Müəllif: Anna SÜLEYMANOVA Bakı
İlin soyuq mövsümündən fərqli olaraq, yayda soyuqdəymə və bitmək bilməyən zökəm bizi çox az narahat edir. Amma ehtiyatı əldən verməyə dəyməz, qışın yoluxucu xəs-təlikləri onlardan heç də az qorxulu olmayan, bəzən isə insan üçün daha çox təhlükə törədən yay xəstəliklərilə əvəz oluna bilər.
Yayın gəlişilə təkcə havanın temperaturu yüksəlmir, qida problemləri, o cümlədən zəhərlənmələr də artır. Səbəbi isə çox sadədir: yay mövsümündə onları yaradan amillər sürətlə çoxalır. Məhsullar tez xarab olur, ilin bu fəslində tez-tez təbiətə dincəlməyə gedənlər, bir qayda olaraq, əllərini yumurlar və s.
Hələ qədim filosoflar iddia edirdilər ki, qida insanın sağlamlığını müəyyənləşdirən ən önəmli amillərdən biridir. Təbib və aşpaz - bir adamın bu iki peşəni özündə ehtiva etməsi Şərq fəlsəfəsinin pozulmaz ənənəsidir. Əslində, Qərb sivilizasiyası üçün də ərzaq bazasının yaradılması bütün zamanlarda insanların sağ qalması, istənilən dövlətin çiçəklənməsinin rəhni olub. Artıq heç kim üçün sirr deyil ki, qidalnma strukturunun yaxşılaşdırılması yaşayış səviyyəsini yüksəltməklə yanaşı, xəstəlik və ölüm hallarını da azaldır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hətta inkişaf etmiş ölkələrdə əhalinin 50%-ə qədəri hər il qida zəhərlənmələrinin müxtəlif növlərindən əziyyət çəkir. Bunlardan ən təhlükəlisi isə diareyadır (yunanca diarrheo - tökülür, axıram).
Hər nə oldu yeməkdənsə, ac qalmaq yaxşıdır
Yerli bazarda keyfiyyətsiz ərzaq məhsullarının əsas çəkisi daşınma və saxlanma şəraitinin pozulması ilə şərtlənir. Həm də peşəkar mütəxəssis olmadan yararsız məhsulu müəyyənləşdirmək mümkün deyil. Yayda isə bu problem xüsusilə aktuallaşır.
Ərzaq bazarında qayda-qanuna nəzarət edən müvafiq dövlət strukturları da fəaliyyətsiz dayanmır, vaxtaşırı yararsız ərzaq məhsullarını satışdan yığışdırırlar. Səhiyyə Nazirliyi nəzdində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) daim ölkəmizdə satılan ərzaq məhsullarının yoxlamalarını keçirir və əksər hallarda, fiziki-kimyəvi göstəricilərlə uyğunsuzluqlar aşkar edir. RGEM qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin sözlərinə görə, qida məhsullarının istehsalı, saxlanması və daşınması qaydalarının, eləcə də sanitar normalarının pozulması faktlarına əsasən, mağaza sahibləri dövlət tərəfindən cərimələnir. Bəzən belə ticarət nöqtələri hətta bağlanır, çünki bu cür səhlənkarlıq əksər hallarda kədərli sonluqla nəticələnir. Artıq yaz mövsümünün sonu və yayın əvvəllərində qida məhsulları ilə zəhərlənmə faktları qeydə alınıb, xoşbəxtlikdən, ölüm hallarına təsadüf edilməyib.
İ.Abdullayev qeyd edir ki, hazırda RGEM isti aylarda əhali arasında çox populyar olan dondurmanın ekspertizasını aparır. Burada başlıca problemlərdən biri məhsulun düzgün saxlanmamasıdır. Bəzi ticarət obyektlərində dondurma soyuducuda toyuq və ət məhsulları ilə bir yerdə saxlanılır, bu isə saxlama şərtlərinin kobud pozulması deməkdir və qida zəhərlənməsinə səbəb ola bilər. Çox vaxt temperatur rejiminin pozulması nəticəsində ərimiş məhsulu yenidən dondurub istehlakçılara satırlar. Bu çox ciddi pozuntudur, çünki ərimə nəticəsində məhsulun tərkibindəki rəngləyici və digər əlavələr xarab olur.
Mərkəzi Şəhər Təcili Yardım Stansiyasında bizə məlumat verdilər ki, son zamanlar ərzaq məhsulları ilə zəhərlənmə faktlarına görə "Təcili yardım"a olunan zənglərin sayının fəlakətli həddə çatdığını demək olmaz. Həkimlərin sözlərinə görə, ən çox zəhərlənmə hallarına konserv məhsulları, balıq, göbələk səbəb olsa da, bəzən meyvə və tərəvəz də xoşagəlməz halların səbəbkarına çevrilə bilər. Belə ki, bu il pomidor və qarpızla bir neçə zəhərlənmə faktı qeydə alınıb.
Tibb işçiləri həm də qeyd edirlər ki, çox vaxt zərərçəkənlər özləri müalicə olunmağa çalışır, yardım üçün həkimə müraciət etmirlər, bu isə onları gec-tez tibbi yardıma möhtac edən xoşagəlməz nəticələrlə sonuclanır.
Təkcə yay mövsümünə xas olmayan bəla
Statistika üzrə dünyada yayılmasına görə diareya soyuqdəymədən sonra ikinci yeri tutur. Özlüyündə diareya xəstəlik deyil, o, həzm sistemindəki pozulmanın əlamətidir. "Avita" əczaçılıq firmasının pediatr-nevropatoloqu Təranə Tağızadənin dediyinə görə, mütəxəssislər diareyanın yoluxucu və qeyri-yoluxucu formalarını fərqləndirirlər.
"Deməliyəm ki, geniş yayılmış fikirlərə rəğmən, diareyanın başvermə səbəbləri heç də həmişə keyfiyyətsiz qidadan istifadə ilə əlaqəli olmur. Məsələn, yoluxucu diareyanın səbəbkarı bakteriyalar, viruslar, bəsit mikroblar, lyambliyalar və göbələklər ola bilər. Əksər hallarda, diareyanı 1942-ci ildə kəşf olunan, lakin ilk zamanlar kifayət qədər diqqət çəkməyən rotavirus törədir".
Qeyri-yoluxucu diareyaya isə disbakterioz - bağırsaq mikroflorasında balansın pozulması, düzgün olmayan qidalanma, həmçinin balanslaşdırılmayan dietalar (məsələn, bitkimənşəli həddən artıq qaba qida), keyfiyyətsiz ərzaq, həzm fermentlərinin azlığı, bu və ya digər qida məhsullarına (məsələn, inək südünə) allergiya, K, F, B2 (riboflavin) vitaminlərinin və niasinin çatışmazlığı, həzm orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.), kəskin zəhərlənmələr (məsələn, civə və ya arsen preparatı ilə) səbəb ola bilər. Diareya maddələr mübadiləsinin pozulması və nevroz, həyəcan, qorxu nəticəsində də baş verə bilər. Bundan başqa, səyahətçilərin diareyası da mövcuddur ki, o özünü qida və suyun mikroorqanizmlərlə çirklənməsi nəticəsində və adətən, istirahət zamanı göstərir.
Diareyaya həmçinin dərman preparatları, məsələn, antibiotiklər, tərkibində maqnezium olan antasidlər, maqneziumlu qida əlavələri, bütün yumşaldıcı vasitələr (bağırsağın tutumunu genişləndirməyə xidmət edən preparatlar istisna olmaqla) və s. səbəb ola bilər.
Müxtəlif törədicilərin yayılma səviyyəsi və onların mövsümi konsentrasiyası iqlimi-coğrafi şəraitdən asılıdır. Belə ki, məsələn, Şimal yarımkürəsi ölkələrində qış mövsümündə fəal olan virus infeksiyaları üstünlük təşkil edir. Vurğulamaq yerinə düşər ki, virus infeksiyaları sosial-iqtisadi inkişafın yüksək olduğu ölkələrdə üstünlük təşkil edir. Nümunə kimi, elə həmin rotavirus infeksiyasını göstərmək olar: ona Qərb ölkələrində xəstəliyə yoluxma hallarının 30-80, inkişaf etməkdə olan ölkələrdə isə cəmi 20-40%-də rast gəlinir. İnfeksion diareya üçün də mövsümilik səciyyəvidir. Bakterial diareya ilin isti vaxtında, viruslu isə əksinə, soyuq vaxtda müşahidə olunur. Diareyanın əlamətlərini heç nə ilə səhv salmaq mümkün deyil. Ən ağır hallarda insan sadəcə bütün gününü tualetdə keçirir. Mədə pozulmasından əlavə, xəstəni qarında ağrılar, meteorizm, ürəkbulanma və qusma da narahat edə bilər. Bu zaman iştaha itir, insan arıqlayır. Xarici ədəbiyyatlarda diareyanı kəskin və xroniki olmaqla 2 növə ayırırlar. Kəskin diareya adətən 1-2 həftə davam edir. Diareyanın xroniki hala keçdiyini müəyyənləşdirmənin isə dəqiq vaxtı yoxdur. Bir çox müəlliflər mədə pozulması 3 aydan çox çəkdikdə onu xroniki adlandırmağı təklif edirlər. Kəskin və qəfil yaranmış diareya zamanı yoluxucu xəstəliyin bütün əlamətləri görünür: bədən temperaturunun qalxması, toksikoz, çoxsaylı, müxtəlif qarışıqlı, hətta qanlı ishal.
Profilaktika müalicədən asandır...
Bu bəla cinsi, sağlamlıq durumu və yaşından asılı olmayaraq, hər birimizi tuta bilər. Lakin T.Tağızadənin sözlərinə görə, diareyaya yaşlılar və ya erkən yaşda uşaqlar tutularsa, onlar maye, natrium, kalsium xlor və başqa elektrolitlərin itkisindən yaranan fəsadların törətdiyi böyük risqə məruz qalırlar. Bəzi xüsusi ağır hallarda isə ölüm də ola bilər. Belə ki, ÜST-in məlumatına əsasən, diareya hər il bütün dünya üzrə 2 milyona yaxın uşağın həyatına son qoyur.
Orqanizmin mayesizləşməsi başgicəllənmə, selikli qişanın quruluğu, susuzluq, vaxt və məkan anlayışının itməsi, yaxud xarici qıcıqlara reaksiyanın olmaması, üz cizgilərinin sərtləşməsilə səciyyələnir. Diareya - nəticədir, mübarizəni səbəblə aparmaq lazımdır. Məsələn, bakterial diareyada antibiotik məsləhət görülür. Vitamin çatışmazlığından yaranan diareyanı vitamin iynələrilə müalicə edirlər. Disbakterioz diareya zamanı probiotiklərin - bağırsağın normal mikroflorasının yaradılması üçün preparatlar içilməsi məsləhət görülür.
Mədə pozulması zamanı ən əsası mayesizləşmənin qarşısının alınmasıdır. İçməli suda orqanizmin adi diareya zamanı itirdiyi şəkər, mineral duzlar yoxdur. Odur ki bu, mütləq şəkər və mineral duzlarla zəngin çoxlu miqdarda maye ilə kompensasiya edilməlidir. Bu məqsədlə şirin çay, mors, bulyon, mineral su və ya az duzlu qlükozalı su içilməlidir. Əgər diareyadan əlavə, həm də qusma müşahidə olunarsa, xəstə mütləq ən azı hər 10-15 dəqiqədən bir az miqdarda maye qəbul etməlidir. Hər hansı bir halda, dieta saxlamaq lazım gələcək: tez-tez və az-az yemək, yağlı yemək, kofe və süddən imtina etmək.
Diareyanın kəskin dövründə mülayim dieta məsləhət görülür: ağ çörəkdən suxarı, yağsız ət və ya balıq şorbaları, buxarda bişmiş ət və ya balıq kotleti, qaynanmış yumurta, əzilmiş düyü, yulaf, qarabaşaq, manna sıyıqları, təzə, yağsız kəsmik, kisel, çay, qara kofe. Lakin belə dieta 5 gündən çox ola bilməz. Diareya bitdikdən sonra isə mümkün qədər tez normal qidalanmaya qayıtmaq lazımdır. Eyni zamanda, T.Tağızadənin sözlərinə görə, özünümüalicənin vəziyyətdən çıxış yolu olmadığını unutmaq olmaz və ixtisaslı həkim köməyinə müraciət etmək daha yaxşı olar. Həmsöhbətimiz xatırlatdı ki, diareyanı "çirkli əllər" xəstəliyi adlandırırlar, ona görə də müalicə yox, diareyanın profilaktikası daha vacibdir.
Kəskin və səyahətçi diareyanın ən təsirli profilaktikası şəxsi gigiyenaya əməl olunmasıdır. Evdən uzaq olduqda, bu bəla ilə arzuolunmaz görüşdən qaçmaq üçün sadə bir qaydaya əməl etmək lazımdır: "Ya bişir, ya təmizlə, ya da yemə...".
MƏSLƏHƏT GÖR: