Müəllif: Nurlanə QULİYEVA Bakı
Fevralda baş vermiş devalvasiyadan sonra ölkənin maliyyə sektorunun, demək olar ki, bütün subyektləri fəaliyyətlərinə müəyyən dəyişiklik etməli oldular. Bu, onların biznesin cəlbediciliyini qoruyub saxlamaq istəyilə bağlı idi.
Devalvasiya ilə əlaqəli "dəyişikliklər küləyi" ölkənin inkişaf etməkdə olan sığorta bazarından da yan keçmədi. Maliyyə naziri Samir Şərifovun 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2015) dediyi kimi, fevral hadisələrinin mənfi təsirlərini yumşaltmaq üçün artıq bir sıra tədbirlər görülüb və beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə, "ölkənin sığorta bazarı sabitdir və yaxşı kapitallaşıb".
Kəmiyyətlə deyil, keyfiyyətlə
Sığorta şirkətləri əməkdaşlarının özləri də bildirirlər ki, bu gün Azərbaycanda sığorta xidmətlərinə tələbat var və bu, bazarın inkişafı üçün əsas stimuldur. Eyni zamanda əksər şirkətlərin bu çətin dönəmdə populyar sığorta növlərinə görə tarifləri artırmaq cəhdləri, həmçinin göstərilən xidmət səviyyəsinin aşağı düşməsi məntiqli, lakin biznesə təsir baxımından əlverişsizdir. Bununla əlaqədar olaraq, nazir S.Şərifov yerli sığorta şirkətlərini maksimum gəlir əldə etməyə çalışmamağa çağırıb. "Sığorta şirkətlərini mövcud riskləri daha dəqiq qiymətləndirməyə, bununla yanaşı, göstərilən xidmətin səviyyəsinə diqqətlə yanaşmağa çağırıram. Bu sahədə xidmət keyfiyyətinin artırılması ölkənin sığorta sektorunun inkişafında əsas prioritetlərdən biridir", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində son zamanlar vətəndaşların sığorta şirkətlərilə bağlı şikayətləri azalıb.
Lakin bəzi hallarda sığorta agentləri də şirkətlərin imicinə zərbə vurur. Bununla əlaqədar olaraq, S.Şərifov onların fəaliyyətinə nəzarətin artırılmasını lazım bilir. Məhz bu məqsədlə Azərbaycanda sığorta bazarındakı vasitəçilərin fəaliyyətinin tənzimlənməsi üçün daha sərt qaydalar və reqlament müəyyənləşdiriləcək. "Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə sorğu göndərib. Məqsəd istehlakçıların hüquqlarının müdafiəsi sahəsində vəziyyətin təkmilləşdirilməsi üçün fəaliyyət planının hazırlanmasıdır. Biz sığorta bazarındakı vasitəçilərin fəaliyyətinin nizamlanmasını yaxşılaşdırmağa yönəlmiş bir sıra addımları təsdiqləmişik", - deyə nazir qeyd edib.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov isə bildirib ki, sığorta şirkətləri fevralda baş vermiş devalvasiyadan sonra icbari sığorta növlərinə görə tariflərin artırılmasını təklif etsələr də, onun rəhbərlik etdiyi qurum bunun üçün əsas görmür. Çünki sığortaların mənfəətliliyilə bağlı problem yoxdur. N. Xəlilov hesab edir ki, gəlirlərin həcmini sığorta şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsi yolu ilə də artırmaq olar. O, bunun yolları kimi şirkətlərin fəaliyyətində informasiya texnologiyalarından daha fəal istifadəni, ümumi xərclərin, məsələn, sığorta vasitəçilərinə ödənişlərin azaldılmasını göstərib: "Biz sığorta şirkətlərinin devalvasiya ilə əlaqədar olaraq müştərilərə sığorta ödənişlərini qanunsuz şəkildə azaltmasını önləmək üçün də nəzarəti artırmışıq".
Sığorta radarı
Artıq sığorta sahəsində mövcud qanunvericiliyə düzəlişlərin edilməsi layihəsi də hazırdır. Məqsəd sığorta agentlərinin fırıldaqçılığı ilə mübarizənin gücləndirilməsidir. "Dəyişiklik vətəndaş məsuliyyətinin icbari sığortası haqqında polisin internet, bankomatlar, ödəniş terminalları vasitəsilə satışına imkan verir", - deyə N.Xəlilov qeyd edib. Bu, istehlakçılara polisin adi yolla əldə edilməsilə müqayisədə 10% ucuz başa gələcək. Xəlilov hesab edir ki, bu, ilkin mərhələdə onlayn satışın stimullaşdırılmasına öz təsirini göstərəcək: "Biz vətəndaş məsuliyyətinin icbari sığortası haqqında polisin alışını aviabiletin alışı ilə eyniləşdirməyə çalışırıq. Yəni istehlakçı onu onlayn, yoxsa yerlərdə alacağını özü müəyyənləşdirəcək. O, birinci yolu seçəcəksə, buna görə heç bir əlavə ödəniş etməli olmayacaq. "Canlı" satışdan qənaət ediləcək vəsait şirkətin gəlirlərinə əlavə oluna bilər. Bu satış üsulu Qazaxıstanda 2007-ci ildən uğurla tətbiq olunur".
Digər yandan yenilik sığorta agentlərində sığorta polisinin daha az populyar olan növlərinin satışı üçün stimul yaradacaq. Hər halda vətəndaş məsuliyyətinin icbari sığortası haqqında polisin satışının o qədər də çətin olmadığı hər kəsə bəllidir - sürücülər onu mütləq qaydada almalıdırlar və bu zaman müştəriyə onu kimdən almasının heç bir fərqi yoxdur. Bu üzdən də, sığorta agentləri könüllü sığorta növləri üzrə polisin satışı üzərində daha ciddi çalışmaları yaxşı olar. Onlar bu yolla, ümumilikdə, sığorta bazarı7nın inkişafına daha çox töhfə verə bilərlər.
Yeri gəlmişkən, avtomobil sığortası sahəsində bir sıra digər yeniliklər də gözlənilir. Məsələn, İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyevin sözlərinə görə, yaxın 2 ildə Audatex proqram təminatından istifadə, yol qəzaları zamanı zərərin qiymətləndirilməsi üzrə vahid sistemin tətbiqi, İSB-nin informasiya sisteminin Dövlət Avtomobil Reyestrinə inteqrasiyası, elektron imzanın və ya "ASAN İmza" xidmətinin büronun sisteminə tətbiqi, vətəndaş məsuliyyətinin icbari sığortasının tənzimlənməsilə bağlı qanunvericiliyə dəyişiklik, sığorta məbləğinin artırılması və s. kimi işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, E. Quliyev bir ay sonra smartfonlar üçün proqram təminatının tətbiqinin də planlaşdırıldığını söyləyib.
Bütün bunlarla yanaşı, avtomobil sahibləri üçün ən maraqlı yenilik avtomobilin icbari sığortasının olub-olmadığının radarlar vasitəsilə müəyyənləşdirilməsi sayıla bilər. Sən demə, bunun üçün xüsusi radarların quraşdırılmasına ehtiyac yoxdur. Bu məqsədlə avtomobil yollarında hazırda mövcud olan Dövlət Yol Polisinin radarlarından istifadə olunacaq. Bu radarlar qarşısından keçən avtomobilin nömrəsini və digər məlumatlarını İSB-nin informasiya bazasına ötürəcək, bununla da, onun sığorta polisinin olub-olmadığı müəyyənləşəcək. N.Xəlilov bildirib ki, bu sistem, təxminən, 2-3 ay sonra fəaliyyətə başlayacaq.
Qanuni aqrar sığorta
Digər perspektivli, lakin çətinliklə inkişaf edən sığorta növü Aqrar-sənaye kompleksi sahəsinin sığortasıdır. Forumda bu sahəyə də xüsusi diqqət ayrılıb. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu sığorta növü yüksək riskliliyilə xarakterizə olunduğundan, hökumət onun inkişafında əsas rola sahib olmalıdır. Bu gün Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı sığortasına dövlət dəstəyi göstərilməsi haqqında qanun layihəsi hazırlayır. O, hökumətlə razlaşdırılmalı və parlamentin müzakirəsinə verilməlidir.
"Biz ölkədə Aqrar-sənaye kompleksinin sığortalanması sahəsində etibarlı strategiyanın hazırlanmasında maraqlıyıq. Bu, aqrar sektorun inkişafına kömək edəcək və ümumilikdə, fermerlərə dəstək olacaq. Dövlət bu işdə aparıcı mövqedə dayanacaq", - deyə S.Şərifov qeyd edib.
N. Xəlilov isə bildirib ki, yalnız qanunun qəbulu ilə sahəyə aid bütün problemlərin aradan qaldırılması mümkün deyil. Bununla yanaşı, regionlarda aqrar sektorda mövcud olan bütün risklər qiymətləndirilməli, məhz onların əsasında sığorta tarifləri müəyyənləşdirilməlidir. Bunun üçün isə yüksəkixtisaslı mütəxəssislərin, dəymiş zərərin qiymətləndirilməsi üzrə ekspertlərin və s. hazırlanmasına ehtiyac var. Bununla əlaqədar olaraq, artıq Beynəlxalq Maliyyə Korporasiyası (Dünya Bankının strukturu) ilə Azərbaycana texniki yardımın göstərilməsilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, hər il Azərbaycanın dövlət büdcəsində fermerlərlə sığorta müqavilələrinin dəyərinin 50%-nin ödənilməsi üçün məbləğ ayrılır. Təəssüf ki, ondan 100% istifadə olunmur. Bu seqmentdə araşdırma aparan ekspertlərin fikrincə, Azərbaycanda kənd təsərrüfatı sığortasının inkişafdan qalmasının əsas səbəblərindən biri fermerlərin öz imkanları haqda yaxşı məlumatlandırılmamasıdır. Böyük Britaniyanın sığorta sektorunun təmsilçilərindən olan Piter Talbolt hesab edir ki, aqrar sahədə sığortanın inkişafı üçün dövlətin dəstəyi vacibdir: "Elə tariflər müəyyənləşdirmək lazımdır ki, həm fermerlər onu ödəmək gücündə olsun, həm də şirkətlər onunla xərclərini ödəməyi bacarsın. Hər bir regiona xas təbiət kataklizmlərilə bağlı informasiya bazasının hazırlanması çox vacibdir. Həmçinin dövlət təkrar sığorta seqmentinin və sığorta birliklərinin yaradılmasını dəstəkləməlidir".
Artıq qeyd edildiyi kimi, dövlət yalnız aqrar sığortanın deyil, bu seqmentə aid digər növlərin də inkişafına dəstək verməyə, bu işə beynəlxalq təşkilatları cəlb etməyə hazırdır. Əsas odur ki, bazarın iştirakçıları da biznesin keyfiyyətli inkişafı üçün böyük fəallıq nümayiş etdirsinlər.
BİZİM ARAYIŞ
Azərbaycanda 26 sığorta, 1 təkrar sığorta şirkəti var. Ölkədə 950 sığorta agenti qeydiyyatdan keçib. Onların 60-ı hüquqi, qalanları isə fiziki şəxsdir.
MƏSLƏHƏT GÖR: