
ÇƏTİN SEÇİM
Türkiyənin siyasi və hərbi elitası Şimali İraqa hərbi müdaxilənin bütün tərəflərini ölçüb-biçir
Müəllif: Yalçın TAHİROĞLU Ankara
Ağır daxili siyasi problemlərlə üzləşən Türkiyə indi ondan da çətin seçim qarşısında qalıb. Söhbət Türk Ordusunun Şimali İraqa müdaxilə edib-etməməsilə bağlı yaranmış dilemmadan gedir. Son zamanlar Ankara İraqla sərhədə cəlb olunan hərbi texnika və canlı qüvvənin sayını kifayət qədər artırıb. Amma Kürd Fəhlə Partiyasının (PKK) bazalarının birdəfəlik məhvinin yalnız bölgəyə hərbi müdaxilə ilə mümkün olması haqda bəyanatlarla yanaşı, problemin diplomatik yolla həllinə dair çağırışlar da kifayət qədərdir. Amma ən böyük problem ondadır ki, Ərdoğan hökuməti ilə ictimaiyyət arasında ciddi dəstəyə malik olan Baş Qərarahın bu mövzu ətrafında fikirləri, yumşaq desək, üst-üstə düşmür.
Şimali İraq özünün yarıetnikliyi və Türkiyənin milli maraqlarına təsir imkanları ilə hələ XX əsrin əvvəllərindən Ankaranın siyasi dairələrinin diqqət mərkəzindədir. İraqda Səddam Hüseyn rejiminin devrilməsi isə bu ölkədə mərkəzdənqaçma qüvvələrini daha da gücləndirib və Kürd Muxtariyyəti şəklində Ankaranın xarici siyasətinin daimi "başağrısı"na çevrilib. Nəticədə, Türkiyə ilə həmsərhəd bölgədə müstəqil kürd dövlətinin yaradılmasına cəhdlər daha da fəallaşıb.
Bununla paralel olaraq, kürd liderlərinin fəaliyyətində də nəzərəçarpacaq fəallıq müşahidə olunur və onlar zaman-zaman Ankaranın ünvanına daha sərt bəyanatlar səsləndirməyə başlayıblar. Türkiyənin İraqla sərhəddə yerləşən nəzarət postlarına, həmçinin, digər obyektlərinə silahlı basqınların da sayı artıb. Məsələn, Ankaradakı ticarərt mərkəzində kamikadze tərəfindən törədilən terror aksiyası 6 dinc sakinin həyatına son qoyub, 100-dək insan yaralanıb.
Həmçinin İstanbulda, İzmirdə və Ceyhanda terror aksiyalarının təşkilinə cəhdlər də daha mütəmadi xarakter alıb.
Nəhayət, İraqın Süleymaniyyə şəhərində silahlı İraq kürdlərinin (peşmerqe) türk hərbçilərlə davranışı, onların sənədlərinin yoxlanması zamanı güc tətbiqi ilə hədələmələri Ankaranın səbir kasasını daşırıb.
Bütün bunlar artıq sərhədin İraqa aid hissəsində Türk Ordusunun hərbi əməliyyatlarını qaçılmaz göstərsə də, bu ideyaya qarşı çıxanların arqumentləri heç də az deyil. Və həmin arqumentlərin əsaslandırılması da kifayət qədər məntiqidir.
Belə bir situasiyanın yaranması Türkiyədəki daxili siyasi durumu daha da gərginləşdirib. Söhbət ölkədə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament və prezident seçkisindən gedir.
Hərbçilərin həyəcan təbili və hökumətin fəaliyyətsizliyi
Türkiyə Ordusunun Şimali İraqda hərbi əməliyyatlara başlamasının zəruriliyini ilk dəfə açıq şəkildə Baş Qərargah rəisi Yaşar Böyükanıt bəyan edib. Onun hələ aprelin 12-də səsləndirdiyi bəyanat Türkiyə Baş Qərargahının İraqa daxil olmaqla bağlı qəti qərara gəldiyini göstərib ki, bu da Bağdadla yanaşı, ABŞ-da da ciddi narahatlıq yaradıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində bildirib ki, lazım gələrsə, ölkə parlamenti silahlı qüvvələrin İraqın şimalına daxil olmasına razılıq verəcək. Lakin sonradan Ankaranın ABŞ tərəfindən ciddi diplomatik müqavimətlə üzləşməsi səbəbindən, səsləndirilən bəyanatlar elə bəyanat olaraq qaldı. Nəticədə rəsmi Ankara yalnız Bağdad və ABŞ-ın ünvanına sərt bəyanatlar səsləndirməklə kifayətlənərək, gözləmə mövqeyində dayanmağa üstünlük verib. Bu isə ölkə daxilində ciddi tənqid dalğasının qalxmasına səbəb olub. Xüsusilə hərbi əməliyyatların başlanmasının qəti tərəfdarı olan Baş Qərargah hökumətin bu işə sanksiya verməməsini əsas gətirərək onun ünvanına sərt ittihamlar səsləndirir.
İyulun 22-də keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlaşan və istənilən yolla dividend əldə etməyi hədəfləyən müxalifət də hərbçilərə dəstək verib. Bütün bunlara cavab olaraq isə Ərdoğan NTV telekanalının efirindən çıxışı zamanı bildirib ki, hərbi müdaxilə haqda qərar yalnız problemin diplomatik yolla həlli imkanlarının tükənəcəyi halda veriləcək. "Şimali İraqa daxil olmaq qərarı lazım gələn anda veriləcək. Bu məsələdə tələskənlik ciddi və neqativ fəsadlara gətirib çıxara bilər", - deyə hökumət başçısı qeyd edib.
Baş Qərargahın bu fikirlərə əks-arqumenti də özünü çox gözlətməyib. "Sərhədin digər tərəfindən antiterror əməliyyatlarına başlanması haqda qərar ölkə rəhbərliyinin siyasi iradəsindən asılıdır. Biz parlamentin sanksiyasını alarıqsa, Şimali İraqa daxil olaraq terrorçularla haqq-hesab çəkəcəyik. Unutmaq olmaz ki, həmin ərazidə terrorçularla yanaşı Bərzaninin qüvvələri və koalisiya hərbçiləri də var və onları hesabdan silmək olmaz", - deyə Baş Qərargah rəisi Böyükanıt bildirib.
Bununla yanaşı, onun bəyanatlarının tonu günbəgün daha da sərtləşir və hökumət narazı ictimaiyyət qarşısında dayanmağa çətinlik çəkir. Nəzərə almaq lazımdır ki, ölkədə parlament seçkisinə elə də çox vaxt qalmayıb və müxalifət mətbuatı hakim partiyanın nüfuzunun aşağı düşməsi üçün əlindən gələni edir. Bu gün Türkiyənin antihökumət dairələrinin "menü"sündə İraq mövzusu daha populyardır.
Ankaraya israrla "cəhənnəm"ə girməmək məsləhət bilinir
Türk siyasətçilərinin, həmçinin hərbi dairələrinin bəyanatları, İraqla sərhəd rayonlara böyük sayda hərbi texnika və canlı qüvvənin yığılması onsuz da Mərkəzi və Cənubi İraqda situasiyaya çətinliklə nəzarət edən ABŞ-ın ciddi narahatlığına səbəb olub. Bunun nəticəsidir ki, Pentaqon və Dövlət Departamentinin nümayəndələri bir-birinin ardınca məsələ ilə bağlı bəyanatlar səsləndirərək Ankaranı İraq ərazisində əməliyyatlardan çəkinməyə çağırır. Hətta ABŞ-ın müdafiə naziri Robert Geyts də baş verənlərdən narahatlığını ifadə edərək bildirib ki, "Şimali İraqda hər hansı hərbi əməliyyatların keçirilməyəcəyinə ümid edir". Bu bəyanatdan dərhal sonra Amerika qırıcılarının Türkiyənin hava məkanını pozması faktı qeydə alınıb və türk müşahidəçilərinin fikrincə, bu, "Vaşinqtonun Ankaraya İraqda ABŞ qüvvələrinin olduğunu xatırlatmasıdır".
Unutmaq olmaz ki, ABŞ-ın Səddam Hüseyn rejimi ilə bağlı planını açıq şəkildə dəstəkləyən qüvvələr məhz kürdlər idi və hazırda ölkədaxili məsələlərin həllində həll-edici sözə də məhz onlar malikdirlər. Etnik kürd olan İraq prezidenti Cəlal Təlabani indiyədək bir dəfə də olsun PKK üzvlərini terrorçu adlandırmayıb və onların təxribatçı əməllərini "Ankaranın daxili siyasi problemləri həll edə bilməməsinin nəticəsi" sayır. Məhz buna görə də Vaşinqton tərəfindən ruhlandırılan və ölkənin şimalında terrorçuların fəaliyyətinin qarşısını almaq üçün heç bir addım atmayan rəsmi Bağdad açıq şəkildə Ankaranın planlarına qarşı çıxır.
Xatırladaq ki, İraqın baş naziri Nuri əl-Maliki də Ankaraya regionda hər hansı hərbi əməliyyatlara başlamamağı israrla "məsləhət" görüb. O, rəhbərlik etdiyi hökumətin "dinc İraq ərazilərinin döyüş meydanına çevrilməsinə imkan verməyəcəyini" bəyan edib. "Hansısa problemlər varsa, biz silaha və ya hədəyə əl atmamalıyıq. Çünki bu, problemi daha da dərinləşdirəcək və gərginliyi artıracaq", - deyə əl-Maliki qeyd edib.
Şimali İraqın kürd icmalarının liderləri də prosesdən kənarda qalmayıblar. Xüsusilə, müəyyən nüfuza malik kürd lideri Məsud Bərzani Ankaranın Şimali İraqa müdaxilə planına belə reaksiya verib: "Biz Türkiyənin bu planlarına etiraz edirik. Ankara anlamalıdır ki, bu halda biz əllərimizi yanımıza salıb oturmayacağıq və Türkiyənin özündə bu addımlara cavab verəcəyik".
Parlament seçkiləri faktoru həlledici ola bilər
Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından qurulmuş hökumət hələ İraq kampaniyasının lap əvvəllərində "Vaşinqtonla passiv əməkdaşlıq" yolu tutmaqla səhvə yol verib ki, bu da Ankaranın regiondakı imicinə zərbə vurub, həmçinin, ölkənin milli maraqlarına zərər gətirib. Vaşinqtonun İraqa qarşı Türkiyə ərazisindən istifadəsinə icazə verməyən Ankara eyni zamanda ABŞ-ın bütün diplomatik səylərini dəstəkləyib və İraqın yeni hökumətinin tanınması da bunun bir hissəsidir. Amma istənilən halda, Türkiyə Şimali İraqda terrorçuların zərərsizləşdirilməsi üçün hər hansı addımın Vaşinqtonla razılaşdırılmasının vacib olmadığını bildirsə də, Ankaranın bu məsələdə Amerikanın istəyinə qarşı çıxmasının ona yaxşı heç nə vəd etmədiyi hər kəsə məlumdur. Parlament seçkisinə bir aydan az müddət qaldığı bir vaxtda İraq kartından geninə-boluna istifadə edən müxalifət də buna şübhə etmir.
Beləliklə, İraqla sərhəd ərazilərdə, demək olar ki, hər gün mina partlamaları və terrorçuların atəşindən türk əsgərlərinin həlak olması, Baş Qərargahın baş verənlərə görə məsuliyyəti hökumətin üzərinə qoyması seçki ərəfəsində Ərdoğanın nüfuzunu müəyyən qədər itirməsinə səbəb olur. Türkiyədə keçirilən son sosioloji sorğular da belə deməyə əsas verir. Ənənəvi olaraq, türklər öz vətənpərvərliyi ilə fərqlənirlər və hazırkı baş nazirin kifayət qədər gərgin vəziyyətdən minimum itki ilə çıxması üçün qeyri-adi siyasi qərarlar verməsi lazımdır. Analitiklərin fikrincə, qəzet səhifələrində yer alan bəyanatların və hökumətin İraqa müdaxiləyə təhrik edilməsinin arxasında müxalifətin maraqlarının dayandığı da istisna edilmir. Belə ki, müxalifət partiyaları bu yolla ictimaiyyətə Ərdoğanın terrorçulara qarşı mübarizədə passiv mövqe tutduğunu və nəticədə "hər gün dinc türklərin həlak olduğunu" göstərməyə çalışır.
Ərdoğan isə gərgin seçkiqabağı dövrdə İraqda hərbi əməliyyatların başlanmasının məqsədəuyğun olmadığını açıq şəkildə söyləməyə risk etmir. Lakin ona yaxın KİV-də analitiklər və müşahidəçilərin dililə hökumətin hazırkı siyasətinin dəstəklənməsi prosesi davam edir. Həmin mətbuat orqanları ictimaiyyətə Türkiyənin Şimali İraqa daxil olacağı halda ölkəni hansı problemlərin gözlədiyini "izah etməyə" çalışır.
Bütün bunlar situasiyanın hər hansı formada də-yişməsinə səbəb olmur. Buna səbəb isə İraq kürdlərinin müstəqil dövlət yaratmaqla bağlı ciddi planlarının olmasıdır. Onlar ABŞ, Avropa İttifaqı və İsrailin dəstəyi olmadan belə müstəqil dövlətin yaradılması istiqamətində ciddi addımlar atıblar ki, bunun da Türkiyənin ərazi bütövlüyü üçün böyük təhlükə yaradacağına şübhə yoxdur.
Bununla yanaşı, hətta müxalifət dairələrində də etiraf olunur ki, hazırda Şimali İraqa müdaxilənin ötən dəfəkilər kimi uğurlu alınması şansları o qədər də yüksək deyil. Belə ki, kürd terrorçular bu halda İraqın dərinliklərinə çəkilə bilərlər ki, bu da Ankaranın planlarının tam şəkildə iflasa uğraması ilə bitər. ABŞ, Bağdad və kürd muxtariyyətinin etiraz etdiyi hərbi əməliyyatlara başlanılması həm də yeni "şimal cəbhəsi"nin yaranmasına səbəb ola bilər. Bu isə bütün digər problemlərdən başqa, Ankaraya milyardlarla dollara başa gələcək. Hərbi əməliyyatların əleyhdarları düşünürlər ki, Şimali İraqa müdaxilə gözlənilən nəticəni verməsə və ya iflasa uğrayarsa, bu, Türkiyənin ərazi bütövlüyünün təhlükə altına düşməsinə səbəb ola bilər. Məsələn, politoloq Sadık Arslan hesab edir ki, hazırkı vəziyyətdə ABŞ ilə strateji münasibətlərin korlanmasındansa, əməliyyatlara başlamamaq, sərhəd bölgələrdə xüsusi əməliyyatlarla kifayətlənmək daha məqsədəuyğundur. Politoloq əmindir ki, hazırda Türkiyənin hərbi gücünün İraqda "sınaqdan keçirilməsi" düzgün deyil. O, Ankaranın bu istəyinin ərəb dünyası tərəfindən də dəstəklənmədiyini xatırladır. "Bu səbəbdən də diplomatk yollardan maksimum istifadə olunmalıdır", - deyə S.Arslan qeyd edib.
Hazırda Ədalət və İnkişaf Partiyasını və ümumilikdə Türkiyə hökumətini dəstəkləyən qəzetlər öz səhifələrində oxşar mövqelərə geniş yer verir. Hökumətin hərbi əməliyyatlara başlamaqdan qaça bilib-bilməyəcəyi, yaxud seçkiqabağı dövrdə yeni cəbhənin yaranıb-yaranmayacağı böyük ölçüdə həm ölkənin daxilində, həm də ondan kənarda yaşanacaq vəziyyətdən asılı olacaq.
Lakin hələlik görünən odur ki, əgər hansısa fövqəladə hadisə baş verməsə, İraqa müdaxilə olmayacaq.
MƏSLƏHƏT GÖR: