14 Mart 2025

Cümə, 22:35

AZƏRBAYCANLA ERMƏNİSTAN QARŞILAŞMADAN AYRILDILAR

UEFA hamının "başağrısı"na son qoyaraq, prinsipial qarşılaşmaların keçirilməsindən imtina etdi

Müəllif:

01.07.2007

Beləliklə, Azərbaycan və Ermənistan milli futbol komandalarının azarkeşlər tərəfindən maraqla gözlənilən futbol epopeyası nəticəsiz başa çatdı. UEFA-nın qərarına əsasən, 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan milliləri arasında görüşlər baş tutmayacaq. Tərəflər bu oynanılmayan qarşılaşmalara görə, bir xal belə qazanmayacaqlar. 

Xatırladaq ki, bu qərar bir neçə gün əvvəl UEFA İcraiyyə Komitəsinin Hollandiyanın Herenven şəhərində keçirilən toplantısında qəbul olunub.

 

Bu necə baş verdi?

Xatırladaq ki, Azərbaycan tərəfi məlum səbəblər üzündən Ermənistan millisi ilə qarşılaşmaların neytral meydanda keçirilməsini tələb edirdi. Bununla əlaqədar artıq müxtəlif variantlar da meydana çıxmışdı, hətta Ukrayna və İspaniya iki millini öz ərazisində qəbul etməyə hazır olduğunu açıqlamışdı. Qarşı tərəf isə öz növbəsində oyunların Bakı-Yerevan variantında keçirilməsinə israr edərək, Ermənistanda oynanılacaq matç zamanı azərbaycanlı futbolçuların təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət verirdi. Amma bu bəyanatların arxasında dayanan əsas məqsədi başa düşmək çətin deyil.

Onu da xatırladaq ki, hələ qrup mərhələsinin püşkü atılan zaman iki millinin eyni qrupda yer aldığı məlum olarkən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri erməniləri Bakıda qəbul etmək və Ermənistana getmək fikrində olmadıqlarını açıqlamışdılar. Ermənilər isə dərhal bu mövqedən hansı xeyiri əldə edə biləcəklərini anlayaraq fəaliyyətə keçdilər. Onlar oyunların Bakı və Yerevanda keçirilməsini israr etməklə reqlamentə uyğun addım ataraq UEFA-nın dəstəyini əldə edəcəklərini düşünürdülər. Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi qəti mövqeyini dərhal açıqlamasaydı, bəlkə də danışıqlar başqa istiqamətdə gedə bilərdi və nəticədə, oyunların neytral meydanda keçirilməsi mümkün olardı. Amma hər halda, bu baş vermədi.

Etiraf etmək lazımdır ki, UEFA-nın qərarından sonra insanda qəribə hisslər yaranıb və bu, təəccüblü deyil. Çünki püşkatma nəticəsində Azərbaycan və Ermənistan millilərinin "A" qrupunda mübarizə aparacaqları məlum olduqdan sonra, hər iki tərəf bu prinsipial qarşılaşmalar haqda düşünürdü. Qrup çərçivəsində Azərbaycan və ya Ermənistan millisinin keçirdiyi istənilən qarşılaşmaya sözügedən iki oyun prizmasından baxılırdı. Belə matçların birində Azərbaycan millisinin həmin vaxt qrup lideri olan Finlandiyanı Tofiq Bəhramov adına Respublika stadionunda məğlub etməsi dərhal ermənilərdə narahatlıq yaratmışdı. Ola bilər ki, ermənilərin qazaxlar və polyaklar üzərindəki qələbələri zamanı da bizim futbolçularımız oxşar hisslər yaşamışdılar. Eyni zamanda gənclər arasında Avropa çempionatının seçmə mərhələsində millimizin daim erməniləri ya məğlub etməsi, ya da minimum heç-heçə oynaması ehtirasları daha da artırmışdı. Apofeoz isə Moskvada keçirilən Birlik Kubokunda Bakının "Neftçi" klubunun Ermənistanın "Pünik" komandasına qalib gəlməsi oldu. Xatırladaq ki, bir il sonra həmin turnirdə yenidən azərbaycanlı futbolçularla qarşılaşacaqlarını bilən ermənilər yarışı tərk edərək qaçmağa üstünlük vermişdilər.

 

Hamı uddu

Millilər arasında qarşılaşmaların ləğvi böyük ölçüdə həm Azərbaycan, həm də Ermənistan millisini qane edir. Belə ki, tərəflər həmin qarşılaşmalar ərəfəsindəki psixoloji təzyiqdən və məğlubiyyət halında üzləşə biləcəkləri psixoloji fəlakətdən yaxa qurtarıblar. Çünki prinsipial rəqibə klub və ya gənclərdən ibarət millinin məğlubiyyəti ilə əsas komandanın məğlubiyyətini eyniləşdirmək olmaz.

Azərbaycan millisinin baş məşqçisi Şahin Diniyev, ümumilikdə, UEVA İcraiyyə Komitəsinin qərarını şərh etməsə də, onun bu qərardan yüngülləşdiyi hiss olunur. Bu da təəccüblü deyil: artıq böyük "başağrısı"na çevrilən "erməni problemi" yoxdur. "Mən UEFA İcraiyyə Komitəsinin qərarını şərh etmək istəməzdim. Bu bizim üçün qanundur və onunla barışmaqdan başqa yolumuz yoxdur. Əlbəttə, deyə bilərdim ki, bu qərarı alqışlayıram. Amma bu zaman məni qorxaqlıqda günahlandıracaqlar. Bununla belə, bu qərarı dəstəkləmədiyimi də deyə bilmərəm", - deyə Şahin Diniyev bildirib. - "İstənilən halda, artıq bu matçlar ətrafındakı ajiotaj aradan qalxacaq. Ajiotajdan əlavə hər iki millinin futbolçularına böyük təzyiqlər də var idi. Belə qeyri-sağlam ajiotaj futbola yalnız ziyan gətirir. Artıq biz digər millilərlə qarşılaşmalar, Ermənistanla matçın ləğvi ilə yaranan boşluğu necə doldurmaq haqda düşünməliyik. Nəzərə alsaq ki, həmin günlərdə (sentyabrın 8-i və 12-si - red.) Avropada qitə birinciliyinin seçmə mərhələsinin qarşılaşmaları keçiriləcək, çox güman ki, yoldaşlıq oyunu üçün rəqibi Asiyada axtarmalı olacağıq".

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov daha konkret danışıb və onun fikrincə, UEFA İcraiyyə Komitəsinin qərarı Azərbaycanın qələbəsidir: "UEFA-nın Bakı-Yerevan variantına israr edən və daim provakasiya axtaran ermənilərin istəyinə uyğun hərəkət etməməsi sevindiricidir. Bu, hər şeydən əvvəl oyunların "Bakı-Yerevan" variantında keçirilməsini istəməyən Azərbaycanın qələbəsidir. Düşünürəm ki, futbolda bir daha belə ajiotaj yaşanmayacaq və bu idman növündə hər şeyi siyasət yox, oyun həll edəcək".

Bütün bunlarla yanaşı, Azərbaycan-Ermənistan intriqası hələ bitməyib. Qarşıda Bakıda keçirilməsi nəzərdə tutulan güləş üzrə lisenziyalı Dünya çempionatı var. Bu ilin sentyabrında baş tutacaq yarışda iştirak etmək üçün ermənilərin də Azərbaycana gəlişi gözlənilir.

Bir sözlə, bu xəmir hələ çox su aparacaq…


MƏSLƏHƏT GÖR:

502