Şuşaya azərbaycanlılar dönməsələr, orada heç vaxt həyat olmayacaq. Bu torpaq özü azərbaycanlıları geri çağırır". Bununla yanaşı, F.Bədəlbəyli hesab edir ki, Dağlıq Qarabağ ermənilərini hədələmək yox, onlarla işləmək lazımdır.
Qeyd edək ki, Dağlıq Qarabağda nümayəndə heyətlərinin gördüklərinin əksinə olaraq, Bakıda erməni ziyalılarına bir müddət əvvəl təmir edilmiş erməni kilsəsini, həmçinin erməni dilində çoxsaylı kitabların saxlandığı kitabxananı göstəriblər. Bundan başqa, Bakı yeni hündürmərtəbəli binaları, zəngin mağaza piştaxtaları, ticarət mərkəzləri və xarici avtomobillərlə dolu yolları ilə ermənilərdə böyük təəssüratlar yaradıb.
Gözlənildiyi kimi, beynəlxalq ictimaiyyət sensasion səfərə müsbət yanaşıb. Rusiyanın mövqeyini bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi açıqlayıb: "Bu səfər münaqişə tərəfləri arasında daimi inamın möhkəmlənməsi, problemin həlli üçün daha əlverişli şəraitin yaranması üçün vacib addımdır".
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik isə bəyan edib ki, belə səfərlər münaqişə ətrafındakı gərginliyi azaldır. Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin direktoru Maqdalena Friçeva da jurnalistlərlə söhbəti zamanı belə səfərləri lazımlı və əhəmiyyətli adlandırıb.
Azərbaycan ictimaiyyətinin baş verənlərə reaksiyası isə heç də birmənalı olmayıb. Sağlam fikirli insanlar əsasən səfəri normal qarşılayıblar. Məsələn, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Azərbaycan ziyalılarının Dağlıq Qarabağ və Yerevana səfərlərinin normal qarşılanmalı olduğunu" söyləyib.
Müsavat Partiyasından olan deputat Nəsib Nəsibli də təmsil etdiyi siyasi təşkilatın mövqeyinin əksinə olaraq bildirib ki, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və digər incəsənət xadimlərinin bu səfərə görə ittiham olunmasını düzgün hesab etmir.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Şeyxülislam Allahşükür Paşazadə isə nəinki səfəri müsbət qiymətləndirib, hətta bütün ermənilərin katalikosu ilə özünün Şuşada görüşə biləcəyini bəyan edib.
Azərbaycan müxalifətinin əksər təmsilçiləri isə sözü-gedən səfəri mənfi qarşılayıb. Hətta ziyalıların səfərin yekunlarına dair keçirdikləri mətbuat konfransında Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları Qarabağa baş çəkən şəxsləri təhqiramiz şəkildə məzəmmət edərək, onları milli maraqları satmaqda günahlandırıblar. Vəziyyətin daha da gərginləşməsinə yalnız QAT üzvlərinin polis tərəfindən zaldan çıxarılması mane olub.
Baş verənlərə müxalifətlə yanaşı, bəzi məşhur analitiklər və jurnalistlər, məsələn, Vəfa Quluzadə və Rauf Mirqədirov da etirazlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan və Ermənistan ziyalılarının qarşılıqlı səfərləri haqda müsbət və mənfi fikirdə olanlar bir sıra məqamlar ətrafında düşünürlər: bu səfərləri kim və niyə təşkil edib? Burada məqsəd nədən ibarətdir? Bu səfərlə tərəflər nəyə nail oldular? Bu təşəbbüs davam etdiriləcək, ya yox?
Bu suallara, hətta rəsmi dairələrdən verilən cavabların da müxtəlif olması ayrı-ayrı fərziyyələrin yaranmasına səbəb olur. İndi bu fərziyyələri nəzərdən keçirək.
Əlbəttə ki, səfərin əsas məqsədi hər iki ictimaiyyətin münaqişənin kompromis həll variantına hazırlanmasıdır. Bunun üçün uzun illər davam edən münaqişədən sonra iki ölkənin ziyalıları arasında əlaqələrin bərpa edilməsinin mümkün olub-olmamasının müəyyənləşdirilməsi vacib idi. Azərbaycanın Xarici İşlər Nazirliyi səfərin fərdi təşəbbüs nəticəsində baş tutduğunu bildirsə də, nümayəndə heyətinin tərkibinə daxil olan şəxslərin yalnız incəsənət xadimləri yox, həm də rəsmi statusa malik olmaları (səfirlər, rektorlar, MEA prezidentləri və s.) səfərin sanksiyalaşdırılmış xarakter daşımasından xəbər verir.
Bir qədər keçmiş isə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan prosesin mahiyyətini açıb: "İlham Əliyev və Robert Köçəryan arasında Sankt-Peterburqda keçirilən danışıqlarda iki səfir (Polad Bülbüloğlu və Armen Smbatyan) dövlət başçılarına bu səfərin təşkili təşəbbüsü ilə müraciət ediblər və razılıq alıblar".
Məhz bununla əlaqədar olaraq, bəzi politoloqlar və KİV səfəri "Rusiya layihəsi" adlandırır. P.Bülbüloğlu isə deyilənləri birmənalı şəkildə təkzib edib: "Bu, xəstə təxəyyülün məhsulu olan sayıqlamadır. Rusiyada postsovet məkanındakı münaqişələrlə bağlı müəyyən korrektələrin vacibliyinə dair fikirin yaranması başqa məsələdir və Azərbaycan bunda yalnız maraqlı ola bilər".
Səfərin konkret nəticələrinə gəlincə, yalnız son dərəcə sadəlöhv şəxslər hətta böyük nüfuza sahib olan ziyalıların bir səfəri ilə sülh danışıqlarında hansısa irəliləyişə nail olunmasının mümkünlüyünə inana bilərlər. Danışıqlar prosesində növbəti pauzanın yarandığı vaxtda Köçəryan administrasiyası ziyalıların səfərinə razılıq verməklə sadəcə ictimaiyyətdə dialoqun davam etdirildiyi və ermənilərin şərtlərinə uyğun sülhün o qədər də uzaqda olmadığına dair illüziyaları artırmaq məqsədi güdüb.
Hərbi büdcəsi və gücünü ciddi şəkildə artırdığı üçün beynəlxalq aləmin təzyiqlərini hiss edən Azərbaycan tərəfi isə bu səfərə razılıq verməklə sülhsevərliyini və dialoqun genişləndirilməsinə hazır olduğunu nümayiş etdirməyə çalışıb.
Bu gün ziyalı missiyanın səfərlərinin davam etdirilib-etdirilməyəcəyini söyləmək çətindir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə səfərlərin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin atmosferinə müsbət təsir göstərə biləcəyini bildirib. Nazirin sözlərinə görə, azərbaycanlıların Dağlıq Qarabağ səfəri ölkənin digər rayonlarına səfər kimi qəbul edilməli və jurnalistlərin də belə addımları problem hesab edilməməlidir. Lakin bunun ardınca, E.Məmmədyarovun müavini Araz Əzimov dəqiqləşdirməyə ehtiyac duyub: "Ziyalıların səfərində məqsəd erməni ictimaiyyətinin məlumatlandırılması üçün nəzərdə tutulan xüsusi aksiyadır. Bu, qeyri-hökumət təşkilatları nümayəndələrinin Ermənistana və Dağlıq Qarabağa səfərləri üçün "yaşıl işıq" sayıla bilməz".
Beləliklə, ötən həftənin əsas hadisəsinə çevrilən ziyalıların səfəri Azərbaycanın münaqişənin həllinə dair mövqeyində hər hansı dəyişikliyə səbəb olmayıb. Prezident İlham Əliyev Polis Akademiyasının məzunları qarşısında çıxışı zamanı bunu bir daha təsdiqləyib: "Azərbaycan hərbi baxımdan regionun ən güclü dövlətidir və bir neçə ildən sonra bizim qarşımızda heç kim dayana bilməyəcək. Ermənistan bunu anlamalı və özünə məxsus olmayan torpaqları boşaltmalıdır. Bu halda müharibə olmayacaq. Azərbaycan heç zaman torpaqlarının işğalı və hazırkı vəziyyətin saxlanması ilə razılaşmayacaq".
Dövlət başçısının sözlərinə görə, danışıqlar prosesi nəticə verməsə, Azərbaycan istənilən yolla işğal altında olan torpaqlarını azad etməyə qadirdir. "Biz torpaqlarımızı hərbi yolla da azad edə bilərik. Amma müharibə böyük itkilər, həmçinin insan tələfatı bahasına başa gəlir ki, onu da heç kim istəmir", - deyə İ.Əliyev bildirib.
Düşünürəm ki, bu həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq aləmə göndərilən dəqiq siqnaldır: heç bir sülhsevər aksiya bizi ermənilərin ərazi iddiaları ilə barışmağa yönəltməycək.
Bu məsələdə illüziyalara yer olmamalıdır.
MƏSLƏHƏT GÖR: