15 Mart 2025

Şənbə, 00:36

KANSLER, PREZİDENT VƏ BAŞ NAZİR

Merkel, Sarkozi və Braun birlikdə Avropa ittifaqını güclü Geosiyasi birliyə çevirmək iqtidarındadırlar

Müəllif:

01.07.2007

Son dövrlərdə Avropa İttifaqının (Aİ) aparıcı ölkələri olan Fransa, Almaniya və Böyük Britaniyada yeni liderlərin adları müəyyənləşib. Almaniya kansleri Angela Merkelin prioritetləri bəllidirsə, Fransa prezidenti Nikolya Sarkozinin atacağı addımlarla əlaqədar hələlik kifayət qədər ehtimallar və fərziyyələr mövcuddur. 

Eyni fikirləri Böyük Britaniyanın baş naziri Toni Blerin varisi Qordon Braun haqqında da söyləmək olar. 

İyunun ortalarında adıçəkilən ölkələr sırasında diqqəti özünə ən çox cəlb edən isə Fransa olub. Prezident seçkisinin ardınca burada parlamentin aşağı palatası - Milli Məclisə seçkilərin keçirilməsi dünyanın diqqətinin məhz Parisə yönəlməsinə səbəb olub. Yeri gəlmişkən, son seçkinin nəticəsi əvvəlcədən ehtimal olunduğu kimi, xüsusi sürprizlərlə yadda qalmadı: ehtimallar doğruldu və prezident Sarkozinin rəhbərlik etdiyi "Xalq Hərəkatı Uğrunda Birlik" partiyası qələbə qazandı. Bu partiya parlamentdəki 577 yerdən 314-nə sahib çıxdı. 

Sarkozinin  əsas rəqibi olan Sosialist Partiyası isə 185 mandat əldə edə bildi. 

Bundan başqa, daha 22 yer hakim partiyanın dəstəklədiyi namizədlərə, digər  9-u isə "müxtəlif sağçılara" qismət oldu. Fransa kommunistləri 15, solçı radikallar 7, "yaşıllar" 4, mərkəzçi-demokratlar isə cəmi 3 mandatla kifayətləndilər. Beləliklə, Sarkozi aşağı palatada güman etdiyi üçdəiki çoxluğu qazana bilməsə də, planlaşdırılan islahatların reallaşdırılması üçün tələb olunan çoxluğu əldə edib.

Ölkə istirahət etməyə macal tapmamış keçirilən parlament seçkisində oxşar nəticənin əldə olunacağı heç kəsdə şübhə doğurmurdu. Həqiqətən də, belə qısa müddət ərzində ictimai rəydə kardinal dəyişikliklərin baş verməsi inandırıcı deyil. Başqa sözlə, hələ seçkidən əvvəl Sarkozinin partiyasının qələbəsini təmin edilmiş saymaq olardı. 

Bununla yanaşı, əksər müşahidəçilər prezidentin partiyası ilə yanaşı sosialistlərin də uğurlu nəticə əldə edəcəyini proqnozlaşdırırdılar. İndi isə onların siyasi gücünü tədricən daha da artıracaqları güman edilir. Məsələ ondadır ki, son prezident seçkisində Sarkoziyə cüzi faizlə məğlub olan sosialistlərin lideri Seqolen Ruayal ölkədə kifayət qədər güclü mövqelərə malikdir. Eyni zamanda, qarşıdakı müddət ərzində Sarkozinin partiyası ciddi səhvlərə yol verərsə və ictimaiyyətin narazılığına səbəb olan qərarlar çıxararsa, sosialistlərin dəstəyinin daha da artacağına şübhə yoxdur. Bununla yanaşı, aydındır ki, artıq Sosialist Partiyasında daxili islahatlar qaçılmazdır və son zamanlar bu haqda kifayət qədər fikirlər səsləndirilir. Ruayal isə artıq vətəndaş nikahında yaşadığı həyat yoldaşı, eyni zamanda Sosialist Partiyasının lideri Fransual Ollandla boşandığını bəyan etməklə, həmin islahatlara start verib. Artıq Ollandın yalnız Ruayalın həyat yoldaşı  statusunu deyil, gələn il sosialistlərin lideri postunu da itirəcəyi gözlənilir. 

Bu istiqamətdə xanım Ruayalın mövqeyi gənc sosialislərin fikirləri ilə kifayət qədər üst-üstə düşür: onlar siyasi uğursuzluğa gətirib çıxaran keçmişin yükünü çiyinlərindən atmaq istəyirlər.

Parlament seçkisində qələbə qazanan hakim Xalq Hərəkatı Uğrunda Birlik Partiyasına gəlincə, burada artıq hamı Nikolya Sarkozini və onun "bütün fransızların prezidenti olmaq" cəhdlərini dəstəkləyəcək. Artıq Parisin yeni kursunun birmənalı şəkildə Avroatlantik məkana inteqrasiya olunduğunu söyləmək olar. Amma bir məqam da var ki, Sarkozinin Vaşinqtona kifayət qədər loyal münasibəti Fransanın bir çox vətəndaşlarında müəyyən ehtiyatlıq yaradır. 

İstənilən halda, münaqişələrdən çəkinməyən Sarkozi Jak Şirakdan çox fərqlənir. Yeni prezidentin yalnız "çox işləmək - çox qazanmaq" şüarı nəyə desən dəyər! Nikolya Sarkozinin lazım gələn zaman axının əksinə getməkdən belə çəkinməyən Marqaret Tetçerlə müqayisə edilməsi də təsadüfi deyil. 

Bir sözlə, Fransanın hakim partiyasının qarşısında heç də asan işlərin dayanmadığı indidən məlumdur. Bu partiyaya böyük ümidlər bəslənir və buna görə də ondan ciddi uğurlar gözlənilir. Bu isə o deməkdir ki, hakim partiyanın hər bir səhvi diqqət mərkəzinə gətiriləcək. Ölkənin həyatında baş verəcək bütün dəyişikliklərin əsas katalizatoru isə məhz Sarkozi olacaq.

Oxşar vəziyyətin tədricən Qordon Brauna alışmaqda olan Böyük Britaniyada da yaşandığını söyləmək olar. Sürətli qloballaşma prosesinin getdiyi hazırkı dövrdə məhz onun Dumanlı Albionun iqtisadiyyatını lazımi səviyyədə saxlaya biləcəyi deyilir. Bundan başqa, o, Londonun Şimali İrlandiya ilə bağlı uğurlu siyasətini daha da möhkəmləndirməli olacaq. Leyboristlər Partiyasının lideri Qordon Braun "yeni leyborizm"in əsas tərəfdarlarından sayılır. O artıq bəyan edib ki, partiyasını gənclərin oraya cəlb edilməsi yolu ilə müasirləşdirməyə hazırlaşır. 

Braunu eyni zamanda Marqaret Tetçerin iqtisadi siyasətinin davamçısı adlandırlar. O, işgüzar dairələrdə kifayət qədər böyük nüfuza malikdir. Braun da Sarkozi kimi, Vaşinqtona, xüsusilə də ABŞ-ın iqtisadi modelinə simpatiya ilə yanaşır. Yeni liderin islahatlara cidd-cəhdlə can atması da onu Sarkozi ilə eyniləşdirən məqamlardandır.

Beləliklə, artıq Aİ-nin gələcəyi ilə bağlı yükün əsas hissəsi məhz Merkel, Sarkozi və Braunun çiyinləri üzərinə düşür. Bu yükdə qurumda struktur islahatları, onun gələcək genişlənməsi məsələsi, Avropanın Vahid Konstitusiyası, "Birləşmiş Köhnə Dünya"nın yeni üzvləri ilə münasibətlər, miqrant problemi, enerji təhlükəsizliyi, həmçinin, iqlim dəyişikliyi və beynəlxalq terrorizm kimi qlobal problemlər cəmləşib.

Bununla yanaşı, yaxın zamanlarda Avropa gücünü getdikcə artırmaqda olan Asiya dövlətlərinə qarşı fəal şəkildə duruş gətirməli də olacaq. Həmçinin, Braunla Sarkozinin Ağ evə qarşı loyallığına baxmayaraq,  Avropa paytaxtları ilə Vaşinqton arasında mövcud olan ənənəvi ziddiyyətləri də yaddan çıxarmaq və nəzərə almamaq olmaz.

Daha bir məqam ondan ibarətdir ki, sözügedən üç liderin fikirləri heç də bütün məsələlərdə üst-üstə düşmür. Məsələn, Türkiyənin Avropa İttifaqına qəbulu perspektivinə Sarkozi kifayət qədər kəskin yanaşırsa, Merkel bu məsələdə daha ehtiyatlı davranır.

Böyük Britaniya, Fransa və Almaniyanın sonda "Birləşmiş Avropa Ştatları" yaradılmasına gətirib çıxara biləcək dərəcədə yaxınlaşmaq fikrində olmadıqları da ortadadır. Bu, mümkün deyil və heç bir ümumi maraqlar sözügedən istiqamətdə hər hansı dəyişikliyə səbəb ola bilməz. Toni Bler artıq bəyan edib ki, London "onun xarici siyasətinə hansısa təsir göstərəcək və ya XİN-in rolunu bu və ya digər dərəcədə azaldacaq dəyişikliyə heç zaman razı olmayacaq" (çox güman ki, Qordon Braun da eyni mövqeyi tutacaq). 

Bununla yanaşı, Avropa Parlamentinin Fransadan olan üzvü, prezident Nikolya Sarkozinin tərəfdarı kimi tanınan Aleyan Lamassyura bildirib ki, Avropanın vahid konstitusiyasının qəbulu məsələsində Britaniya ilə Fransanın mövqeləri əsasən üst-üstə düşür. "Biz xarici siyasət məsələsində daha çox əməkdaşlıq etməyə üstünlük veririk. Amma istənilən halda milli maraqlarımızı ümumi Avropa maraqlarına dəyişməyi qətiyyən düşünmürük. Xarici işlər naziri Avropanın nəyinə gərəkdir? Amma Havyer Solanadan daha böyük nüfuza malik hansısa hakimiyyətin olması vacibdir", - deyə Lamassyur qeyd edib.

Almaniya, Fransa və Böyük Britaniyada hakimiyyətə yeni liderlərin gəlməsinin Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərə də təsir göstərəcəyinə şübhə yoxdur. Təbii ki, bu ilk növbədə enerji təhlükəsizliyi və insan haqları sahələrində nəzərə çarpacaq. Bundan başqa, son zamanlar Aİ ölkələri ilə Moskva arasında Kosovonun gələcək statusunun müəyyənləşdirilməsi ilə əlaqədar da fikir ayrılıqları yaranmaqdadır. Məsələn, Sarkozi əmindir ki, Kosovoya müstəqillik verilməsi qaçılmazdır. Moskva isə bu məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında keçiriləcək səsvermədə veto hüququndan istifadə edəcəyinə işarə edib.

Yeni avropalı liderlərin Azərbaycana münasibətinə gəlincə, əksər müşahidəçilər bu sahədə hansısa dəyişikliyin olmayacağını düşünürlər. Məsələ ondadır ki, Bakı Avropa İttifaqının Qafqazdakı vacib enerji tərəfdaşıdır. Bundan başqa, Azərbaycan enerji daşıyıcılarının Avropaya nəqlinin diversifikasiyasında böyük rol oynayır, həmçinin, İran və Rusiya kimi ölkələrlə sərhəddə yerləşməklə vacib strateji mövqe tutur. Avropa ölkələri Bakı ilə həm də Azərbaycanın 2004-cü ildən qoşulduğu Avropa yeni qonluşuq siyasəti vasitəsilə münasibət saxlayırlar.

Beləliklə, güman etmək olar ki, hazırda Avropa İttifaqı irəliyə ciddi addım atmaq və güclü geosiyasi qurum olmaq üçün yaxşı şans əldə edib. Yeri gəlmişkən, bunun fonunda Bertelsmann Stiftung fondunun 2007-ci ilin may-iyun aylarında Aİ-nin 14 dövlətində apardığı sorğunun nəticələri kifayət qədər maraq doğurur. Sorğu nəticəsində məlum olub ki, Aİ-nin əksər vətəndaşlarının fikrincə, qurumda "əsas rol"u aparıcı dövlətlər oynamalıdır. Avropalılar arasında ən populyar lider isə Angela Merkeldir. Bu siyahıda ikinci yeri Avropa Komissiyasının hazırkı rəhbəri Joze Manuel Borrozu tutur - Aİ-nin lideri rolunu ona 20% əhali həvalə etməyə hazırdır. 

İlk üçlüyü Fransa lideri Nikolya Sarkozi (15%) qapayır. 

Qordon Braun isə cüzi fərqlə (14%) dördüncüdür. 

Necə deyərlər, tendensiya göz qabağındadır...


MƏSLƏHƏT GÖR:

516