25 Noyabr 2024

Bazar ertəsi, 01:17

"ZƏHƏRLİ" PROBLEM

İlanlar məhz yay dövründə insanlar üçün xüsusilə təhlükəli olur

Müəllif:

01.07.2007

Urbanist aləmdə yaşayan insan məzuniyyət, istirahət günləri təbiət qoynuna üz tutarkən, istisna hallarda isə elə şəhərin özündə rastlaşa biləcəyi aqressiv canlı təbiəti çox vaxt unudur. Hər il dünyada zəhərli heyvanların basqınına 10 milyona yaxın insan məruz qalır, təxminən  50 min nəfər həlak olur. Belə hallardan 1 milyona yaxını ilanlarla bağlıdır ki, bunlardan da 30-40 mini ölümlə nəticələnir. Belə halların əksəriyyəti Asiya, Afrika və Latın Amerikası ölkələrinin payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, XX əsrin ortalarında ilanların sancmasından zərər çəkən insanların sayı yarım milyon təşkil edirdi. Müasir antidotların tətbiqinə qədər ilanların sancdığı adamların 20-40, bəzi ölkələrdə (Hindistan, Cənub-Şərqi Asiya və Cənubi Amerikada) isə 70%-ə qədəri ölürdü. Hazırda zərdab tətbiq edilməsi sayəsində ölənlərin sayı 2-3%-ə qədər azalıb. 

Ölkəmizin bəxti gətirib, çünki məsələn, quruda yaşayan 38 və suda yaşayan 23 ilan növünün, həmçinin, onlarca zəhərli həşəratın məskunlaşdığı Avstraliya ilə müqayisədə bizdə belə fauna nümayəndələrinin sayı çox azdır. Eyni zamanda, sayları az olsa da, onlar var, aralarında ən zəhərliləri gürzə və əfi ilan sayılır. Hər il ölkəmizdə onların insanları sancmaları faktları qeydə alınır.  

 

Bundan heç kim sığortalanmayıb

Yayda hamımızın boğanaq şəhərdən təbiətin qoynuna can atdığı məlum faktdır. Dəniz kənarında bütün ailənin ən isti günləri keçirmək üçün yollandığı bağ ən ideal variant ola bilər. Lakin bu zaman heç ağlımıza belə gəlmir ki, xoşagəlməz sürprizlərlə ən gözlənilməz yerlərdə üzləşə bilər, nəticədə, vaxtımızı çimərlikdə və ya meşədə xoş keçirmək əvəzinə, xəstəxana çarpayısına düşərik.

Paytaxt sakini Eldar Əliyevin başına məhz belə bir hadisə gəlib. İstirahət üçün çox əlverişli hava şəraitindən istifadə edərək, o, ailəsilə birlikdə Türkanda yerləşən bağına üz tutub. Gözəl hava məzuniyyətin yaxşı keçməsi üçün şərait yaradırdı. Lakin isti yay axşamlarının birində həyətə düşən E.Əliyev qəfildən topuğunda bir sancı duydu. Əvvəlcə, buna əhəmiyyət verməsə də, evə qayıdanda ayağının keyidiyini hiss etdi, bir neçə dəqiqədən sonra isə ayağı çox bərk şişdi. Onun ayağını diqqətlə nəzərdə keçirən ailə üzvləri topuğunda kiçicik bir yara - ilanın dişinin yerini gördülər. Halı get-gedə pisləşdiyindən, qohumları yubanmadan onu xəstəxanaya apardılar. Qəsəbədən klinikaya qədər bir saata qədər yol getməli oldular. E.Əliyevin ayağını müayinə edən həkimlər onu gürzənin sancdığını dedilər və zərərçəkənə dərhal zərdab vurdular. Orqanizmin intoksikasiyası o qədər geniş idi ki, E.Əliyevə qan da köçürmək lazım gəldi və o, reanimasiya şöbəsində, təxminən bir ay qalmalı oldu. Sonra müalicə ambulator şəraitdə davam etdirildi, həm də bərpa dövrü kifayət qədər uzun çəkdi. 

Belə hallar çox olur. Beton və dəmirdən olan şəhərdə yaşadığımıza baxmayaraq, zəhərli ilanlara burada da rast gəlmək mümkündür. Son zamanlar Bakı sakinləri Bayılda və başqa yerlərdə ilanlarla daha tez-tez rastlaşırlar. Bu yaxınlarda Milli Parkda dincələnlərin ölkəmizin ən zəhərli ilanı - gürzə ilə rastlaşmaları barədə xəbər yayıldı. Xoşbəxtlikdən, bu görüş xətasız ötüşdü - heç kim zərər çəkmədi. Lakin başqa cür də ola bilərdi, çünki bulvar adlandırmağa alışdığımız Milli Parkda həmişə çoxlu adam olur.

Qeyd edək ki, gürzə keçmiş SSRİ faunasında əfi ilanların ən iri nümayəndəsidir. Quyruğu ilə birlikdə onun uzunluğu 2 metrə qədər çatır (adətən 1,6 m), çəkisi 3 kq (bəzən 6 kq qədər) olur.  Boz-qəhvəyi rəngli bu ilanın üstündəki naxışlar arealdan asılı olaraq dəyişir. Demək olar ki, qara, yaxud qəhvəyi rəngli, bəzən bənövşəyi çalarlı nümunələrə də rast gəlinir. İlanın kürəyiboyu eninə tünd-qonur xətlər, gövdənin yanları ilə isə daha kiçik ləkələr yerləşir. Zəhərlilik dərəcəsinə görə gürzənin zəhəri yalnız kobranın (eynəkli ilanın) zəhərindən geri qalır. Sancarkən bu ilan 50 mq zəhər yeridir. Düz-gün və vaxtında müalicə edilmədikdə, onun qurbanı olanlar arasında ölüm halları kifayət qədər geniş yayılıb.

Bakı zooparkının terrarium və akvarium bölməsinin  müdiri Pakizə Əliyevanın sözlərinə görə, adətən ilanlarla bağlarda rastlaşmaq mümkündür. Bəzən onlar avtomobillərə girir və bu yolla da şəhərə gəlib çıxır. P.Əliyeva qeyd etdi ki, gürzədən başqa, Abşeronda koramallara da rast gəlinir. Lakin dişləri boğazlarının dərinliyində yerləşdiyindən, bu ilanların təhlükəsi yoxdur. Müsahibimiz keçən illə müqayisədə, bu il ilanların sayının artmadığını və şəhərdə zəhərli ilanlarla rastlaşma ehtimalının son dərəcə az olduğunu da bildirdi. Adətən, onlar səhra, yarımsəhra və dağlıq-səhra zonalarının müxtəlif biotiplərində yaşamağa üstünlük verirlər. O, gürzəyə iri şəhərlərin kənarlarında - gizlənmək üçün yerlərin, siçovul və siçanlardan ibarət yaxşı yem bazasının olduğu sahələrdə rast gəlməyin mümkünlüyünü bildirdi. Qeyd edildi ki, zəhərli ilan populyasiyasına gəmiricilərin olması da təsir göstərə bilər - ərazidə siçovul, siçan, digər gəmiricilər nə qədər çox olarsa, gürzə ilə rastlaşmaq ehtimalı da bir o qədər artacaq. Gürzəyə ən çox Türkan, Zirə və Qobustanda rast gəlinir. "Bağa gələn şəhərlilərin çoxu ilandan qorunmaq üçün kirpi saxlayır və sadəlövhcəsinə onun ilanları yediyinə inanırlar, bəziləri ətrafa sarımsaq səpələyirlər... Lakin bütün bu tədbirlər səmərəsizdir. İlanların sizə "qonaq gəlməmələri" üçün, ilk növbədə, gəmiricilərdən qurtulmaq zəruridir, çünki zəhərli ilanları məhz onlar cəlb edə bilər. Bütün digər ilanlar kimi, gürzə də insanla rastlaşarkən, bir qayda olaraq, sürünüb getməyə çalışır, yalnız həyatı üçün təhlükə duyduqda hücum edir. Adətən, bu, bilmədən gürzəni tapdaladıqda, yaxud ona toxunduqda baş verir". Onu da demək lazımdır ki, gürzə dişləmək üçün irəli atılmır, adətən, bu ilan ayaqdan sancır.

P.Əliyevanın sözlərinə görə, əvvəllər Zirədə ilan zəhəri almaq üçün ilanların tutulduğu serpentari fəaliyyət göstərirdi. Lakin 1991-ci ildə serpentari ləğv edildi və hazırda ölkədə bir dənə də olsun belə obyekt yoxdur. O, qeyd etdi ki, bir qram gürzə zəhəri əldə etmək üçün (dünya bazarında onun qiyməti bir neçə yüz dollardır) on ədəd gürzə lazımdır. P.Əliyeva onu da qeyd etdi ki, hazırda ilanların tutulması və ərazinin araşdırılması ilə Bakı zooparkı və Zoologiya İnstitutu məşğul olur. Onlar əhalidən şikayət alındığı hallarda həmin yerə yollanırlar. Lakin əksər hallarda çağırışlar nahaq yerə olur - aşkarlanan ilanlar insanlar üçün təhlükə törətmir.

 

Əsas məsələ vaxtında yardım göstərməkdir

Ölkənin aparıcı toksikoloqu, Azərbaycan Tibb Universitetinin əməkdaşı İsmayıl Əfəndiyevin sözlərinə görə, son bir neçə il ərzində Toksikologiya Mərkəzinə gürzə çalmış adam daxil olmayıb. Cari ildə yalnız bir belə hal qeydə alınıb. Bu, yanvar ayında bir qadın yeri belləyərkən yuxulu gürzəyə rast gəldikdə baş verib. Bununla belə, sakitləşmək də olmaz, çünki gürzə sancması ilə bağlı ayrı-ayrı faktlara aprel-may aylarında rast gəlinsə də, belə hallarla ən çox iyul-avqust aylarında üzləşirik. 

İ.Əfəndiyev qeyd etdi ki, gürzə zəhərindən kəskin inyeksiya zəhərlənmələrinə, yüksək dağ rayonları istisna olmaqla, ölkəmizin bütün ərazisində rastlaşırıq. Onun sözlərinə görə, hər il Azərbaycan üzrə gürzə zəhərilə 100-dən artıq kəskin zəhərlənmə halı baş verir. Ən çox belə hal Abşeron yarımadası və ətraf rayonlarda qeydə alınır. Bakı ərazisində "ən təhlükəli" 8-ci Kilometr, Əhmədli, Yeni Günəşli, Badamdar, Sahil, Bakıxanov, Binəqədi rayonları sayılır. Müsahibimizin dediyi kimi, bu yaxınlarda şəhərin lap ortasında - Milli Parkda gürzə tapılsa da, burada təəccüblü heç nə yoxdur. Belə hallar mütəmadi olaraq baş verir: "Məsələn, bir neçə il bundan əvvəl gürzə paytaxt sakinini Heydər Əliyev Sarayının yanında sancmışdı. Prezident Aparatı yaxınlığında ağacdan düşən gürzənin bir nəfəri sancmasından da o qədər çox keçməyib. Bu ilan çox mütəhərrikdir, kolların və ağacların budaqları ilə hərəkət etməyi bacarır, demək olar ki, öz bədəni uzunluğunda məsafəyə kəskin sıçraya bilir. Qeyd etməliyəm ki, gürzə heç vaxt səbəbsiz insanın üzərinə atılmır, əksinə, onunla görüşdən yayınmağa çalışır. Gürzə insanı qida mənbəyi kimi qavramadığından və insan onun üçün maraq doğurmadığından, ona yalnız təhlükə duyduğu məqamlarda hücum edir. Lakin əsassız aqressiya hallarını da qeydə almışıq - evlər və mənzillərdə yuxu zamanı sancmalar (bir dəfə yaşyarımlıq uşaq bunun qurbanı olub). Onu da deməliyik ki, sonuncu hücum ilanların fəallıq mövsümünün axırında (oktyabr) baş verib və güman ki, ilanın yatmaq üçün yer axtarması ilə əlaqədar olub. Ən çox, 15-45 yaş arasında olanlar (60%-dən çox) buna məruz qalırlar. İlanların qadınları sancmaları hallarına xeyli az rast gəlinir (bizim məlumatımıza görə, 1:3 nisbətində). Uşaqlarda intoksikasiya halları çox ağır keçir".  

Müsahibimiz vurğuladı ki, gürzənin dişlədiyi insana tez bir zamanda zərdab vurulmalıdır. Onun sözlərinə görə, ilan ürəyə və ya başa nə qədər yaxın olan yerdən dişləyərsə, nəticələr bir o qədər ağır olar. İnsan stasionara vaxtında çatdırıldığı halda, onu xilas etmək mümkün olur. Lakin dişləmə anından 1 sutkadan artıq keçməməlidir. O qeyd etdi ki, zərdab pulsuz vurulur. Zərdabı yalnız stasionar şəraitdə vurmaq olar, çünki insanda onun komponentlərinə reaksiya yarana və nəticədə, o, şok vəziyyətinə düşə bilər.  

Müsahibimiz yerli həkimlərin, bir qayda olaraq, Özbəkistan istehsalı olan "Antigürzə", həmçinin Avropada istehsal olunan "Paster" zərdabından istifadə etdiklərini də bildirdi. Azərbaycanda belə zərdablar istehsal edilmir. O, qeyd etdi ki, ilan sancması zamanı qan köçürməsindən son dərəcə az-az istifadə edilir və buna yalnız ən ağır hallarda ehtiyac yaranır. Əksər hallarda, ilan sancmasından zərər çəkənlərə keyfiyyətsiz ilk yardım göstərilir. Belə ki, zərərçəkənlərin 90%-i ilanın dişlədiyi yer bərk sıxılmış vəziyyətdə çatdırılır. Lakin İ.Əfəndiyev vurğuladı ki, bunu qətiyyən etmək olmaz. Üstəlik, cəmi 10 dəqiqəlik sıxılma müalicə müddətini uzadır, belə hallarda ölüm ehtimalı da iki dəfə artır. 

"Bəziləri yaranı balaca kəsir və zəhəri sormağa çalışırlar ki, bu o qədər də səmərəli tədbir deyil. Digərləri həmin yerə qatıq və sarımsaq qoyurlar. Lakin həmin anda, ilk növbədə, ətrafları hərəkətsizləşdirmək tələb olunur. Zəhər, ilk növbədə, qanın laxtalanmasına təsir göstərdiyindən, ilk yardım kimi, ona "Geparin" vurmaq, analgin, yaxud başqa bir antihistamin preparat vermək, həmçinin çay və ya kofe içirtmək olar. Şübhəsiz, ixtisaslı yardımı yalnız həkimlər göstərə bildiyindən, ilan sancan adamı xəstəxanaya mümkün qədər tez çatdırmaq lazımdır, çünki zəhərli ilanın sancması məhz gecikməyin ölümə bərabər olduğu hallara aiddir", - deyə İ.Əfəndiyev qeyd etdi.


MƏSLƏHƏT GÖR:

557