24 Noyabr 2024

Bazar, 00:22

İNSANLARA BAXMAQ və ÖZÜNÜ GÖSTƏRMƏK

Nizami küçəsi və onun ta qədimdən indiyədək "Torqovı" adlandırılan hissəsi haqqında

Müəllif:

07.07.2015

Nizami küçəsi Bakının ən uzun küçələrindən biridir. O, paytaxtın dağüstü hissəsindən başlayır, bütün mərkəzboyu uzanır və Qara şəhərdə - Şah İsmayıl Xətainin heykəlində bitir. Amma əhali arasında onun piyadalar üçün olan və "Torqovı" adlandırılan hissəsi daha məşhurdur.

Butiklər, bahalı mağazalar şəhərin digər hissələrində də var. Sovet illərində isə onlara başqa heç yerdə rast gəlinmirdi. Məhz bu səbəbdən, Nizami küçəsinin sözügedən hissəsinə "Torqovı" deyirdilər.

 

Nədən "Torqovı"?

Məlumdur ki, bu ərazi hələ 1860-cı illərdən "Torqovı" adlandırılmağa başlanıb. O zaman Bakının siması müasir şəhər görüntüsü vermirdi. Səbəb isə son dərəcə faciəvi idi: cəmi bir il əvvəl dəhşətli zəlzələ Şamaxını yerlə-yeksan etmiş, o dövrdə Azərbaycanın ən böyük şəhərinin əhalisinin böyük hissəsi isə Bakıya köçmüşdü. Eyni zamanda Bakı quberniyası yaradılmışdı və əhalinin sürətlə artması fonunda bu ərazi dövlətin də dəstəyi ilə tikilərək genişlənirdi. Şamaxıdan gəlmiş tacirlər də burada bir neçə karvansara tikmişdi. Binaların arasındakı boşluqlarda, onların qarşısında mağazalar açılırdı.

"Torqovı" adlandırılan ərazinin simasının formalaşmasında görkəmli memar Qasım bəy Hacıbababəyovun rolunu yada salmamaq olmaz. O da zəlzələnin ardından Şamaxıdan Bakıya köçənlərdən idi. Qala divarlarının o tayında bir çox gözəl binanın inşasında iştirak etmiş memarlar qrupuna məhz Hacıbababəyov rəhbərlik edirdi. Təəssüf ki, onun əl işlərindən bu günə gəlib-çatanı yalnız Fəvvarələr meydanı, iki keçmiş karvansara - hazırkı Nizami Muzeyi və "Araz" kinoteatrı, həmçinin "Torqovı"nın kənarında bir neçə yaşayış binasıdır.

"Torqovı"nın Fəvvarələr meydanına birləşdiyi ərazidə küçələrin bir-birinə tam paralel deyil, bu meydanda birləşdiyini görmək çətin deyil. Bu "Torqovı" və ona yaxın küçələrin 1860-70-ci illərdə tikilərkən bu cür layihələndirilməsinin nəticəsi idi.

Bu layihələndirmə "Torqovı"da aparılmış özəl - kommersiya tikililərinin də payı var. 150 il əvvəl də bura indiki kimi, əsas ticarət məkanı idi. 1860-cı illərin sonlarında küçə artıq bütün rəsmi sənədlərdə "Torqovı" adlanırdı. Amma bu yalnız "Torqovı" döngəsindən başlayaraq (bu məkan da müasir dövrümüzə gəlib çıxmayıb. Hazırda o hissədə Nizami küçəsi ilə Rəsul Rza küçəsi kəsişir) mərkəzin əksinə doğru uzanırdı. Küçənin mərkəzə yaxın hissəsi "Quberniya" küçəsi adlanırdı.

Bu iki küçənin kəsişməsində zəngin tacirlər yaşayırdılar. O dövr üçün xeyli hündür sayılan 4 mərtəbəli binalar onların idi. Artıq 1870-ci illərdə ilk neft sənayeçiləri onlara qoşulmağa başladılar. Musa Nağıyev, Şəmsi Əsədullayev və Murtuza Muxtarov ilk evlərini məhz "Torqovı" küçəsində tikdiriblər. Bu binalar dövrün məşhur memarları - N.A.Fon der Nonne, M.Qafar İzmaylov, artıq adını çəkdiyimiz Hacıbababəyov və digərləri tərəfindən tikilirdi.

 

"Torqovı" küçəsinin evləri

"Torqovı" küçəsinin memarlıq tarixini bir neçə səhifəlik yazıya yerləşdirmək çətindir. Güman ki, o dövrdə bu küçə ilə əlaqəli bakılılar üçün ən önəmli hadisə "İmperial" mehmanxanası olub. O, 1888-ci ildə tikilib və Bakını əsl Avropa şəhərinə çevirib. Mehmanxananın ilk mərtəbəsində şəhərdə məşhur olan A.Mişonun emalatxanası yerləşirdi. Burada o dövr təcili fotolar çıxarılırdı. Bu xidmət heç də ucuz başa gəlmirdi. 1890-cı illərdən başlayaraq, ərazidə ən yüksək keyfiyyətli gül, şirniyyat, xırdavat mağazaları çoxalmağa başlandı.

Mişonun emalatxanası kimi, bunların hər biri yerli brendlər idi. Onlar sıfırdan başlayaraq özlərinə nüfuz qazanmış,şəhərə özünəməxsusluq elementləri gətirmişdilər. Bu gün - mərkəzi küçələri brendlərin "işğal" etdiyi bir dövrdə, bu cür keçmiş haqqında düşünmək belə çətindir.

"Torqovı" küçəsinin "avropalılığı" "İmperial"dan başlayır. Amma cəmi bir neçə il sonra neft bumu onun ətrafında "Böyük Moskva", "London", "Şimal nömrələri" kimi digər mehmanxanaların da peyda olmasına yol açdı. O illərdə "Torqovı"ya mükəmməl və düzgün görkəm verən maqnat Hacı Rəcəblinin həmin dövr üçün nəhəng sayılacaq evi idi. Bu gün həmin bina "Vətən" kinoteatrı kimi tanınır. Maqnatın evi küçənin uzun, boşluqsuz davam etməsinə imkan verirdi.

Binanın əks tərəfindən Şamaxıdan köçüb-gəlmiş tacir Mirzə Tağıyevin gözəl şirniyyat mağazası yerləşirdi. Xalq arasında onu "alman mağazası" adlandırsalar da, o, birmənalı olaraq yerli brend idi. Mağazadan mallar (əsasən tortlar) digər quberniyalara, hətta imperator Aleksandrın özünə də göndərilirdi.

Bugünkü Neft Akademiyasının memarlıq üslubu baxımından ən gözəl korpuslarından biri də o zaman "Torqovı" küçəsində yerləşirdi. Bu gün küçənin həmin hissəsi "Torqovı" adlanmır. Bu bina 1899-cu ildə memar Qoslavski tərəfindən tikilib. O, "İmperatorun rus texniki icması"nın Bakı şöbəsi üçün nəzərdə tutulmuşdu. Əvvəlcə bina cəmi 1 mərtəbədən ibarət olsa da, 1925-ci ildə onun üzərində daha 2 mərtəbə inşa olunub. Bu mərtəbələr binanın ilkin görüntüsünü harmonik şəkildə tamamlayıb.

1904-cü ildə o dövr üçün son dərəcə dəbdəbəli sayılan bina tikilir. Həmin bina bugünədək "köhnə dəyirman" adlanır. Əslində, bina yaradıcıları Hacı Zeynalabdin Tağıyevin və Skobelov qardaşlarının fikrinə görə, həqiqətən də sənaye tələbatlarının ödənilməsi üçün nəzərdə tutulmuşdu.

İnqilabadək "Torqovı"da çox gözəl bina peyda oldu. Onların arasında Baş Bakı Sinaqoqunu da göstərmək olar. İndi həmin binada Rəşid Behbudov adına Mahnı Teatrı yerləşir. Digər misal kimi, hazırda yaşayış evi olan Rotşild iqamətgahını və bir sıra s. binaları göstərmək olar. Amma yəqin ki, "Torqovı" üçün sonuncu böyük hadisə Opera binası (1911) olub. Opera və Balet Teatrı bu gün də həmin binada yerləşir. Bu bina haqqında danışarkən bir əfsanəni yada salmamaq olmaz.

 

"Torqovı"nın əfsanələri və ənənələri

Məsələ ondadır ki, 1910-cu ildə Bakıya məşhur opera müğənnisi Antonina Nejdanova qastrol səfəri etmişdi. Bir aya yaxın burada qalan ifaçı pərəstişkarları üçün "Riqoletto", "Ruslan və Lyudmila", "Yevgeni Onegin" və digər məşhur operaları ifa edirdi. Onun bütün konsertləri Şəhər Birjasının binasında keçirilirdi. Orada səhnə normal olsa da, akustika opera standartlarına qətiyyən cavab vermirdi. Bu səbəbdən, növbəti qastroldan söz düşdükdə ifaçı bu çatışmazlığı səbəb gətirərək, təkrar Bakıya gəlməkdən imtina etmişdi. Bu söhbətdə milyonçu Mayılov qardaşlarından biri də iştirak edirmiş. O, dərhal ifaçıya 1 il sonra Bakıda opera teatrının binasının tikilib istifadəyə veriləcəyini, Nejdanovanın Bakıya gələrək açılış mərasiminin əsas qonağı ola biləcəyini söyləyir.

Bu söhbətin iştirakçıları arasında Tağıyev də olur. O dövrədək Tağıyev bir çox binalar tikdirmişdi və əmin idi ki, milyonçu həmkarı qadının qarşısında imkanlarını nümayiş etdirmək üçün, yerinə yetirə bilməyəcək vəd verib. O, bu fikrini Mayılovun da nəzərinə çatdırır. Tərəflər arasındakı bu söhbətə bir çox ali qonaqlar şahid olur və Mayılov simasını itirməmək üçün Tağıyevə mərc təklif edir: mərci Mayılov udsa, smetanı Tağıyev ödəyəcək, əksinə olsa isə bina Tağıyevə veriləcəkdi. Nəticədə, düz 1 il sonra bina hazır olur və Tağıyev vədini yerinə yetirərək, tikintinin bütün xərclərini ödəyir.

"Torqovı" hələ ötən əsrin əvvəllərindən şəhər sakinlərinin gəzintisi (insanlara baxmaq və özünü göstərmək) üçün əsas məkan olub. Hətta Qara şəhərin ən yoxsul sakinləri belə, son dəblə geyinərək "Torqovı"ya çıxmağa çalışırdılar. Daha zəngin olanlar mütləq fotoatelyeyə, şirniyyat mağazasına baş çəkməli idi.

Sovet İttifaqının ilk illərində "Torqovı"da açıq konsertlər keçirilirdi. Teatrları yeni dəbə minmiş kinoteatrlar əvəzləmişdi (keçmiş karvansaralarda "Vətən", "Araz" kimi kinoteatrlar açılmışdı). İndi qızla küçəyə çıxarkən mütləq dondurma yemək, kinoya getmək lazım idi.

Stalinin dövründə küçə həyatı (bütün İttifaqda olduğu kimi), sözün əsl mənasında, dondu və yalnız 1950-60-cı illərdə yenidən canlanmağa başlandı. Artıq şəhərdə yenidən restoranlar açılır, orkestrlər canlı musiqi ifa edirdi. İndi "dincəlmək" istəyənlər üçün ən dəbdəbəli məkan Səməd Vurğun küçəsinin küncündə yerləşən adsız (amma çox məşhur) pivəxana idi (hazırda orada ayaqqabı köşkü yerləşir). Bir vaxtlar dahi fizik Lev Landau məhz bu binada yaşayıb. Ziyalı mühəndislər bunu yaxşı bilirdilər və zarafatla deyirdilər: "Gedək Landaugildə pivə içək". Xalq arasında bu obyektin adı elə belə də qalmışdı: "Landaugildə". Halbuki, onun üzərindəki lövhədə iri sovet hərfləri ilə iki söz yazılmışdı: "Kafe. Pivə".

1960-cı illərin əvvəllərində "Torqovı"da azı, yarım əsr davam edən ənənə yarandı - "Majorka"da görüşlər. Görüş məkanı düz, 2000-ci illərədək Nəsiminin heykəli və onun ətrafındakı kiçik park olaraq qaldı. Əvvəllər orada stilyaqalar, caz həvəskarları, zəngin ailələrin (partiya işçilərinin, fiziklərin, mühəndislərin) uşaqları yığışırdılar. Xalq arasında onları "majorlar" adlandırırdılar və məkanın adı da buradan götürülmüşdü. Stilyaqalar oraya geyimlərini nümayiş etdirmək, musiqidən danışmaq üçün üz tuturdular. Onlar heç vaxt özləri ilə plastinka götürmürdülər. Çünki diqqətli sovet milisi hər an ərazini nəzarətdə saxlayırdı. Nəticədə, milis senzuradan keçməyən plastinkalara görə stilyaqalara ilişə bilərdilər.

1970-cı illərdə və ondan sonra gənclərin zövqü dəyişdi. Artıq burada rok həvəskarları yığışır, parka gitara ilə gələn gənclər ətrafdakılara mane olmamaq üçün aşağı səslə mahnılar oxuyurdular.

Daha bir ənənəvi görüş yeri "Şahnoviç qastronomu" idi. O, "Pasaj"ın küncündə, üzərində daş mələklərin olduğu binada yerləşirdi. 60-cı illərdən burada yerləşən bu binanın xüsusi statusu var idi. O, bütünlükdə Azərbaycanda yeganə özəl mağaza idi. Mağazanın sahibi müharibə veteranı, Sovet İttifaqı Qəhrəmanı Trofim Şahnoviç idi. Qəhrəman adının nüfuzundan istifadə edən Şahnoviç defisit olan yüksək keyfiyyətli mallar satırdı. Söhbət planlı iqtisadiyyatın mövcud olduğu ölkədə tapılması çətin olan mallardan gedir. Şahnoviç çox sadə insan idi. Mağazanın artırmasında oturan qəhrəman buraya daha çox söhbətləşməyə gələn müştərilərlə danışardı. Şahnoviçə baş çəkmək "Torqovı"ya çıxan insanlar üçün sanki ənənə halı almışdı.

Şahnoviç 1982-ci ildə dünyasını dəyişsə də, mağaza fəaliyyətini 1990-cı illərin ortalarınadək davam etdirib.

Bu gün Qız Qalası, Şirvanşahlar Sarayı və digər qədim abidələr kimi, "Torqovı" da Bakının rəmzidir. Onun gözəl tarixinin kökləri iki əsr əvvələ gedib çıxır. Bu tarixi bildikdə "Torqovı"ya işə tələsmək, dostlarla görüşə getmək və ya 100 il əvvəl olduğu kimi, oraya camaata baxmaq və özünü göstərmək üçün çıxmaq daha xoş olur.



MƏSLƏHƏT GÖR:

687