25 Noyabr 2024

Bazar ertəsi, 00:28

"B" KATEQORİYASINDAN OLAN İNSANLAR

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin bir çoxu hələ də ağır sosial-iqtisadi durumda yaşamaq məcburiyyətindədir

Müəllif:

01.07.2007

Hər il iyunun 20-də qaçqın və məcburi köçkünlər öz günlərini qeyd edirlər. Amma təəssüf ki, bu nə bayram, nə də digər əlamətdar gündür. 2000-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə təsdiq edilən Ümumdünya Qaçqınlar Günü bütün dünyada qaçqınların möhkəm iradəsi və mərdliyinə ehtiramın təzahürüdür. Qaçqınların, demək olar ki, 80%-ni qadınlar və uşaqlar təşkil edir. Həmin gün biz ən ağır şəraitdə də ailələrini qoruyub-saxlamağa can atan milyonlarla ana və qadının iradəsinə baş əyirik. 

Beynəlxalq hüquqa görə, qaçqınlar təqibə məruz qalmaqdan tamamilə əsaslı olaraq qorxub, öz ölkələrinə, doğma yerlərinə qayıtmaq istəməyən, yaxud bunu edə bilməyən insanlardır. Qaçqınlar hələ də müasir dünyanın ən kəskin problemlərindən biri olaraq qalmaqdadırlar. Hazırda planetdə təxminən 20 mln qaçqın və 25 mln yaşayış yerini dəyişmiş insan qeydə alınıb. Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Bu göstəriciyə görə ölkəmiz dünyada ikinci yeri tutur. Ermənistandan ilk qaçqınlar Azərbaycanda artıq 1988-ci ilin ortalarında meydana çıxdı. 

 

Onlar üçün heç də asan deyil 

-Mən bakılıyam, amma əslən Ağdam rayonundanam. Məcburi köçkün ailəsindən olan bu oğlanın 11 yaşı var, Şüvəlan qəsəbəsindəki 237 saylı məktəbdə oxuyur. Bütün uşaqlar kimi, o da şəndir. Ondan vaxtilə "Dostluq" pioner düşərgəsi olan bu yerdə, əvvəllər pionerlərin - elə onun özü yaşda uşaqların qayğısız yay günlərini şən keçirdikləri, indi isə tamamilə köhnəlmiş, görünüşündən bədbinlik yağan evlər, kasıblığı, ümumi ümidsizliyi aşkar duyulan bu məkanda yaşayışının necə olduğunu soruşmaq istədik. Amma nə mənası? Hər şey elə onsuz da aydındır. Artıq fotoaparatlı və mikrofonlu jurnalistlərə heç kim yaxınlaşmır. Skamyalarda oturan kişilər darıxa-darıxa əsnəyir, 2-3 qadın ümumi əlüzyuyanın yanında paltar yuyur. Uşaq arabasındakı körpə, pəncələrdə sudolu balonlar, boş çarhovuz, hasarlarda "işıqlı gələcək"in artıq rəngi solmuş illüstrasiyaları, jurnalistlərin arxasınca gülə-gülə qaçan uşaqlar və aramsız ürək ağrısı.

-Evinizi istəyirsənmi?

-Evimiz haradadır? Bilmirəm. Mənim evim buradır.

Azərbaycanlı qaçqın və məcburi köçkünlər belə yaşayırlar.

Azərbaycanda qaçqınlarla bağlı ağır durumun yarandığını hamı bilir. Bunu BMT-nin Qaçqınların İşi Üzrə Ali Komissarlığının Azərbaycanda təmsilçiliyinin başçısı Vilyam Tol da, UNİCEF-in MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə regional direktoru Mariya Kalivis və bir çox digər xarici nümayəndələr də etiraf edirlər. Lakin bu, düşərgələrdə, çadır-şəhərciklərində, pis gündə olan yataqxanalarda yaşayan qaçqınların durumunu heç də yüngülləşdirmir. Nə müxtəlif dövlət proqramlarının qəbulu, nə də son zamanlar hissolunacaq dərəcədə azalmış beynəlxalq yardım qaçqınlarla bağlı durumu yaxşılığa doğru dəyişmir. Bu, Azərbaycan əraziləri erməni separatçılarından azad edilənədək davam edəcək.

Bu yaxınlarda yerli KİV-lərə müsahibələrinin birində Vilyam Tol bildirib ki, Azərbaycandakı qaçqınları 3 kateqoriyaya bölmək olar. Birinciyə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulan məcburi köçkünlər aiddir. "Onların necə dəhşətli şəraitdə yaşadıqlarını görmək üçün paytaxt Bakıdan bir az uzaqlaşmaq kifayətdir".  İkinci kateqoriyanı Ermənistandan 1980-ci illərin axırlarında, Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasından bilavasitə əvvəl qovulan insanlar təşkil edir. "Qeyd etmək lazımdır ki, qaçqınların bu kateqoriyası son illər ərzində kifayət qədər vətəndaşlıq hüquqları qazanıb, Azərbaycan cəmiyyətinə inteqrasiya edib və sevindirici haldır ki, hazırda onlar ölkənin tamhüquqlu vətəndaşlarıdır. Nəhayət, üçüncü kateqoriyanı Azərbaycan ərazisində olan başqa ölkələrdən gəlmiş qaçqınlar təşkil edir". 

 

Hökumətin təklifləri

İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş gecə keçirildi. Təbii ki, həmin gün Azərbaycan vətəndaşlarının bu kateqoriyasının qibtəedilməyəcək taleyi barədə çoxlu açıqlama səsləndi. Məsələn, Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, qaçqın və məcburi köçkünlər məsələsi  hələ də ölkəmiz üçün əsas problemlərdən biri kimi qalmaqdadır. Sədr ölkəmizdəki qaçqınlara təxminən 100 beynəlxalq təşkilatın, ilk növbədə, BMT-nin  Qaçqınların İşi Üzrə Ali Komissarlığı və BMT-nin Ərzaq Proqramının yardım göstərdiyini  vurğuladı: "Bu müddət ərzində beynəlxalq təşkilatlar Azərbaycanda gerçəkləşdirilən layihələrə $700 mln ayırıblar. Azərbaycan öz problemlərilə bu təşkilatların köməyi olmadan bacara bilməzdi".  

Ə.Həsənov qeyd etdi ki, müddətinə görə Qarabağ münaqişəsi dünyada üçüncü yeri tutur. "Bu münaqişənin tənzimlənməsi üçün beynəlxalq təşkilatlar  15 il ərzində bir sıra qətnamələr qəbul ediblər. Bir çox təşkilat indi də münaqişənin dinc yolla tənzimlənməsilə məşğul olsa da, doğrusu, bütün bunlar indiyədək heç bir nəticə verməyib", - deyə o qeyd edib. 

Sədr dünya birliyinə ünvanlanan iki təkliflə də çıxış edib: "Birincisi, qaçqınların və məcburi köçkünlərin müxtəlif etiraz aksiyaları, mitinqlər keçirmələridir". İkincisi, Avropa ölkələri erməni diasporunun ayırdığı vəsaitin Ermənistana köçürülməsinin qarşısını almalıdır. 

Həsənov onu da bildirdi ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin işğal altında olan ərazilərə qaytarılması üzrə uzunmüddətli Dövlət Proqramı işlənib-hazırlanıb: "Hazırda proqram son işlənmə mərhələsindədir. İşçi qrupun yaxın vaxtlarda keçiriləcək toplantısında onun son variantı müzakirə və qəbul ediləcək. Sonra sənəd təsdiq üçün hökumətə təqdim olunacaq". 

Tədbirdə iştirak edən Vilyam Tod qaçqınların sayına görə Azərbaycanın dünyada aparıcı yer tutduğunu dedi. "Lakin buna baxmayaraq, ölkəniz qaçqınlara qayğı və diqqət göstərilməsi, onların yaşamaları üçün infrastruktur yaradılması baxımından örnək ola bilər", - deyə ekspert bildirdi.  

V.Tol azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə BMT tərəfindən göstərilən humanitar yardımın həcminin son illər azaldılması meylinə Azərbaycan hökumətinin narazılıq bildirməsini iki səbəblə izah edir: "Birincisi, dünyada yeni münaqişələrin meydana çıxması və bu baxımdan, donor ölkələrin artıq 15 il davam edən Dağlıq Qarabağ münaqişəsinə olan yüksək marağının azalmasıdır. İkinci səbəb isə Azərbaycanın özünün sürətli iqtisadi artımıdır ki, bu da ölkəyə Neft Fondunun vəsaiti və digər ehtiyatlar sayəsində bir çox problemin öhdəsindən donor yardımı olmadan müstəqil şəkildə gəlməyə imkan verir. Digər tərəfdən, biz azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımın artırılmasını, əlbəttə, alqışlayardıq. Görün, qaçqınlar Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhər və bölgələrində hansı şəraitdə yaşayırlar. Odur ki donor ölkələr Azərbaycanda bu problemin hələ heç də aradan qaldırılmadığını dərk etməlidirlər". Qeyd edək ki, hazırda qaçqınlar və məcburi köçkünlər arasında kasıblıq səviyyəsi 57% təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 27-29%-dir. 

 

Yardımdan-inkişafa  

Qaçqın düşərgələrində yaşayan insanlarla danışarkən yalnız şikayətlər eşidirsən - çətin yaşayışdan, yemək çatışmazlığından və i. a.

Qaçqınlar və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynovun "R+" müxbirinə dediyinə görə, hər ay 140 000 qaçqın və məcburi köçkünə ərzaq yardımı göstərilir. Adambaşına 5 kq un, 1 kq şəkər tozu, 1 kq düyü və 1 qab bitki yağı verilir. Çoxumuz qaçqınlar üçün nəzərdə tutulan bu məhsullara dəfələrlə mağazalarda rast gəlmişik. Onları üzərindəki "yalnız qaçqınlar üçün" yazısından tanımaq olur. Bu ərzaq məhsulları şəhərimizin mağazalarına necə gedib çıxır? S.Hüseynovun fikrincə, humanitar yardımın piştaxtalara onun nəzərdə tutulduğu adamlardan yan keçərək gedib-çıxmasından söhbət belə gedə bilməz. Görünür, bu ərzağı mağazalara təhvil verərək, özünəməxsus bizneslə məşğul olan  qaçqınlar buna, şübhəsiz, məcburiyyət üzündən əl atırlar. Düyü, un, şəkər tozu və bitki yağı. Hər kəsə aydındır ki, insanın tələbatını təmin etmək üçün bunlar kifayət etmir. O da məlumdur ki, bəy verən atın dişinə baxmazlar. Odur ki qaçqınlarımız özlərini çatışmayan digər məhsullarla təmin etmək məqsədilə dövlətin onlara verdiyi yardımı satırlar. 

Ən dəhşətlisi isə böyüməkdə olan orqanizm üçün zəruri qidalanmadan uşaqların məhrum olmasıdır. Təbii ki, bütün bu problemləri yalnız humanitar yardıma arxalanaraq həll etmək mümkünsüzdür. Buna görə də bu gün hökumətin qarşısında "yardımdan-inkişafa" prinsipinə keçmək vəzifəsi kəskin şəkildə dayanır. Bir çox beynəlxalq təşkilatın geniş tətbiq etdiyi bu prinsip qaçqınlar və məcburi köçkünlər üçün gəlir mənbələri yaradılması yolu ilə humanitar yardımdan asılılığın mərhələ-mərhələ azaldılmasını nəzərdə tutur. Ədalət naminə qeyd etmək lazımdır ki, son vaxtlar hökumət əhalinin bu təbəqələrinin məşğulluğunun təmin edilməsi üzrə bir sıra tədbirlər görür. Onlar üçün tikilən qəsəbələrdə kiçik müəssisələr açılır, kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri ayrılır və i. a. Lakin ilbəil azalmaqda olan beynəlxalq humanitar yardımdan asılılığın aradan qaldırılması üçün bütün bunlar son dərəcə azdır. Nəhayət, qaçqınlar və məcburi köçkünlər üçün ən əsaslı yardım, əlbəttə ki, onların doğma ocaqlarına qaytarılması olardı ki, bu, beynəlxalq təşkilatları bəsit ərzaq yardımından daha çox ilgiləndirməlidir.


MƏSLƏHƏT GÖR:

327